Məhkəmə qərarları › İş №1(125)-117/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-117/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-117/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işləmiş, hal-hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Baş Polis İdarəsində işləməsinə görə ona olan etibardan sui-istifadə edərək Baş Polis İdarəsinin vəzifəli şəxslərinin adına Azərbaycan Respublikasının Mərkəzi Bankında depozitə pul qoymaqla faiz şəklində gəlir qazandıracağını yalandan vəd verərək, aldatma yolu ilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri, Dədə Qorqud prospekti, 34A ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzildə 5000 (beş min) manat, daha sonra xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Texnologiya Universitetinin qarşısında 8500 (səkkiz min beş yüz) manat, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Dədə Qorqud prospektində Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında 15000 (on beş min) manat pul vəsaitini, cəmi 28500 (iyirmi səkkiz min beş yüz) manat əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri üzrə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsində 2001ci ildən 2016-ci ilədək müxtəlif vəzifələr üzrə, 2016-cı ildən 2022-ci ilədək Xüsusi təyinatlı bölüyün polis nəfəri vəzifəsində işləmişdir. Xalasının nəvəsi olan Səfurə Şərfovanı azyaşlı vaxtından tanımış, sonuncu ilə heç bir ədavəti, düşmənçiliyi olmamışdır. 2022-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək 5000 manat məbləğində pulunun Olduğunu, həmin puldan istifadə edərək gəlir əldə etmək istədiyini bildirmişdir. Həmin vaxt Daşkəsən rayonunun Xoşbulaq kəndində özünə bağ evi tikdirmək istədiyi üçün onun maddi ehtiyacları olmuşdur. Ona görə də, Zərərçəkmiş şəxs pul almaq məqsədilə sonuncuya Azərbaycan Respublikası Mərkəzi Bankına polis rəislərinin adına depozitə pul qoyub gəlir qazanmağın effektiv olduğunu demişdir. Səfurə dərhal onun sözünə reaksiya verərək səhər saatlarında Gəncə şəhəri, Dədə Qorqud prospektindəki evinə çağırmış, orada ona 5000 (beş min) manat məbləğində pul vermişdir. O, həmin pulu heç bir banka qoymadan borclarını ödəmək üçün istifadə etmişdir. Təxminən bir həftə sonra Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, Azərbaycan Texnologiya Universitetinin qarşısında Səfurə ilə görüşərək ondan 8500 (səkkiz min beş yüz) manat pul almışdır. Həmin vaxt Səfurənin anası Sədət maşında gözləmişdir. O, həmin pulu Səfurədən götürərək şəxsi ehtiyacları üçün istifadə etmişdir. Səfurəyə verdiyi pul müqabilində bankın hər ay 1667 manat pulunu verəcəyini və həmin pulun hər ay 50 manat artacağını vəd etmiş, Səfurə də inanaraq öz pulunu ona vermişdir. xx.xx.2022-ci il tarixdə Səfurə ilə əlaqə saxlayaraq ilin əvvəli olduğu üçün ona verdiyi pulların faizlərinin gecikəcəyini bildirmişdir. Səfurə ona anlayış göstərmiş, xx.xx.2022-ci il tarixdə o, yenidən əlaqə saxlayaraq 5000 (beş min) manat pulun faizini götürə biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən telefon qovşağının yaxınlığında Səfurə ilə görüşərək ona 950 manat pul vermişdir. Səfurə razı qalmış, ona etibarı daha da artmışdır. xx.xx.2022-ci il tarixdə Səfurə ilə əlaqə saxlayaraq, koronavirus pandemiyası ilə bağlı bankın yeni güzəşt tətbiq etdiyini, qoyduğu pulun faizini bir ay sonra yox, 15 gün sonra əldə edəcəyini bildirmişdir. Bundan sonra Səfurə, deməsinə görə maşınını sataraq əldə etdiyi 15000 (on beş min) manat pulu xx.xx.2022-ci il tarixdə yaşadığı binanın qarşısında ona vermişdir. xx.xx.2022ci il tarixdə o, Səfurəyə guya banka qoyduğu 8500 manat pulun aylıq faizi adı ilə 1600 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat pulun aylıq faizi adı ilə 1000 manat pul vermişdir Həmin pulları Səfurənin yaşadığı binanın qarşısında ona vermişdir. Həmin dövrdən sonra Səfurənin əlində böyük məbləğdə pul qalmadığı üçün Səfurə, ona banka qoymağa pul verməmişdir. O, Səfurənin etimadını qazanmaqla aldığı pulların böyük bir hissəsini öz şəxsi ehtiyacları üçün istifadə etmiş, heç bir məbləğdə pulu vəd etdiyi kimi banka qoymamışdır. 2022-ci ilin mart ayından sonra Səfurə ondan pullarını tələb etdiyi zaman pulu olmadığından ona vaxt verməsini xahiş etmişdir. Həmin müddət ərzində pul toplayaraq və 2022-ci ilin iyul ayında Daşkəsən rayonunun Xoşbulaq kəndində özünə məxsus torpaq sahəsini sataraq Səfurəyə 21250 manat pul vermişdir. Beləliklə, o, Səfurədən 28500 (iyirmi səkkiz min beş yüz) manat pul almış və ona 24800 manat pul vermişdir. Lakin Səfurə daha çox pul tələb etmiş, vəkil tutmaqla həmin pulların iki qatını ondan alacağını deməklə hədələmişdir. Onun əvvəlcədən məqsədi Zərərçəkmiş şəxs daha çox pul vəsaitlərini ələ keçirmək olmuşdur. Öncəki məhkəmə iclaslarında 24800 manat pulun Səfurəyə qaytarılımasını təsdiq edən qəbzləri məhkəməyə təqdim edəcəyini vəd etsə də, həmin qəbzləri tapa bilməmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində təyin ediləcək cəzanı çəkməyə hazırdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Türkiyə Respublikası ərazisində yaşayır. xx.xx.2021-ci il tarixdə Türkiyə Respubikası vətəndaşı olan əri ilə birlikdə fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyədən Azərbaycana gəlmişdir. Əri ilə birlikdə pul qazanmaq üçün Gəncə şəhərində obyekt icarəyə götürüb avtomobil yuma məntəqəsi açmağı qərarlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə o, qohumu, anasının xalası oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı Təqsirləndirilən şəxs zəng edərək ona əri ilə birlikdə Gəncə şəhərində avtomobil yuma məntəqəsi açmaq istədiklərini bildirərək bu məsələ ilə bağlı ona obyekt tapmaqda köməklik etməsini xahiş etmiş, həmçinin 5000 manat pulunun olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Whatsapp”-da zəng etsin, telefonu dinlənilir. O da Təqsirləndirilən şəxs “whatsapp”-da zəng etmiş, sonuncu obyekt açmağın gəlirli iş olmadığını bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində çalışan vəzifəli şəxslərin adına, eləcə də öz rəisinin adına Milli Banka depozitə pul qoyaraq hər ay gəlir əldə edə biləcəyini demişdir. Belə ki, 5000 manat pulu bankda olduğu müddətdə ilk öncə 950 manat, daha sonra həmin məbləğin hər ay 50 manat artımla ala biləcəyini, banka qoyacağı 9000 manatı isə istədiyi zaman götürə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onların kirayədə qaldığı Gəncə şəhəri, Dədə Qorqud prospektində yerləşən evlərinə gəlmişdir. Həmin vaxt evdə anası X5 da evdə olmuşdur. Təqsirləndirilən şəxs necə güvənə biləcəklərini soruşduqda sonuncu polis əməkdaşı olmasını və qohumluq münasibətini qeyd etmiş, Mərkəzi Banka depozitə pul qoyub gəlir qazanmaq imkanının yalnız polis əməkdaşlarına məxsus olduğunu, digər şəxslərin də bundan faydalandığını, polis orqanında işlədiyi müddət ərzində həmin imkandan istifadə edə biləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanaraq 5000 manat pulu sonuncuya vermişdir. Bundan başqa, xx.xx.2022-cl il tarixdə qızıl-zinət əşyalarının lombarda qoyaraq 3900 manat pul əldə etmiş, özündə olan 4600 manat pul ilə birlikdə ümumilikdə 8500 manat pulu xx.xx.2022-ci il tarixdə günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Vüqar ona “whatsapp”-da yazaraq 8500 manat müqabilində hər ay 1667 manat əldə edəcəyini, həmin pulun hər ay 50 manat artacağını bildirmişdir. xx.xx.2022-ci İl tarixdə Vüqar ona “whatsapp”-da yazaraq ilin əvvəli olduğu üçün xx.xx.2022-ci il tarixdə depozitə qoyduğu 5000 manat pulun faizinin 2-3 gün gecikəcəyini demişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təkrar ona “whatsapp”-da yazaraq 5000 manat pulun faizini götürməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Vüqar 5000 manatın faizi 950 manatı Gəncə şəhərində yerləşən telefon qovşağının qarşısında ona vermişdir. Buna görə də, onun Vüqara olan inamı artmışdır. xx.xx.2022-ci il tarixdə Vüqar ona yazaraq bildirmişdir ki, bank koronavirus pandemiyası ilə bağlı depozitə qoyulmuş pulun faizini bir ay sonra yox, 15 gün sonra əldə edilməsi ilə əlaqədar güzəşt tətbiq edir. O, Vüqara inandığına görə şəxsi istifadəsində olan “Nissan Juke” markalı, “99TA751” dövlət qeydiyyat nişanlı avtomobilini 15000 manata satmış, həmin pulu qeyd edilən tarixdə yaşadığı binanın blokunun qarşısında Vüqara vermişdir. xx.xx.2022-ci il tarixdə Vüqar guya banka qoyduğu 8500 manat pulunun aylıq faizini yəni 1600 manatı kirayədə yaşadığı binanın qarşısında ona vermişdir. xx.xx.2022-ci il tarixdə Vüqar guya banka qoyduğu 5000 manat pulun faizi adı ilə ona 1000 manat pul vermişdir. Vüqar onun etibarını qazanaraq əlində olan bütün pullarını ələ keçirmək məqsədi güdmüşdür. xx.xx.2022-ci il tarixdən etibarən Vüqar onda pul qalmadığını başa düşərək heç bir ödəniş etməmişdir. Vüqar dələduzluqla ona ümumilikdə 28500 (iyirmi səkkiz min beş yüz) manat ziyan vurmuşdur. Həmin məbləğdən ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 3550 manat ödəniş etmişdir. O, ödənilən faizlərin gecikdiyini görüb bu məsələnin bank işi olmadığını, Vüqarın onu aldatdığını başa düşmüşdür. xx.xx.2022-ci il tarixdən etibarən o, Vüqardan pullarını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək sənədlərə qol çəkə bilməməsini, bu səbəbdən bankdan pulu götürüb ona verə bilmədiyini demişdir. Daha sonra Vüqar ona, evini banka girov qoyaraq pulu qaytaracağını bildirsə də, həmin pulları qaytarmamışdır. O, əlacsız qaldığından özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq kredit əldə edib Türkiyəyə getmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Şərifovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qohumlarıdır. O, Səfurənin Vüqara pul verməsindən əvvəlcədən məlumatı olmamış, həmin məsələni Səfurədən öyrənmişdir. Belə ki, Səfurə onunla Gəncə şəhərində görüşərək Vüqarın bankda polis rəislərinin adına pul qoyub gəlir gətirəcəyini vəd etməklə 28500 manat pul aldığını və qaytarmadığını bildirmişdir. Səfurənin ona deməsinə görə, Vüqar bankdan gəlir qazanacağını vəd etməklə müxtəlif vaxtlarda fərqli məbləğlərdə pul almış, bəzən müəyyən məbləğdə pul ödəməklə onun etibarını qazanmış, 2022-ci ilin mart ayından etibarən heç bir ödəniş etməmişdir. Səfurə Vüqardan pulunu geri ala bilmədiyini deyərək ondan Vüqarla danışaraq məsələni həll etməsini xahiş etmişdir. O, Səfurənin xahişini nəzərə almaqla Vüqarla şöhbət etmişdir. Vüqara etdiyi hərəkətin düzgün olmadığını, Səfurənin pulunu qaytarmasını demiş, Vüqar da ona maddi sıxıntılarının olduğunu, Səfurədən aldığı pulları geri qaytaracağını bildirmişdir. Həmin vaxtdan sonra Vüqarla qeyd etdiyi məsələ ilə əlaqədar söhbət etməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2022-ci il tarixli 0557 nömrəli “Üzləşdirmə haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdiyini, həmin puldan ona 3550 (üç min beş yüz əlli) manat məbləğində pulu geri qaytardığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında, ibtidai istintaq dövründə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında whatsapp yazışmalarını əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan fotoşəkil formatındakı fayllar whatsapp yazışmalarını əks etdirir. Həmin yazışmalarda Vüqar pul vəsaitinin etibardan sui-istifadə edərək ələ keçirmək üçün Səfurəni banka deposit qoyulması yolu ilə gəlir əldə etməyin mümkünlüyünə inandırır. Səfurə ona artıq 5000 və 8500 manat ümumilikdə 13500 manat pul veridiyini bildirir, Vüqar isə razılaşır. Əlavə olaraq avtomobilini satıb 15000 manat pul verəcəyini qeyd edir. Vüqar isə öz növbəsində verilmiş pul müqabilində onun gəlir edəcəyinə Səfurəni inandırır. Məhkəmə iclasında, ibtidai istintaq dövründə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında whatsapp səs yazılarını əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, səs yazılarında da Səfurə 15000 manat pulu Vüqara verəcəyini bildirir. Avtomobili satdıqdan sonra əldə edəcəyi vəsaitin necə dollar kursuna çevirəcəyi ilə bağlı məsləhətləşir. Sonradan səs yazılarıdan Vüqar pulu aldıqdan sonra vəd etdiyi gəliri Səfurəyə vermədiyi üçün onların münasibətlərinin gərginləşməsi görünür. Vüqar evini girov qoyub Səfurənin pulunu qaytaracağını vəd edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməfonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1534 nömrəli və xx.xx.2022-ci il tarixli 4/1691 nömrəli rəylərindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “BİNGO” markalı “CD” diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Fonoqramlardakı əsas mövzu üzrə danışıqlar üç qadın diktor və iki kişi diktor olmaqla ümumilikdə beş nəfər tərəfindən aparılmışdır. Fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi X11, "Q3” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs qızına məxsusdur. Fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqinin X2, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqinin X13 məxsus olması ehtimal edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixli əmrlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taborunun polis nəfəri vəzifəsindən azad edilib Gəncə şəhər BPİ-nin Xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsinə təyin edilmiş, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xx.xx.2022-ci il tarixdən xidmətdən xaric edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində yaşayış yeri və ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməklə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, onun 1979-cu il təvəllüdlü arvadı X16, xx.xx.2006-cı il təvəllüdlü qızı Ləman Hüseynova və xx.xx.2009-cu il təvəllüdlü oğlu Əhməd Hüseynov vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 9550 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 247 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə və müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Narkoloii Mərkəzinin xx.xx.2022-ci il tarixli xx/xx-13551 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə və qeydiyyatda olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, whatsapp sosial şəbəkəsində aparılan danışıqları özündə əks etdirən iki ədəd DVD disk sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və vurduğu ziyanın az hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, ibtidai istintaq materiallarını araşdıraraq məhkəmə bu qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsinə etinasız münasibət göstərmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanı tərəfindən cinayət işinin başlanmasınadək olan müddət ərzində müxtəlif hüquq mühafizə orqanlarının rəhbər şəxslərinə müraciətlər ünvanlanmış, həmin müraciətlərə zərərçəkmiş şəxsin mənimsənilmiş məbləğinin onun tərəfindən borca götürülməsinə dair müxtəlif borc müqavilələri əlavə edilmişdir. Lakin bütün bunlara baxmayaraq, təqsirləndirilən şəxsin ziyanı ödəməyə imkanı olduğu halda o zərəri ödəməmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı vurulmuş zərərin böyük hissəsini ödəməsinə dair məhkəməyə qəbz təqdim edəcəyini bildirmiş, bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin iclasda qəbzin olmadığını bildirərək özü barəsində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə etinasız münasibət göstərmişdir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərci hesab edilən 400 (dörd yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə istintaqı başlananadək iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X7 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs müdafiə etdiyi şəxsə vurduğu zərərin əvəzi qismində maddi zərərə görə 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat, təyyarə biletinə sərf edilmiş pulun qarşılığı olaraq 3350 (üç min üç yüz əlli) manat, mənəvi ziyan olaraq 500 (beş yüz) manat, dövlət rüsumu qismində ödənilmiş 170 (yüz yetmiş) manat – cəmi 28970 (iyirmi səkkiz min doqquz yüz yetmiş) manat pulun alınıb maraqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək tələb olunan məbləğin Zərərçəkmiş şəxs şəxsi mülahizələrinə söykəndiyini, onun Səfurəyə o məbləğdə borcu olmadığını bildirmiş, təyyarə biletlərinə xərclənmiş məbləğin törədilmiş cinayət əməli ilə əlaqəsini olmamasını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində Zərərçəkmiş şəxs mülki iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməsi öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığıüçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. İş üzrə 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar