Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-141/2025 03.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı X1 2018-ci il təvəllüdlü azyaşlı qızı X2 avtomobil ilə ehtiyatsızlıqdan vuraraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri- müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan ünvan 2 ünvanında yerləşən “Sultan Market”in qarşısında istifadəsində olan “Mercedes Benz” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində tətbiq edib qəsdən vuraraq yerə yıxmış, daha sonra qərəzli hərəkətlərini davam etdirib avtomobildən düşərək istintaq zamanı əldə olunması mümkün olmayan küt aləti silah qismində istifadə edərək qəsdən bir dəfə vuraraq sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlımlığa yüngül xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qardaşı qızı Mələk Ələsgərovanı və qardaşı Ceyhun Ələsgərovu 23 avqust 2023-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə Gəncə şəhəri, Atabəylər prospektində ehtiyatsızlıqdan vurmuş və nəticədə qardaşı qızı Mələk Ələsgərova aldığı xəsarətlərdən vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə özünə məxsus “Mercedes Benz” minik markalı avtomobili ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən “Sərçə Bazarın”dan keçərərkən qardaşı qızını avtomobil ilə vuraraq öldürən Fizulinin “Sultan Market”dən çıxdığını görmüş, bu zaman vəfat etmiş qardaşı qızı gözünün qarşısına gəlmiş və o, Fizulidən qisas almağa qərar vermiş, yəni Fizulini avtomobili ilə vuraraq sağlamlığına xəsarət yetirmək istəmiş, ona görə idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin küçədə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vurmuş, zərbənin təsirindən Fizuli yerə yıxılmış, o, avtomobildən düşüb Fizulinin üzərinə gedərək onun göz nahiyəsinə başı ilə vurmuşdur. Onu vurarkən əlində hər hanısa silah və ya silah qismində istifadə edilən əşya olmamışdır. Fizulini vurarkən ətrafda digər şəxlərin olmasına fikir verməmişdir. Fizulini vurduqdan sonra isə Gəncə şəhər 2-ci Polis Şöbəsinə yaxınlaşaraq idarə etdiyi avtomobili ilə Fizulini vurduğunu bildirmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, 23 avqust 2023-cü il tarixdə Gəncə şəhəri, Atabəylər prospektində idarə etdiyi “Hundai Accent” markalı avtomobili ilə Təqsirləndirilən şəxs qardaşı Ceyhun və onun azyaşlı qızı Mələk Ələsgərovanı ehtiyatsızlıqdan vurmuş və nəticədə Mələk Ələsgərova vəfat etmişdir. Həmin hadisə ilə bağlı hazırda o, cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən “Sultan Market”ə getmişdir. Orada mobil nömrəsinə kontur yükləmiş və marketdən çıxmışdır. Orada küçə ilə yaşadığı ev istiqamətində gedən zaman arxadan avtomobil onu vurmuş və o, yerə yıxılmışdır. Daha sonra Sahil əlində bıçaqla maşından düşmüş, ona orada olan insanlar mane olmağa çalışarkən o “mənim qardaşım qızını öldürüb, mən də onu öldürəcəm” demiş və onun üzərinə gələrək əlindəki bıçağın arxa tərəfi ilə gözünə vurmuşdur. Orada olan insanlar onu hadisə yerindən kənarlaşdırmışlar. Daha sonra ona kömək edən tanımadığı şəxs onun telefonu ilə oğluna məlumat vermiş və oğlu gələrək onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət,tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayətçi deyildir. Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəyinə görə məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, o, “Sultan Market”in qarşısında yerləşən mebel sexində usta işləyir. xx.xx.2024-cü il tarixdə Sultan Market”in qarşısında yerləşən mebel sexində işləyən zaman səs-küy eşitmiş və həyətə çıxanda bir neçə insanın toplaşdığını, bir nəfər qoca kişinin yəni adını sonradan bildiyi Fizulinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt orada dayanmış Mercedes markalı avtomobilin sürücüsü təxminən 1-2 dəqiqə sonra avtomobildən düşərək “qardaşımın balasını öldürüb” deyərək zərərçəkmişin üzərinə doğru hərəkət etmiş və bu zaman orada olan insanlar ona mane olmuşdur. Sonra işi olduğuna görə işlədiyi sexə geri qayıtmışdır. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirdi ki, o, Gəncə şəhərində “Sərçə bazarı” kimi adlanan bazarda işləyir. Hadisə baş verən gün bazara gedən yolda bir neçə insanın toplaşdığını görmüş və həmin yerə gedərkən hasarın küncündə qoca bir kişinin yəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs oturduğunu görmüş və orada olan mühafizəçi Zaurla birgə onu qaldıraraq işlədiyi yerə aparmış, orada Fizuliyə su vermiş və onun telefonu ilə oğluna zəng edərək məlumat vermişdir. Hadisə vaxtı zərərçəkmişin üzündə hər hansısa xəsarətin olduğunu görməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə şəhərində “Sərçə bazarı” kimi adlanan bazarda mühafizəçi işləyir. Hadisə baş verən gün bazarda səs-küy gəldiyini və bir qədər aralıda insanların toplaşdığını görmüş, həmin yerə gedərkən hasarın yanında qoca yaşlı adını sonradan bildiyi Zərərçəkmiş şəxs oturduğunu, Anar adlı şəxsin isə ona kömək etdiyini görmüş və onlara yaxınlaşıb Anara kömək edərək Zərərçəkmiş şəxs marketin yanına götürüb aparmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs üzündə hər hansısa xəsarət izləri görməmişdir. Daha sonra öz işinə görə oradan uzaqlaşmış və geri qayıdarkən Zərərçəkmiş şəxs orada olmadığını görmüşdür. Zərərçəkmiş şəxs qarşı hadisənin kim tərəfindən törədildiyini o, görməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə -Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən “Sultan Market”in yaxınlığına baxış keçirilmişdir. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 314 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 340 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 24 yanvar 2024-cü il tarixli 129 nömrəli “canlı şəxsin ekspertizası” barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sol qaş nahiyəsinin əzilmiş yarası- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, yəni xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə olunmasından imtina edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişdən qisas almaq istəməsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qəraradan görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən “Sultan Market”in müşahidə kameralarından əldə edilmiş, baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs götürülmüş, ona məxsus olan “Mercedes Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini -ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar ibtidai istintaq orqanı tərəfindən düzgün nəzərə alınmamışdır. İbtidai istintaq orqanı bu nəticəyə gələrkən yalnız hadisənin baş verdiyi yerin məhz ictimai yer olmasını əsas götürmüşdür. Belə ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə istintaq orqanının gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, baş vermiş hadisənin motivi -Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qardaşı X1 2018-ci il təvəllüdlü azyaşlı qızı X2 avtomobil ilə ehtiyatsızlıqdan vuraraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməsi olmuşdur. Təqsiriləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan hər hansı qərəzli hərəkətlərə yol verilməmişdir. Göstərilən hallara, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərinə ibtidai istintaq orqanı tərəfindən düzgün qiymət verilməmiş, nəticədə onun törətdiyi cinayət əməli CM-in 221.3-cü maddəsi ilə də tövsif edilmişdir. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətləri sonradan ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunan qərəzli hərəkətlərə çevrilməmişdir. Onun əməli və niyyəti bir başa Zərərçəkmiş şəxs xəsarət yetirmək istiqamətində yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırkı işin hallarından görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Hazırkı cinayət işi üzrə mübahisə qisasçılıq zəminində baş vermiş, təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı tərəfindən onun əlində bıçaq və ya digər əşyanın olması ilə bağlı hər hansı bir sübut əldə olunmamış, məhkəmə istintaqı dövründədə bu hal öz təsdiqini tapmamışdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin əlamətləri mövcuddur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, məhkəməyə sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığı barədə ərizə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsinin görüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması və “Mercedes Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Hazırkı iş üzrə mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə yekunda öz gəldiyi nəticəni bir daha onunla əsaslandırır ki, baş vermiş hadisəsnin motivi 23 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qardaşı X1 2018-ci il təvəllüdlü azyaşlı qızı X2 avtomobil ilə ehtiyatsızlıqdan vuraraq ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməsinə görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən intiqam alması olmuşdur. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmadığından onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsinin görüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” markalı, **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-141/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-141/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver