Məhkəmə qərarları › İş №1(125)-139/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-139/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-139/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsində ünvansız fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək, sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək, inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda kirayəçi kimi yaşadığı ünvan 2 ünvanının qarşısında 350 manatı, 2021-ci ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 qarşısındakı mağazada 1400 manatı, 2021-ci ilin fevral ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin yaxınlığında 200 manatı, həmin niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs1 yaşadığı evə Novruz bayramı ilə bağlı qonaq gələcəyini, borcunu qısa zamanda qaytaracağını deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin mart ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda sonuncunun sahibliyində olan ünvan 4 qarşısındakı ərzaq mağazasından 287 manat dəyərində nisyə yeyinti məhsulları (spirtli-spirtsiz içkilər, toyuq, kartof, soğan, qənd, şokolad, yağ, çay) alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2037 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya və övladı X4 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 vahid niyyətlə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə ünvan 4 qarşısındakı mağazada 700 manatı, 2021-ci ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 qarşısındakı mağazada 300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya bacısı Zərərçəkmiş şəxs3 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 vahid niyyətlə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə ünvan 4 qarşısındakı mağazada 550 manatı, 2021-ci ilin fevral ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 qarşısındakı mağazada 1200 manatı alıb ələ keçirərək, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya bacısı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs4 övladı Şahid2 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 vasitəsilə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda kirayəçi kimi yaşadığı ünvan 2 ünvanının qarşısında 700 manatı, 2021-ci ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 qarşısındakı mağazada cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə 300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 vahid niyyətlə 2020-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda kirayəçi kimi yaşadığı ünvan 2 ünvanının qarşısında 350 manatı, 2021-ci ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 qarşısındakı mağazada cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə 200 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 550 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, həbs edilənə kimi gündəlik olaraq qazancını kafelərdə ofisiant kimi işləyib əldə etmişdir. Bir neçə il əvvəl ətrafındakı şəxslərlə söhbət edən zaman onların pensiya düzəltmək istədiklərinin şahidi olmuş, maddi vəziyyəti yaxşı olmadığından buna görə həmin vaxt qərar vermişdir ki, onlardan pensiya düzəltmək adı ilə aldadıb pul alsın. Ona görə də ittihamda adları qeyd olunan zərəçəkmiş şəxslərdən 2020 və 2021-ci illərdə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə onlara təqaüd (pensiya) düzəltmək adı ilə pullar almış və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətmiş olduğu cinayətlər barədə isə ibtidai istintaq zamanı ətraflı ifadə verməklə həmin verdiyi ifadəni təsdiq edir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyə vəsatət təqdim edərək, cinayət işi üzrə özünü bütün epizodlar üzrə təqsirli bildiyini, törətdiyi əməllərdən peşman olduğunu qeyd edib, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinin tələblərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 göstərmişdir ki, onun ərzaq mağazası vardır və orada işləyir. Bir neçə il əvvəl Niyaməddin adlı tanışı ona bildirmişdir ki, Gəncə şəhərində Nəzakət adlı bir xanım ayrı-ayrı şəxslərə pensiya düzəldir. Ona görə də həmin vaxtlar o, Təqsirləndirilən şəxs ilə tanış olmuş və söhbət zmanı Nəzakət ona 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini dediyi üçün o, Nəzakətə inanıb 2020-ci ilin dekabr ayında kirayəçi kimi yaşadığı ünvan 2 ünvanının qarşısında 350 manat, 2021ci ilin yanvar ayında ünvan 4 qarşısındakı mağazada 1400 manat, 2021-ci ilin fevral ayında Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin yaxınlığında 200 manat, həmçinin 2021-ci ilin mart ayında ünvan 4 qarşısındakı ərzaq mağazasından 287 manat dəyərində nisyə yeyinti məhsulları (spirtli-spirtsiz içkilər, toyuq, kartof, soğan, qənd, şokolad, yağ, çay) verməklə ümumilikdə Nəzakət ona 2037 manat məbləğində maddi ziyan vurmuş və vurduğu ziyanı isə ödəməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun bacısı Zərərçəkmiş şəxs3 da pensiya düzəltmək adı ilə ondan pul alaraq maddi zərər vurmuşdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş zərərin əvəzinin ödənilməsini istəyir. Məhkəmədə Zərərçəkmiş şəxs3 göstərmişdir ki, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır. 2020-ci ilin sonlarında Ağbəniz ona Nəzakət adlı qadınla tanış olduğunu və həmin şəxsin vətəndaşlara pul müqabilində pensiya düzəltdiyini söyləyib. Nəzakətin deməsinə görə 3000 manat qarşılığında ona da əlilliyə görə pensiya təyin etdirə biləcəyini demiş, özü də Nəzakətin sözlərinə inanaraq 2020-ci ilin dekabr ayında bacısı Ağbəniz vasitəsilə Nəzakətə sənədlərinin surətini və ünvan 4 qarşısındakı mağazada 550 manat, 2021-ci ilin fevral ayında ünvan 4 qarşısındakı mağazada 1200 manat olmaqla ümumilikdə 1750 manat pul vermiş, Təqsirləndirilən şəxs isə onu aldadaraq heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs ona vurğu maddi zərərdən heç bir ödəniş etməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və zərərin ödənilməsini istəyir. Məhkəmədə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Nəzakət xanımı əvvəllər tanımamışdır. Bir neçə il əvvəl qudası Ağbəniz ona Nəzakət adlı qadınla tanış olduğunu və həmin şəxsin vətəndaşlara pul müqabilində pensiya düzəltdiyini söyləyib Nəzakətin deməsinə görə bacısı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs4 övladı Şahid2 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib onu inandırdıqdan sonra ondan 2020-ci ilin dekabr ayında 2020-ci ilin dekabr ayında kirayə yaşadığı ünvan 2 ünvanının qarşısında 700 manat, 2021-ci ilin yanvar ayında ünvan 4 qarşısındakı mağazada Zərərçəkmiş şəxs1 vasitəsilə 300 manat pul almış və ümumilikdə ona 1000 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Hazırkı vaxtadə Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş zərərin ödənilməsini istəyir. Məhkəmədə Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla qonşusu Fazilə vasitəsi ilə tanış olmuşdur. Söhbət əsnasında Nəzakət ona 3000 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib onu inandırmış və 2020-ci ilin dekabr ayında kirayə yaşadığı ünvan 2 ünvanının qarşısında 350 manat, 2021-ci ilin yanvar ayında ünvan 4 qarşısındakı mağazada Zərərçəkmiş şəxs1 vasitəsilə 200 manat pulunu alaraq ümumilikdə ona 550 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin, vurulmuş zərərin əvəzini ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və ona vurulmuş zərərin ödənilməsini istəyir. Məhkəmədə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bir neçə il əvvəl bacısı Fazilə ona demişdir ki, Nəzakət adlı bir qadın var və həmin şəxs vətəndaşlara pul müqabilində pensiya düzəldir və Nəzakətin deməsinə görə 3000 manat qarşılığında ona da əlilliyə görə pensiya təyin etdirə bilər. Özüdə Nəzakətin sözlərinə inanaraq razılaşmış və 2020-ci ilin dekabr ayında bacısı Fazilə vasitəsilə 700 manat, 2021-ci ilin yanvar ayında 300 manat pul vermiş və ümumilikdə Təqsirləndirilən şəxs 1000 manat pul, eyni zamanda müəyyən sənədlərinin surətini vermiş, Nəzakət isə heç bir iş görməyib pulunu alaraq onu aldatmışdır. O, Təqsirləndirilən şəxs həbs edilməsini istəmir, amma ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmədə Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs5 həyat yoldaşıdır. Bir neçə il əvvəl evdə söhbət əsnasında həyat yoldaşı Məryəm ona demişdir ki, pul müqabilində pensiya düzəldən bir Nəzakət adlı xanım var və oda pensiya düzəltdirmək istəyir. O da razı olmuşdur. Həmin vaxt onlar pulun birinci hissəsini, yəni 350 manatı birlikdə aparıb Nəzakətə vermişlər. Lakin Nəzakət pensiyanı düzəltməmiş və pullarını da geri qaytarmamışdır. Arvadı Məryəm tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 550 manat pul verilmişdir. Məhkəmədə Şahid2 bildirmişdir ki, o, baş verən hadisələrdən heç nə bilmir. Lakin ona pensiya düzəltməsi ilə bağlı xalası Zərərçəkmiş şəxs2 “Naza” ləqəbli Təqsirləndirilən şəxs verilməsi üçün 1000 manat pul vermişdir. Başqa heç nə bilmir. Məhkəmədə Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Bir neçə il əvvəl evdə yoldaşı ona bildirmişdir ki, pul müqabilində pensiya düzəldən bir xanım var. Onun da yoldaşı xəstə olduğundan fikirləşmişlər ki, ona pensiya düşür. O, özü də əlil olduğundan ona görə hər ikisi pensiya düzəltdirmək istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yoldaşına demişdir ki, o, guya pensiya düzəldilən yerdə işləyir. Onlar da Nəzakətə inanıb ona pul vermişlər. Daha sonra Nəzakət onlara “evdə qonağım var” deyib mağazalarından 2 dəfə ərzaq götürmüş, lakin pulunu gətirib verməmişdir. Bir müddət sonra pensiyadan da bir xəbər çıxmayanda onlara məlum olmuşdur ki, Nəzakət onları aldatmışdır. Onlara ümumilikdə 2037 manat maddi ziyan dəymişdir. Məhkəmədə əlavə şahid qismində ifadəsi alınmış Şahid4 göstərmişdir ki, o, Gəncə şəhərində taksi fəaliyyəti məşğul olur. Təqsirləndirilən şəxs bir neçə il əvvəl bir müştəri kimi tanımış və sonradan münasibətləri yaranmışdır. Nəzakət əvvəllər onların qonşuluğunda kirayədə yaşamış, daha sonra anası onların məhləsindən Nəzakətə kirayə yer vermiş və o, da orda qalmağa başlamışdır. Bir neçə il əvvəl o, taksi sürücüsü kimi Nəzakət ilə birlikdə onun dediyi ünvanlara getmişdir. Nəzakət orda sənəd alıb-vermişdir. O, oxuya və yaza bilmədiyi üçün heç nə bilməmişdir. Nəzakət onu aparıb gətirdiyi üçün həmin vaxtlar ona yalnız taksi kimi pullar vermişdir. Bundan başqa, onun kartı olduğundan, həmin vaxtlar Nəzakət ora pul vurdurub, sonra da özü kartdan pulu çıxartmışdır. Dəqiq xatırlamasa da, həmin vaxtlar kartına təxminən 300-400 manat arası pul vurulmuşdur. Nəzakət, ona sosial pensiya düzəltdiyini bildirmişdir. Zərərçəkmiş şəxslərdən heç birini şəxsən tanımır, onları Nəzakəti onların evinə aparan zaman görmüş, amma kim olduqlarını bilməmişdir. Həmçinin bir dəfə Nəzakətin tapşırığı ilə gedib o, kiminsə mağazasından bazarlıq götürüb gətirib Nəzakətə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 1 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə mp.3 formatında 12 ədəd audio yazı vardır. AUD- 20220730-WA0000.opus adlı audio yazıya baxış zamanı orada Təqsirləndirilən şəxs “sənə yanvar ayından yox, dekabr ayından hesabladı...yanvardan sonra sənəd vermirəm...üçcə nəfər adam tapsan səninkini ömürlük edərəm...”, AUD-20220730- WA0001.opus adlı audi yazıda “sənin sənədlərin birisigün aparılacaq, orada vuranda ömürlüyə saldırmaq üçün deyəcəklər pul ver...mən isə sənə dedim ki, səni ömürlüyə saldırmaq üçün mənə adam tap...iki nəfər...odu Aybəniz xala səni tapdı, bildim onu başa düşdüm...sadəcə sən ikicə nəfər tapsan səninlə bacının oğlunu ömürlüyə saldırardım...yoxsa balamın canı ikinizi şey edə bilmirəm”, AUD-20220730-WA0002.opus adlı audio yazıda “hə bildim o heç...həmən adam verəndə onu da ömürlüyə saldıraq elə?...”, AUD-20220730-WA0003.opus adlı audio yazıda “səsimə diqqətlə qulaq asın...ikicə nəfər də adam tapsan sizi ömürlüyə saldıraram...Vallah mən də oranın işçisiyəm mənə nə deyilir mən də onu deyirəm...”, AUD-20220730-WA0004.opus adlı audio yazıda “heçnə mamaya deyərsən gətirib verərək ikicə nəfərinizi ömürlüyə keçirtdirə bilsəm yaxşı olar...”, AUD-20220730-WA0005.opus adlı audio yazıda “heç nə canın sağ olsun nə deyirəm...”, AUD-20220730-WA0006.opus adlı audio yazıda “havax şey olar onda da ömürlüyə saldırarıq”, AUD-20220730-WA0007.opus adlı audio yazıda “axşamın xeyir mən danışdım...deyir belə Allaha and olsun ömürlüyə imkan yoxdu...ömürlüyün özünə ayrıca hörmət olunmalıdı...ama etdirlənlərin hamısı özünü ömürlüyə saldırır...İnşallah sizin də imkanınız olar ömürlüyə saldırarsınız...”, AUD-20220730- WA0008.opus adlı audio yazıda “nətəki nə qədər tutur ömürlük...onu bir açıqlayardın...sən mənə nə deyirsənsə mən də ona onu deyirəm...”, AUD-20220730- WA0009.opus adlı audio yazıda “salam nətərsən...İnşallah sosialına bir həftəyə zada cavab gələcək ömrüm günüm...səhv etmirəmsə sən Aybəniz xalanının qızısan”, AUD- 20220730-WA0010.opus adlı audio yazıda “niyə xətrinə dəyir...sizin adınıza nömrələr var, nömrələri çıxartıdırın başqa adamın adına keçirtdirin, pensiyalar heçnə, imtina gəlməyib, imtina gəlsə bilinir...”, AUD-20220730-WA0011.opus adlı audio yazıda isə “qadam mən sizə nə deyirəmki...hər yerdə elə vurulur...gec gələni də olur...tez gələni də olur...” deyə bildirir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********** nömrəli cinayət işinin başlanmış və icraata qəbul edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması barədə” və “Cinayət işi üzrə icraatın təqzələnməsi barədə” qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparmaq zərurəti yarandığından icraat təzələnərək istintaq davam etdirilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməklə istintaq davam etdirilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” və “Cinayət işi üzrə icraatın təqzələnməsi barədə” qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb ediməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat CPM-in 53.1.1-ci maddəsinə əsasən yenidən dayandırılmış və 27 mart 2023-cü il tarixdə cinayət işinin istintaqı başqa müstəntiqə həvalə edildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnib icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. “Şübhəli şəxs qismində tanınma haqqında” qərardan və “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tanınaraq barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, törətdiyi cinayət əməli toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqdan gizləndiyindən həmin ittihamı ona elan etmək mümkün olmamışdır. “Axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnməklə istinaq davam etdirilmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxsin köməklik göstərməsi və baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun X1 verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hazırkı vaxtadək heç bir sosial müavinat, təqaüd və əmək pensiyası almamışdır. Dövlət Sosial Müdafiə Fondunun X1 verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək müqaviləsi bildirişləri” altsistemində bu günədək əmək müqaviləsi qeydə alınmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, ona qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 ay 29 gün hissəsi 03 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin olunmuş 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün xx.xx.2023-cü ildə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş və o, cəzasını çəkib qurtarması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə müəssisədən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Nürəddin qızının istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə telefonla danışığı zamanı qeydə alınmış səs yazılarını özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs4 məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs4 Nurəddin qızına məxsus doğum haqqında şəhadətnamənin surəti, Zərərçəkmiş şəxs5 məxsus Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti, Zərərçəkmiş şəxs5 məxsus AZE seriyalı 14622090 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs1 məxsus 08 vərəqədə tibbi sənədlərin surəti iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində axtarış elan edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o,xx.xx.2024-cü il tarixdə həbs edildiyindən, cinayət işi üzrə icraat məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təzələnmişdir. Zərərçəkmiş şəxs4 Nurəddin qızı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında vurulmuş zərərin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə razılıq əldə etdiyindən, onunla barışmış və bu səbəbdən ona cəza verilməməsini istəyir. 07 oktyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi vəsatətdən görünür ki, o, elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilir və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022ci il tarixli Qərarındakı mövqeyini rəhbər tutur. Belə ki, həmin qərara əsasən təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan CM-in Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda bir daha vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi sonuncu etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin dekabr ayında, həmçinin 2021-ci ilin yanvar, fevral və mart aylarında günləri məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 ümumilikdə 2037 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirərək böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. CM-in 75.1 və 75.1.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Həmçinin, Zərərçəkmiş şəxs1 2037 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad ediləcəyindən və həmin hissədə iş üzrə icraata xitam veriləcəyindən növbəti epizod, yəni sonuncunun etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında günləri məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1000 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan, 2020-ci ilin dekabr ayında və 2021-ci ilin fevral ayında günləri məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 məxsus 1750 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan, 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında günləri məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 məxsus 1000 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan və 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında günləri məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 məxsus 550 manat məbləğində pulu dələduzluq yolu ələ keçirməsi epizodundan “təkrarən” sözləri xaric edilməli və belə olduğu təqdirdə həmin epizodlar üzrə də Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan həmçinin, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizodlar üzrə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 izah edilməlidir ki, onlara dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülməlidir. Həmçinin, cinayət işi üzrə maddi sübutlar 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs4 məxsus AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs4 Nurəddin qızına məxsus doğum haqqında şəhadətnamənin surəti, Zərərçəkmiş şəxs5 məxsus Dövlət Sosial Sığorta şəhadətnamasənin surəti, Zərərçəkmiş şəxs5 məxsus AZE seriyalı № 14622090 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs1 məxsus 08 vərəqdə tibbi sənədlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak, həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin cinayətin törədilməsi epizodları üzrə əməllərin törədildiyi gündən Cinayət Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlləri üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cinayət nəticəsində onlara dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə maddi sübutlar – 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs4 məxsus AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs4 Nurəddin qızına məxsus doğum haqqında şəhadətnamənin surəti, Zərərçəkmiş şəxs5 məxsus Dövlət Sosial Sığorta şəhadətnamasənin surəti, Zərərçəkmiş şəxs5 məxsus AZE seriyalı № 14622090 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs1 məxsus 08 vərəqdə tibbi sənədlərin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar