Məhkəmə qərarları › İş №1(125)-112/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-112/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-112/2022 31.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərər çəkmiş şəxs X13 və onun nümayəndəsi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Samux rayonu, Sərkar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3291/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qərarlarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il,xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 9600 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər onun soyadı “Musayev” olsa da, sonradan soyadını dəyişdirmiş və hazırda soyadı “Musalı”dır. 2005-ci ildə Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, nikahları isə rəsmi olaraq xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2008-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci təvəllüdlü X12 dünyaya gəlmişdir. Birinci uşağın 2 yaşı olanda o, Rusiyaya, yəni Moskva şəhərinə işləməyə getmiş, orada alver ilə məşğul olmuş və oradan da hər ay ailəsinə müxtəlif məbləğlərdə pul göndərmişdir. Rusiyadan qayıdaraq ailəsi ilə birlikdə təxminən 3-4 ay qaldıqdan sonra 2-ci uşağı dünyaya gəlmiş və yenidən Rusiyaya işləməyə getmişdir. Həvayə uşaqları ilə əvvəl onunla kirayə tutduğu evdə qalmış, sonra isə valideyinlərinin evində yaşamışdır. O, bir müddətdən sonra Rusiyadan qayıtmış və Həvayə ondan boşanacağını bildirmişdir. Bu səbəbdən o, heç bir söz demədən çıxıb getmiş, sonradan bilmişdir ki, Həvayə ondan rəsmi boşanmaq və uşaqların saxlanılması üçün alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşağa görə 120 manat alimentin alınaraq Zərərçəkmiş şəxsyə verilməsi qət edilmişdir. Sonradan o, uşaqlarını görmək istəmiş, lakin Havayə ona uşaqları göstərməmişdir. O, isə Həvayədən incikli olduğuna görə aliment ödəməmişdir. Bu səbəbdən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün və 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan sonra da aliment ödəməmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibi üçün verilən xx.xx.2021-ci il tarixli təqdimata əsasən aliment borcu 9600 manat təşkil etmişdir. Lakin, cinayət işi üzrə istintaqın aparıldığı dövrdə o, cari aliment borcundan 740 manat aliment ödəmişdir. Hal-hazırda yığılmış aliment borcunun ödənilməsi üçün heç bir maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, 2005-ci ildə X3 ilə el adəti ilə ailə qurmuş, nikahları isə rəsmi olaraq xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 2 uşağları olmuşdur. Birinci uşağı dünyaya gəldikdən sonra Ehtiram Rusiyaya işləməyə getmiş, özü isə valideyinlərinin evində qalmış, təxminən 3-4 il müddətində Rusiyada olduğu zaman Ehtiram nə onunla ailə kimi, nədə ki, uşağları ilə maraqlanmamışdır. X16 Azərbaycana qayıtmış, bir müddət sonuncu ilə birlikdə yaşamış, hamilə olan zaman isə Ehtiram Musayev yenə də Rusiyaya getmişdir. İkinci uşağı dünyaya gəldikdən sonra da Ehtiram Musayev uşaqları ilə maraqlanmamış, uşaqların böyüdülməsi üçün heç bir yardım göstərməmişdir. O, uşaqları ilə valideyinlərinin hesabına yaşamışdır. Bu səbəbdən Ehtiramdan ayırılmağa və uşaqların saxlanılması üçün alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin, Ehtiram açıq şəkildə ona bildirmişdir ki, uşaqların saxlanılması üçün köməklik etməyəcəkdir. Qətnamə üzrə icra vərəqəsi Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmiş və orada Ehtiram barəsində inzibati xəta protokolu tərtib edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qərarları ilə Ehtiram müvafiq olaraq 10 gün və 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin o, bundan da nəticə çıxarmamışdır. Ona məlumdur ki, Ehtiram barəsində cinayət təqibi üçün verilən xx.xx.2021-ci il tarixli təqdimata əsasən onun aliment borcu 9600 manat təşkil edir. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olsada qərəzli olaraq alimenti ödəmir. Sonda zərər çəkmiş şəxs yığılmış aliment borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 321/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədinə əsasən, X1 xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Göstərilən icra sənədi xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etməsinə baxmayaraq, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati həbs edilmışdır. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla hər dəfə xəbərdarlıqlar edilərək yeni müddət verilmişdir. Ancaq borclunun hərəkətsizliyi nəticəsində tələb və qalıq aliment borcu yenə icra olunmamışdır. Borcluya xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlar şəxsən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin məlum qətnaməsini ona inzibati tənbehlər tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, icra etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə borclu Təqsirləndirilən şəxs işlə təmin edilməsi üçün Gəncə şəhər Nizami Rayon Məşğulluq mərkəzinə məktub göndərilmişir. Gəncə şəhər Nizami Rayon Məşğulluq Mərkəzi 192303229/18 saylı, xx.xx.2019-cu il tarixli məktub ilə borclu Təqsirləndirilən şəxs qeydiyyata düşmək üçün gəlmədiyini və bu səbəbdən iş axtaran kimi qeydiyyata alınmadığını bildirmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 8 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati həbsdən sonra, borcun ödənilməsinə dair 10 gün yeni müddət verilmişdir. Müddətin başa çatmasından sonra müəyyən edilmişdir ki, borclu Təqsirləndirilən şəxs borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq, izahatı alınmışdır və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xəbərdarlıq təqdim olunmuşdur. Lakin, borcun ödənilməsi təmin olunmamışdır. xx.xx.2021-ci ildə borclu Təqsirləndirilən şəxs işlə təmin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 saylı Ərazi Məşğulluq Mərkəzinə məktub göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində olan icra sənədində soyadı Musayev olmuş, lakin bir müddət sonra dəyişdirilərək Musalı ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 9600 manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-321/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X11 verilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3219/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3219/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-33/2019 saylı qərarından görünür ki, borclu X2 ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(044)-264/2019 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (gün) müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3219/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-144/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3219/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, xx.xx.2018-ci il tarixdən təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi hesablanmış aliment borcundan heç bir ödəniş ödənilməmiş, ödənilməmiş aliment borcunun miqdarı 9600 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Musalı (Musayev) Ehtiram Məmmədhüseyn oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi xx.xx.2018-ci il tarixdən təqdimat verilən xx.xx.2021ci il tarixədək olan müddət ərzində hesablanmış cəmi 9600 manat aliment borcundan heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu bir gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilərək, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar