Məhkəmə qərarları › İş №1(125)-131/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-131/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-131/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 müdafiəçisi və nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X6 onu nəlayiq söyüşlərlə təhqir edərək və böhtan ataraq bu barədə yazıları 25 sentyabr 2023-cü il tarixində istifadəsində olan +7 926 ***-**-** mobil nömrəsindən ’’WhatsApp” sosial şəbəkəsi vasitəsilə oğlanlarına və ailəni yaxından tanıyan tanışlarına, qohumlara göndərmişdir. Həmin yazılarda X6 onun oğlanları Bəhman və Bəhruza səslənərək “anan Xumarə dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqədə olmuşdur”, “siz dayısı qayıran fahişədən çıxmısınız”, “südünüz fahişə südü olduğu üçün mənə xəyanət etdiniz”, “sallaqxana qancığının doğduğu küçüklər” və s. kimi ifadələrlə həm təhqir etmiş, həm də böhtan atmışdır. Belə ki, X6 ona böhtan ataraq, yalan olduğunu bilə-bilə “anan Xumarə guya dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqədə olmuşdur” ifadəsini yazmaqla şərəf və ləyaqəti ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışında, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, bununla da ünvan 2 ünvanında yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, X6 öz qanunsuz hərəkətlərinə davam edərək təxminən 2023-cü ilin oktyabr ayının 25-də “YouTube” kanallarında (link: https://youtu.be/rX88piMnJCw?feature=shared və s.), “Tiktok” və digər sosial şəbəkələrdə müxtəlif videomüraciətlərlə çıxış edərək oğlanları Bəhman və Bəhruza səslənib onun barəsində “anan Xumarə dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqədə olmuşdur", “siz dayısı qayıran fahişədən çıxmısınız”, “südünüz fahişə südü olduğu üçün mənə xəyanət etdiniz”, “sallaqxana qancığının doğduğu küçüklər” və s. kimi ifadələrlə yenidən həm onu həm təhqir etmiş, həm də böhtan atmışdır. Xüsusi ittihamçı Verdiyeva Xumarə şikayətində bildirmişdir ki, X2 hərəkətləri nəticəsində ciddi mənəvi sarsıntı keçirmiş, hətta onun ucbatından bir neçə dəfə intihar etmək istəmişdir. Bununla əlaqədar X6 müxtəlif internet kanalları və sosial şəbəkələr vasitəsi ilə ona böhtan atdığına, şərəf və ləyaqətini nalayiq formada ləkələdiyinə, mənəvi zərər vurduğuna, nüfuzdan salan yalan məlumatları yaydığına görə Azərbaycan Respublikası CM-in 147.1 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həmin məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaqla X3 qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Xumarə Verdiyeva əmisinin arvadıdır. O, Xumarənin övladlarını Bəhram və Bəhruzu 2012-ci il tarixdə Moskva şəhərinə apararaq onlara iş vermiş, onlar üçün şərait yaratmış, 2014-cü il tarixdə “Food City” bazarında bütöv anbarı icarəyə götürərək onun övladlarını özünə şərik qoşmuş və bütün gəlirləri 3 nəfər arasında bölmüşdür. Amma son üç ildir ki, əmisi oğlanları Bəhram və Bəhruz E.Verdiyevdən xəlvət kriminal aləmin nümayəndəsi Mahir Niyazovla, daha sonra Raminlə əlaqə yaradaraq ona məxsus 3 milyon dollarlıq əmlakını ələ keçirmişlər. Daha sonra o, Voronej şəhərində olarkən Etibar adlı şəxs onu çay içməyə dəvət etmiş, o isə həmin yerə getmiş, bu zaman onu tutaraq zirzəmiyə salmışlar və hədələyərək onun Rusiya Federasiyasından deport olunmasına nail olmuşdurlar. Bakıya gəldikdə isə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub 10 saat saxlanılmış daha sonra isə günahsız olduğu üçün buraxılmışdır. Bu barədə müxtəlif dövlət qurumlarına şikayət etsə də, şikayət araşdırılmamışdır. Daha sonra o, bildirmişdir ki, müxtəlif vaxtlarda ona xarici nömrələrdən zəng olunaraq arvadı və qızlarının oğurlanması, zorlanması barədə hədə-qorxu gəlmişlər və şəkillərini internətdə yaymaqla şantaj xarakterli smslər almışdır. Bundan sonra E.Verdiyev özünü və ailəsini müdafiə etmək üçün əlacsız qalaraq media təşkilatlarında bu məsələlər haqqında rəhbər orqanlara müraciət edərək bu söhbətləri işıqlandırdırmaq qərarına gəlmiş və bəzi sosial şəbəkələrdə başına gələn hadisələr barədə çıxışlar etmişdir. Çıxışlardan sonra isə ona müxtəlif nömrələrdən zənglər olunmuş və sms-lər yazılaraq videoların silinməsi tələb edilmiş əks halda isə dilinin kəsiləcəyi, onu və ailəsinin öldürüləcəyi ilə hədələmişlər. İfadəsinin sonunda o, sosial şəbəkələrdə xüsusi ittihamçı Verdiyeva Xumarə barəsində heç bir təhqiredici və böhtan xarakterli söz işlətmədiyini, sadəcə “Whatsapp" vasitəsilə Bəhmana və Bəhruza ayrı-ayrılıqda sms yazaraq onun və qardaşı Bəhruzun xəyanətlərinin kökündə anasının südünün xarab olduğunu demişdir. Sonda isə barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 müdafiəçisi Nümayəndə ifadəsində xüsusi ittiham qaydasında şikayətin tam əsassız olduğunu bildirərək Verdiyev Eldənizin sosial şəbəkələrdəki çıxışlarında xüsusi ittihamçı Xumarə Verdiyevanın şərəf və ləyaqətinin alçaldılması haqqında məlumatların öz əksini tapmadığını vurğulamışdır. O, Rusiya Federasiyasında xüsusi ittihamçının oğlanları Bəhram və Bəhruz tərəfindən E.Verdiyevə olunan təzyiqlərə görə əlacsız qalması səbəbindən sosial şəbəkələrdə münasibətləri ictimailəşdirdiyini və həmin çıxışlarda xüsusi ittihamçı X.Verdiyeva haqqında təhqir və böhtan xarakterli məlumatları yaymadığını əsas gətirərək E.Verdiyevin əməlində hər hansı cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək, təqsirləndirilən şəxs X2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 müdafiəçisi və nümayəndəsi Müdafiəçi şikayət ərizəsinin məzmumuna uyğun ifadə verərək məhkəməyə təqdim edilmiş sübutlar əsasında X2 əməlinin sübuta yetirildiyi qənaətində olduğunu bildirərək təqsirləndirilən şəxs E.Verdiyev barəsində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində bildirmişdir ki, xüsusi ittihamçı Verdiyeva Xumarə onun bacısıdır. O, Verdiyev Eldəniz onun və bacısının ünvanına nəlayiq söyüşlər söyərək onların illər öncə barələrində olmuş söhbətləri sosial şəbəkələrdə yaydığını, bundan başqa bacısı oğlanları Bəhman və Bəhruza səslənərək “anan Xumarə və xalan dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqədə olmuşdur”, “siz dayısı qayıran fahişədən çıxmısınız”, “südünüz fahişə südü olduğu üçün mənə xəyanət etdiniz”, “sallaqxana qancığının doğduğu küçüklər” və s. kimi ifadələrlə həm təhqir etdiyini, həm də böhtan atdığını bildirmişdir. O, Moskvada müalicə alan zaman “Tik-tok” vasitəsilə zaman həmin videolara baxmış və təhqiramiz smslər barəsində qohumları arasında gedən söz söhbətdən xəbərdar olmuşdur. Daha sonra həmin söhbətləri qonşulardan və digər kənar şəxslərdən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X5 onun arvadı, X6 isə onun qardaşı oğludur. O, əvvəllər Verdiyev Eldəniz ilə münasibətlərinin yaxşı olduğunu, oğlanları Bəhram və Bəhruzla birgə işlədiyini bildirmiş, sonradan isə münasibətləri hansısa səbəbdən pozulmuşdur. Daha sonra o, E.Verdiyevin oğlanları Bəhram və Bəhruzun və arvadının şəkillərini sosial şəbəkələrdə paylaşaraq onların şərəf və ləyaqətini alçaldan məlumatlar yaydığını, onun özünü isə telefonda nəlayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. V.Eldəniz onun övladlarını “pulumu verməsəz ananız haqqında olan məlumatları yayacağam” ifadələri ilə şantaj etmişdir. O, qeyd etmişdir ki, bu söhbətlər Rusiya Federasiyasında övladlarının işlədiyi ticarət mərkəzində yayılmış, E.Verdiyev bütün qohum-əqrabaya, hətta tanımadığı şəxslərə belə arvadı Xumarənin guya öz dayısı ilə 3 il münasibətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Verdiyev Eldəniz onun əmisi nəvəsi, Verdiyeva Xumarə isə bacısıdır. Verdiyev Eldənizin sosial şəbəkə “TikTok”-da olan çıxışında bacısı Xumarənin və oğlanları haqqında təhqiramiz sözləri oğlunun “whatsapp” vasitəsilə göndərdiyi videoda görmüşdür. Daha sonra həmin məlumatların təxminən 1 ay yarım bundan əvvəl qohumları arasında “Whatsapp” vasitəsilə yayıldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Verdiyev Eldənizin onun oğlu Vüsal ilə əvvəllər birlikdə işlədiyini qeyd edərək Xumarənin barəsində yayılmış məlumatları qohumlardan eşitdiyini, video görüntülərə isə yoldaşının telefonunda baxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -iş materiallarına əlavə olunmuş çıxarışlardan X3 məxsus “+**********4” nömrədən əmisi oğlanları Bəhruz və Bəhmanın ünvanına ayrı-ayrılıqda təhqir xarakterli mesajların “Whatsapp” ünsiyyət vasitəsi ilə göndərilməsi aydın olur. - şikayət ərizəsinə əlavə olunmuş video disklərdən görünür ki, bəzi sosial şəbəkələrdə işıqlandırılmış məlumatlar xüsusi ittihamçı Xumarə Verdiyevanın barəsində deyil, onun oğlanları Bəhram və Bəhruz, həmçinin V.Eldənizin barəsində səsləndirdiyi məlumatlardır. -şikayət ərizəsində əks olunmuş https://youtu.be/rX88piMnJCw?feature=shared linkinə baxış zamanı müəyyən olunmuşdur ki, videogörüntülərdə olan məlumatlarda X6 tərəfindən xüsusi ittihamçı barəsində heç bir təhqiredici və böhtan xarakterli mövzu səsləndirilməmiş, sadəcə onun oğlanları Bəhram və Bəhruzla fotoşəkli nümayiş etdirilmişdir. -iş materiallarına əlavə olunmuş Verdiyev Eldəniz tərəfindən məhkəməyə təqdim edilən çıxarışlardan görünür “Whatsapp” proqramı vasitəsilə X2 ünvanına dəfələrlə müxtəlif mobil telefon nömrələrindən təhdid və təhqir xarakterli mesajları göndərilmişdir. - iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 dövlət orqanlarına təhdid olunması ilə bağlı məktublar göndərmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı idarəsinin xx.xx.2023-cü il tarixli 3-13-4/2-V-87377/11/20 nömrəli məktubundan görünür ki, E.Verdiyevanın arvadı X8 Federasiyasında mütəmadi təzyiqlərə məruz qalmaları ilə bağlı ailənin təhlükəsizliyinin təmin edilməsi üçün müraciətinə cavab olaraq Rusiya Federasiyasının hüquq-mühafizə orqanına məlumat verildiyi bildirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əvvəla nəzərə çatdırılmalıdır ki, xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X6 həmin mesajlarda xüsusi ittihamçı X5 barədə “-anan Xumarə guya dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqdədə olmuşdur”, “-südünüz fahişə südü olduğu üçün mənə xəyanət etdiniz”, “sallaqxana qançığının doğduğu küçüklər” və s. kimi ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından, eləcə də “Azərbaycan dilinin izahlı lüğəti”ndən “fahişə”, “qancıq”, “sallaqxana” kimi sözlərin şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlər olduğu müəyyən olunur. Lakin qeyd edilməlidir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, X2 xüsusi ittihamçı X1 barəsində məzmununda təhqir və böhtan xarakterli cümlələri əks etdirən mesajları yazaraq “Whatsapp” proqramı vasitəsilə ayrı ayrılıqda və müxtəlif vaxtlarda onların yaxın qohum və tanışlarına göndərməsi halı onun əməlində təhqir və böhtan cinayətinin tərkib əlamətinin olmasına və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı bir əsasın mövcudluğuna dəlalət etmir. Belə ki, şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Azərbaycan dilinin izahlı lüğəti”ndən də görünür ki, kütləvi sözü geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan; kütləyə xas olan mənasını bildirir. Hazırki işdə təhqir və ehtimal edilən böhtan xarakterli cümlələri əks etdirən mesajların kütləvi olaraq yayılması halı isə müəyyən olunmamışdır. Bundan başqa “Whatsapp” ani mesajlaşma mübadilə sistemidir və bu proqram vasitəsilə göndərilən mesaj kütləvi nümayiş edilmədən yalnız ünvanlanan şəxsə mübadilə olunmaqla nəticələnir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998ci il tarixli qanununun 2-ci maddəsində “internet informasiya ehtiyatı” və “domen”in anlayışı verilmişdir. Həmin qanunun 13-1-ci maddəsinin icrası məqsədilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nda domeni kimin tərəfindən qeydiyyatdan keçməsi, onlara texniki xidmət və s. məsələlər açıqlanır. Həmin açıqlamalardan belə nəticəyə gəlinir ki, “Whatsapp” vasitəsilə yayılmış hər hansı məlumat internet informasiya ehtiyatında yayılmış məlumat hesab edilə bilməz. Lakin məhkəməyə təqdim olunmuş video görüntülərindən, Whatsapp yazışmalarından və şahidlərin ifadələrindən açıq aşkar məlum olur ki, sözügedən mesajlar hər hansı bir kütləvi nümayiş etdirilmə olmadan internet informasiya ehtiyatı hesab olunmayan “Whatsapp” tətbiqi vasitəsilə həmin an sırf göndərilən şəxsə mübadilə edilərək göndərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 oğlanları Bəhram və Bəhruza yalan olduğunu bilə-bilə göndərdiyi “-anan Xumarə guya dayısı Sabir İsgəndərovla 3 il ərzində cinsi əlaqdədə olmuşdur”, “-südünüz fahişə südü olduğu üçün mənə xəyanət etdiniz”, “sallaqxana qançığının doğduğu küçüklər” və s. kimi cümlələrini əks etdirən mesajlarla onun şərəf və ləyaqətini ləkələməklə onu nüfuzdan salmasını və ona böhtan atmasını əsas gətirmişdir. Məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 ifadəsində qeyd etmişdir ki, həmin mesajlarda göstərilən xüsusatlar həqiqəti əks etdirdiyindən böhtan xarakteri daşıya bilməz, həmçinin hal-hazırda həmin mətnlərdə göstərilən hallar Xumarə Verdiyeva ilə onun oğlanları arasında olan şəxsi münasibətlər zamanı ortaya çıxdığından yalan xarakterli olmadıqlarını sübut etmək hal-hazırda qeyri-mümkündür. Xüsusi ittihamçı Xumarə Verdiyeva tərəfindən yuxarıda göstərilən məlumatların həqiqəti əks etdirmədiyini və doğruluğunu şübhə altına salan heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığından həmin mesaj mətnlərində olan məlumatları böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirmək ağlabatan deyil. Məhkəmə, təqsirləndirilən şəxs X6 tərəfindən xüsusi ittihamçı X1 yaxın qohumlarına və tanışlarına göndərdiyi SMS mətnlərinin məzmunlarında Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinin tərkiblərinin olması ilə razılaşmır və hesab edir ki, həmin SMS mətnlərində göstərilən məlumatlarla Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin dispozisiyasında təsbit edilmiş cinayət əməllərinin tərkibinin olması öz təsdiqini tapmır. Bundan başqa şikayət ərizəsində göstərilən https://youtu.be/rX88piMnJCw?feature=shared linkində əks olunan məlumatlarda xüsusi ittihamçı Xumarə Verdiya haqqında heç bir təhqir və böhtan xarakterli söz deyilməmiş, o cümlədən iş materiallarına əlavə edilmiş video görüntülərdə xüsusi ittihamçı X.Verdiyeva haqqında deyilən təhqir xarakterli sözlər sosial şəbəkədə deyil “whatsapp” ünsiyyət vasitəsi ilə video olaraq göndərildiyindən Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinin dispozisiyasında təsbit edilmiş cinayət əməllərinin tərkibini yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X3 qarşı Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində təhqir və böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X3 istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 42, 344-350, 352-356, 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar