Məhkəmə qərarları › İş №1(125)-14/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-14/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-14/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, İİİ dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitəni qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi təmiz çəkisi 0,866 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 01 ədəd kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,866 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Elsevər” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənə kimi Bakı və Gəncə şəhərləri arası avtobusda bələdçi işləmişdir. O, bir neçə il əvvəl növünü bilmədiyi narkotik vasitələrdən istifadə etsədə son zamanlar narkotik vasitə istifadəçisi olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 00:00-01:00 radələrində evdə yemək yeyib çıxdıqdan sonra Gəncə şəhəri, Gəc fabriki adlanan ərazidə yerləşən “Al Market” adlı mağazanın qarşısında olarkən Gəncə şəhər 1-ci Polis Şöbəsinin əməkdaşı Əli adlı polis və onun yanında olan digər tanımadığı polis əməkdaşı onu zorla tutub polis bölməsinə aparmış və orada onu döyərək üzərinə narkotik vasitə qoymuşlar. İkinci dəfə isə xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində o, aptekdən dərman alıb evə gələn zaman Gəncə şəhəri, Nizami küçəsi, “Elsevər” marketin yaxınlığında olarkən Gəncə şəhər Baş Polis İdarəsinin tanımadığı mülki geyimli iki əməkdaşı ona yaxınlaşaraq onu zorla “Niva” markalı avtomobilə mindirərək polis idarəsinə aparmış və orada onu təhqir edərək döyüb ondan narkotik vasitələrdən istifadə etməsini boynuna almasını tələb etmişlər. Həmin vaxt polis idarəsində video görüntü ilə çəkiliş zamanı ona təzyiqlər edilmiş və qəbullanmayacağı halda isə üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı söylənmişdir. Ona görə də o, məcbur olaraq üzərində narkotik vasitə saxladığını boynuna almışdır. Bundan sonra həmin vaxt o, göstərilən fiziki şiddətlə bağlı Gəncə şəhər prokurorluğuna müraciət etmişdir. Ona görə də elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmir, hər iki dəfə saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamış və üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə döyülərək cibinə qoyulmuşdur. Yalnız, özünü ümumilikdə narkotik vasitə istifadə etdiyi üçün təqsirli bilir. 3-cü dərəcəli əlildir, qızı xəstədir, ailə vəziyyəti çətindir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə ona Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 01:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı məktəbin yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək, qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək onu Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs müdаfiəçi ilə təmin оlunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni həmin gün yaşadığı Muxtar Hacıyev küçəsində yerləşən binanın yaxınlığında yerdən tapdığını, həmin kütləni “patı” kimi tanıdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumi çəkisinin 6,00 qram olması müəyyən edilmişdir. Daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən gün saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülərək, fiziki zorakılığa məruz qalması barədə məhkəmədə verdiyi ifadəsində göstərdikləri tamamilə yalandır və həqiqəti əks etdirmir. Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları eynilə təsdiq etmişdir. Məhkəmə baxışında tərəflərin razılığı ilə Whatsapp proqramı vasitəsilə ifadəsi alınmış Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onlara Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin Cinayət-Axtarış İdarəsinin kiçik inspektoru, polis baş serjantı Şahid4 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsi, “Elsevər” marketin yaxınlığında olmasını müəyyən etmiş və sonuncu orada tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək, ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda, daşımaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. İdarənin inzibati binasında Təqsirləndirilən şəxs müdаfiəçi ilə təmin оlunduqdan sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofon bükümü təqdim etmişdir. Həmin sellofon bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni həmin gün günorta saatlarında yaşadığı binanın yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofon torbada olan kütlə tərəzidə çəkilmiş və büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüş və protokol tərtib edilərək, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən gün saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülərək, fiziki zorakılığa məruz qalması barədə məhkəmədə verdiyi ifadəsində göstərdikləri tamamilə yalandır və həqiqəti əks etdirmir. Şahid4 məhkəməyə Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları eynilə təsdiq etmişdir. Məhkəmə baxışı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır, amma onunla yoldaşlığı və dostluğu yoxdur. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin iyul aylarının sonunda ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini 50 manata satmışdır. O, həmin mobil nömrədən müxtəlif şəxslər ilə mesajlaşmış, eyni zamanda həmin nömrəni qonşuluqda tanıdığı müxtəlif şəxslər zəng etmək üçün istəyəndə vermişdir. Həmin mesajlardan “Qaqa gəlifsən sən”, “Salam qaqa gene acmısan menim nimreide”, “Ayqa yatırmış baxdım otağa sen yaxsisi biraz lengi gelki buda durdu” mesajlarını o, yazmışdır. Lakin digər göndərilmiş mesajların kimin göndərdiyini bilmir. O, istifadəsində olan həmin mobil nömrəni müxtəlif şəxslərə istifadə etməsi üçün vermiş, lakin konkret olaraq “az qala ay celal açan kimi pul deyeller qaqa cixsam xeber”, “Celal hecne eleme karta zada pul zad atma ha qeti yiğma yandirmisdi”, “Ramin dedemin mali döylü blet özünü alladisan meni sorucuram”, “düzdü bir manata göre men kimese aparib verirem axi baxir”, “indikide sadece doza hemise bir qalmir”, “Qaqa birincide az ya da zeif doylu ey qaqa sadece evveller 10 manatdix”, “sabaha qalıb qaqa bunu ağzına sen soxasan elə”, “Hemise koke olmur ha”, “E sakal gede yalan danisma mende onnan eledim superdi onu yaxsi”, “Qaqa düzelmir bugun bu ecilaf meni allaydi qaqa men çox pisen” mesajlarını kimin göndərdiyini o, bilmir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə ümumiyyətlə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutlar, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməllərinin törədilməsi təsdiq edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra olan Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış 01 ədəd CD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X15, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1, müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona şöbəyə gətirilməmişdən əvvəl üzərində axtarış aparılıbaparılmadığı, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs bildirir ki, şöbəyə gəlməmişdən qabaq onun üzərində heç bir axtarış aparılmamış, daha sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni həmin gün yaşadığı Muxtar Hacıyev küçəsində yerdən tapdığını, əvvəllər narkotik vasitə qəbul etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 6,00 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Daha sonra Təqsirləndirilən şəxs məxsus bir qutu “Rotmans” və bir qutu “Vinçestr” markalı siqaret qutularına baxış keçirildikdən sonra həmin açıq siqaret qutuları, 1 ədəd “Rotmans” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd 20 qəpik və 1 ədəd protez diş iş üçün heç bir əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. Müdafiəçi X3 Əliyevə hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını və dediklərinin doğru olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını və heç bir satış niyyətinin olmadığını bildirir. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra olan Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış 01 ədəd CD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4, Gəncə şəhər BPİ-nin, KTB-nin inspektor kriminalisti, polis kapitanı X10, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd şəffaf rəngli sellofon bükümü çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra şəffaf rəngli sellofon bükümə baxış keçirilir, büküm açılır və içərisindən ilk baxışdan tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni həmin günü səhər saatlarında yaşadığı küçədə yerdən tapdığını, əvvəllər narkotik vasitə qəbul etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon bükümdə olan heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 1,08 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Müdafiəçi1 Təqsirləndirilən şəxs ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını və dediklərinin doğru olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını, dediklərinin real olduğunu və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olduğunu bildirir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə daxil və xaric olan smslərə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin 13 oktyabr 2023-cü il tarixli 16/1019 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,866 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin 23 oktyabr 2023-cü il tarixli 16/1093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,963 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 24 oktyabr 2023-cü il tarixli 1748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotk vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 693 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ÖZÜNÜKƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTİN DİSSOSİAL TİP POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə olması səbəbindən o, ona şamil edilən hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədərkən onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə dispanserə müraciət etmiş və ona “Şəxsiyyətin dissosial pozuntusu, dekompensiyaya meyililiklə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 6863 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 213-cü maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin 166 saylı əfv fərmanı ilə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri X6 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, aparılan araşdırma ilə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman fiziki zor tətbiq olunması və ya psixi təsir göstərilməsi barədə məhkəməyə verdiyi ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ və İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin və narkotik vasitə olan heroinin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,866 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 0,866 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 01 ədəd kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,866 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Elsevər” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri isə guya ona qarşı fiziki zorakılıq tətbiq edilməsi nəticəsində verdiyini bildirmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etmişdir ki, 13 və 22 oktyabr 2023-cü il tarixlərində Gəncə şəhərində müxtəlif ərazilərdə polis əməkdaşları tərəfindən saxlanılarkən ona fiziki zor tətbiq edilmiş, polis idarəsində döyülmüş və cibinə narkotik vasitə qoyulmuşdur. Lakin onun bu mövqeyi cinayət işinin materiallarında toplanmış sübutlarla təkzib olunur. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs xx.xx.2023 və xx.xx.2023cü il tarixlərində Gəncə şəhəri ərazisində saxlanılarkən onun üzərində keçirilmiş şəxsi axtarış əməliyyatı zamanı üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hər iki əməliyyat prosessual qaydalara uyğun şəkildə, videoçəkilişlə sənədləşdirilmiş, şahidlərin və müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. İstintaq zamanı müdafiəçinin iştirakı ilə tərtib edilmiş şəxsi axtarış protokollarında, təqsirləndirilən şəxsin üzərindən götürülən maddələri könüllü şəkildə təqdim etdiyi və heç bir fiziki zorakılığa məruz qalmadığı qeyd olunmuşdur. Həmçinin, müdafiəçi tərəfindən bu istintaq hərəkətləri zamanı təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı heç bir vəsatət verilməmişdir. Təqsirləndirilən şəxsin iştirakı ilə tərtib edilmiş protokollarda, o, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, aşkar edilmiş maddələrin mənbəyi və miqdarı barədə təfərrüatı ilə məlumat vermiş, bu ifadələr ekspertiza rəyləri və maddi sübutlarla uzlaşmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq məqsədilə məhkəmədə verdiyi “məcburiyyət altında boynuma almışam”, “fiziki şiddət göstərmişlər” və s məzmunlu müdafiə taktikalı ifadəsi, onun ibtidai istintaqda verdiyi səmimi etiraflarla, şəxsin üzərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanan maddi sübutlarla, ekspertiza rəyləri ilə və şahid ifadələri ilə ziddiyyət təşkil edir və bu səbəbdən məhkəmə tərəfindən inandırıcı və əsaslı hesab edilmir. Nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalması faktını təsdiq edən həkim rəyi və ya obyektiv sübut təqdim olunmamışdır. Təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini etiraf etməsi, onun qanunsuz davranışa meyilli olduğunu və ifadələrində ziddiyyət yaratmaqla cinayət məsuliyyətindən yayınmağa çalışdığını göstərir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini şübhə doğurmadan sübuta yetirir və bu baxımdan onun özünü təqsirli bilməməsi subyektiv müdafiə mövqeyi olmaqla əsaslı qiymətləndirilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarekteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroinin miqdarı nəzərə alınmaqla təqsirli bilindiyi cinayət əməlinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2025 saylı 09 aprel 2025-ci il tarixli hökmü ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 13 oktyabr və 22 oktyabr 2023-cü il tarixlərində qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsi qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2025 saylı 09 aprel 2025-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı və cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək, hazırkı cinayət işi üzrə isə 13 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək və 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək olmaqla, ümumilikdə 06 (altı) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X7 həbsdə qaldığı 06 (altı) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 06 (altı) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,866 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 0,816 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və aşkar olunub götürülmüş təmiz çəkisi 0,963 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin qalıq çəkisi, yəni 0,913 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş iki ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla və 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində (xx.xx.2025-ci il tarixdən 11 manat) müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X13 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 1(125)-35/2025 saylı 09 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırki cinayət işi üzrə 13 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 22 oktyabr 2023-cü il tarixdən 24 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla cəmi 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2025 saylı 09 aprel 2025-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 0,816 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin qalıq çəkisi 0,913 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk və 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış iki ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X13 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar