Məhkəmə qərarları › İş №1(125)-120/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-120/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-120/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Lənkaran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında ünvansız fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan “metamfetamin”i şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsindəki “Sovxoz Nizami dairəsi” adlanan yerdə tanışı Şahid4 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.309 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini 25 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə həmin tarixdə, saat 20 radələrində qeyd edilən yerdə saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla kustar üsulla hazırlanmış və Şahid4 almış olduğu 0.309 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında ünvansız fərdi yaşayış evində ailə üzvlərilə birlikdə kirayədə yaşayır və Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən mebel təmiri sexində fəhlə işləyir. Psixotrop maddə olan “patı” kimi tanınan metamfetamindən 2022-ci ilin may ayından istifadə etməyə başlasa da hazırda həmin maddədən qəbul etmir. Belə ki, əvvəllər həmin maddəni avtomobilin işıq lampasının şüşəsində qızdırıb tüstüsünü iyləmək yolu ilə istifadə etmişdir. Tanışı Şahid4 adlı şəxsi uzun müddətdir ki, tanıyır və onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Razini isə hal-hazırda Rusiya Federasiyasında olan qardaşı Sadiqin vasitəsi ilə tanımışdır. O, tutulmamışdan bir müddət əvvəl qardaşı Sadiqdən eşitmişdir ki, Razi “patı” kimi tanınan psixotrop maddə metamfetamin satır. Ona görə 2022-ci ilin may ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Razinin iş yerində olan zaman istifadəsində olan mobil nömrəsinə öz istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zəng edərək öz istifadəsi üçün “patı”, yəni psixotrop maddə metamfetamin təşkil etməsini xahiş etmişdir. Telefon danışığı zamanı Razi onu tanıyıb etibar etdiyinə görə 20 manat pul müqabilində ona psixotrop maddə metamfetamin gətirəcəyini bildirmişdir. O, bunun üçün yol haqqı kimi 5 manatda pul verməli olduğunu demişdir. O, Razi ilə razılaşdıqdan bir qədər sonra Razi onun iş yerinin yaxınlığına gəlib 25 manat pulu ondan götürərək bir “çet”, yəni bir büküm “patı”, yəni psixotrop maddə metamfetamini ona verib getmişdir. O, həmin maddəni elə həmin gün iş yerinin yaxınlığında heç kim olmayan yerdə istifadə etmişdir. Təxminən bir həftə sonra eyni qaydada Razidən 25 manat pul müqabilində “patı”, yəni psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Razinin mobil nömrəsinə öz nömrəsindən zəng edib Razidən yenə pul müqabilində “patı” istəmişdir. Razi də, eyni qaydada onunla razılaşıb təxminən bir saat sonra ona bir ədəd gümüşü rəngli “folqa” kağızında “patı”, yəni psixotrop maddə metamfetamin gətirmişdir. Razi həmin maddəni sağ əlinin içərisində saxlayıb həmin əli ilə ona salam verib “patı”nı ona ötürmüş, o, da həmin maddəni götürüb əynində olan cins şalvarın ön sağ cibinə qoyub cibindən 25 manat pul çıxarıb həmin pulu Raziyə eyni qaydada, yəni salamlaşma şəklində ötürmüşdür. O, qeyd edilən maddəni Razidən götürüb üzünü çevirərək çalışdığı mebel sexinə tərəf biriki addım atmışdır ki, mülki geyimli polis əməkdaşları onu və Razini saxlamışlar. Həmin vaxt polis əməkdaşları özlərini Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda, Razinin isə satmaqda şübhəli olmasını bildirib əllərində olan mobil telefonları götürmüş və onları “Kəpəz polisi” kimi tanınan polis şöbəsinə aparmışlar. Polis şöbəsində onları otaqların birinə keçirib hüquqlarını izah etmişlər. Müdafəçisi gəldikdən sonra üzərlərində axtarış aparılacağı bildirilmişdir. Bundan başqa, hüquq və vəzifələri də izah olunmuşdur. Beləliklə, videoçəkilişlə axtarış başlanmış, axtarışda o, və müdafiəçisindən başqa, Razi, Razinin müdafiəçisi, eləcə də polis əməkdaşları iştirak etmişlər. Axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş və varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaretin folqa kağızında bükülü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində Razidən 25 manata aldığı “patı”, yəni psixotrop maddə metamfetamin olmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin əhəmiyyət kəsb edən başqa predmet aşkar edilməmişdir. O polis əməkdaşlarına həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və elə həmin gün “Sovxoz Nizami dairəsi” adlanan yerdə Şahid4 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Bundan sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0.50 qram təşkil etmişdir. Sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə boş zərfin içərisinə qoyulmuş, zərfin üzəri möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra həmin vaxt orada olan Şahid4 da faktı təsdiq edərək əynində olan idman şalvarının ön sağ cibindən bir ədəd 20-lik, bir ədəd 5-lik əskinazlardan ibarət olan 25 manat pulu çıxarıb təqdim etmiş və həmin pulu ona satdığı psixotrop maddə metamfetaminin qarşılığında ondan əldə etdiyini bildirmişdir. Sonda törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə qərəzsiz və mötəbər mənbədən Gəncə şəhərində yaşayan Şahid4 və Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib saxlamaları, istifadə etmələri, Şahid4 həmçinin psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı alıb, bu barədə raportla şöbənin rəisinə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında həmin gün tərəfindən qərar qəbul edildikdən sonra onun rəhbərliyi altında şöbənin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmaqla tərəflərindən müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid4 həmin gün saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxoz Nizami dairəsi” adlanan dairənin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt onlara özlərini təqdim edərək saxlanılmalarına əsas olan şübhənin mahiyyətini izah etmiş və həmin vaxt əllərində olan mobil telefonlar sübutların qorunub saxlanılması baxımından tərəfindən götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs və Şahid4 vaxt, hava şəraiti və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla təxirəsalınmaz şəkildə xidməti avtomobillə Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirib raportla aidiyyəti üzrə şöbənin baş təhqiqatçısı, polis mayoru Əli Əlizadəyə təhvil vermişlər. Hər iki şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçilər dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçilərinin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində videoçəkilişlə şəxsi axtarış başlanılmışdır. Axtarışdan əvvəl şübhəli şəxslərin hüquq və vəzifələri izah edilərək yazılı bildirişlər təqdim olunmuşdur. Üzərlərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaretin folqa kağızında bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində şəffaf rəngli, kristal halında kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin əhəmiyyət kəsb edən başqa predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, elə həmin gün “Sovxoz Nizami dairəsi” adlanan yerdə Şahid4 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0.50 qram təşkil etmişdir. Sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə boş zərfin içərisinə qoyulmuş, zərfin üzəri möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra həmin vaxt orada olan Şahid4 da faktı təsdiq edərək əynində olan idman şalvarının ön sağ cibindən bir ədəd 20-lik, bir ədəd 5-lik əskinazlardan ibarət olan 25 manat pulu çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin pulu Təqsirləndirilən şəxs satdığı psixotrop maddə metamfetaminin qarşılığında Samiqdən almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs də bildirmişdir ki, təqdim edilən pul həqiqətən onun psixotrop maddə alarkən Raziyə verdiyi puldur və o, bir neçə dəfə də Şahid4 qeyd edilən maddədən pul müqabilində almışdır. Bundan sonra Şahid4 üzərində axtarış aparılmış, lakin əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi 25 manat pul boş zərfin içərisinə qoyulmuş, zərfin üzəri möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Şahid - Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 da məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 29 may 2022-ci il tarixli, 16/622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut.” yazılar və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.309 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Həmin maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4596 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4263 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 07 iyun 2022-ci il tarixli, 983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 542 nömrəli arayışdan görünür ki, Ağayev X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 560 nömrəli arayışdan görünür ki, Ağayev X3 şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Aylin adlı azyaşlı uşağı vardır. İşdə olan “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, həmin cinayət işindən Şahid4 barəsində də ********* nömrəli cinayət işi ayrılmış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və sonuncu hazırda Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,309 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsindəki “Sovxoz Nizami dairəsi” adlanan yerdə tanışı Şahid4 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.309 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini 25 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə həmin tarixdə, saat 20 radələrində qeyd edilən yerdə saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla kustar üsulla hazırlanmış və Şahid4 almış olduğu 0.309 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, Gəncə şəhəri Dəmiryol Vağzalının yaxınlığında yerləşən ünvansız fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 25 manat pul əskinazları, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,239 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olduğundan qeyd olunan maddi sübutların taleyinə həmin cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında yerləşən ünvansız fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 25 manat pul əskinazları, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,239 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olduğundan qeyd olunan maddi sübutların taleyinə həmin cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar