Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-115/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 29 avqust 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Şəhidlərin binası adlanan binanın qarşısında ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, xuliqanlıq niyyəti ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub Zərərçəkmiş şəxs onun işlədiyi mağazaya guya pul borcu olmasını bildirib ona qarşı kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub ətrafda yaşayan sakinlərin dincliyini pozmuş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs onunla əl-qol hərəkətləri ilə və əsəbi formada danışmasını cüzi səbəb kimi gətirib yumruq zərbələri ilə üz nahiyyəsindən vuraraq yerə yıxmış, çinayətkar əməllərini davam etdirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs ağır iztirablar verməklə yerdə uzanmış vəziyyətdə yenə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq boyun, sağ bayır topuq nahiyələrinin, sağ ayaq pəncəsinin üstü səthinin qançırları kimi dərəcəsi təyin edilməyən və sağda çənə sümüyünün yerdəyişmiş sınığı, sağ gicgah-çənə oynağının çıxığı, sol almacıq sümüyünün sınığı, sol əng sümüyünün ön-arxa divarlarının yerdəyişmiş sınıqları, sol gözün alt qapağının, alt çənə nahiyəsinin, üst dodağın və sol yanaq nahiyəsinin selikli qişasının yaraları, dörd ədəd dişin travmatik düşməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aid edilən xəsarətlərini yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 127.2.2-ci, 127.2.3-cü və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı əsəbi olmuşdur. O, məhkəmə istintaqı zamanı ətraflı ifadə vermədiyi üçün cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq heç bir xəstəliyinin olmadığını bildirmiş və adı ona sonradan məlum olan Ədalətin onlara məxsus mağazada əvvəllər səs-küy saldığına görə ona yaxınlaşdığını və mağazaya borcu olduğunu bildirmişdir. Ədalət isə “mənim sizin mağazaya borcum yoxdur” demişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Ədalət onunla əl-qol hərəkətləri ilə kobud formada danışdığı üçün onun üz nahiyəsindən 2 dəfə yumruq zərbəsi vurmuşdur. O, hadisə zamanı özündə olmadığını və ətrafda digər şəxslərin olub-olmamasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində əvvəllər Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Hadisə baş verən günü yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində dərman almaq üçün yaşadığı Yeni ünvan 2 ünvanından çıxıb aptekə gedərkən binanın önündən bir qədər kənarda yerləşən zibil qutusuna zibili töküb qayıdarkən yaşadığı binanın önünə çatmağına biraz qalmış bir nəfər tanımadığı şəxsin ona səsləndiyini eşitmiş, həmin şəxs ona yaxınlaşaraq mağazaya nə qədər borcu olduğunu soruşmuşdur. O, isə cavabında nisyə mal yemədiyini deyib yoluna davam etmişdir. Həmin şəxs yenə ona уaxınlaşaraq nə qədər borcun var deyə soruşmuş, o, isə “heç bir borcum yoxdur başa düşmürsənmi” demiş və yoluna davam etmişdir. Növbəti dəfə arxadan ona yaxınlaşaraq qolundan geriyə doğru çəkmiş və gedək mağazaya nə qədər nisyən var demişdir. O, geriyə çevrilib hirsli halda “adım Ədalətdir get yoxla əgər nisyəm varsa gəl 2 qatını ödəyəcəm” demiş və yoluna davam etmişdir. Təxminən 3-4 addım atdıqdan sonra arxadan baş nahiyəsinə zərbə dəymiş daha sonra isə aldığı xəsarətlərdən heç nəyi xatırlamadığını qeyd etmişdir. Gözünü açdıqda sağ qoluna yoldaşının sol qoluna isə oğlunun girdiyini görmüşdür. Oğlu və arvadı onu yerdən qaldırmış o, hərəkət etmək istəyərkən sağ ayağını hiss etməmiş və buna görə arvadı ilə oğlu birlikdə onu dərhal Gəncə şəhər Mərkəzi klinikasına aparmışlar. Daha sonra o, başından aldığı zərbələrə görə mübahisənin nə qədər davam etdiyini və ətrafda digər şəxslərin olub-olmamasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs aptekə getmək üçün yaşadıqları Yeni ünvan 3 ünvanından çıxarkən o Ədalətə demiş ki, qapıda zibil var atarsan və Ədalət həmin zibili götürüb aşağı düşmüşdür. Bundan sonra o və nəvəsi evin balkonuna keçib ora əyləşmişdirlər. Təxminən 10 dəqiqə sonra nəvəsi Hacıyev Ayaz baba deyərək ağlamağa başlamışdır. Dərhal yerindən qalxmış və balkondan aşagıya baxdıqda həyat yoldaşı Ədalətin yaşadıqları binanın qarşısında yerə uzanıb üzü gözü qan içindədi bir nəfər tanımadığı şəxsin Ədalətin üz nahiyəsinə yumruqla zərbələr vurduğunu görmüşdür. Dərhal qaçaraq aşağı düşmüş bınanın qarşı tərəfində uzanıqlı halda olan olan Ədalətə yaxınlaşmışdır. Onu ayağa qaldırmaq istəmiş lakin o taqətsiz halda olduğu üçün ona ayağa qaldıra bilməmişdir. Bir dəqiqə sonra oğlu Şahid2 gəlmiş və qışqıraraq bunu kimin etdiyini soruşmuşdur. Kənardan qonşuluqda yaşayan Emin adlı şəxs demiş ki, o hadisəni görmüş və həmin şəxsi tanıyır və onlar köməkləşib həyat yoldaşı Ədaləti dərhal oğluna məxsus avtomobil ilə Gəncə şəhər Mərkəzi klinikasına aparmışdırlar. Orada həyat yoldaşı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Orada növbətçi həkim həyat yoldaşının çənə sümüyünün sındığını demiş və məsləhət etmişdir ki, əməliyyat üçün dərhal Bakı şəhərində yerləşən Semaşko xəstəxanasına getsinlər. Əlavə olaraq onlara bildirmişdir ki,Gəncə şəhər 3 nömrəli şəhər xəstəxanasından Bakıya göndəriş alın. Onlar Zərərçəkmiş şəxs maşına əyləşdirib 3 nömrəli şəhər xəstəxanasına aparmışdırlar. 3 nömrəli şəhər xəstəxanasında həyat yoldaşının dodağına tikiş qoyulmuşdur. Baş həkim xəstəxanada olmadığı üçün onlar göndərişi ala bilməmişdirlər. Daha sonra həyat yoldaşı və digər ailə üzvləri ilə birlikdə oğlunun maşını ilə Bakı şəhərində yerləşən “Semaşko” xəstəxanasına getmişlər. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs Semaşko xəstəxanasında qeydiyyata alınaraq həmin xəstəxanaya yerləşdirilmiş və xx.xx.2023-cü ildə isə həmin xəstəxanada çənə əməliyyatı olunmuşdur. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs həyat yoldaşı Ədaləti döydüyünü görsə də, aralarındakı məsafə uzaq olduğu üçün ona təqsirləndirilən şəxsin nə ilə xəsarət yetirdiyi görməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə qonaq otagında oturmuş, anidən möhkəm qışqırıq səsi eşitmiş, dərhal yaşadığı binanın blokuna çıxmışdır. Blokda qonşusu gəlininin qışqırdığını görmüşdür. Ondan nə baş verdiyini soruşmuş, gəlini demiş ki, qaynatasını binanın qarşısında vurublar. O, dərhal liftlə aşagı düşmüş və binanın qarşısına ağaclıq olan tərəfdə qonşuların yığışdığını görərək həmin istiqamətə getmiş orada isə qonşusu Ədalətin qan içində yerdə uzandığının şahidi olmuşdur. Daha sonra Ədalətin həyat yoldaşı və oğlu Ədalətin qollarından tuturaraq ayağı qaldırmış və oğluna məxsus avtomobilə əyləşdirib xəstəxanaya aparmışdırlar. O, ifadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü sonradan bildiyini, hadisənin necə baş verdiyini görmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində Şahid5 ifadəsində tərəfindən Zərərçəkmiş şəxs barəsində tərəfindən müayinə aparıldığını və rəyin nəticə hissəsini xatırlamadığını bildirmişdir. Daha sonra onun istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o həmin vaxtı ifadəni təsdiq etmişdir. (i. V19-20, 124-126 ) Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2023-cü il saat təxminən 17 radələrində işdən çıxmış və evə bazarlıq etdikdən sonra yaşadığı ünvan 4 ünvanına gəlmişdir. O, evinin eyvanında olarkən yaşadıqları binanın qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini və bir nəfər şəxsin yerdə uzandığını, digər şəxsin isə əli qanlar içindədi bıçağı şalvarının bel hissəsinə qoyduğunu görmüşdür. O, dərhal öz idarələrinə baş vermiş hadisə barədə məlumat vermiş sürətlə aşağı enərək və özünə məxsus vaz 2107 markalı avtomobilə minib həmin şəxsin arxası ilə getmişdir. Bir qədər irəlilədikdən sonra idarə etdiyi avtomobil ilə həmin şəxsin qarşısını kəsmişdir. Maşından düşüb həmin onu yanına çağırmış bu an o, əlindəki bıçağı kol olan tullayaraq qaçıb getmişdir. Daha sonra o, geriyə hadisə baş verən yerə qayıtmış və Ədalətin qan içində yerdə uzandığını görmüş və onun ailə üzvlərinə kömək edərək Ədaləti sonuncunun oğlunun avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışlar. O, ifadəsində yalnız mübahisənin son anında Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, lakin hadisəni bıçaqla törədib törətməməsini görmədiyini bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs gəlinidir. Hadisə törədilən tarixdə o, evdə olmuş, eyvandakı oğlunun ağlamaq səsini eşidib ona baxmaq üçün eyvana çıxmışdır. Bu zaman uşağın “baba, baba..” deyə qışqıraraq çağırdığını gördükdə aşağı baxmış və bir nəfərin qaynatasına bıçaqla vurduğunu görmüşdür. Daha sonra ailə üzvləri Zərərçəkmiş şəxs qan içində və huşsuz vəziyyətdə olduğundan onu dərhal xəstəxanaya aparmışlar. İş ürzə Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı onun verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir.(i.v.89-92) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 25 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. (i.v. 01); - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Şəhidlərin binası adlanan binanın arxasında baş vermişdir. Baxış qaranlıq havada, süni işıqlandırma şəraitində aparılmış, həmin yer açıqlıq sahədir, ərazinin bir hissəsində evlər, ağaclar var. Zərərçəkmiş şəxs ona xəsarət yetirildiyi yeri göstərmişdir. Baxış zamanı əhəmiyyət kəsb edən əşya və predmet götürülməmişdir. (i.v. 04-07); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 11 sentyabr 2023-cü il tarixli 1428 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağda çənə sümüynün yerdəyişmiş sınığı, sağ gicgah-çənə oynağının çıxığı, sol almacıq sümüyünün sınığı, sol əng sümüyünün ön-arxa divarlarının yerdəyişmiş sınıqları, alt çənə nahiyəsinin üst dodağın və sol yanaq nahiyəsinin selikli qişasının yaraları, sol gözün alt qapağının, boyun, sağ bayır topuq nahiyələrinin, sağ ayaq pəncəsinin üstü səthinin qançırları, dörd ədəd dişin travmatik düşməsi-bərk küt əşyanın (əşyalarının) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə sağda çənə sümüynün yerdəyişmiş sınığı, sağ gicgah-çənə oynağının çıxığı, sol almacıq sümüyünün sınığı, sol əng sümüyünün ön-arxa divarlarının yerdəyişmiş sınıqları, sol gözün alt qapağının, alt çənə nahiyəsinin, üst dodağın və sol yanaq nahiyəsinin selikli qişasının yaraları, dörd ədəd dişin travmatik düşməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; boyun, sağ bayır topuq nahiyələrinin, sağ ayaq pəncəsinin üstü səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v.18-20); - şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. ( i.v.34, 74); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6222 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i.v. 80); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 576 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə dispanserə müraciət etmiş və ona “Psixotik vəziyyət” diaqnozu qoyulmuşdur. (i.v. 85); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR-nın CM-nin 144.2.3-cü maddəsi ilə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə xx.xx.2009-cu ildə 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti ilə şərti tətbiq edilməklə məhkum edilmişdir (i.v. 88); - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2-ci mik., bina 21 qarşısında xx.xx.2023-cü il tarixdə 18 radələrində Zərərçəkmiş şəxs ilə mübahisı etdiyini, onunla əl-qol hərəkətləri ilə kobud şəkildə danışdığı üçün üz nahiyəsindən bir necə dəfə zərbələr endirdiyi yeri göstərmişdir. (i.v.110-115); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2023-cü il tarixli, 663 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun məcburu müalicəyə ehtiyacı yoxdur. A. Hüseynov aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. A. Hüseynov cinayət əməlini törədərkən əsəbi psixi-emosianal vəziyyətdə olmuşdur, bu halı yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olamamışdır. (i.v.128-130); - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut kimi tanınmışdır. ( i.v.146-156); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə əsasən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri CM-nin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 32 (otuz iki) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təyin olunmuş 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 192 manat məbləğində pul ödənilsin. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-115/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-115/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver