Məhkəmə qərarları › İş №1(125)-143/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-143/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-143/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Samux rayonu, Bağmanlar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Natəvan qəsəbəsi, 18-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmçinin elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evindən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, Natəvan qəsəbəsi, 18-ci küçə, 27-ci ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşıb küçə tərəfdəki pəncərəsinə fiziki təsir göstərməklə açıb qanunsuz içəri daxil olaraq qonaq otağındakı şkafda olan çantanının içərisində 50 qəpiklərdən ibarət 50 manat dəyərində pulu, yataq otağındakı şkafın siyirməsindən 01 ədəd, 585 əyarında, 4 qram çəkidə dəyəri 400 manat olan halqa qızıl üzüyü, şkafın içərisində olan gödəkcənin cibindən 01 ədəd, 585 əyarında, 4 qram çəkidə dəyəri 400 manat olan halqa qızıl üzüyü, 01 ədəd, 585 əyarında, 4 qram çəkidə dəyəri 400 manat olan sadə qaşlı qızıl üzüyü, şkafdakı döşək üzünün arasında olan Zərərçəkmiş şəxs1 övladı Zərərçəkmiş şəxs2 adına olan 10 manat dəyərində 01 ədəd elektron məlumat daşıyıcısını, "xxxx" ASC-yə məxsus “6768********9658” nömrəli (kartın bağlı olduğu hesab ********************) plastik kartını üzərinə yazılmış kodu ilə birlikdə götürüb fərdi yaşayış evinə daxil olduğu yerdən çölə çıxaraq oradan uzaqlaşmış, həmin niyyətinin davamı olaraq həmin gün saat 10:26 radələrində Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə məxsus “6768********9658” nömrəli (kartın bağlı olduğu hesab ********************) plastik kartını Gəncə şəhəri, Azərbaycan küçəsi 38 ünvanında yerləşən 22 saylı Poçt şöbəsinin yanında yerləşən "xxxx" ASC-yə məxsus A0127013 nömrəli terminala daxil edib həmin plastik kartdan 52 manat vəsaiti məxaric edərək vahid niyyətlə zərərçəkmiş şəxs Sədaqət İmanovaya 1250 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 62 manat məbləğində maddi ziyan vurmaqla ümumilikdə 1312 manat dəyərində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə qonşudur. Onun maddi vəziyyəti aşağı olduğuna görə işləmək üçün 2018-ci ildə Rusiya Federasiyasına getməyə qərar vermişdir.Lakin onun pulu olmadığı üçün qərar vermişdir ki, qonşusu Zərərçəkmiş şəxs1 evinə girsin oğurluq etsin. 23 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 evdə olmadığını bilib onun evin pəncərəsindən evə daxil olmuş və dəyərli əşyalar axtarmışdır.Qonaq otağında çantanın içərisində sellofanda 50 qəpiklərin olmasını görmüş və həmin qəpikləri götürüb yataq otağına keçmişdir. Yataq otağında döşəklərin arasını, pal-paltarın aralarını, ciblərini, şkafı, kamodu axtarmışdır. Bu zaman kamodun siyirməsindən bir ədəd halqa qızıl üzük, daha sonra şkafın içərisindəki gödəkcənin cibindən daha bir ədəd halqa qızıl üzük və üzərində qaş olmaqla qızıl üzük götürmüş, həmin üzükləri cibinə qoymuşdur. Sonra axtarışa davam edib həmin şkafın içərisindəki parçaların arasına baxdıqda isə orada bir ədəd üzərində kodu yazılmış "xxxx" ASC-yə məxsus bank kartı görmüş, həmin kartı da götürdükdən sonra başqa dəyərli əşya tapmadığı üçün evə daxil olduğu pəncərədən küçəyə çıxıb və öz evinə getmişdir. 24 noyabr 2018-ci il tarixd o, Zərərçəkmiş şəxs1 evindən oğurladığı üç ədəd üzükləri götürüb Gəncə şəhər Mərkəzi Univermağında tanımadığı şəxsə 250 manat pula satmışdır. Daha sonra isə oğurladığı "xxxx" ASC-yə məxsus kartı bankomata salmış içərisində 52 manat olduğunumüəyyən etmiş və həmin pulu da çıxarıb daha sonra kartı atmışdır.Əldə etdiyi pullarla Rusiya Federasiyasına getmiş, xx.xx.2023-cü il tarixədək orada qalmış, daha sonra deport edildiyi üçün Azərbaycan Respublikasına qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanılmış və istintaqa cəlb edilmişdir.Sonda o,əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanıtam ödədiyini və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını, nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mərhum atası Səməd Abbasovun 40 mərasimi ilə əlaqədar yaşadığı ünvan 3 ünvanında olmamış, atasının Göygöl rayonundakı evinə getmişdir. O, evdə olmadıqda evə nəzarət etməyi qonşusuna tapşırmışdır ki, həyətdəki toyuq-cücəyə yem versin. O, evə qayıtdıqdaevdə oğurluq hadisəsi törədildiyini başa düşmüşdür. Oğurluq zamanı onun evindən 100 ədəd 50 qəpiklik yəni 50 manat pul, 3 ədəd qızıl üzük və qızına məxsus "xxxx" ASC-nin plastik kartı oğurlanmışdır.Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanıntam ödənildiyini, sonuncuya qarşı şikayət və tələbininolmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 anası ilə birgə babası mərhum Səməd Abbasovun yas mərasimində olanda onların evində oğurluq hadisəsi törədildiyi zaman anasına məxsus dəyərli əşyalarla birgə ona məxsus içərisində 52 manat olan "xxxx" ASCnin plastik kartının da oğurlandığını bildirmişdir. O, hazırda kartın dublikatını çıxartdırdığını demişdir. Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 onun qonşusudur. Sədaqətin atası rəhmətə getdiyi üçün sonuncu, həyətdə olan toyuqları yemləmək və evə nəzarətetməyi ona tapşırmışdır. O, Sədaqətin evinin küçə tərəfindəki pəncərəsinin açıq olduğunu görmüş, evdə arvadından soruşmuşdur ki, Sədaqət atasınan yas mərasimindən qayıdıbmı? Arvadıcavab olaraq Sədaqətin hələ qayıtmadığını demişdir. Belə olan halda o, Sədaqətə zəng edərək pəncərəsinin açıq olması barədə məlumat vermişdir. Sədaqətin yeznəsi ora gəlmiş, evə baxış keçirəndə oğurluq hadisəsi törədilməsi məlum olmuşdur. Daha sonra ora polis əməkdaşları gəlib müvafiq araşdırma aparmışlar. Onu Polis idarəsinə dəvət edib orada ifadəsini almışlar və orada Sədaqətin evindən oğurlanmış bank kartından pul çıxarılan zaman bankomatdan çəkilən şəkil ona göstərilmişdir. O, şəklə baxdıqda oğurluq hadisəsini qonşusu Təqsirləndirilən şəxs törətdiyini bilmişdir. O, Eldənizi uşaq vaxtından tanıdığını, Eldənizin sakit tərbiyəli uşaq olduğunu şeytana uyaraq belə bir əməl törətdiyini düşünür. İbtidai istintaq zamanı dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun baldızıdır. Onlar Gölgöl rayonu Üçtəpə kəndində qaynatası mərhum Səməd Abbasovun 40 mərasimi üçün yığışmışlar. xx.xx.2018-ci il tarixdə saat təxminən 17 radələrində Sədaqətin qonşusu Zakir ona zəng edərək evinin küçəyə baxan pəncərəsinin açıq olduğunu bildirmişdir. Sədaqət Zakirə demişdir ki, pəncərəni bəlkə külək açıb, evin giriş qapısının açarını hamamın pəncərəsinin qarşısına qoymuş, açarı götürüb qapını açıb baxmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Zakir Sədaqətə yenidən zəng edərək qapını açıb baxdığını və evinin dağınıq halda olduğunu bildirmişdir. Daha sonra o, Sədaqətlə birlikdə onun yaşadığı ünvan 3 ünvanına gəlmişlər.Evinin qapısını açanda evin dağınıq halda olduğunu görmüşlər. Həmin vaxt onlar bilmişlər ki, evdə oğurluq olub. Buna görə də, dərhal heç bir yerə əl vurmadan DİN-in 102 xidmətinə zəng vurmuşlar. Polislər gəlib baxış keçirərək müvafiq araşdırma apardıqdan sonra evdə olan əşyalardan nələrin oğurlandığını müəyyən etmək üçün evi axtarmağa başlamışlar. Bu zaman müəyyən etmişlər ki, naməlum şəxs (şəxslər) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Sədaqətə məxsus olan ünvan 3 ünvanına evin küçəyə baxan pəncərəsindən daxil olaraq qonaq otağında yerləşən şkafdakı əl çantasından dəyəri 50 (əlli) manat olan 50 (əlli) qəpikləri, yataq otağındakı kamodun siyirməsindən dəyəri 400 manat olan təxminən 4 qram çəkidə, 1 ədəd 5,85 əyarlı halqa qızıl üzüyü, şkafın içərisində olan gödəkcənin cibindən dəyəri 400 manat olan, 5,85 əyarında 4 qram çəkidə bir ədəd halqa qızıl üzüyü, dəyəri 400 manat olan, 5,85 əyarında 4 qram çəkidə bir ədəd qaşlı qızıl üzüyü, həmçinin qızı Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə məxsus “6768******9658” nömrəli plastik sosial müavinət kartı oğurlanmışdır. Həmin hadisədən sonra Sədaqət qızı Aysellə onun adına olan kartını bağlatdırmaq üçün "xxxx" ASC-yə gedən zaman oradan verilmiş çıxarış əsasında müəyyən etmişlər ki, xx.xx.2018-ci il tarixdə saat 11:26 radələrində naməlum şəxs həmin kartdan pul çıxarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs1 evinə ünvan 5 ünvanına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş Gəncə şəhər BPİ-nin İTİ-nin qərarına əsasən xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, oğurluq etdiyi ünvan 5 ünvanı, oğurladığı qızıl əşyaları satdığı Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağı və oğurladığı 52 manat pulu məxaric etdiyiünvan 7 ünvanında yerləşən 22 saylı Poçt şöbəsinin yanında yerləşən "xxxx" ASC-yə məxsus A0127013 nömrəli terminalın yerləşdiyi yer yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - “baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, həmin diskdə əks olunan fotoşəkillərə baxış zamanı bir nəfər üzü tüklü, arıq şəxs tərəfindən 52 manat pul çıxarıldığı müəyyən olunur.Diskə baxış zamanıTəqsirləndirilən şəxs fotoşəkildəki şəxsin özü olduğunu etiraf etmişdir. - xx.xx.2023-cü tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli 8002 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli4435 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs1 31 yanvar 2024-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər tam olaraq ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs qarşə heç bir iddiası, şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 31 yanvar 2024-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər tam olaraq ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs qarşə heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasınınəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallarmüəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.3 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılmasıcəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut olan:01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 9 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 54 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət,azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar