Məhkəmə qərarları › İş №1(125)-126/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-126/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-126/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, İİ döngədə yerləşən ictimai yer hesab olunan 2A saylı evin qarşısında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq döş qəfəsinin arxa səthinin, boyun və bel nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, ətrafda toplaşan şəxslər onları araladıqdan sonra vahid niyyətlə öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üzərinə yenidən hücum edərək istintaqa məlum olmayan kəsici-deşici aləti silah qismində tətbiq etməklə xuliqanlıq edərək sonuncuya qəsdən zərbələr vuraraq döş qəfəsinin arxa səthinin və sağ bazu oynağı nahiyəsinin cəmi üç ədəd kəsilmiş deşilmiş yarası xəsarətləri ilə müşayiət edilən hər biri ayrı-ayrılıqda sağlımlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə, yəni Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən yaşayış evində yaşayır və fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanımaqla, onunla qonşuluqda yaşayır və münasibətləri normaldır. 06 iyun 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdə olan zaman Musa onun evinin qapısını açıb içəri girib onu çölə çağırmış və ona öz iradını bildirərək “Bu nətər küçədə maşın saxlamaqdır?” deyə sual etmişdir. Küçəyə çıxıb baxanda görmüşdür ki, onun avtomobili ilə parelel kimsə gətirib öz minik avtomobilini də küçədə yol kənarında saxlayıb harasa getmiş və Musa küçədən yük maşını ilə gəlib keçmək istədiyi üçün yol dar olduğundan keçib gedə bilmir və bu səbəbdən həmin avtomobilin sahibini tapa bilmədiyindən gəlib ona avtomobilini küçədə saxlamasını irad tutur. Musanın həmin hərəkətindən əsəbləşmiş və ona avtomobilini öz evinin qarşısında saxladığını ona görə özünə məxsus avtomobili evinin qabağından keçən yoldan götürməyəcəyini demiş, bu zaman Musa isə bayıra çıxıb səs-küy salaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Musa onun üstünə gəlib əl atıb yaxasından tutaraq onu yerə yıxmaq istəyən zaman o, da Musanın yaxasından tutmuş və onlar qarşılıqlı olaraq bir-birinə əl zərbələri ilə xəsarətlər yetirmiş və hər ikisi yerə yıxılmışdır. Bundan sonra səs-küyə oraya gəlmiş qonşular onları ayırmışlar. Bundan sonra o, Musanı vurmamış və Musa çıxıb evlərinə getmiş və Musanın qohumlarından kimsə polisə zəng etdiyi üçün bir qədər keçmiş oraya polis əməkdaşları gəlib onları polis idarəsinə aparmışlar. Həmin hadisə zamanı onun əlində üzərində açar olan maşın pultu olmuş və o, Musanı hər hansı kəsici alətlə, bıçaqla yox əli ilə vurub ona xəsarətlər yetirmişdir. Hadisədən sonra o, Musa ilə barışımış və hazırda Musanın ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, hərəkətlərindən peşman olmasını, ailə vəziyyətini, himayəsində üç azyaşlı uşağının olmasını və barışmalarının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, Xəyalla qonşuluqda yaşayır və əvvəllər aralarında münasibətləri normal olmuşdur. 06 iyun 2022-ci il tarixdə saat 19:30 radələrində o, yaşadığı küçə ilə öz yük avtomobili ilə gedən zaman Xəyalın avtomobili evlərinin qarşısında yolun kənarında dayanmış, Xəyalın avtomobilinə isə parelel daha bir minik avtomobilin yolun əks tərəfində dayandığı və sürücüsü orada olmadığı üçün o, yol daraldığından oradan keçib gedə bilmədiyi üçün avtomobilindən düşüb gedib Xəyalı evlərindən çağırmış və ondan yoldan öz avtomobili ilə keçib gedə bilməsi üçün gəlib avtomobilini kənara çəkməsini xahiş etmişdir. Lakin həmin vaxt Xəyal küçəyə çıxıb baxaraq özünün deyil yolun əks tərəfində dayanan minik avtomobilinin sürücüsünün avtomobili düzgün saxlamadığını və məhz yolu həmin sürücünün kəsdiyini bildirib öz avtomobilini yolun kənarından götürməyəcəyini ona bildirmişdir. Bundan sonra Xəyalla onun arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı onlar qarşılıqlı olaraq dalaşmışlar. Dalaşma zamanı Xəyal ona yaxınlaşıb əlləri ilə onu döyməyə başlamış o, əl atıb Xəyalın yaxasından tutmuş və onlar yerə yıxılmışlar. Bundan sonra Xəyal onun üzərinə hücum çəkərək, onu yenidən döymək istəyəndə səsə oraya gəlmiş qonşular onları aralamışlar. Həmin vaxt o, kürəyindən xəsarət almış, lakin həmin xəsarətləri Təqsirləndirilən şəxs necə və nə ilə yetirdiyini görə bilməmişdir. Onlar arasında dava təxminən 5-6 dəqiqə çəkmişdir. Bu zaman onun əmisi nəvəsi Şahmalı Əhmədov DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları polis idarəsinə oradanda X17 maşını ilə Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. İstintaqdakı ifadəsini oxumadan imza etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid yetkinlik yaşına çatmamış X1 Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Məmməd-zadə Nuriyə Nizami qızının iştirakı ilə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Hər kəs ona Vüsal desə də, lakin rəsmi adı Musadır, münasibətləri normaldır. Təqsirləndirilən şəxs da tanıyır, onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, evdə olduğu zaman nənəsi evə daxil olub Musa ilə Xəyalın dava etdiyini bildirmiş və nənəsinin xahişi ilə o, nənəsinə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər keçmiş oraya polsi əməkdaşları gəlmiş və dalaşan şəxsləri özləri ilə aparmışlar. Dava zamanı o, Musanın hası şəraitdə xəsarət almasını yaxud Xəyalın Musanı hər hansı bir əşya ilə vurmasını görməmişdir. İbtidai istintaq zamanı ifadəsini oxumadan imza etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, münasibətləri normaldır. X12 da tanıyır, onunla qonşuluqda yaşayır. Onunla da münasibətləri normaldır. Hadisənin hansı səbəbdən baş verməsini bilmir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi, 3-Döngə, ev 7-də oturan zaman küçədən səs-küyün gəlməsini eşidərək küçəyə çıxanda görmüşdü ki, qonşuluqda yaşayan Xəyal və Musa biri-biri ilə dava-dalaş edirlər. Bu zaman o, ətrafda olan qonşulara səslənərək onları ayırmasını istəmiş və orada olan qonşular onları biri-birindən ayırmışdılar. Dava-dalaş olan zaman o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir deşici alət ilə kürək nahiyəsindən vurduğunu görməmişdir. Bir müddət sonra polislər həmin yerə gələrək hər ikisini Polis Şöbəsinə aparmışdılar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, münasibətləri normaldır. X12 da tanıyır, onunla qonşuluqda yaşayır. Onunla da münasibətləri normaldır. Hadisənin hansı səbəbdən baş verməsini bilmir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi, 3-Döngə, ev 22-də oturan zaman küçədən səs-küyün gəlməsini eşidərək küçəyə çıxanda görmüşdür ki, qonşuluqda yaşayan Xəyal və Musa biri-biri ilə dava-dalaş edirlər. Bu zaman o və orada olan qonşular onları biri-birindən ayırmışlar. Bu zaman o və ətrafdakı qonşular onları aralayaraq Xəyalı evlərinə salmışlar. Hadisə zamanı o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı bir deşici alət ilə kürək nahiyəsindən vurduğunu görməmişdir. Bir müddət sonra polislər həmin yerə gələrək hər ikisini Polis Şöbəsinə aparmışdılar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, münasibətləri normaldır. X12 da tanıyır, onunla qonşuluqda yaşayır. Onunla da münasibətləri normaldır. Hadisənin hansı səbəbdən baş verməsini bilmir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi, 3-Döngə, ev 14-də oturan zaman küçədən səs-küyün gəlməsini eşidərək küçəyə çıxanda görmüşdür ki, qonşuluqda yaşayan Xəyal və Musa biri-biri ilə dava-dalaş edib, artıq sakitləşiblər. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 iyun 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X11 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X10 tərəfindən Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, İİ döngədə yerləşən 2A saylı evin qarşısında baş vermiş hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmiş, bu barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X16 11 iyun 2022-ci il tarixli, 956 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – a) döş qəfəsinin arxa səthinin və sağ bazu oynağı nahiyəsinin deşilmişkəsilmiş yaraları (cəmi üç ədəd) deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlımlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. b) döş qəfəsinin arxa səthinin, boyun və bel nahiyələrinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 7087 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 6937 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X7 Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi 29 iyul 2022-ci il tarixdə Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilməmişdir. “Həbs qətimkan tədbiri seçilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 06 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək son müddəti 06 yanvar 2023-cü il tarixədək müəyyən edilmişdir. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri müddətinin uzadılmasından imtina edilməsi haqqında 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Təqsirləndirilən şəxs - AZ-İV seriyalı 371400 nömrəli, AZ-İV seriyalı 203778 nömrəli və AZ-İV seriyalı 126520 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Musa, xx.xx.2019-cu il təvəllüdlü Məryəm və xx.xx.2017-ci il təvəllüdlü Mira adlı üç azyaşlı övladı var. Zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, 06 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, İİ döngədə yerləşən 2A saylı evin qarşısından yük avtomobili ilə keçən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinə gedərək, ona evinin qarşısından keçən yolda öz avtomobilni saxlamasını irad tutub avtomobilini oradan götürməsini tələb etmiş və həmin vaxt onlar arasında mübahisə yaranmış və həmin mübahisə zəminində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs naməlum kəsici-deşici alətlə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthinin və sağ bazu oynağı nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları (cəmi üç ədəd) dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlımlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və döş qəfəsinin arxa səthinin, boyun və bel nahiyələrinin sıyrıqları dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin heç kimin olmadığı bir yerdə və zərərçəkən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar