Məhkəmə qərarları › İş №1(125)-132/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-132/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-132/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynabdın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri ilə əlaqələrinin olduğuna inandırdığı Zərərçəkmiş şəxs məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş bu məqsədlə onun qardaşı Şahid2 DTX-də hərbi xidmət keçməsi və onun həmin quruma işə qəbul edilməsi adı ilə 2022-ci ilin aprel ayında Bakı şəhəri “28 May” metrostansiyasının yaxılığında 15000 manat, həmin ilin sentyabr ayında Gəncə şəhəri ərazisində Zərərçəkmiş şəxs atası Şahid1 4500 manat pul vəsaitini alaraq verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla vahid niyyətlə cəmi 19500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək, ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla Azərpoçtda tanış olmuşdur. O, hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda, zərərçəkmiş şəxsə vurulmuş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, məhkəməyə yazılı ərizə təqdim edərək, onun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, hal-hazırda Azərpoçtda işləyir. Pərvin Azərpoçtda işləmək istəyib və onun yanında işi öyrənib. Ona görə münasibətləri yaranıbdır. Pərvin ona atasının Milli Qəhrəman olduğunu, özünün də kiminsə vasitəsi ilə işə düzəldiyini və yuxarı vəzifələrdə tanışlarının olduğunu deyib. O da Pərvinə qardaşını Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltmək istədiklərini deyib. Pərvin isə orada tanışı olduğunu və bu barədə onunla danışacağını deyib. Qardaşı həmin vaxt magistraturada 1-ci kursda oxuyub. Bir müddət sonra ona işi həll etdiyini, qardaşının orada mülki işçi kimi işləyə biləcəyini, daha sonra akademiyada oxuyaraq orada qala biləcəyini bildirib. Onlar da razılaşıb ki, mülki işçi kimi işləsin. Pərvin bunun qarşılığında 15000 manat pul istəyib. Aprelin sonlarında Bakıda, 28 may metrosunun vağzalında Pərvinlə görüşüb və 15000 manat pulu təqdim ediblər. Orada onların şəxsiyyət vəsiqələri və imzaları da var. Pərvin deyib ki, pulu gözləyir, aparıb verəcək. Daha sonra onlara 2-3 ay ərzində cavab gələcəyini və bundan sonra əsgərliyə gedənə qədər mülki işçi kimi işləyəcəyini deyib. Onlar razılaşıb, amma 5-6 ay bir xəbər çıxmayıb. Artıq onun qardaşının əsgərliyə getməyinə 1 ay qalmış onlara da mail.ru vasitəsilə Dövlət Təhlükəsizlik Xidmətindən sənəd gəlmişdir ki, guya qardaşını namizəd kimi qəbul ediblər. Onlar da əvvəl təbii olaraq inanıb ki, dövlət orqanından gələn sənəddir. Bir müddət sonra həmin sənədi Dövlət Təhlükəsizlik Xidmətinə göndərib və sənədin saxta olması ilə bağlı ona geri dönüş gəlib. Sonradan idman sınağından keçmək üçün də 4500 manat pul veriblər. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi zərərin tam ödənildiyini bildirmiş, yazılı ərizə verərək, təqsirləndirilən şəxsin barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə poçtda işləyib. Pərvin onlara Dövlət Təhlükəsizlik Xidmətində tanışı olduğunu və onu işə düzəldə biləcəyini demişdi. Onlar da ona inanıb ki, həmin quruma onu işə düzəldə bilər. Onlar Pərvinə ilk mərhələdə 15000 manat məbləğində pul verdikdən sonra növbəti mərhələdə, yəni idman və digər normativlər üçün 4500 manat məbləğində pul veriblər. O, hər ay Pərvindən işə düzəlməsilə bağlı soruşduqda müxtəlif bəhanələr gətirib. Sonra o, hərbi xidmətə çağrıldığı üçün hərbi xidmətə getməli olub və digər şeylər, yəni Pərvinin məhkəməyə verilməsini əsgərlikdən gəldikdən sonra bilib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 04 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 19500 manat pulunu ələ keçirtməsi vahid niyyət kimi qiymətləşdirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdır. Bu səbəbdən ona cəza təyin edilməməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəmişdir. Həmçinin dəymiş zərərin 25% həcmindən dövlət büdcəsinə ödəniş etmişdir. Bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli 10941 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (4880 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və şahidin ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Eyni zamanda, işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 manat pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar