Məhkəmə qərarları › İş №1(125)-123/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-123/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-123/2022 01.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1949-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Qaranamazlı küçəsi döngə 2 ev 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə saat 13 radələrində X4 məxsus “Mercedes benz ML 320” minik markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixli BC 101251 seriyalı “B” dərəcəli sürücülük vəsiqəsi əsasında sürücülük hüququ və nəqliyyat vasitəsinə sərəncam verilməsi hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş baş etibarnaməsi olmaqla idarə edib Gəncə şəhəri M.C.Paşayev küçəsi ilə üzü 28 may küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək M.C.Paşayev küçəsi ilə qarşı tərəfdən gələrək əks istiqamətdə düzünə hərəkətdə olan hərəkət üstünlüyünə malik Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21099” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin keçməsini gözləmədən geriyə dönmə əməliyyatını həyata keçirmək istəyərkən həmin avtomobillə ehtiyatsızlıqdan toqquşmuş, nəticədə “VAZ 21099” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağ diz oynağı nahiyəsinin hemartrozu ilə müşayiət olunan sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, həmçinin Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21099” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2397 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, 1980-cı ildən B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur, “Mersedes Benz” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili baş etibarnamə ilə alaraq idarə etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində idarə etdiyi avtomobildə M.C.Paşayev küçəsi ilə 28 may küçəsi istiqamətində hərəkətdə olmuş, həmin vaxt geriyə evə qayıtmaq fikrinə düşmüş, buna görə də M.C.Paşayev küçəsində yerləşən təkər təmiri sexinin yaxınlığında yolun enli hissəsində geriyə dönüş etmək istəmiş, buna görə yolun sağ tərəfinə çıxıb, arxa tərəfdən gələn və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət hissəsinin boş olmasına baxdıqdan sonra sola dönərək geriyə dönmək istəyən zaman qarşı tərəfdən “VAZ-21099” markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görməmiş və həmin avtomobilin hərəkət hissəsinə çıxmışdır. Həmin vaxt hadisədən yayına bilməmiş və avtomobilinin sağ yan hissəsi digər avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində onun avtomobilinin sağ ön hissəsi, həmçinin “VAZ-21099” markalı avtomobilin ön hissəsi əzilmişdir. Bu zaman o, hadisə nəticəsində heç kimin xəsarət almadığını düşünmüş, ancaq sonradan ona məlum olmuşdur ki, “VAZ-21099” markalı avtomobildə ön oturacaqda əyləşmiş adı ona sonradan məlum olan sərnişin Zərərçəkmiş şəxs1 ayağından xəsarət almışdır. Ardınca hadisə yerinə polis əməkdaşları gəlmiş, o, sərxoşluq müayinəsindən keçmiş, ayıq olduğu müəyyən olunmuş, həmçinin polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisənin baş verməsinə səbəb o idarə etdiyi “Mersedes Benz markalı” **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.C.Paşayev küçəsi ilə hərəkətdə olarkən geriyə dönmək istəyən zaman qarşı tərəfdən gələn “VAZ-21099 markalı” **-XA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin keçməsini gözləmədən sonuncunun hərəkət hissəsinə çıxmağı olmuş, hadisədən öncə “Mersedes Benz” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmiş, geriyə dönmək istəyən zaman isə sürətini yavaşladaraq 10-15 km/saat sürətə salmış, həmin vaxt fikirli olduğu üçün “VAZ-21099” markalı avtomobilin gəlməsini görə bilməyərək hərəkət istiqamətinə çıxmış, həmin vaxt avtomobildə tək olmuş, hadisə baş verərkən həmin yerdə tanıdığı heç kim hadisəni görməmiş, hadisə zamanı o, heç bir xəsarət almamış, həmin vaxt polis əməkdaşları onlardan xəsarət alıb-almadıqlarını soruşmuş, bu zaman hərkəs xəsarəti olmadığını bildirmiş, ancaq sonradan “VAZ-21099” markalı avtomobildə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 ayağından xəsarət alması məlum olmuş, hadisədən öncə idarə etdiyi avtomobilin texniki vəziyyəti saz vəziyyətdə olmuşdur. Sonda təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında qonşusu Zərərçəkmiş şəxs2 onu avtomobil ilə Göygöl rayonu Quşqara kəndinə aparmasını xahiş etmiş, Babək də onunla razılaşaraq onu Quşqara kəndinə aparıb geri qaytara biləcəyini demişdir. Bundan sonra o, Babəkin idarə etdiyi “VAZ-21099” markalı **-XA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş və onlar yola çıxmışlar. Həmin gün saat 13 radələrində Quşqara kəndindən geri qayıdarkən Gəncə şəhəri M.C.Paşayev küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn “Mersedes Benz” markalı **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat axınının qurtarmasını, yəni Babəkin avtomoblinin küçəməsini gözləmədən sonuncunun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin qarşısından sol tərəfə doğru yaşayış binaları istiqamətində dönüş etmiş, bu zaman “Mersedes” markalı avtomobilin sağ ön hissəsi Babəkin idarə etdiyi “VAZ-21099” markalı avtomobilin ön hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində Babəkin idarə etdiyi “VAZ-21099” markalı avtomobilin ön hissəsi tamamilə sıradan çıxmış, hadisə nəticəsində o, sağ dizindən xəsarət alaraq TTYX-na müraciət etmiş, həmin vaxt ondan başqa heç kəs xəsarət almamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş zərər ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin barədində hər hansı şikayəti və tələbi yoxdur. Məhkəməyə qədərki icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilərək o məhkəmə tərəfindən şahid qismində tanınmışdır. Belə ki, törədilmiş cinayət əməli nəticəsində həmin şəxsə əmlak xarakterli zərər vurulmuşdur. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 17-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Bu baxımdan, Zərərçəkmiş şəxs2 məhkəmə tərəfindən şahid qismində tanınaraq ifadə vermişdir. Şahid Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o 2002-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi almış, həmin vaxtdan avtomobil idarə etmişdir. VAZ 21099 minik markalı **-XA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili baş etibarnamə ilə alaraq idarə etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında qonşusu Zərərçəkmiş şəxs1 ondan sonuncunu Göygöl rayonu, Quşqara kəndinə aparıb geri qaytarmağı xahiş etmiş, o, isə Turabla razılaşmışdır. Həmin tarixdə idarə etdiyi avtomobillə Quşqara kəndinə gedib qayıdarkən, həmin gün saat 13 radələrində Gəncə şəhəri M.C.Paşayev küçəsi ilə 50-60 km/saat sürətlə Təbriz küçəsi istiqamətində hərəkətdə olan zaman, həmin küçə ilə qarşı tərəfdən gələn Mersedes Benz markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun avtomobilinin keçməsini gözləmədən qarşısından sol tərəfə, yəni onun sağ tərəfinə doğru yaşayış binaları istiqamətində dönüş etmiş, o, əyləci basaraq avtomobilini saxlamaq itəmiş, lakin məsafə yaxın olduğundan Mersedes markalı avtomobilin sağ ön hissəsi onun avtomobilinin ön hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində onun avtomobilinin ön hissəsi tamamilə sıradan çıxmış, onun avtomobilində ön oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 sağ ayağından xəsarət almış, sonra isə polis əməkdaşları gələrək digər avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Zərərçəkmiş şəxs2 hadisənin baş verməsinə səbəb qarşı tərəfdən gələn Mersedes Benz markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün o, düzünə hərəkətdə olan zaman onun keçməyini gözləmədən anidən qarşısından sol tərəfə dönüş etməsi olmuş, həmin vaxt o, avtomobilini təxminən 50-60 km/saat sürətlə idarə etmiş, o, Mersedes Benz markalı **-BL-*** markalı avtomobili təxminən 7-8 metr qalmış məsafədə görmüş, həmin avtomobil bir anda mənim qarşısından sola dönüş etmiş, təhlükə onun üçün həmin andan yaranmış, əyləci basaraq hadisənin qarşısını almaq istəmiş, lakin məsafə yaxın olduğu üçün hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtomobildə qabaq oturacaqda sərnişin Zərərçəkmiş şəxs1 olmuş, hadisə zamanı həmin yerdə hadisənin şahidi olan tanıdığı hər hansı şəxs olmamış, hadisə zamanı o, heç bir xəsarət almamış, sadəcə onun avtomobilində olan Zərərçəkmiş şəxs1 sağ dizindən xəsarət almışdır, başqa heç kəs xəsarət almamış, hadisədən sonra onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 oradan taksiyə minib yaşadığı evə getmiş, o və Mercedes markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmiş, onlar gəldikdən sonra isə iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Onun avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən qanunvericiliyə müvafiq qaydada ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir maddi tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və X1 17 dekabr 2021-ci il tarixli 1973 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ diz oynağı nahiyəsinin hemartrozu-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 29 noyabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli 8/405 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz ML 320” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Gəncə şəhər Avtoservis müəssisəsi” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21099” minik markalı **- XA-*** dövlət nömrə nişanlı avtomobilinə 2397 (iki min üç yüz doxsan yeddi) manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. “Sübutların qiymətləndirilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertlərinin rəyləri, təqsirləndirilən və zərərçəkmiş şəxsi ifadəsi və digər istintaq sənədləri iş materiallarına uyğun gəldiyi üçün sübut növü kimi tanınmışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o məhkəmə tərəfindən onun barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 346- 347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra, ərazi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar