Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-128/2022 26.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, döngə 2, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 16 kalibrli, hamar təklüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirərkən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev pr.475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə 1 ədəd sellofan torbanın içərisindən keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “ZK” modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah olan ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Təbriz küçəsi, İİ döngə, ev 3-də qeydiyyatda olmaqla yaşayır, heç bir yerdə işləmir. Əvvəllər Rusiya Federasiyasında yaşamış və Rusiya Federasiyasının CM-nin bir neçə maddəsi ilə dəfələrlə məhkumluq həyatı yaşamışdır. Təxminən bir ay əvvəl Gəncə şəhəri, H.Əliyev adına istirahət parkının yaxınlığındakı boş sahədə-böyürtkən kollarının arasında gördüyü sellofan torba diqqətini çəkdiyinə görə onu açıb içərisinə baxmış və torbada bir ədəd lüləsi və qundağı kəsili vəziyyətdə ov tüfəngi aşkar etmişdir. Ov etmək hobbisi olduğuna görə düşünmüşdür ki, həmin tüfəngi götürüb nə vaxtsa ov etmək üçün istifadə edər. Buna görə sellofan torba ilə birlikdə həmin tüfəngi özü ilə götürüb yaşadığı evin yaxınlığında uçuq bir yerə aparmış və orada gizlətmişdir. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində həmin silah belində Gəncə şəhəri, İ.Məmmədov küçəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Gəncə şəhər 1-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək onu saxlamışlar və üzərində odlu silah olması şübhəsi ilə bağlı onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparmışlar, orada hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçi ona təqdim edildikdən sonra ona bildirmişlər ki, üzərində axtarış aparılacaq. Bundan sonra xidməti iş otaqlarının birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın bel hissəsində torbanın içərisində olan həmin ov tüfəngi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı həmin silahı tapmasını polis əməkdaşlarına bildirmişdir. Axtarış zamanı üzərində həmin silahdan başqa hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş silah isə qablaşdırılmış, üzərində qeydlər aparılmış və imzalarla təsdiq edilmişdir. Həmin tüfəngi nə vaxtsa ov etmək məqsədi ilə üzərində götürmüş və yaşadığı evin yaxınlığındakı uçqun yerdə gizlətmişdir. Park ərazisindən odlu silah tapması və saxlaması barədə heç kimə heç bir söz deməmişdir. Təxminən bir ay əvvəl tapdığı həmin odlu silahı yaşadığı evin yaxınlığında yerləşən yarım tikilidə gizlətdikdən sonra silahı həmin yerdən götürməmiş, xx.xx.2022-ci il tarixdə gizlətdiyi odlu silahı götürmüşdür ki, silaha patron tapıb onun işləyib-işləmədiyini yoxlasın. Həmin silahı lüləsi və qundağı kəsilmiş vəziyyətdə tapmış, kim tərəfindən və necə kəsilməsini bilmir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra xx.xx.2022-ci il tarixdə infarkt keçirmiş bundan sonra bir neçə gün həmin xəstəliyi ilə bağlı xəstəxanada müalicə olunmuş və 23 iyul 2022-ci il tarixdə ev şəraitində müalicəsi davam etdirilməsi üçün xəstəxanadan evə buraxılmışdır. Bu barədə xəstəxananın verdiyi çıxarışı da məhkəməyə təqdim edir. Hazırda “Sol mədəciyin aşağı divarının Q-dişli miokard infarktı” xəstəliyindən əziyyət çəkir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Təbriz küçəsi, 2-ci döngə, ev 3-də qeydiyyatda olan, ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 23 may 2022-ci il tarixdə təxminən saat 16:15 radələrində Gəncə şəhər BPİnin 1-ci PŞ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Arzu adlı şəxsin üzərində odlu silah vardır. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, Gəncə şəhər BPİ-nin 1ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin şöbənin kiçik inspektoru polis serjantı Şahid3 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlayaraq Gəncə şəhəri 1-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da üzərində qanunla saxlanılması qadağan edilmiş heç bir əşya olmadığını bildirmiş, ona görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarının belindən göy rəngli sellofana bükülmüş içərisində bir ədəd lüləyi və qundağı kəsilmiş tək lüləli ov tüvəngi aşkar edilərək götürülmüşdür. Sorğu zaman Təqsirləndirilən şəxs həmin predmetin ov tüfəngi olmasını, tutulmamışdan iki-üç gün əvvəl Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində parkın yaxınlığında kolluqdan tapdığını, tapdıqdan sonra həmin ov tüfəngini yaşadığı evin yaxınlığında sahibsiz yarımtikilidə gizlətdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş lüləsi və qundağı kəsilmiş ov tüfəngini istifadə etmədiyini və satmaq niyəti olmadığını bildirmişdir. Həmin sellofanda olan lüləsi və qundağı kəsilmiş ov tüfənginin atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol dorğu tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmiş, odlu silahı tapdığı və saxladığı yeri əyani olaraq göstərmişdir. İşdə olan məhkəmə-ballistik ekspertizasının 24 may 2022-ci il tarixli 011-5824-1222 nömrəli rəyindən görünür ki,: - Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibirli ZK modelli çaxmaqlı, hamar təhlükəli ov tüfəngidir, odlu yivsiz silahdır, lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İşdə olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 23 may 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edildiyindən həmin video görüntüyə bахış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis mayoru X3 bildirir ki, həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, İ.Məmmədov küçəsində saxlayaraq Gəncə şəhər BPİ-nin 3-cü polis şöbəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış heç bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı onun əynində olan şalvarın arxa tərəfdən bel hissəsində göy rəngli sellofana bükülmüş formada lüləsi kəsilmiş odlu silaha oxşar ov tüfəngi aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın ov silahı olmasını və tutulmamışdan 2-3 gün əvvəl Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkın yaxınlığındakı kolluqdan tapdığını, gələcəkdə özü üçün ova gedərkən istifadə etmək məqsədi ilə özündə saxladığını, yaşadığı evin yaxınlığında yerləşən sahibsiz yarım tikilidə gizlətdiyini bildirir. Həmin günü isə silaha güllə tapmaq məqsədi ilə silahı göy rəngli sellofana qoyub şalvarının belində gizlədərək yaşadığı küçədə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, həmin silahın odlu silah olubolmamasını, atəşə yararlı olub-olmamasını müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülür və üzəri möhürlənərək imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. İşdə olan “əməliyyat tapşırığına cavab” məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs odlu silahı hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 2 hissəsinin 55-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1996-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji və narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd N-si silinmiş keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibirli ZK modelli çaxmaqlı, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah olan ov tüfəngini qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 16 kalibrli, hamar təklüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirərkən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, İ.Məmmədov küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev pr.475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə 1 ədəd sellofan torbanın içərisindən keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli, “ZK” modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, təyinatını itirmiş. texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah olan ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin məhz 228.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və “Sol mədəciyin aşağı divarının Q-dişli miokard infarktı” xəstəliyindən əziyyət çəkməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Gəncə şəhər kardioloji xəstəxanası tərəfindən verilmiş ******* nömrəli xəstənin epikiriz-çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Sol mədəciyin aşağı divarının Q-dişli miokard infarktı” diaqnozu ilə həmin xəstəxananın miokard infarktı şöbəsinə daxil olmuş və orada bir neçə gün stasionar müalicə olunduqdan sonra xx.xx.2022-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 (iki) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmin Məcəllənin 132.0.4-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 01 ədəd N-si silinmiş silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibirli ZK modelli çaxmaqlı, hamar təhlükəli ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, Gəncə şəhəri, Təbriz küçəsi, 2-ci döngə, ev 3-də yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhəri BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibirli ZK modelli çaxmaqlı, hamar təhlükəli ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəklişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (yüz iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-128/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-128/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver