Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-137/2025 03.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Umud oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi -Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 28 iyun 2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən X7 Mərkəzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə tanışı Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə mübahisə etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən əl-ayaq zərbələri vuraraq ona sol əlin İİ barmağının sol göz nahiyyəsinin, sağ ayağın üst səthinin yumşaq toxumalarının əzilməsi və hemotoması, həmçinin döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X7 Mərkəzində həkim işləyir. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində ona həkim Emilya Əliyeva zəng edərək reanimasiya şöbəsində xəstə uşaqlar olduğu üçün laborator analiz lazım olduğunu qeyd etmiş, o da xəstəxanaya gəlmiş və analizləri yoxlayaraq hazır etmişdir. Bu zaman həkim Emilya Əliyeva ona zəng edərək analizləri niyə gec yoxladığını soruşmuş və ona analizlərin vaxtında gəlməməsi səbəbindən yoxlaya bilməsməsini bildirmişdir. Onunla telefon danışığından sonra tibb bacısı Zərifə adlı qadın otağa gələrək ona “analizləri vaxtında təqdim etmişik, lakin Siz vaxtında baxmamısınız, günah sizdədir” demiş, həmin vaxt o da əlində olan qan falqalarını masanın üzərinə tullayaraq “günahınızı boynunuza da almırsınız” kimi ifadə işlətmiş, bu vaxt Zərifə heç nə deməmiş və otağı tərk edib getmişdir. Daha sonra tibb bacısı Zərifənin əri Kəyan oraya gəlmiş və həmin vaxt ona ”yoldaşı ilə hər hansısa bir narazılığı olduğuna görəmi gəlmisən?” demiş və Zərifə ilə aralarında olan məsələnin nə olduğunu bildirmişdir. Daha sonra isə qan falqalarının masanın üzərində qaldığı yadına düşmüş və onları soyuducuya qoymaq üçün labaratoriyaya daxil olduqdan sonra Kəyan da içəri daxil olmuş və ona yaxınlaşaraq sağ əli ilə gözünə yumruq vurmuş, müvazinətini itirdiyindən yerə yıxlmış və bu zaman onun sol əlinin 2-ci barmağını qatlayaraq başına çoxsaylı yumruq zərbələri vurmuşdur. Hadisə baş verərkən labaratoriyada heç kim olmamamış, o qapını açıb dəhlizə çıxaraq kömək istəmiş və bu zaman səs-küyü eşidən tanımadığı bir xəstənin yaxını xəstəxananın aşağı mərtəbəsinə düşərək kömək üçün orada olan adamları çağırmış, porter Vüsal, sürücü Rauf və həmin gün gecə növbəsində olan həkim Ünbül adlı şəxslər oraya gəlmiş və adı çəkilən şəxslər Kəyanı sakitləşdirmişlər. Baş verən hadisədən sonra polis şöbəsinə gedərək şikayətçi olduğunu bildirmişdir. Hadisə ümumilikdə təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Həmin hadisə zamanı özünümüdafiə məqsədi ilə Kəyana müqavimət göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək (sonuncu proses zamanı) ifadəsində göstərdi ki, həyat yoldaşı Zərifə xx.xx.2024-cü il tarixdə X7 Mərkəzində növbədə olmuş və ona zəng edib nahar yeməyi gətirməsini bildirmişdir. O, xəstəxanaya çatdıqda Zərifəyə zəng edərək yeməyi gətirdiyini bildirmiş, bu zaman onun səsində narahatçılıq olduğunu hiss etmiş və bunun səbəbini soruşduqda isə heç nə olmadığını demişdir. O, yeməyi Zərifəyə vermək üçün xəstəxanaya daxil olaraq 2ci mərtəbəyə getmiş, həmin vaxt dəhlizdə Xətai həkimin telefonla əsəbi şəkildə danışdığını eşitmiş, daha sonra isə onu otağına çağırmış, Xətai əlindəki telefonu masaya atmış və onun üzərinə gələrək əl-qol atmağa başlamışdır. Həmin vaxt onu itələmiş və dəhlizə çıxmışdır. Dəhlizdə onlar dalaşmış və səs-küyə oraya gəlmiş həyat yoldaşı Zərifə, Vüsal və Rauf adlı şəxslər onları aralaşdırmış və onlar hadisəni görmüşlər. Həkim Ünbülün isə baş vermiş hadisədən xəbəri olmamışdır. Hadisə günü Zərifə ona Xətai həkimlə mübahisə etməsi barədə heç bir məlumat verməmiş və o, ehtimal əsasında həmin gün Zərərçəkmiş şəxslə mübahisə etmiş və sonrada bu mübahisə dava-dalaşa çevrilmişdir. Əməlindən peşmandır və Xətai həkimdən üzr istəyir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında Şahid3 ifadəsində göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə hadisə axşam saatlarında baş vermişdir. Həmin vaxt o, X7 Mərkəzində porter (xəstə daşıyıcısı) vəzifəsində işləmişdir. Oraya gəlmiş xəstələrdən birinin yaxını laboratoriya otağının qarşısındakı dəhlizdə baş vermiş səs-küyü eşitmiş və kömək üçün qeydiyyat şöbəsinə yaxınlaşmış, həmin vaxt da həmin qeydiyyat şöbəsindəki işçi Amil mühafizəyə zəng etmiş, mühafizəçi namaz qıldığı üçün o telefonu götürmüş və dərhal 2-ci mərtəbəyə qalxmış, orada həkim Xətai ilə Kəyanın dalaşdığını və onların bir-birinə təpik atdığını görmüşdür. Dərhal onları aralamış və Xətaini otağa aparmışdır. O, Xətai ilə Kəyanı araladıqdan sonra mühafizəçi Elçin oraya gəlmiş və Kəyanı xəstəxananın 1-ci mərtəbəsinə düşürtmüşdür. Məhkəmə baxışında Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün X7 Mərkəzində növbətçi həkim kimi xəstəxanada növbədə olmuşdur. Tibb bacısı Zərifə də həmin gün onunla bir yerdə xəstəxanada növbədə olmuşdur. Zərifə ondan həyat yoldaşı Kəyanın gətirdiyi yeməyi gedib götürməsi üçün icazə istəmiş və o da ona icazə vermişdir. Həmin gün növbədə olan işçi ona xəstəxanada baş vermiş hadisəni demiş və o da təxminən 10-15 dəqiqə sonra 2-ci mərtəbəyə düşmüşdür. Otağa daxil olarkən Xətai həkimin başının bir tərəfini şişdiyini və həmin hissəyə buz qoyduğunu görmüşdür. Xətai həkim barmağını ona göstərərək zədələndiyini bildirmişdir. Həmin vaxt otaqda Vüsal adlı işçidə olmuşdur. O, Xətaidən nə baş verdiyini soruşanda Kəyanın analizlə bağlı onunla dava etdiyini bildirmişdir. Daha sonra o reanimasiya şöbəsinə qayıtmış və yanında işləyən tibb bacısı Zərifə gəlmiş, ondan baş vermiş mübahisənin səbəbinin nə olduğunu soruşanda sonuncu ona heç bir cavab verməmişdir. Həmin gün o, Zərifənin üzündə hər hansı bir xəsarətin olduğunu görməmişdir. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, 28 iyun 2024-cü il tarixdə o, işlədiyi X7 Mərkəzində növbədə olmuşdur. Həmin gün günorta saatlarında iki uşaq dünyaya gəlmiş və təcili analiz götürülməli olmuş, o da analizləri götürüb laboratoriyaya təqdim etmişdir. Təxminən saat 19:00 radələrində həkim Emilya Əliyeva ona zəng edərək analizlərin cavabının niyə hazır olmadığını soruşmuşdur. O isə analizləri vaxtında götürüb laboratoriyaya verdiyini bildirmişdir. Daha sonra həkim Emilya Xətai həkimə zəng etmiş, o da xəstəxanaya gələrək analizlərin təhlilini aparmışdır. Məsələni aydınlaşdırmaq üçün Xətai həkimin olduğu laboratoriyaya getmiş və ona analizləri vaxtında verdiyini bildirmişdir. Həmin vaxt Xətai qışqıraraq ona “bu zibilləri vaxtında gətirin” demişdir. Xətai ona kompüterdə analizlərin daxil olma vaxtını göstərərkən o, Xətaiyə səhvin onlarda olduğunu bildirmiş və bu vaxtı Xətai onun boğazından tutmuşdur. O heç nə etmədən dərhal laboratoriyadan çıxmışdır. Gecə növbəsində olduğu üçün həmişəki kimi həmin gün həyat yoldaşı Kəyan ona yemək gətirməli olmuşdur. Kəyan ona zəng edib yeməyi gətirdiyini bildirmiş, həmin vaxt onun səsində olan narahatçılığı başa düşüb ondan nə olduğunu soruşmuş, o isə həmişəki kimi laboratoriyada problemin olduğunu demişdir. Daha sonra yeni doğulmuş körpələri otağa apardıqdan sonra yeməyi götürmək üçün 2-ci mərtəbəyə düşmüş və bu zaman laboratoriya otağından Kəyan və Xətainin çıxdığını, Xətai həkimin əri Kəyana iki təpik və bir yumruq vurduğunu görmüşdür. Həmin vaxt pilləkənlə qalxan Vüsal və Elçin adlı işçilər isə onları aralamışlar. O, əlindəki yemək sellofanını həmin vaxt orada olan tibb bacısı Nuriyəyə vermiş və onu yuxarı aparmasını söyləmişdir. Daha sonra o və Kəyan xəstəxananın aşağı mərtəbəsinə düşmüşdür. Hadisənin səhəri günü polisə gedərək Xətainin ona xəsarət yetirməsi barədə şikayət etmişdir. Məhkəmə baxışında Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yəni 28 iyun 2024-cü il tarixdə o, X7 Mərkəzində qeydiyyat şöbəsində işləmişdir. Axşam saatlarında tanımadığı bir xəstənin yaxını ona yaxınlaşaraq 2-ci mərtəbədə dava olduğunu bildirmiş, o da dərhal mühafizəyə zəng etmiş, telefonu porter götürmüş və ona dava olduğunu bildirmişdir. Porter və mühafizəçi dərhal 2-ci mərtəbəyə qalxmış, o isə dava edilən yerə getməmişdir. Daha sonra baş vermiş davanın Xətai həkim ilə Zərifə adlı tibb bacısının arasında yaranmış mübahisədən dolayısı ilə baş verdiyini bilmişdir. Həmin gün Təqsirləndirilən şəxs həmişəki kimi həyat yoldaşı Zərifəyə yemək gətirmiş və onu tanıdığı üçün sonuncuya 2-ci mərtəbəyə qalxmasına icazə vermişdir. Davadan sonra nahar etmək üçün mətbəxdə olduğundan Kəyanın aşağı mərtəbəyə düşdüyünü görməmişdir. Daha sonra o, Xətai həkimi görərkən onun başı və üzünün şişdiyini görmüşdür. Məhkəmə baxışında Şahid4 ifadəsində göstərmişdir ki, X7 Mərkəzində mühafizəçi işləmişdir. Hadisə baş verən gün o, işdə olmuş və ona qeydiyyat şöbəsindəki işçi zəng edərək xəstə yaxınlarından birinin dediyinə görə 2-ci mərtəbədə səs-küy olduğunu demişdir. O, dərhal yanında olan iki nəfər- porter Vüsal və sürücü Raufla bir yerdə 2-ci mərtəbəyə qalxmaq üçün pilləkənə yaxınlaşarkən yuxarıdan səs-küy gəldiyini eşitmiş, yuxarı qalxdıqda isə Xətainin Kəyana təpik atdığını, daha sonra qarşılıqlı olaraq onların bir-birinə yumruq və təpik vurduqlarını görmüş, onları ayıraraq, sakitləşdirməyə çalışmış daha sonra Kəyanı aşağı mərtəbəyə düşürərək onu yola salmışlar. Məhkəmə baxışında Şahid6 ifadəsində göstərmişdir ki, X7 Mərkəzində tibb bacısı işləyir. Hadisə baş verən gün həkim Ünbüllə bir yerdə növbədə olmuşdur. Hadisə baş verən zaman yeni doğulmuş uşaqların olduğu şöbədə olmuş, həmin şöbənin qapısı bağlı olduğundan hər hansısa bir səs-küy eşitməmiş, ümumiyyətlə, həmin gün baş vermiş hadisə haqqında məlumatı olmamış, bir neçə gün sonra həkim Xətai ilə Kəyan arasında baş vermiş hadisə haqqında məlumatı olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 29 iyun 2024-cü il tarixli 905 nömrəli “canlı şəxsin ekspertizası” barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol əlinin İİ barmağının, sol göz nahiyəsinin, sağ ayağın üst səthinin yumşaq toxumalarının əzilməsi və hematoması, döş qəfəsinin ön səthinin qançırı -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. “Baxış aparılması haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X7 Mərkəzinin 2-ci mərtəbəsindəki labaratoriya otağıdır. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 5165 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 5379 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, 02 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış, üzləşdirmə protokolu, məhkəmə tibb ekspertizasının rəyi və digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisənin “Video görüntüsündən” görünür ki, hadisə zamanı xəstəxananın dəhlizində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücumu edir, onun baş və bədəninin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri endirir. Ətrafdakı şəxslər onları aralamaq istəsə də, o buna məhəl qoymur, daha sonra orada olan şəxslər onları aralaşdırır. Tərəflər arasında münaqişənin ictimai yerdə baş verməsi, münaqişənin gedişatında cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərilməsi, əxlaq normalarını və cəmiyyətdə hamılıqla qəbul olunmuş davranış qaydalarının kobud surətdə pozulması halları zərərçəkmiş şəxs, şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş hadisənin görüntülərini özündə əks etdirən video görüntü ilə kifayət qədər təsdiq olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan dava-dalaş şəxsi münasibətlər zəminində baş verməmiş, Təqsirləndirilən şəxs özü məhkəmə iclasındakı ifadəsində qeyd etmişdir ki, onun arvadı Şahid1 ona Xətai həkimlə mübahisə etməsi barədə heç bir məlumat verməmiş və o, ehtimal əsasında həmin gün Zərərçəkmiş şəxslə mübahisə etmiş və sonrada bu mübahisə dava dalaşa çevrilmişdir. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir və bununla bağlı Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmiş və ona 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, məhkəmənin sonuncu iclasında özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsdən prosesdə üzr istəməsini, əvəllər məhkum olunmamasını nəzərə alaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə də onun islah olunmasının mümkünlüyü qənaətindədir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərində ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan cinayət hadisəsinin görüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-137/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-137/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver