Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-130/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 225 manat olmalaqla, ümumilikdə 1350 manat dəyərində 6 ədəd istifadə edilməmiş velosipedi, 1 ədəd 430 manat dəyərində istifadə edilmiş velosipedi, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 170 manat dəyərində 85 ədəd velosipedin ehtiyyat hissəsi olan kameri, 210 manat dəyərində misi, 30 manant dəyərində içərisində avtomobil üçün alətlər olan çantanı, ümumi dəyəri 90 manat olan 4 ədəd avtomobil ehtiyyat hissəsi olan farsunkanı, 30 manat dəyərində avtomobil üçün alətləri, 40 manat dəyərində 1 ədəd səsucaldanı, ümumilkdə Zərərçəkmiş şəxs məxsus 2350 (iki min üç yüz əlli) manat dəyərində əmlakı gizli olara talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər ailə üzvləri ilə birlikdə ünvan 1-da yaşamışdır. 02 avqust 2022-ci il tarıxdə saat 21 radələrində dostu Şahid ilə onun yaşadığı Gəncə şəhəri Türklər qəsəbəsinə piyada gedən zaman Gəncə şəhəri, “Sovxoz Nizami” deyilən yerdən keçərkən bir boş torpaq sahəsinin olduğunu görmüşdür. Bundan sonra Zorxan ilə fikirləşib qərara gəlmişlər ki, həmin yaşayış olmayan boş torpaq sahəsinə daxıl olub həyətdən dəmir metal oğurlayıb satsınlar. Ətrafa nəzərə yetirib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra arxa tərəfən həyətə daxil olmuşlar. Həyətdə bir neçə kilidli qapının olduğunu görmüşlər. Həmin qapılardan birinin kilidini Zorxan həyətdən tapdığı dəmir parçası ilə qırmış və içəri daxıl olmuşlar. İçəri daxil olduqdan sonra 6 ədəd velosiped oğurlamışlar. Həmın velosipedlərdən 5 ədədi sellofana bükülmüş vəziyyətə olmuşdur. Digər 1 ədədi isə işlənmiş velosiped olmuşdur. Bundan başqa həmin yerdən 01 ədəd içərisində velosiped ehtiyyat hissələri olan 1 ədəd qutu götürmüşlər. Daha sonra gödürdükləri əşyaları həyətdən küçəyə çıxarmışlar. Daha sonra Mayil adlı dostu onunla telefon əlaqəsi saxlayaraq olduqları yerə gəlmiş və onlara oğurladıqları əşyaları yaxınlıqda yerləşən yarımtikiliyə aparıb yığmağa kömək eləmişdir. Həmin əşyaları yarımtikilidə gizilətdikdən sonra hamısı ayrılaraq hərə öz evinə tərəf getmişdir. Səhəri gün Zorxan ilə oğurladıqları əşyaları götürmək üçün gizlətdikləri yarım tikiliyə getmişlər. Orada olan zaman polis əməkdaşları onları tutmuş və Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil vermişlər. Həmin velosipedlərdən birini isə yaşadığı evdə gizlətmişdir. Həmin yarımtikili Gəncə şəhəri, Şokalad zavodunun yaxınlığında yerləşir. Zorxan ilə həmin əşyaları səhəri gün aparıb satmaq üçün gizlətmişlər. Mayıl onlardan həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, ona özlərinə məxsus olduğunu demişdir. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər şəhərində qeydiyyatda olsada, faktiki olaraq Gəncə şəhəri, Keçid küçəsi, ev 2A-da yaşayır. Ona məxsus Gəncə şəhəri, Keçid küçəsində yerləşən saxlanc yeri kimi istifadə etdiyi köhnə restoran vardır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində ona məxsus saxlanc yerindən çıxıb qapılarını kilidləyib yaşadığı ünvana getmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 08 radələrində ora gələn zaman orada olan otaqlardan 2 ədədinin qapısında olan kilidin qırıldığını görüb dərhal şübhələnib orada olan əşyalarına baxan zaman orada olan 6 ədəd hər birinin qiyməti 225 manat olan (yeni) istifadə edilməmiş velosipedlərin, 1 ədəd özü istifadə etdiyi 430 manat dəyərində olan velosipedin, 1 ədədi 2 manat olan 85 ədəd velosiped üçün olan kamerin, ümumi dəyəri 210 manat olan 15 kiloqram misin, 30 manat dəyərində olan avtomobil üçün alətlər çantasının, ümumi dəyəri 90 manat olan 4 ədəd avtomobil üçün forsunkanın, 30 manat dəyərində 6 ədəd avtomobil üçün olan alətlərin və 1 ədəd 40 manat dəyərində olan səs ucaldanın yerində olmadığını görüb dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermiş və daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 2360 manat ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə cinayəti törətmiş şəxslər Xəyal və Zorxan adlı şəxslər müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam olaraq ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş Şahid ifadəsindən görünür ki, 02 avqust 2022-ci il tarixdə saat 21 radələrində dostu Xəyal ilə onun qayınatasıgilin yaşadığı Türklər qəsəbəsinə piyada gedən zaman Gəncə şəhəri “Sovxoz Nizami” deyilən yerdən keçərkən boş bir torpaq sahəsinin olduğunu görmüş, Xəyal ilə fikirləşib qərara gəlmişlər ki, həmin yaşayış olmayan boş sahəyə daxil olub həyətdən dəmir metal oğurlayıb satsınlar. Ətrafa nəzərə yetirib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra arxa tərəfdən həyətə daxil olmuşlar. Həyətdə bir neçə kilidli qapının olduğunu görmüşlər. Həmin qapılardan birinin kilidini həyətdən tapdığı dəmir parçası ilə qırmış və içəri daxil olmuşlar. İçəri daxil olduqdan sonra 6 ədəd velosiped oğurlamışlar. Həmin velosipedlərdən 5 ədədi sellofana bükülmüş vəziyyətə olmuşdur. Digər 1 ədədi isə işlənmiş velosiped olmuşdur. Bundan başqa həmin yerdən 1 ədəd içərisində velosiped ehtiyyat hissələri olan 1 ədəd qutu götürmüşlər. Daha sonra götürdükləri əşyaları həyətdən küçəyə çıxarmışlar. Daha sonra Mayıl adlı şəxs Xəyal ilə telefon əlaqəsi saxlayaraq onların olduğu yerə gəlmiş və oğurladıqları əşyaları yaxınlıqda yerləşən yarımtikiliyə aparıb yığmağa kömək eləmişdir. Həmin əşyaları yarımtikilidə gizlətdikdən sonra ayrılaraq hərə öz evinə tərəf getmişdir. Səhəri gün Xəyal ilə oğurladıqları əşyaları götürmək üçün gizlətdikləri yarım tikiliyə getmişlər. Orada olan zaman polis əməkdaşları onları tutmuş və Gəncə şəhər BPİ-nin İTİnə təhvil vermişlər. Həmin vaxt polis əməkdaşlarından qaçmaq istəyən zaman ayağı ilişib yıxılmış və qolundan xəsarət almışdır. Mayıl onlardan həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, Xəyal ona özlərinə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Keçid küçəsində yerləşən saxlanc yerindən baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 03 noyabr 2022-ci il tarixli 9/7480 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən 5 adda malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1912,50 manat müəyyən olunur. Qərarda göstərilən digər 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Şahid və Təqsirləndirilən şəxs oğurluq edən zaman hər hansısa bir şəxsin kömək edibetməməsini, hadisənin şahidlərinin dairəsini, videomüşahidə kameralarının olubolmamasını, həmçinin Mayıl adlı şəxsin də müəyyən edilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4365 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3841 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə xx.xx.2022-ci il tarixdən “Opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan “şübhəli şəxs qismində tutma haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 05 avqust 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il ay 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1300 manat cərimə cəzasına məhkum edilmiş, lakin xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarı tətbiq edilməklə cəzadan azad edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 10 ay 07 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökm ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3, 67.1 və 70-ci maddələrinə əsasən 02 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrum etm cəzasına məhkum edilərək 01 il şərti sınaq müddəti tətbiq edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. AA1696120 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı var. "xxxx" MMC tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənilərək barışıq əldə olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-130/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-130/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver