Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-136/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekt, ev 111, mənzil 13-də yaşayan barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.801 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və təmiz çəkisi 0.520 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fevral 2022-ci il tarixdə saat 13:15 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsinin yaxınlığında saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd-qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən ağ rəngli “Want” markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.801 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.520 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə olan kakos kimi adlandırdıqları heroin və psixotrop maddə metamfetamin istifadə edir. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin yaxınlığında ”Azərittifaq” adlanan ərazidə tanışı Elburusu görmüşdür. O, Elburusla salamlaşandan sonra sonuncu ondan narkotik vasitə istifadə edib etməməyini soruşmuş, o, Elburusa hərdən istifadə etdiyini demiş, sonuncu ona nə vaxt lazım olsa təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra 25 fevral 2022-ci il tarixdə saat 13 radələrində o, Elburusla görüşərək ondan 20 manat müqabilində narkotik vasitə olan “kakos” adlandırdıqları heroin almış, eyni zamanda Elburus ona başqa bir büküm də vermiş və həmin bükümün “patı” olduğunu və özünün də istifadə etdiyini demişdir. O, Elburusdan hər iki bükümü götürmüş və yaşadığı evə qayıtmaq üçün dayanacağa gəlmiş, bir müddət keçdikdən sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onu 1-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən ağ rəngli “Want” markalı siqaret qutusunun içərisində saxladığı heroin və metamfetamin olan iki ədəd büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlələrin birinin çəkisi 0.91 qram, digərinin çəkisi isə 0.68 qram olmuşdur. Bundan sonra üzərindən aşkar olunan həmin kütlə zərfə qablaşdırılmış və üzəri imzalanmışdır. Həmin kütlə ona məxsus olmuş, istifadə etmək üçün üzərində gəzdirmiş, o narkotik vasitələrin satışı ilə məşğul olmamış və həmin kütlələrdən heç kəsə satmamış və belə bir niyyəti olmamışdır. Sonda o, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İlqar oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ. Xətai prospekti ev 111 mənzil 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra CAŞ-nin kiçik inspektoru Şahid1la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fevral 2022-ci il tarixdə, saat 13:15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektinin H.Əliyev prospekti ilə kəsişməsinin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər. Onlar Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər 1-ci polis şöbəsinə aparmışlar. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncu əynindəki qolsuz qış gödəkçəsinin sağ yan cibində içərisində 02 ədəd büküm olan 1 ədəd “Want” markalı siqaret qutusunu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Rövşən Mehtiyevin iştirakları ilə həmin 1-ci bükümün içərisinə baxış keçirilən zamanı orada toz şəkilli, qəhvəyi rəngli, kəsgin spesfik iyli, ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin olması müəyyən olunmuş, 2-ci bükümün içərisinə baxış keçirilən zaman kristal şəkilli pisxotrop maddə “metanfetaminə” bənzər kütlə müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə “heroin”ə bənzər bir ədəd büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.91 qram olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik maddə “metanfetamin”ə bənzər bir ədəd büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.68 qram olması müəyyən edilmişdir, daha sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 İlqar oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 27 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2022-ci il tarixli 16/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və çəkisi 0,91 qram olan heroinə bənzər kütlə və çəkisi 0,68 qram olan metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdə, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,801 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd rəngli kağız bükümdə təmiz çəkisi 0,520 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Heroinin təmiz çəkiləri - 0,801 qr, tədqiqata sərf edilmiş 0,05 qr, qalıq 0,751 qr. Metamfetamin təmiz çəkiləri - 0,520 qr, tədqiqata cəmi sərf edilmiş 0,05 qr, qalıq 0,470 qr.) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan məlum olur ki, Nizami RPİ TB-nin təhqiqatçısı, polis kapitanı X1, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İlqar oğlunun, həmin idarənin kiçik inspektoru polis serjantı Şahid1, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli qolsuz isti gödəkçənin sağ yan cibindən ağ rəngli, “Want” markalı siqaret qutusunun içərisində olmaqla 1 ədəd qəhvəyi rəngli sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə “heroinə” bənzər kütlə və 1 ədəd ağ-qara rəngli falqanın içərisində kristal şəkilli psixatrop maddə “metamfetaminə” bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlələr elektron tərəzidə çəkilmiş “heroinə” bənzər kütlə içərisində olan sellofanla birlikdə 0,91 qr, “metamfetaminə” bənzər kütlə isə işərisində olan falqa ilə birlikdə 0,68 qr. Gəlmiş, müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə həmin kütlələr qablaşdırılmış və tərkibinin dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əvvəllər 2 dəfə cinayət əsuliyyətinə cəlb edilərək məhkum olunmuş, məhkumluqları ödənilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 549 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Opium narkoman” diaqnozu ilə dispanserində qeydiyyatındadır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 19 iyun 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri ilə heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmadığını bildirmişlər. Bundan başqa, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, onun həmin maddələri satmaq niyyəti ilə əldə edib saxlaması barədə məlumat daxil olmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Sonradan onun əməli “Cinayət işi sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 iyun 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Əksinə, qərarın məzmunda müstəntiq ibtidai istintaq zamanı müəyyən edilmiş hal kimi göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla üzərində daşımışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə etməsini aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ayrı-ayrı bükümlərdə olması və müxtəlif növdə olması ilə əsaslandırmışdır. Halbuki məhkəmə narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həm heroindən, həm də metamfetamindən istifadə etdiyi müəyyən edilmişdir ki, bu da müstəntiqin gəldiyi nəticəni təkzib edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini və psixotrop maddə - metemfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırda məhkumluğu ödənilsə də, o, əvvəllər 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs 25-27 fevral 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış cəmi 0.751 qram çəkidə narkotik vasitə olan heroin və 0.470 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan cəmi 0.751 qram çəkidə narkotik vasitə olan heroin və 0.470 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-136/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-136/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver