Məhkəmə qərarları › İş №1(125)-121/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-121/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-121/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 03 avqust 1998-ci ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhəri Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:40 radələrində Gəncə şəhər rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin müayinə edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2566 saylı protokola əsasən ayıq vəziyyətdə və X9 X12 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BD 114115 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında Gəncə şəhər sakini X7 məxsus, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, AS-610143 saylı etibarnamə əsasında idarəetmə səlahiyyəti verilmiş “VAZ 2107” minik markalı **-VO-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Totanlı küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində tələblərinə əsasən, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin edilməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş və bu zaman idarə etməni itirərək avtomobili yolun sağ kənarında aşıraraq idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş-beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına sol gicgahtəpə nahiyələrində qansızma, alın nahiyəsinin əzilmiş yaraları, hər iki kürək nahiyələrinin sıyrıqları, xəsarətləri ilə nəticələnən həyati xəsarətlər almasına, həmin xəsarətlərdən açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş-beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması xəsarətlərinə görə ağır dərəcəli bədən xəsarətləri almasına, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2ci maddəsi ilə özünü tam təqsirli bildirərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır və Göygöl rayonunda Avtovağzala yaxın yerdə yerləşən Al Market adlı mağazada satıcı kimi çalışır. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Üçtəpə kəndində yerləşən evinə sonra isə birbaşa qaynı Həsrətin evinə gəlmiş, orada çörək yeyib, çay içərək söhbətləşməyə davam etmişlər. Təxminən saat 01:00 radələrində Teymur adlı dostu ona zəng vuraraq siqaret almağa getməyi təklif etmiş, o, isə razılıq verərək idarə etdiyi **-VO-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə Teymurgilə gələrək onu götürmüş, avtomobili üzü Totanlı istiqamətinə doğru sürməyə davam etmişdir. Hərbi hissəni keçdikdən sonra Quyulu yolun başı adlı yerə çatmış, həmin yerdə yol narahat olduğundan avtomobil oynamış, bu zaman Teymur qeyriiradə əlinə toxunmuşdur. O da təntiyərək idarə etməni itirmiş və bu zaman maşının arxası axaraq sol arxa təkəri yerdə olan köbə daşlarına dəymiş və bir anda maşın çevirilmişdir. Təxminən 2 dəfə fırlanandan sonra arxası üsdə qalmış və dayanmışdır. O, dərhal sürücü olan qapını təpik ilə vuraraq açmış və maşından düşmüşdür. Həmin vaxt həm kəndçiləri və dostları Şahid2 və Şahid1 oradan keçirmiş, onları səsləyərək köməyə çağırmışdır. Onlar kömək edərək maşını təkərləri üstünə qaytarmış və Teymuru oradan çıxardaraq tanımadığı maşını saxladaraq Zərərçəkmiş şəxs ağ rəngli “VAZ 2106” markalı avtomobilə yerləşdirib Gəncə şəhəri 3 nömrəli xəstəxanaya aparmışlar. Daha sonra telefon ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs qardaşı Bayramov Anara zəng edərək avtoqəza keçirtdiklərini bildirmişlər. Təxminən 20 dəqiqə sonra Anar xəstəxanaya gəlmiş, həmin ərəfədə həkim onlara yaxınlaşaraq Teymurun rəhmətə getdiyini bildirmişdir. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, avtomobilin sürücüsünün sərxoş olub-olmamasını müəyyən etmək üçün onu həkim müayinəsindən keçirmişlər və sərxoş olmadığı müəyyən edilmişdir. O, hadisə zamanı heç bir spirtrli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etmədiyini, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, avtomobili 60-70 km/sürətlə idarə etdiyini bildirmişdir. Sonda isə o, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınaraq dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 21 avqust 2023-cü il tarixdə yaşadığı ünvanda olarkən saat təxminən 02:00 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs evlərinin qarşısına gələrək qardaşı Zərərçəkmiş şəxs evdən götürmüş və qardaşı Teymurun səhərə qədər onlarda qalacağını demişdi. Gecə saat 02:30 radələrində tanımadığı naməlum bir şəxs ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs avto qəza keçirtməsini və rəhmətə getməsini bildirmiş, o dərhal Gəncə şəhəri, Totanlı küçəsində yerləşən Göygöl rayonu Su İdarəsinin yanına getmiş, hadisə yerinə çatarkən göy rəngli “VAZ- 2107” markalı avtomobili əzilmiş və zərər görmüş formada görmüşdür. Daha sonra isə Gəncə şəhəri 3 nömrəli xəstəxanaya getmiş, ora gələrkən qardaşı Zərərçəkmiş şəxs keçindiyini öyrənmişdir. Xəstəxanada olarkən Təqsirləndirilən şəxsı və onun dostlarını orada görmüşdür. Daha sonra qardaşı morqa yerləşdirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanıdığını, həmkəndlisi olduğunu, onunla lə heç bir düşmənçilik və ədavətləri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 03:00 radələrində dostu Şahid1la birlikdə bazara göy-göyərti satmağa aparmış, Totanlı küçəsindən keçdikləri zaman “VAZ 2107” markalı avtomobilin yolun kənarında aşmış vəziyyətdə görmüşlər. Yaxınlaşdıqdan sonra sürücünün dostu Röyal olduğunu görmüş və bu zaman Röyal qışqıraraq avtomobildən Teymuru çıxarılmasına kömək edilməsini istəmişdir. Qapını açmaq mümkün olmadığından avtomobili birlikdə çevirərək düzəltmiş və Teymurun çıxarılmasına nail olmuşlar. Daha sonra tanımadığı bir şəxsin avtomobili ilə Teymuru xəstəxanaya aparmışdır. Xəstəxanaya çatdıqdan təxminən 5 dəqiqə sonra həkim Teymurun rəhmətə getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02:30 radələrində Gəncə şəhəri 3 saylı xəstəxanada DİN Baş mühafizə idarəsi, mülki mühafizəçi Mehdi ilə növbədə olarkən, anidən VAZ-2106 markalı nömrəsini xatırlamadığı maşın sürət ilə gəlib təcili yardım qapısının girişində dayandığını, maşından 3 nəfər düşdüyünü, onlardan heç kimi tanımadığını bildirmişdir. Onlar yaralını xəstəxanaya apararaq dərhal müdaxilə edilsə də təxminən 5 dəqiqə sonra həkim yaralının keçindiyini demişdir. Həmin müddət ərzində iş yoldaşı Mehdi Teymurov hadisəni törədən şəxsin onun kəndçisi və sinif yoldaşı Röyal olduğunu bildirmişdir. Həmin müddət ərzində Röyal şok vəzyyətində olduğu üçün heç nəyi dərk etməmiş kimi sakit oturmuşdu. Dostları orada Royala dəstək olmuş və onun əl-üzünü yumuşlar. Daha sonra mərhumu morqa təhvil vermişlər. Təxminən 20 dəqiqə keçəndən sonra acil şöbəsinə qayıdandan sonra Röyal orada olmuş, lakin əynindəki qanlı paltarını dəyişmişdi. Daha sonra isə xəstəxanaya polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İbrahim Rövşən oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi proses iştirakçılarının razılığına əsasən iclasda elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Gəncə şəhəri, Totanlı küçəsi istiqamətində baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş, yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Avtomobil yolu iki hərəkət hissədən ibarətdir. Yolun ümumi eni 7 metr, hər bir hərəkət hissənin birinin eni isə 3,5 metrdir. Hadisə yerinə baxış zamanı avtomobilin aşma yeri müəyyən edildi, belə ki, avtomobil yol ilə gedərkən ehtiyatsızlıqdan idarə etməni itirərək, əks yola çıxaraq, yolun sol istiqamətində olan köbə daşlarına dəyərək aşmışdır. Hadisə baş verən zaman hava yağmursuz və asfalt örtüyün üzəri quru olmuşdur. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. ( i.v.5-17); - Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 21 avqust 2023-cü il tarixli, 2566/2023 saylı müayinə protokolundan məlum olur ki, şəxs alkoqol və narkotik vasitələrin təsiri altında olmamışdır ( i.v.20); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 1308 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir ( i.v.110-111); - 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Zərərçəkmiş şəxs ölüm səbəbi “ Kəllə əsasının sınığı,Travmatik subaraxnoidal qansızma” olmuşdur ( i.v.125); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2561 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.127); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 708 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (i.v.128); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 69 saylı rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, başın yumşaq toxumalarına sol gicgah-təpə nahiyələrində qansızma, alın nahiyəsinin əzilmiş yaraları, hər iki kürək nahiyələrinin sıyrıqları – qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş-beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər (i.v.158- 161); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 07 sentyabr 2023-cü il tarixli, 3180/K saylı rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (i.v.163-165); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2729 saylı rəyinə əsasən “Vaz 2107” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (i.v.171-173); - Göygöl rayon İHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir cinayət xarakterli məlumat daxil olmamışdır (i.v.177); - BDYPİ-nin Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır (i.v.179); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023 tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.199-200); - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 980 nömrəli qərara əsasən, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi tanınmışdır (i.v.201-209); - xx.xx.2023-cü il tarixdən xx.xx.2033-ci il tarixədək verilmiş BD 114115 seriyalı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir ( i.v.47); - ƏN 761260 saylı, xx.xx.2023-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Vaz 21074” minik markalı, sedan tipli, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi X3r. Həmin avtomobil idarə etmək səlahiyyəti etibarnamə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir ( i.v.49); -xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. (i.v 135) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Vaz-2107” minik markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl rayonu probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “İş üzrə “Vaz-2107” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar