Məhkəmə qərarları › İş №1(125)-114/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-114/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-114/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2bs qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 27000 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 noyabr 2017-ci il tarixli, 2(043)-7237/2017 nömrəli qətnaməsinin icrası təmin edilməsi üçün Gəncə şəhəri üzrə icra idarəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra məmuru tərəfindən verilmiş 15 may 2018-ci il tarixli inzibati xəta haqqında protokol ilə həmin məhkəmənin 27 avqust 2018-ci il tarixli, 3(043)- 354/2018 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 27 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokol ilə 27 mart 2020-ci il tarixli, 3(043)-225/2020 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 06 aprel 2020-ci il, 20 aprel 2020-ci il, 14 may 2020-ci il, 04 iyun 2020-ci il, 15 sentyabr 2020-ci il, 21 dekabr 2020-ci il, 29 mart 2021-ci il, 17 iyun 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 15 sentyabr 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs 02 fevral 2015-ci ildə qaytarmaq məqsədilə faizlə 11000 manat pul vəsaitini borc olaraq almış, lakin sonradan borcu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs isə pulunu tələb edərək ona qarşı 2017-ci ildə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək ondan 27000 manat məbləğində pul vəsaitinin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdir. O isə maddi imkanı olmadığından məhkəmə aktını icra etməmişdir. İcra məmuru dəfələrlə ondan izahatlar almış, hətta iki dəfə məhkəmənin qərarları əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Bundan sonra icra məmuru ona qətnamənin icrasını qərəzli təmin etmədiyi halda məsuliyyəti ilə bağlı xəbərdarlıq təqdim etməklə yeni müddət təyin etməsinə baxmayaraq maddi imkanı olmadığından məhkəmə aktını icra edə bilməmişdir. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə olan borcunu ödəmək niyyətində olduğunu, azadlıqda olacağı təqdirdə həmin borcu hissə-hissə ödəyəcəyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş eti. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 02 fevral 2015-ci il tarixli notariat müqaviləsi ilə ondan qaytarmaq məqsədilə 27000 manat məbləğində pul vəsaitini borc olaraq almışdır. Bir müddət sonra borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Təqsirləndirilən şəxs 27000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları məşğul olmuşdur. Bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq o, qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən iki dəfə həmin məhkəmənin qərarı əsasında o inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, sahibliyində olan ticarət obyektlərini müxtəlif şəxslərə icarəyə verməklə oradan yüksək məbləğlərdə icarə haqları alsa da, qətnamə ilə müəyyən edilmiş borcunu ödəməkdən qərəzli şəkildə imtina etmişdir. Sonda zərər çəkmiş şəxs borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 27000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 noyabr 2017-ci il tarixli qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Gəncə şəhəri üzrə icra idarəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 18 dekabr 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü təmin edilməsi üçün borcluya bildiriş təqdim edilmişdir. Məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə icra idarəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. O isə izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayındığı üçün iki dəfə həmin məhkəmənin 27 avqust 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 27 mart 2020-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan əsgəri 1 ünvanında fəaliyyət göstərən Təqsirləndirilən şəxs sahibliyindəki «Gəncə tikinti» Açıq Səhmdar cəmiyyətinin obyektlərindən birini 4-5 ildir ki, icarəyə götürmüş, orada qapı-pəncərə sexi yaradaraq fəaliyyət göstərmiş, icarə haqqı olan 150 manat pulu hər ay Təqsirləndirilən şəxs özünə ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan əsgəri 1 ünvanındakı «Gəncə tikinti» Açıq Səhmdar cəmiyyətinin obyektlərindən birini icarəyə götürmüş, orada dəmirçi ustası işləmiş, icarə haqqı kimi 110 manat pul isə hər ay Təqsirləndirilən şəxs ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 27000 (iyirmi yeddi min) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-186/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-354/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-225/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan və xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli telefonoqramlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, onun tərəfindən borcundan təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi heç bir ödəniş ödənilməmiş, ödənilməmiş borcun miqdarı 27000 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycna Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu mövcud deyildir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-114/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İsintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs olunaraq, 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (xx.xx.2016-cı il tarixədək qüvvədə olan) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyə əsasən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılması üçün müddətin keçməsindən asılı olmayaraq, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi tarixdən təqdimat verilən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 27000 manat borcundan heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar