Məhkəmə qərarları › İş №1(125)-136/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-136/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-136/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,622 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi VAZ 2107 markalı E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobil saxlanılmış, narkoloji müayinə zamanı onda narkotik OPJ aşkar olunduğu üçün avtomobil ilə birlikdə Gəncə şəhəri Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək avtomobilində və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə olan təmiz çəkisi 0,622 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, psixotrop maddədən mütəmadi olmasa da, hərdən istifadə edir. 01 iyun 2023-cü il tarixdə təkər sexinin qarşısında psixotrop maddə metamfetamini tapmışdır. Metamfetamini tapdıqdan sonra aptekə getmişdir. Özünə məxsus avtomobilin arxasında DYP əməkdaşları xidməti avtomobillərini saxlamışlar. DYP avtomobilini görəndə ehtimal etmişdir ki, dövlət qeydiyyat nişanın rus qeydiyyat nişanı olması DYP əməkdaşlarının diqqətini çəkmişdir. Lakin yol polisi əməkdaşları onun avtomobili ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Tapdığı psixotrop maddədən qəbul etməmişdir. Himayəsində səkkiz yaşında bir uşağı var. Məhkəməyə əməlindən peşman olmasını bildirdi və mümkün qədər humanist cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin Əlahiddə yolpatrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru Şahid1 Mülayim oğlu ifadəsində göstərmişdir ki, Gəncə Şəhər BPİ-nin Əlahiddə yol-patrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru Şahid2 ilə birlikdə xidmətdə olan zaman rus dövlət qeydiyyat nişanlı avtomobil onların diqqətini çəkmişdir. Avtomobilə yaxınlaşanda avtomobilin sahibinin hərəkətləri onlarda şübhə oyatmışdır. Onlar Zauru şöbəyə aparmış, Zaurun üzərində onların iştirakı ilə şəxsi axtarış keçirilmiş, psixotrop maddə aşkar edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Gəncə Şəhər BPİ-nin Əlahiddə yolpatrul xidməti bölüyünün yol-patrul xidməti inspektoru Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 01 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində ekipaj yoldaşı polis serjantı Şahid1 Mülayim oğlunun iştirakı ilə xidmətdə olan zaman Gəncə şəhər Atatürk prospekti ilə hərəkət edən zaman qarşıda hərəkətdə olan VAZ 2107 markalı E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobilin arxasınca hərəkət edən zaman həmin avtomobilin sürücüsü adı sonradan onlara məlum olan ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs yolun kənarında avtomobili saxlamışdır. Həmin vaxt o idarə etdiyi DYP-nə məxsus avtomobili həmin avtomobili idarə edən sürücünün arxasında saxlayıb avtomobildən düşərək sürücüyə yaxınlaşıb özünü təqdim edərək, alkaqoldan və narkotik vasitədən istifadə etməsindən şübhələnib onu narkoloji müayinədən keçirmişdirlər. Sürücü Təqsirləndirilən şəxs sidiyindən narkotik “OPT” aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobil ilə birlikdə Gəncə şəhər 2-ci Polis öbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Gəncə şhər BPİ-nin 2-ci Polis Şöbəsinin növbətçi hissəsində olan zaman üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Zaur, təqdim olunmuş Ayxan adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,71 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində tiryək olduğunu və 1 (bir) gün əvvəl Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığından yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs VAZ 2107 markalı, E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı, E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobildən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya,predmet aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X2 azad edilmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 16/571 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində” Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd maddi sübut..” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,622 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamındır. - Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 01 DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X3, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞnin YPX-nin inspektoru vəzifəsində işləyən Şahid1 Vilayim oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin ƏYPX-nin inspektoru Şahid2 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli yalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü ləqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,71 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə oyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 nömrəli" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu və 1 (bir) gün əvvəl Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığından yolun kənarından tapdığını bildirir. - Təqsirləndirilən şəxs avtobilində keçirilmiş axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən 01 DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyən Şahid1 Vilayim oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin ƏYPX-nin inspektoru Şahid2 və Müdafiəçi iştiraki ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilir. Təqsirləndirilən şəxs VAZ 2107 markalı, E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı, E 699 PC 26 rus dövlət nömrə nişanlı avtomobildən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya predmet aşkar edilmədi. - Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli 1892 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs pisxotrop maddə olan metanfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 1698/2023 nömrəli sərxoşluq aktından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sidiyindən OPJ aşkar edilmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə xx.xx.2023-cü il tarixdə F 121 prof 1 illik diaqnozu ilə qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.572 qram metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı və ona məxsus avtonəqliyyat vasitəsinə axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 2 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 01 iyun 2023cü il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdiyi zaman qüvvədə olan cinayət qanunda sonradan edilmiş dəyişikliklər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir, həmçinin törədilmiş cinayət əməlinə görə təyin edilməli olan cəzanın növünü və həddini dəyişdirmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyatda alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.572 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət,azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,572 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar