Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-129/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun vəkili 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Mehriban Əziz qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri X13 adına 39 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edir. xx.xx.2025-ci il tarixində “Tiktok” sosial şəbəkəsində (@sozun.duzu87istifadəçi adı ilə), “Youtube”-da Hurriyyet TV kanalında və digər sosial platformalarda onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli videolar, səs yazıları və digər yazılı materiallar yayılmışdır. Sözügedən paylaşımlar sosial şəbəkələrdə on minlərlə baxış toplamışdır. X5 həmin paylaşımlarda onun barəsində tamamilə əsassız, böhtan xarakterli və yalan məlumatlar yayaraq həm şəxsi, həm də peşəkar etibarına ciddi zərər yetirmişdir. Belə ki, Ələsgərova Mehriban yayılan videolarda məktəbin 11-ci sinifində təhsil alan iki nəfər şagirdin onun tərəfindən qanunsuz yollarla başqa məktəbə köçürülməsi və şagirdlər arasında baş vermiş xoşagəlməz münasibətin onun tərəfindən ört basdır edilməsinə dair kobud və qeyri-etik ifadələrlə əsassız ittihamlar səsləndirmişdir. Bundan əlavə o, onun maliyyə pozuntularına yol verdiyi, Azərbaycan Respublikasının Ümummilli X11 və ölkə başçısı cənab İlham Əliyevə qarşı hörmətsizlik nümayiş etdirdiyi barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli ifadələr səsləndirmiş, şəkillər və digər yalan məlumatlar yaymışdır. Şikayət olunan şəxs tərəfindən yayımlanan şəkillərdə guya Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin təsvir olunduğu lövhənin məktəbin ayaqyolu divarına söykənildiyi iddia edilmişdir. Halbuki, bu iddia tamamilə əsassızdır, çünki həmin lövhə məktəbin ayaqyolu divarına deyil, məktəbin arxiv sənədlərinin saxlandığı otağın divarına yerləşdirilmişdir. Bildirir ki, ölkə başçına qarşı guya onun tərəfindən edildiyi iddia edilən bu hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsində nəzərdə tutulmuş “Azərbaycan dövlətinin başçısının Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma” cinayət əməlini təşkil edən yalan və qərəzli məlumatlardır. Bu hərəkətləri ilə X5 ona qarşı həm də CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş “bilə-bilə yalan xəbərçilik etmə-yəni cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat yayma” cinayət əməlini törətmişdir. Bu cür qərəzli və böhtan xarakterli məlumatlar məktəb kollektivində, şagirdlər və valideynlər arasında onaqarşı əsasız şübhələr yaradaraq, həm mənəvi həm də peşəkar nüfuzuna xələl gətirmişdir. Bütün bunlar onun sosial və psixoloji vəziyyətində ciddi gərginlik yaratmış, işinə və şəxsi həyatının normal axarına mənfi təsir göstərmişdir. Göründüyü kimi, sözügedən iddialar həqiqəti əks etdirməyərək, planlı şəkildə edilmiş qarayaxmalardır. Bu iddialar heç bir real və obyektiv faktlarla əsaslandırılmamış, yalnız onun nüfuzunu zədələmək, cəmiyyətin ona olan münasibətini dəyişmək məqsədi ilə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən: I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 45.4-cii maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqı, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdəki, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən və qanunvericiliyin tələbərini rəhbər tutaraq X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 bildirmişdir ki, ona 39 nömrəli tam orta məktəbdə saxta diplomu olan müəllimlərin işləməsi ilə bağlı məlumat daxil olmuşdur. O, bu məlumat əsasında həmin məktəbə getmişdir. Məktəbin direktoru məktəbdə işləyən müəllimlərin diplomunun olduğunu ona bildirmişdir. O, məktəbdə kənara baxdığı zaman ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin portretlərini yerdə başı aşağı şəkildə görmüşdür. Bu zaman həmin şəklin fotoşəklini çəkmişdir. Sonra getmək istədiyi zaman direktor ona getməməsini bildirmiş, lakin o, ordan çıxaraq təhsil idarəsinə getmişdir. Təhsil idarəsində olanları danışmışdır. Lakin ona bildirmişlər ki, onun orda tanışları çoxdur ona heç bir köməklik edə bilməzlər. O, məcbur qalıb bu hadisəni Hürriyyət TV kanalında canlandırmışdır. O, sonradan həmin portretlərin qoyulduğu yerin ayaq yolu olduğunu öyrənmişdir. Lakin bu hadisədən sonra direktor həmin yeri arxiv kimi düzəltdirmişdir. Məktəbin 11-ci şagirdləri ilə bağlı isə Prokurorluqda araşdırma aparılır. Şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili Müdafiəçi bildirmişdir ki, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin forma və məzmun tələbinə əməl etməmiş, şikayətdə sadəcə 06 fevral 2025-ci il tarixi qeyd edilmişdir. Şikayətdə başqa tarix qeyd edilməmişdir. Eyni zamanda şikayətdə iki nəfər 11-ci sinif şagirdlər barədə də heç bir məlumat qeyd edilməmişdir. Belə olan halda şikayətin məhkəmənin icraatına qəbul edilməsi üçün əsasların olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxsin doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi, şikayətin verildiyi vaxt və yer göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X3 məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 30 (otuz) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-129/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-129/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver