Məhkəmə qərarları › İş №1(125)-140/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-140/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-140/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə Telekommunikasiya idarəsində elektrik montyoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində, ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 10 sentyabr 2021-ci il İarixdə saat 21 radələrindən 11 sentyabr 2021-ci il tarixdə saat 02 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilərək verilmiş açarla darvazanı açıb daxil olaraq oradan sonuncuya məxsus evin hasarının həyət hissəsindəki divarına bərkidilmiş, həmçinin evin giriş qapısını açarla açıb qanunsuz içəri daxil olaraq divara bərkidilmiş 1 metrinin dəyəri 1 manat 40 qəpik olmaqla ümumilikdə 300 metr uzunluğunda, 420 manat dəyərində mis materialdan olan elektrik naqillərini, bundan əlavə evin zirzəmisinin nəfəsliyinə fiziki təsir göstərib açdıqdan sonra qanunsuz olaraq içəri daxil olub oradan 1 ədəd 250 manat dəyərində “Qalaksi” markalı tozsoranı, 12 ədəd balaca və 12 ədəd böyük ölçüdə olmaqla ümumilikdə 24 ədəd, 150 manat dəyərində "Qalaksi” markalı boşqabları vahid niyyətlə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 820 (səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi etirafedici ifadəsi ilə yanaşı, toplanmış digər mötəbər dəlillərlə zərər çəkmiş şəxs, şahid ifadəsi, ekspertiza rəyi və digər istintaq sənədləri ilə aşağıdakı qaydada tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Avtozavod qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq 2011-ci ildən Gəncə şəhəri Telekominikasiya idarəsində kabel calayıcısı vəzifəsində işləyir. Bildirmişdir ki, Gəncə şəhəri Cavadxan küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin qarşısında qonşu Zərərçəkmiş şəxs tanıyırmış və aralarında qonşuluq münasibəti var imiş. Qonşusu Zərərçəkmiş şəxs həmin fərdi yaşayış evi tam təmir olunmadığı üçün orada yaşamırmış. Evində təmir işləri aparıldığına görə ustalar gəlib gedirmiş, həmçinin Gündüz orada ördək saxlayırmış və o, həmin ördəklərə yem verirmiş. Bu səbəblərə görə Zərərçəkmiş şəxs evin darvazasının və giriş seyf qapısının açarlarını təxminən iki ay olar ki, ona verərək ustalar gələndə onun qapını açmağını və gedən zaman bağlamağını, eyni zamanda ördəklərə yem verməyini xahiş etmişdir. Bundan sonra o, hər səhər ustalar gələndə qapını açırmış və ördəklərə yem verirmiş. Səhərlər, o, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evinə ördəklərə yem verən zaman və ustalar gedəndən sonra həmin evdən uyğun bir vaxtda ogurluq etməyi qərarlaşdırırmış, lakin Gündüz tez-tez evə baş çəkdiyi üçün o, oradan oğurluq edə bilmirmiş. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 21 radələrində qonşusu Zərərçəkmiş şəxs Calal oğlu özünə məxsus Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb getmişdir. Bundan sonra o, oğurluq etmək üçün əlverişli vaxtın, yəni qaranlığın düşməsini gözləmişdir. Qaranlıq düşdükdən sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin giriş darvazasının qapısının kilidini Gündüzün ona verdiyi açarla açaraq içəri daxil olmuşdur. İlk öncə o, həmin fərdi yaşayış evinin məhləsində olan evin hasarına bərkidilmiş elektrik naqillərini sökmüşdür. Daha sonra Gündüzün verdiyi açarla evin seyf qapısını açaraq içəri daxıl olmuş və evin içərisindən təxminən 300 metr uzunluğunda elektrik naqillərini kəsərək içəri tərəfdən darvazanın qarşısına qoymuşdur. Sonra evin otaqlarına baxmış və oğurlanası başqa heç bir əşya tapmadığına görə zirzəmiyə girməyə qərar vermişdir. X4 zirzəminin açarını vermədiyinə görə o, zirzəmiyə balaca aynabənddən daxil olmuşdur. Oradan 1 ədəd qutuda olan tozsoranı, iki ədəd içərisində boşqablar olan qutuları gotürmüş və daxıl olduğu yerdən çıxaraq darvazanın qarşısına yığmışdır. Daha sonra darvazadan çıxmış və kilidini bağlayaraq evə getmiş və axşamın düşməsini gözləmişdir. xx.xx.2021-ci il tarixdə saat 02 radələrində hasardan aşaraq içəriyə girmiş və darvazanın içəri tərəfdən qarşısına oğurlayaraq yığdığı təxminən 300 metr uzunluğunda elektrik naqillərini, 1 ədəd qutuda olan tozsoranı və 2 ədəd qutuda olan boşqabları küçəyə, yəni darvazadan çöl tərəfə yığmışdır. Daha sonra hasardan aşmış və oğurladığı əşyaları iki dəfəyə yaşadığı küçədən iki küçə uzaqlıqda yerləşən uçuq evin hasarının arxasına aparıb qoymuşdur. Daha sonra həmin günü, yəni xx.xx.2021-ci il tarixdə saat 08 radələrində həmin uçuq evinin yanına gedərək oğurladığı əmlakları satmaq üçün şəhərə aparmağa qərar vermişdir. Həmin vaxt küçədən motosikletlə metal qəbul edən şəxs keçirmiş və o, həmin şəxsə özünə məxsus elektrik naqillərini, tozsoran və qab-qacaq satdığını bildirmişdir. Həmin şəxs həmin əşyaları almağa razılaşmışdır. Daha sonra tanımadığı həmin şəxs 250 manat ona pul vermiş və oda həmin şəxsə əvəzində oğurladığı əşyaları vermişdir. Daha sonra o, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs evə gələndən sonra baş vermiş oğurluq hadisəsini biləcək və evin açarlarını onda olduğuna görə ondan şübhələnəcəkdir. Buna görə də o, Gündüzün ondan şübhələnməməyi üçün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Gündüzə zəng edərək, ördəklərə yem verən zaman evindən oğurluq hadisəsi olmasını, belə ki içəri tərəfdən divara bərkidilmiş elektrik naqillərinin kəsildiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları ondan şübhələnərək idarəyə dəvət etmişlər və idarədə olarkən törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi şəkildə kafel ustalığı ilə məşğul olaraq ailəsini dolandırır. Bildirmişdir ki, Gəncə şəhəri Cavadxan Qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evi ona məxsusdur. 2013-cü ildən həmin evi tikməyə başlamışdır. Hadisə baş verən zaman evdə təmir işləri gedirmiş. Yaşadığı Gəncə şəhəri, Pərviz Səmədov küçəsində yerləşən mənzilində saxlanc yeri olmadığına görə oradan bir neçə əşyaları hadisə baş verəndən iki ay əvvəl Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evinin zirzəmisinə yığmışdır. Həmin ünvanda yerləşən evində təmir işləri getdiyi üçün və orada ev quşları saxladığına görə tez-tez o, həmin ünvana gedərək baş çəkirmiş. Lakin işi ilə əlaqədar hər gün oraya gedə bilmirmiş. Buna görə də o, Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evinin darvazasının və giriş seyf qapısının açarlarını evdə ustalar və eyni zamanda ev quşları saxladığına görə qonşusu Təqsirləndirilən şəxs iki aydan artıq olar ki, ustalar gələn vaxt qapını açmağından və həmçinin ev quşlarına yem verməyindən ötrü açarları vermişdir. xx.xx.2021-ci il tarixdə saat 11:45-radələrində qonşusu Təqsirləndirilən şəxs ona zəng edərək darvazanın giriş qapısını açaraq ev quşlarına yem verən zaman evindən elektrik naqillərini oğurlandığı barədə məlumat vermişdir. Daha sonra o, Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evinə gəlmiş və orada evinin hasarına bitişik vəziyyətdə və evin içərisində olan mis materialdan olan elektrik naqillərini və evin zirzəmisinin nəfəsliyindən içəri daxil olunaraq oradan 1 ədəd “Qalaksi” markalı tozsoranın və 12 ədəd balaca və böyük ölçüdə “Qalaksi” markalı boşqablarının oğurlanmasını aşkar etmişdir. Daha sonra o. baş vermiş hadisə barədə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Məhkəməyə bu barədə ərizəsini təqdim edərək heç bir şikayət və tələbinin olmamasını bildirdi və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Totanlı küçəsi, ev 14 ünvanında ailəsi ilə birlikdə yaşayır, Gəncə şəhərində özünə məxsus “Muravey” markalı motosiklet ilə dəmir, qab-qacaq və digər əşyalar alıb sataraq ailəsini dolandırır. Həmin “Muravey" markalı motosikleti pula ehtiyacı olduğuna görə hal-hazırda satmışdır. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində “Muravey” markalı motosiklet ilə gedən zaman tanımadığı bir nəfər şəxs ona 300 metr uzunluğunda elektrik naqillərini, 1 ədəd qutuda olan tozsoranı və 2 ədəd qutuda olan boşqabları satmaq istədiyini bildirmişdir. Həmin şəxs həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Həmin şəxs ona 300 metr uzunluğunda elektrik naqillərini, 1 ədəd qutuda olan tozsoranı və 2 ədəd qutuda olan boşqabları təxminən 250 manata satdığını bildirmişdir. O da həmin şəxsdən 250 manata həmin əşyaları almışdır. Daha sonra həmin əşyaları Gəncə şəhərində tanımadığı şəxslərə satmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2022-ci il tarixli 9/9063 nömrəli rəyindən görünür ki, analoji malların markasına, modelinə, ölçüsünə, texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intevsivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 110,00 manat müəyyən edilir. O cümlədən - 1 ədəd 2017-ci il istehsallı “Qalaksi” markalı tozsoranın qiyməti 40.00 manat - 12 ədəd 2017-ci il istehsallı kiçik ölçüdə “Qalaksi" markalı boşqab dəstinin qiyməti 30,00 manat - 12 ədəd 2017-ci il istehsallı böyük ölçüdə “Qalaksi" markalı boşqab dəstinin qiyməti 40,00 manat Qərarda göstərilmiş digər mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri orta bazar qiymətinə uyğun təxmini hesablandığından Zərərçəkmiş şəxs məxsus dəymiş ziyanın məbləği hesablanarkən onun ifadəsində qeyd olunan məbləğ əsas kimi götürülməlidir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 123 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 81 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli “Tələbnamədən “ görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 adlı 3 azyaşlı uşağı vardır. xx.xx.2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və zərər çəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51- 2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübüt yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət bir günə iki gün hesablanmaqla, yəni 04 (dörd) gün azadlığın məhdudlaşdırlması cəzasına bərabər tutulmaqla, həmin 04 (dörd) gün təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar