Məhkəmə qərarları › İş №1(125)-139/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-139/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-139/2025 11.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi Xurşudov Nadir Şahin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbləri pozaraq 04 noyabr 2024-cü il tarixdə saat 00:50-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Zərərçəkmiş şəxs istifadəsində olan “Mercedes-benz C-230” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Gəncə-Şəmkir şossesi, Nizami Gəncəvi prospekti 798 ünvanında yerləşən “Aydınoğlu” mebel mağazasının qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni-yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin Qanunun tələblərini pozmuş, həmçinin həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq idarə etməməli olduğu halda, həmin tələblərə əmələ etməyərək avtomobili 100-110 km/saat sürətlə hərəkət etdirərək idarə etməni itirməklə avtomobili yolun sol hissəsində yerləşən elektrik dirəklərinə ehtiyatsızlıqdan vurmuş, nəticədə avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs “büzdüm və qasıq sümüklərinin sınığı”ndan ibarət dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə edərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində çalışdığı “İdeal dizayn” qrupda onunla birlikdə işləyən iş yoldaşı Şahid3lə birlikdə işdən çıxdıqdan sonra İsa onları götürməsi üçün dostları Zərərçəkmiş şəxs zəng vuraraq onu ofisin qarşısına dəvət etmişdir. Bundan sonra onlar hər üçü birlikdə “OFF SİDE” Pub adlı pivəxanaya getmiş, orada Ceyhun İsa ilə birlikdə 2-3 bakal pivə içmiş, o isə spirtli içki qəbul etməmişdir. Bundan sonra Ceyhun sərxoş olduğu üçün ondan xahiş etmişdir ki, ona məxsus Mercedes-Benz C-230 minik markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etsin və onları yaşadıqları evə aparsın, o da Ceyhunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:30-da o, həmin avtomobilə əyləşərək avtomobili idarə etməyə başlamış, həmin vaxt Ceyhun onun sağ tərəfində, İsa isə arxa oturacaqda əyləşmişdir. Onun sürücülük hüququ olmadığına görə avtomobili idarə etmək istəməsə də, Ceyhun ondan xahiş etdiyi üçün düşünmüşdür ki, Ceyhunun sərxoş halda avtomobil idarə etməsindənsə onun sürücülük vəsiqəsiz avtomobili idarə etməsi daha yaxşıdır. Bundan sonra saat 00:50-də Gəncə-Şəmkir şosse yolu istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən “Aydınoğlu” mebel dükanına çatmamış, idarə etməni itirmiş və sol səkiyə çırpılaraq bir neçə ədəd işıqlandırma dirəklərini aşırtmış və sonradan avtomobili dayandıra bilmişdir. Avtomobil dayandıqdan sonra avtomobildən dərhal düşərək Ceyhuna kömək etmiş, İsa isə özü avtomobildən düşmüşdür. Həmin vaxt kənardan keçən Post patrul Xidmətinin əməkdaşları dərhal onlara köməyə gələrək təcili-tibbi yardım xidməti çağırmış, bundan sonra Ceyhun və İsa xəstəxanaya aparılmış, o, isə polis əməkdaşlarının yanında qalmış və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə əməlindən səmimi peşman olmasını, gənc olmasını bildirərək barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində saat 23:00 radələrində dostu İsa tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən İsanın işlədiyi ofisə dəvət olunmuş və idarə etdiyi **-BT-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz markalı minik avtomobili ilə ora getmiş və həmin vaxt İsa ilə birlikdə Məhəmməd də orada olmuş və hər üçün birlikdə “OFF SİDE” Pub adlı pivəxanaya gedərək, İsa ilə bir neçə bakal pivə içmiş və sərxoş olduğu üçün həmin vaxt spirtli içki içməyən Məhəmməddən onları yaşadıqları evə aparmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində saat 00:30-da Məhəmməd avtomobili idarə etməyə başlamış, O, avtomobildə öndə sağ tərəfdə əyləşmiş, arxada isə İsa oturmuşdur. Saat təxminən 00:50-də Gəncə şəhəri, Nizami prospekti ilə Gəncə-Şəmkir şosse yolu boyunca hərəkət edərkən, yağışlı hava səbəbindən Məhəmməd avtomobilin idarəetməsini itirmiş və sol səkiyə çırpılaraq bir neçə elektrik dirəyini aşırmış və sonradan dayanmışdır. Hadisə baş verdikdən sonra Məhəmməd avtomobildən düşərək ona kömək etmiş, İsa isə özü avtomobildən düşmüşdür. Yolun kənarından keçən Post patrul Xidmətinin əməkdaşları dərhal hadisə yerinə gələrək ora təcili tibbi yardım briqadasını çağırmış, həkimlər briqadası onu və İsanı xəstəxanaya aparmış, Məhəmməd isə polis əməkdaşlarının yanında qalmışdır. Hadisənin baş verməsinə səbəb Məhəmmədin avtomobili idarə etmək bacarığının zəif olması, hava şəraitinin yağışlı olması və avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində avtomobilin sürüşməsi və ehtiyatsızlıqdan idarəetməni itirərək səkiyə və elektrik dirəklərinə çırpılması olmuşdur. Hadisə nəticəsində ona məxsus avtomobilə 6000 manat maddi ziyan dəymiş,həmçinin özü sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Ona dəymiş maddi ziyanın ödənilməməsi səbəbindən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışında istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadəsi elan edilmiş və bununla bağlı hər hansı vəsatət və etiraz daxil olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun 1-ci bölüyündə polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə saat 00:50-də Gəncə şəhəri, Şəmkir-Gəncə şosse yolunda xidmət apararkən Şəmkir avtovağzalını keçdikdən sonra yolun digər tərəfində “Aydınoğlu” mebel mağazasının yaxınlığında Mercedes-Benz C 230 minik markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin elektrik dirəklərini aşırdaraq yolun əks istiqamətində dayandığını, 3 nəfərin isə yolun ortasında avtomobilin yanında dayandığını və onlardan ikisinin xəsarət aldığını görmüşdür. Sonradan adını bildiyi və vəziyyəti daha ağır olan Zərərçəkmiş şəxs dərhal xidməti avtomobilə əyləşdirərək ona yardım edərək dərhal növbətçi hissəyə və təcili tibbi yardım xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişlər. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin həkimləri Zərərçəkmiş şəxs və Şahid3 xəstəxanaya aparmış, sürücü isə onların yanlarında qalmış, sonra isə hadisə yerinə Gəncə şəhər X10 şöbəsinin əməkdaşları gəlmişdir. Hadisənin sonrakı təfərrüatlarından məlumatsızdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 04 noyabr 2024-cü il tarixdə saat 00:50 radələrində idarə etdiyi Vaz 21074 minik markalı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Şəmkir avtovağzalından Gəncə şəhəri Nizami prospekti istiqamətində hərəkətdə olarkən Mercedes-Benz minik markalı avtomobil işıq dirəyinə dəymiş və həmin işıq dirəyi qırılaraq yolun digər istiqamətinə yəni onun hərəkət etdiyi istiqamətdə qarşısına çıxmış və həmin vaxt o, avtomobili dayandıra bilməyib həmin dirəyə çırpılmışdır. Həmin vaxt onun yanında dostu Sərxanda əyləşmişdir. Onlar heç biri xəsarət almamışdır. Sadəcə onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona ümumilikdə 1200 manat məbləğdə maddi ziyan dəymişdir. O, xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 04 noyabr 2024-cü il tarixdə “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Nizami prospekti, Gəncə-Şəmkir şossesi yolu, “Aydınoğlu” mebel mağazasının yanında baş vermişdir. Hadisə yerində avtomobil yolu düz və yaş olmaqla asfalt örtükdən ibarətdir, аvtomobil yolu 3 tərəflidir, yolun ümumi eni 22 metrdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes-Benz C-230 markalı markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gəncə-Şəmkir şosse yolu ilə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili dirəklərə çırpmış həmin hadisə nəticəsində sonuncunun yanında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs xəsarəi almışdır. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmiş, hadisə yerinə baxış gecə vaxtı suni işıqda aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının 17 mart 2025-ci il tarixli, 8/311 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz C230 markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/ saat sürətdən artıq, yəni 100-110 km/ saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Vaz-21074 markalı **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizia və X5” publik hüquqi şəxsinin 28 yanvar 2025-ci il tarixli, 94 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-büzdüm və qasıq sümüklərinin sınığı - Küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ Ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Gəncə RQİ və TBŞdən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-8440-2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Mercedes-Benz C 230 minik markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən X2 adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs sözügedən avtomobilin istifadə edilməsi üçün etibarnamə verilməmişdir. xx.xx.2024-ci il tarixli 3949/2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli, 2105 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1592 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yedddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Naitq oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Naitq oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə hadisədən dərhal sonra yardım göstərməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Naitq oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Naitq oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, lakin maddi imkanı olmadığına görə dəymiş ziyanı hissə-hissə ödəmək istəməsini zərərçəkmiş şəxsin bununla razılaşmamasını nəzərə alır və göstərilənləri onu xarakteriza edən müsbət hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Naitq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM 58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Naitq oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Bütün yuxarıda göstərilənlərin məcmusu olaraq məhkəmə yekun nəticəyə gələrkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, hazırda 19 yaşı var, əməl ehtiyatsızlıqdan törədilməklə yanaşı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin avtomobilini məhz onun özünün xahişi (içkili olduğu üçün) ilə idarə etmiş və Zərərçəkmiş şəxs özündən 9 yaş kiçik Təqsirləndirilən şəxs onun avtomobilini idarə etmək üçün verərkən onun sürücülük vəsiqəsinin olmamasından da məlumatlı olmuşdur. Məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs bir neçə dəfə Zərərçəkmiş şəxs dəymiş ziyanın hissə-hissə (bir dəfəyə ödəməyə nə özünün, nə də ki valideyinlərinin maddi imkanı çatmır) ödənilməsini təklif etsə də, sonuncu bundan imtina etmişdir. Eyni zamanda tərəflər arasında barışığın əldə olunmaması qərəzli olmamış yalnız təqsirləndirilən şəxsin maddi vəziyyəti ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi şəxsi cəzalandırmaq yox islah etməkdir və ona təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə də, onun islah olunmasına nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin cərimə meydançasında saxlanılan “Mercedes Benz C 230” markalı **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi - Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (iki yüz qırx) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar