Məhkəmə qərarları › İş №1(125)-125/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-125/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-125/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri X.Xasməmmədov küçəsi, ev 3-ə qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,973 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 aprel 2022-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin CAB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində “Kapital Bank ASC”-nin yaxınlığında saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli qış idman geyiminin sol iç cibindən bir ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 0,973 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, artıq bir ildir ki o, mütəmadi olaraq “kokos” kimi tanınan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən istifadə edir. Gəncə çayının sahilində gəzən zaman yerdə bir ədəd siqaret falqası bükümündə olan kütlə onun diqqətini çəkmişdir. Açdıqda isə onun narkotik maddə olduğunu aşkar etmişdir. Narkotik aludəçisi olduğundan onun bir hissəsini istifadə etmiş, qalanını sonra istifadə etmək üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixində Gəncə şəhəri Cavadxan üçəsi Kapital Bankın yaxınlığında olarkən 3 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri 1ci Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da onlara əynində olan qara rəngli gödəkcənin sol iç cibində olan siqaret falqasına bükülü içərisində olan kütləni təqdim edərək həmin bükülün içərisində “kakos” adlandırdığı heroin olduğunu bildirmişdir. O, bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və heç bir şey aşkar edilməmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada rəsmiləşdirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin istehlak miqdarından artıq daşınması faktının yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixdə əməliyyat tədbiri keçirilmişdir. Həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Cavadxan küçəsində “Kapital Bank ASC”nin yaxınlığında saxlanılaraq 1-ci Polis Şöbəsinin binasına gətirilmişdir. Şöbənin binasında onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroini könüllü təhvil vermişdir. Narkotik vasitə tərəzidə çəkilərək rəsmiləşdirilmiş və saxlanca verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 ifadəsi məhkəmə iclasında elan edilmiş və digər iki şahidlə onun ifadəsi arasında heç bir ziddiyyət aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2022-ci il tarixli 16/406 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə, təmiz çəkisi, 0,973 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji dispanserinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda dumur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,923 qram olan narkotik vasitə heroin və “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi subut kımı tanınmışdır və cinayət prosesinin iştirakçıları cinayət işinin matenallan ilə tanış olduqdan sonra Cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Məhkəmə iclasında video-görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış idman geyiminin sol iç cibindən bir ədəd büküm təqdim edərək narkotik vasitə olduğunu, bundan başqa üzərində hər hansı əşya və ya predmet olmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı başqa heç bir əşya və ya predmet aşkar edilmir. Müdafiəçi1 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin özünə məxsus olub-olmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşur və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Əlavə sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan heroin olduğunu, Gəncə şəhəri ərazisində Gəncə çayının sahilindən tapdığını, şəxsi istifadəsi üçün saxladığını, heç kimə satmadığını, üzərindən istifadə etdiyini, bu barədə heç kəsin məlumatının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləyə baxan zaman həmin kütlənin gümüşü rəngli siqaret falqasına bükülü olduğu və içərisində qəhvəyi rəngli toz şəkilli maddə kütlə olduğu görünür. Götürülmüş kütlə aptek tərəzisində çəkilir. Götürülmüş gümüşü rəngli falqa bükümlə birlikdə çəkisi 1,17 (bir tam yüzdə on yeddi) qram olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X5 azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 08 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci tarixli qərarına əsasən Gəncə şəhəri ərazisində tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinin MSY-nə təvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 702 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,923 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun tutulduğu, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,923 qram olan narkotik vasitə heroin məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar