Məhkəmə qərarları › İş №1(125)-128/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-128/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-128/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza çəkən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan “heroin”i şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,853 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 18:50 radələrində Gəncə şəhəri, Nizami küçəsində “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,853 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilənə qədər günəmuzd fərdi əməklə məşğul olub ailəsini saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. İdarədə təhqiqatçı tərəfindən ona hüquqları izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçilərin siyahısı təqdim edilmişdir. İdarədə müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək içərisində olan kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin içərisində narkotik vasitə heroin olan sellofan bükümü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsi 10-cu döngədə yerləşən yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və çəkisi büküm ilə birlikdə 1,00 qram olmuşdur. Sonra həmin büküm əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış və üzəri möhürlənərək o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O, narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmamış və belə bir niyyəti də olmamışdır. Hazırda əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə işlədiyi polis idarəsinə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin Cinayət-Axtarış İdarəsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:50 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında olması müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. İdarənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmuş, sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon bükümü təqdim etmişdir. Həmin sellofon bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni həmin günü səhər saatlarında yaşadığı küçədə yerdən tapdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə sellofon bükümdə olan ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,00 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə sellofon büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid - Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 13 oktyabr 2023-cü il tarixli 16/1012 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,853 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,853 qram, tədqiqata cəmi sərf edildi-0.05 qram, qalıq-0,803 qram. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 3262 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü iltarixli, 6630 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 20 oktyabr 2023-cü il tarixli, 1725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-504/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi və həbs etmənin əvvəlinin 12 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Probasiya Şöbəsinə verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)- 185/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, xx.xx.2022-ci il tarixdə cəzanın icrası ilə bağlı şöbədə qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmağa başlamışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq cəza müddətinin axımı həmin tarixdən etibarən dayanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 23 gün hissəsini çəkmiş və 01 il 08 ay 03 gün çəkilməmiş cəzası qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun İ siyahısına görə narkotik vasitə olan heroin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,853 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə və üzərində daşıyaraq saxlamaqla, cinayət əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,853 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 18:50 radələrində Gəncə şəhəri, Nizami küçəsində “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,853 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanı çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda ona yenidən azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması onun islah olunmasına xidmət etməz. Belə olan halda Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin, işdə olan Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək həbsdə saxlamanın əvvəlinin hesablandığı xx.xx.2023-cü il tarixədək ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay 23 (iyirmi üç) gün hissəsini çəkmiş, 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış yenidən, CM-in 234.1-ci maddəsi ilə qəsdən az ağır cinayət əməli törətmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə və həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı 12 oktyabr 2023-cü il tarixdən hesablanmalı və hazırda həbsdə olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-185/2022 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,803 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT- BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 03 (üç) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 10 (on) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,803 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar