Məhkəmə qərarları › İş №1(125)-122/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-122/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-122/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,806 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2023-cü il tarixdə saat 00:25 radələrində Gəncə şəhəri, İ.Qayıbov küçəsində “Feqo” çay evinin yaxınlığında Gəncə şəhər BPİ-nin 1-ci PŞnın əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş 0,806 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixotrop maddə metamfetamın və digər maddələr qəbul etmişdir. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə məhkum olmuşdur. Polis əməkdaşları onu evinə gedərkən “Feqa” çay evinin yaxınlığında saxlamışlar. Onu polis şöbəsinə aparıb onu döymüşlər narkotik vasitəni zornan onun cibinə qoyub onun videoçəkilişini aparmışlar. Ona bildirmişlər ya öləcəksən, yada bu narkotik vasitəni götürəcəksən. Onu anası və qardaşı ilə hədələmişlər. Əgər narkotik vasitənin onun olduğunu öz üzərinə götürməzsə qardaşınında aqibəti onun kimi olacaq. Eyni zamanda onuda bildirmişdir ki, onu ”Feqa” çay evinin yaxınlığından şöbəyə aparan İlyas və Fərid olmuşdur. Amma onlar kefli olduğu üçün Arzu və Nicatın adı qeyd edilmişdir. Polis şöbəsində onu döyən şəxslər Nicat, Fərid və İlyas olmuşlar. Arzu onu vurmamışdır. Onun cibinə qoyduqları narkotik vasitənin içərisinə çəkisinin çox olması üçün limon duzu qatmışlar. Sonda o, narkotik vasitənin ona aid olmadığını qərarını məhkəmənin mülahizəsinə buraxdığını demişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun saxlanılması zamanı şöbəyə “Chevrolet” markalı, qara rəngli, **-TN-*** dövlət nömrə nişanlı avtomobillə təmin edilmişdir. Onun bədənində qançır qalmadığından şöbədə döyülməsindən sonra bədəni iz saxlamamışdır. Onun ən çox diz və böyrək nahiyyəsindən vurmuşlar. Psixotrop maddəni onun üzərinə Nicat qoymuşdur, həmin vaxt otaqda İlyas da olmuşdur. Ona öncədən hədələmişlər ki, müdafiəçi şöbəyə gələndə ona heç nə deməsin. Müdafiəçi isə şöbəyə yarım saat sonra gəlmişdir. Həmin gün Nicatla İlyas növbədə olmuşlar, ona görə də onların sənədləşmədə rəsmiləşdirilməsi onlara həvalə edilmişdir. Belə ki, onu saxlayan əməliyyatçılar sərxoş olmuşlar. Onların növbədə olmasını öz aralarında apardıqları danışıqları eşidən zaman bilmişdir. Onu nə üçün sərxoş əməliyyatçıların saxlamasını bilmir, hesab edir ki, təsadüf nəticəsində onu saxlamışlar, onun saxlanması planda olmamışdır. Həmin vaxt o xalasıgildən çıxıb evə gedirdi. Ona qarşı zorakılıq edilməsinə baxmayaraq, o MSY-də olanda ona təcili tibbi yardım çağırmamışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində Polis Bölməsinə narkotik vasitələrinin istifadəsi, qanunsuz saxlanması daşıması və gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Onların tərəfindən Təqsirləndirilən şəxs “Feqa” çay evinin yaxınlığında saxlanılıb polis bölməsinə gətirilmiş və o, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilmişdir. Şahid2 suallara cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən çox vaxt keçdiyindən Təqsirləndirilən şəxs saxlanması zamanı şöbədə ondan başqa kimlərin olmasını xatırlamır. Belə ki, şöbə üzrə 25 əməliyyat müvəkkili fəaliyyət göstərir. Onlardan hansının orada olmasını xatırlamır. Amma İlyasın şöbədə olmasını xatırlayır. Təqsirləndirilən şəxs zorakılığa məruz qalması, psixotrop maddənin limon duzu olması ilə bağlı bildirdikləri yalandır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, gecə saatlarında onlar məlumatda deyilən yerdə “Feqa” çay evinin yaxınlığında təqsirləndirilən şəxsi tutaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və o, üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. Ona qarşı heç kim zor tətbiq etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixli qərarı ilə X5 azad edilmişdir. - məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 16/877 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “X3 üzərindən aşkar olunaraq götürülmüş 0,95 qr psixotrop vasitə metamfetamin" yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,806 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 1496 nömrəli rəyindən görünür ki, psixotrop maddəlkərdən istifadə edib. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensıya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. - Məhkəmə-psxiatrik ekspertizasının xx.xx.2023-cü ıl tarixli rəyindən görünür ki: 1) X6 ona şamil olunan cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək, özünü idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. 2) Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müşahidə olunmadığından o, hal-hazırda hərəkətlərini ölçüb biçmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun əməli AR-nın CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. -xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin təhqiqatçısı, polis mayoru X8, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakı ilə X3 üzərinə şəxsi axtarış keçirildi Şəxsi axtarış keçirilməzdən əvvəl Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru Aqil Əliyev müvafiq istintaq hərəkətində iştirak edən şəxslərə özlərini təqdim etmələrin təklif edir. Həmin təklifdən sonra Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Aqil Əliyev şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilir. Daha sonra ona üzərində qanunsuz narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya ve predmetin olubolmaması, varsa təqdimetməsi təklif edilir. Bundan sonra X1 olaraq əynində olan göy rəngli cins şalvarı sağ ön cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret falqasında bükümü çıxararaq təqdim edir. Həmin büküm açılır və içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilir. 01 (bir) ədəd şəffaf sellofan bükümündə kütlə elektron tərəzidə çəkilir və həmin bükümün çəkisinin 1,21 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütləni haradan əldə etməsi soruşulur və Təqsirləndirilən şəxs isə buna cavab olaraq bildirir kı, həmin kütlə "Patı" kimi adlandırdığı “metamfetamin” olduğunu xx.xx.2023-cü il tarixdə yaşadığı küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra sözügedən kütlə qablaşdırılı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 nömrəli möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-də cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il A.M.E cəzasına məhkum edilmiş və cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,756 qram psixotrop maddə metamfetamin Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmiş, içərisində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan birə ədəd'‘DVD-R”disk iş materiallarına əlavə edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” 31 iyul 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsin elan edilmiş axtarış çərçivəsində tutularaq MSY-ə təhvil verilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təsirə məruz qalmasına dair fakt öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdə ilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutularkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa ibtidai istintaqı aparılan digər cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyini etiraf etmiş və ona qarşı hər hansı təzyiq olması barədə fikir bildirməmişdir. Əgər Təqsirləndirilən şəxs polis idarəsində hər hansı təzyiq olmuşdursa, onun tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların araşdırılması məqsədilə Gəncə Şəhər Prokurorluğuna 24 aprel 2024-cü il tarixli məktub ünvanlanmış, Azərbaycan Respublikası Baş Prokurorluğunun 04 iyul 2024-cü il tarixli cavab məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin sentyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə şəhəri Ağır Cinayət Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 04-05 sentyabr 2023-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.756 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-ci il tarixdən il tarixdən hesablansın. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.756 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim Orxan Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar