Məhkəmə qərarları › İş №1(125)-129/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-129/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-129/2022 01.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxx 1970-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(066)-52/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-218/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək barəsində olan 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 310 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X14 yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd ağ rəngli polietilen paketdə olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 310 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və dərzi işləyir. Bir neçə il əvvəl avtomobil qəzasına düşmüş və bundan sonra bədənində ağrılar yaranmışıdır. O, da həmin ağrıları azaltmaq üçün əvvəllər həkimin təyin etdiyi ağrıkəsici dərmanlardan istifadə etmiş, lakin ölkədə yayılmış “Covid-19” pandemiyasından sonra həmin dərman preparatlarını əldə edə bilmədiyi üçün qərara gəlmişdir ki, bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitələrdən istifadə etsin. Elə bu məqsədlə də təxminən bir ildən artıqdır ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan “heroin”dən və “nəşə” kimi tanıdığı marixuanadan istifadə edir. Belə ki, heroini şpristə doldurub damarına vurmaqla, marixuananı isə siqaret kağızında çəkməklə qəbul edir. Təxminən iki ay əvvəl Gəncə şəhərində “Totanlı” adlanan yerə yaxın Gəncə çayının kənarında yabanı halda bitmiş “nəşə”, yəni marixuana kollarını görüb istifadə etmək niyyəti ilə onların yarpaqlarını toplamış və qurutmaq üçün ağacın altında sərmişdir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında qeyd edilən yerə gedib həmin nəşə yarpaqlarını götürmüş və sellofana doldurub əynindəki gödəkçənin iç hissəsində gizlətmişdir. Bundan sonra saat 18 radələrində şəhərin mərkəzi istiqamətində gedərkən “Şah Abbas” Məscidinin yaxınlığında mülki geyimdə polis əməkdaşları onu saxlamış və bildirmişlər ki, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəlidir. Polis əməkdaşları onu Gəncə şəhər Nizami RPİ-nə aparmışlar. Orada onu saxlayan polis əməkdaşlarının və onun vəkilinin iştirakı ilə videoçəkiliş aparmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı onun gödəkçəsinin iç hissəsində gizlətdiyi sellofan torbadakı həmin narkotik vasitə aşkar edilərək ondan götürülmüşdür. Sorğu-sual zamanı o həmin kütlənin narkotik vasitə marixuana olmasını, yabanı halda tapıb yığdığını və özünün istifadəsi üçün üzərində olduğunu bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilərkən çəkisi 0.335 kq gəlmişdir. Hazırda əməlindən peşman olmaqla məhkəmədən himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, tərəfindən raportla polis idarəsinin rəisinə məruzə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və qəbul edilmiş qərar əsasında o, və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin gün, saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Şah Abbas” Məscidinin yaxınlığında tək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib şübhənin mahiyyətini izah etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə Gəncə şəhər Nizami RPİnin inzibati binasına gətirmişlər. Gəncə şəhər Nizami RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, hüquqları izah olunmuş və video qeydiyyat aparılaraq müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilərək müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç hissəsindən qara rəngli bir ədəd sellofan torba çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda içərisində ağ rəngli sellofan torbada ilk baxışdan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli, bitki mənşəli kütlə aşkar olunmuşdur. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuana olan kütlənin özünə aid olduğunu, Gəncə çayının sahilindən istifadəsi üçün topladığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Pərviz oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması” haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulması və bu barədə protokol tərtib olunması qərara alınmışdır. “Şübhəli şəxsi tutma” haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli bilindiyi üçün 02 fevral 2022-ci il tarixdə saat 18:35-də tutulmuşdur. “Şəxsi axtarış aparılması” haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol iç hissəsindən 1 ədəd qara rəngli sellofanın içərisindən ağ sellofanda olan bükülü aşkar olunmuşdur. Həmin bükülü açılmış içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, tünd yaşıl rəngli, xüsusi spesifik qoxuya malik kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə içərisindəki ağ sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.335 kq gəlmiş, həmin kütlə zərfdə qablaşdırılmış və zərfin ağzı DİN-in zərflər üçün olan 110 saylı möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 manat nağd pul iş üçün əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs qaytarılmışdır. Odur ki, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. Şəxsi axtarış zamanı və protokol tərtib olunarkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış “Samsung” markalı aparatla videoya çəkilmiş və protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 03 fevral 2022-ci il tarixli, 16/137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli polietilen paketdə təmiz çəkisi 310 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 04 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan və məhkəmə tərəfindən baxış keçirilmiş 1 ədəd DVD diskdən görünür ki, diskin içərisinə baxış keçirilərkən orada bir ədəd fayl olduğu müəyyən edilmişdir. Həmin fayl player proqramı tərəfindən açılmış və 10 dəqiqə 05 saniyədən ibarət videogörüntü olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir. Müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç hissəsindən qara rəngli bir ədəd sellofan torba çıxarıb təqdim edir. Həmin torba açıldıqda içərisində ağ rəngli sellofan torbada ilk baxışdan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli bitki mənşəli kütlə aşkar olunur. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin qurudulmuş marixuana olmasını, özünə aid olduğunu, Gəncə çayının sahilindən istifadəsi üçün topladığı, özünün narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını, ona qarşı heç bir zorakılıq edilmədiyini bildirir. Bundan sonra qeyd edilən kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 0.335 kq təşkil edir. Daha sonra hamin kütlə kağız paketin içərisində qablaşdırılır və möhürlənir. Üzərində qeydlər aparıldıqdan sonra imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da təqdim etdiyindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilmir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs tutulanadək dayandırılması qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-447/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) ay müddətə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin qüvvədə saxlanması” haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanması qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı ********* nömrəli cinayət işindən material ayrılaraq icraata qəbul edilərək araşdırma aparılması, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 309,8 qram narkotik vasitə qurudulmuş marixuananın iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət işinin istintaqı başa çatdıqda təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilməsi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD diskin, telefon danışıqları barədə məlumatlar olan "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin, habelə cinayət işinə əlavə olunmuş digər sənədlərin sübut növü kimi tanınıb qəbul edilməsi qərara alınmışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1576 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1540 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində “travmoldan asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 833229 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə X7 anadan olmuşdur. Şəhadətnamədə atası - Təqsirləndirilən şəxs və anası - X5 göstərilmişdir. Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(066)-52/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 310 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə və üzərində daşıyaraq saxlamaqla, cinayət əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 310 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X14 yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd ağ rəngli polietilen paketdə, Azərbaycan Respublikası 28 iyun 2005–ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixatrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş təmiz çəkisi 310 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanı çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda ona yenidən azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması onun islah olunmasına xidmət etməz. Belə olan halda Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(066)-52/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən və Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(066)-52/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(066)-52/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmçinin, işdə olan Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə barəsində olan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 14 (on dörd) gün hissəsini çəkmiş (Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-218/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin 1(bir) il azaldılması nəzərə alınmaqla) və cəzasının 05 (beş) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin hökm qanuni qüvvəyə mindikdən sonra, həmçinin təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmiş yenidən, CM-in 234.1-ci maddəsi ilə qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə və həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2022-ci ildə həbsdən azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna tam, obyektiv və hərtərəfli qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, Gəncə şəhər BPİ-nin məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 309,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 12 (on iki) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 02 (iki) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 1 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 309.8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar