Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-123/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi(13 dekabr 2023-cü il tarixədək olan redaksiya) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.693 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə daxil olmuş məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə, saat 18:40-da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Heydər Əliyev prospekti Maksi marketin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri Heydər Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd ağ rəngli kağız bükümə bükülmüş təmiz çəkisi 0.693 qram əlan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməyərək üzərindən aşkar edilən psixotrop maddənin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində yaşadığı evin qarşısında adını bilmədiyi mülki geyimli bir nəfər şəxs ona yaxınlaşaraq, özünü Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşı kimi təqdim etməklə rəisin qəbuluna gəlməli olduğunu bildirmişdir. O, sözügedən təklifi qəbul edərək, həmin şəxsin avtomobili ilə 1-ci Polis Şöbəsinə getmişdir. Şöbədə Devran adlı polis əməkdaşı ona ağ rəngli kağıza bükülmüş vəziyyətdə psixotrop maddə verərək, videoçəkiliş zamanı ona məxsus olduğunu deməsini tələb etmişdir. O, həmin təklifi rədd etdikdən sonra Devran adlı və adlarını bilmədiyi digər polis əməkdaşları onu söyərək, bədəninin müxtəlif hissələrinə qol və ayaq zərbələri endirmişdirlər. O, məcburiyyət qarşısında polislərin tələbini yerinə yetirmiş, videoçəkiliş zamanı həmin psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir.Sonda himayəsində azyaşlı övladının olmasını nəzərə alınaraq onun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxsibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, yuxarıda qeyd olunan ünvanda anası ilə birlikdə yaşadığını bildirmişdir. Qasıq nahiyəsindən əməliyyat olunmuşdur. Digər qasıq nahiyəsi isə əməliyyat olunmalıdır. Həmin səbəblərdən şiddətli ağrıları olmuşdur. Qeyd olunan ağrıların qarşısını almaq üçün o bir neçə dəfə psixotrop maddə olan “metamfetamin” istifadə etmişdir. Həkimlərdə ona bir neçə dəfə narkotik tərkibli iynələr vurmuşdur. O əvvəllər bir neçə dəfə istifadə etdiyi psixotrop maddə “metamfetamini” tanıyır. Metamfetamini “patı” adlandırmışdır. xx.xx.2023-cü il tarixində səhər saatlarında o, H.Əliyev prospektində Maksi marketin yaxınlığında piyada gəzən zaman yerdə ağ kağız büküm diqqətini çəkmişdir. O həmin kağız bükümü götürüb açmışdır və quruluşundan qutuda olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu başa düşmüşdür. Qutunun içində kristal halda şəffaf rəngli metamfetamin olmuşdur. O tapdığı metamfetamini bir dəfə istifadə etmişdir. xx.xx.2023-cü il tarixində saat 18:40 radələrində o Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Maksi marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişdirlər. Orada vəkilin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd kağız büküm aşkar olunaraq götürülmüşdür. Həmin büküm açılmışdır. İçindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar edilmiş, götürülmüş zərfə qablaşdırılmış psixotrop maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkisi 1.09 (bir tam onda doqquz) qram gəlmişdir. Zərflərin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərindən aşkar olunmuş dəmir pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o həmin kütlədən heç kimə pay verməmişdir və satmamışdır.Həmin kütləni tapmağından heç kimin məlumatı olmamışdır. Heç kimə deməmişdir. Başqa maddəsi olmamışdır. Heç bir yerdə saxlamamışdır. Hamısını üstündə gəzdirmişdir və polis əməkdaşları onu saxladıqdan sonra şəxsi axtarış zamanı təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, dalan 6, ev 9A, mənzil 1 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11, 12 maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış, qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi Şahid1 həyata keçirmişdir. Həmin qərar Şöbə rəhbərliyinə məruzə edilərək, Şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 21 oktyabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospekti “Maksi” marketin yaxınlığında yeri müəyyən edilmişdir. Həmin günü saat 18:40-da Gəncə şəhəri, H.Əliyev prospekti “Maksı” marketin yaxınlığında olarkən onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişdirlər. İdarədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X5 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi Axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq vəzifələri izah edilmiş, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamış və bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan psixotrop maddə olan metamfetamin” kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetamin” kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 1,09 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Müdafiəçi X2 Röyal Asif oğlundan üzərində aşkar olunmuş kütlənin özünə məxsus olub-olmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki,toplanmış HK-1/2960 nömrəli material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - xx.xx.2023-cü il tarixli “şübhəlişəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə saat 18:40 dəqiqədə tutulmuşdur (i.v.10); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki,Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı X6, TB-nin təhqiqatçısı, polis kapitanı X1, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdfiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəlişəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cinsşalvarın sağ cibindən bir ədəd kağız bükümün içərisindən şəffaf rəngli kristal halda olan ilk baxışdan psixotrop maddə olan “metamfetamin” aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 1.09 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq, DİN-nin “Zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir (i.v.30-31); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 oktyabr 2023-cü il tarixli 16/1069nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində“ “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,693 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamindir”. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1-ci siyahısına daxildir. (i.v.40); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 54-55); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir.(i.v. 63-65); - 23 oktyabr 2023-cü il tarixli “ təqsirləndirilən şəxsin MYS-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 79-80); - 11 noyabr 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin, təhqiqatçısı, polis kapitanı X7, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd kağız büküm iştirakçıların yanında açılmış və içərisində şəffaf rəngli, kristal halda, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan "metamfetamin"ə bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, Gəncə şəhəri, H.Əliyev prospektində "Maksi" marketin yaxınlığında yerdən tapmışdır. Diskdə Təqsirləndirilən şəxs psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi X11 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 1,09 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 110 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir.(i.v. 91); - xx.xx.2023-cü il tarixli 3-13-5/2-16727/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir.(i.v. 96); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22 noyabr 2023-cü il tarixli 1939 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmişdir. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.97); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 7433 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlər və psixoaktiv maddələrdən asılılıq diaqnozu ilə Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır.( i.v.100); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3988 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.101); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR-nm CM-nin 128-ci maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə CPM-nin 40.2.2-ci maddəsi ilə cinayət işinə xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs AR-nın CM-nin 228.1-ci maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə xx.xx.2022-ci ildə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Gəncə şəhər Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad edilib. Həmçinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın icrası təxirə salınmışdır. Ona görə də onun hazırkı cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir. (i.v. 103-105); - Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(058)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 106-108); - 04.12.2023-cü il “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs müraciətində və şəhər prokurorluğuna verdiyi izahatında göstərdiyi xüsusatlar hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır.(i.v.108a-108b) - Sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuşAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 oktyabr 2023-cü il tarixli 16/1069 nömrəli rəyi, Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3988 nömrəli, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 7433 nömrəli arayışları, xx.xx.2023-cü il tarixli 3-13-5/2-16727/2023 saylı əməliyyat tapşırığına cavab məktubu, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.109-119); - "xxxx" MMC tərəfindən təqdim edilmiş BKC /LGL-3647/24 saylı xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixində daxil olmuş, 1(125)-123/2024 saylı xx.xx.2024-cü il tarixli sorğu ilə əlaqədar əldə olunmuş mümkün məlumatları CD şəklində təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, 055 *** ** ** saylı mobil nömrənin anten məlumatları 21 oktyabr 2023-cü il tarixində saat 18:00 radələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları yəni onun şübhəli şəxs kim tutulan zaman yaşadığı evin yaxınlığında (Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində) olmasını təkzib edir. ( i.v.200); - "xxxx" MMC tərəfindən təqdim edilmiş AZF /LGL-274/24 saylı xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfonşəbəkəsində istifadə edilməmişdir. ( i.v.209); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qramtəşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində psixtrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi izahatında da polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirmişdir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində səhər saatlarında o, H.Əliyev prospektində Maksi marketin yaxınlığında piyada gəzən zaman yerdə «an kağız büküm diqqətini çəkmişdir. O həmin kağız bükümü götürüb açmışdır və quruluşundan qutuda olan maddənin psixiatrop maddə olan metamfetamin olduğunu başa düşmüşdür. - Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən 04 dekabr 2023-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarmüəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs AR-nm CM-nin 128-ci maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə CPM-nin 40.2.2-ci maddəsi ilə cinayət işinə xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs AR-nın CM-nin 228.1-ci maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə xx.xx.2022-ci ildə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Gəncə şəhər Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad edilib. Həmçinin AR-nın CM-nin 234.1-ci maddəsi ilə Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə1 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın icrası təxirə salınmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməklə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmayan müddətdə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(058)-19/2023 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının təxirə salınması ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79cu maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(058)- 19/2023 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının təxirə salınması ləğv edilərək hazırki hökmlə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu(CMnin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətləri törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 30 may 2024-cüil tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsna törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,643 qram psixotrop maddə olan metamfetaminCinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(058)-19/2023 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının təxirə salınması ləğv olunsun. Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(058)- 19/2023 saylı hökmü ilə təyin olunmuş 01 (bir) 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, birgünə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Gəncə Şəhər Polis İdarəsində saxlanılan 0,643 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X3 Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Əl Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 192 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-123/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-123/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver