Məhkəmə qərarları › İş №1(125)-145/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-145/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-145/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2023cü il tarixdə saat 18-19 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən işlək vəziyyətdə olmayan obyektin hasarından içəri daxil olaraq oradan iki ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda 400 manat dəyərində dəmir tramplinləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində anası ilə birlikdə yaşamaqla fərdi əməkl məşğul olur. Əvvəllər narkotik vasitə aludəçisi olmuşdur.Elə həmin dövrdə yəni, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid1 ilə yaşadığı Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdə görüşmüşlər. Həmin gün pula ehtiyacları olduğuna görə hər ikisi narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitə almaq məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Elə bu məqsədlə də 22 yanvar 2023cü il tarixdə saat 18 radələrində piyada Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdən aşağıya dərəyə düşüb Gəncə şəhəri, Firdovsi Osmanov küçəsi ilə Səbuhi Əliyev küçəsi ilə kəsişməsinə gəlib çatan zaman orada “Füzulinin kabab yeri” kimi tanınan kafeninin yanına çatmamış yolun sol tərəfində qapısı kilidli olan işlək vəziyyətdə olmayan hasarla əhatə olunmuş bir obyekt görmüşlər. Həmin obyektə nəzər salan zaman içərisində heç kəsin olmadığını və xeyli sayda tikinti materialı olduğunu görüb oradan oğurluq etməyə qərar vermişlər. Bundan sonra heç kəsin onları görməməsindən əmin olduqdan sonra Şahid1 ilə darvazanın yanındakı hasardan aşaraq obyektin içərisinə daxil olub Şahid1 ilə avtoyuma məntəqəsində avtomobillərin üzərində durması üçün nəzərdə tutulmuş iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri oğurlayaraq hasardan küçəyə çıxarıb atmış sonra özləri hasardan tullanıb küçəyə çıxaraq oğurladıqları dəmir tramplinləri heç kəsin görməməsi üçün kənara qoymuşlar. Sonra Şahid1 ilə oğurladıqları dəmir tramplinləri daşımaq üçün üzərində yük yeri olan avtomobil axtarmağa başlamışlar. Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsində nömrəsini, özünü tanımadığı “Qazel” markalı avtomobil sürücüsünü tapmış və Elmir həmin “Qazel” sürücüsünə yalandan özünə məxsus dəmir ləvazimatların olduğunu həmin əşyaları Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbul sexinə aparacağını bildirmiş, tanımadığı “Qazel” avtomobilinin sürücüsü də 15 manat pul müqabilində həmin əşyaları daşımağa razılaşmışdır. Onlar da həmin “Qazel” sürücüsü ilə birlikdə oğurladıqları əşyaların yanına, yəni Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən küçəyə gəlmiş və Şahid1 ilə oğurladıqları iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri “Qazel”-in yük yerinə yığmış və Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbulu sexinə getmişlər. Metal qəbulu sexində həmin sexdə işləyən tanımadıqları şəxsə özlərinə məxsus iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri satmaq istədiklərini bildirmişlər. Həmin şəxs dəmir tramplinlərin oğurluq olub-olmadığını soruşmuş, Şahid1 həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Həmin şəxsdə onlar ilə razılaşmış, iki ədəd dəmir tramplinləri tərəziyə qoymuş, çəkisi təxminən 200 kiloqram gəlmiş və dəmirə görə malı qəbul edən şəxs ona 84(səksən dörd) manat pul vermiş, həmin puldan 15(on beş) manatını tanımadıqları “Qazel” sürücüsünə vermiş və oradan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində gəlmişlər.Yerdə qalan pulu isə bərabər şəkildə Şahid1 ilə bölüb daha sonra yaşadığı evə getmişdir. Əvvəllər narkotik istifadəçisi olduğu üçün həmin cinayəti əməlini törətmiş, hal-hazırda isə narkotik asılılıqdan müalicə olunaraq azad olunmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödəmiş və onunla barışmışdır. Sonda məhkəmədən zərərçəkmiş şəxs ilə barışmasını,dəymiş ziyanı tam şəkildə ödəməsini və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və ticarət ilə məşğul olub ailəsini dolandırır. Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yolun sağ tərəfində yerləşən ticarət obyekti ona məxsusdur. Həmin obyekt əvvəllər avtoyuma məntəqəsi və kafe olmuş, lakin sonradan həmin obyekti bərpa edib, təmir etdirmək üçün 2022-ci ilin avqust ayında obyekti sökdürmüşdür. Obyekti sökdürən zaman içərisindən xeyli sayda dəmir borular, dəmir barmaqlıqlar armaturlar və qapılar çıxmış həmin əşyaları o, obyektin içərisinə yığmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ona məxsus olan Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən obyektinə baxan zaman 1 ədəd 500(beş yüz) manat dəyərində seyf qapının, 1 ədədinin dəyəri 100(yüz) manat olan 15 ədəd 1500(min beş yüz) manat dəyərində dəmir barmaqlıqlar, 1 ədədinin dəyəri 200(iki yüz) manat olan 5 ədəd 1000(min) manat dəyərində dəmir fermalar,1 metrinin dəyəri 2(iki) manat olan 6(altı) metr uzunluğunda 15 ədəd 180(yüz səksən) manat dəyərində dəmir armaturlar, 1 metrinin dəyəri 4(dörd) manat olan 6 metr uzunluğunda 3 ədəd 72 (yetmiş iki) manat dəyərində dəmir borularının və avtoyuma məntəqəsində avtomobillər üzərində durması üçün nəzərdə tutulmuş 1 ədədinin dəyəri 200(iki yüz) manat olan 2 ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda 400 manat dəyərində dəmir tramplinlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polisin apardığı araşdırma ilə avtoyuma məntəqəsində avtomobillər üzərində durması üçün nəzərdə tutulmuş 2 ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda 400 manat dəyərində dəmir tramplinlərin Mirməhəmməd və Elmir adlı şəxslərin oğurladığı müəyyən edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxs ilə barımışdır. Ona görə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs ilə yaşadığı Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdə görüşmüşlər. Pula ehtiyacları olduğuna görə narkotik vasitəyə olan tələbatlarını ödəməkdən ötrü onlar oğurluq etməyə qərar vermiş və həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində piyada Gəncə şəhəri, Nizami küçəsində “Qaraçıların dairəsi” kimi tanınan yerdən aşağıya dərəyə düşüb oradan Gəncə şəhəri, Firdovsi Osmanov küçəsi ilə Səbuhi Əliyev küçəsi ilə kəsişməsində yerləşən “Füzulinin kabab yeri” kimi tanınan kafeninin yanına gəlmişlər.Orada yolun sol tərəfində qapısı kilidli olan işlək vəziyyətdə olmayan hasarla əhatə olunmuş bir obyekt olduğunu görmüşlər. Həmin obyektə Mirməhəmməd ilə baxan zaman içərisində xeyli sayda tikinti materialı olduğunu görmüş və oradan oğurluq etməyə qərar vermişlər. Bundan sonra Mirməhəmməd ilə darvazanın yanındakı hasardan aşaraq obyektin içərisinə daxil olmuş, oradan Mirməhəmməd ilə avtoyuma məntəqəsində avtomobillər üzərində durması üçün nəzərdə tutulmuş iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri götürüb hasardan küçəyə atmış, sonra Mirməhəmməd ilə hasardan küçəyə düşərək oğurladıqları dəmir tramplinləri heçkəsin görməməsi üçün kənara qoymuşlar. Mirməhəmməd ilə oğurladığları dəmir tramplinləri daşımaq üçün üzərində yük yeri olan avtomobil axtarmağa başlamışlar. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində nömrəsini, özünü tanımadığı “Qazel” markalı avtomobil sürücüsünü tapmış və o həmin “Qazel” sürücüsünə özünə məxsus dəmir ləvazimatların olduğunu həmin əşyaları Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbul sexinə aparıb satacağını bildirmişdir. Tanımadığı “Qazel” sürücüsü 15 manat pul müqabilində həmin əşyaları daşımağa razılaşmışdır. Onlarda həmin “Qazel” sürücüsü ilə birlikdə oğurladığları əşyaların yanına, yəni Gəncə şəhəri, Səbuhi Əliyev küçəsi ilə Firdovsi Osmanov küçəsinin kəsişməsində yerləşən küçəyə gəlmiş və Mirməhəmməd ilə oğurladığları iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri “Qazel”-in yük yerinə yığmış və Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən metal qəbulu sexinə gəlmişlər. Metal qəbul sexində həmin sexdə işləyən tanımadığları şəxsə özlərinə məxsus iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri satmaq istədiklərini bildirmiş həmin şəxs dəmir tramplinlərin oğurluq olub-olmadığını soruşmuş, o həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Həmin şəxsdə onlarla razılaşmış, iki ədəd dəmir tramplinləri tərəziyə qoyub çəkərək onlara 84(səksən dörd) manat pul vermişdir. Onlarda həmin puldan 15 (on beş) manatını tanımadıqları “Qazel” sürücüsünə vermiş, qalan pulu isə aralarında bölmüşlər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstəmişdir ki, Gəncə şəhəri, Poçt qəsəbəsi, Azərbaycan Əsgəri küçəsində yerləşən “X9” şirkətinə məxsus metal tullantılarının toplama məntəqəsində nəzarətçi işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sexdə olan zaman iki nəfər tanımadığı şəxs “Qazel” markalı nömrəsini xatırlamadığı yük maşını ilə sexə gəlmişlər. Həmin şəxslərdən adı sonradan ona məlum olan Şahid1 sürücülük vəsiqəsini ona təqdim edərək, özünə məxsus olan iki ədəd 5-6 metr uzunluğunda dəmir tramplinləri satmaq istədiyini bildirmişdir. Həmin şəxslərdən digəri isə kənarda dayanmışdır. Adı sonrdan ona məlum olan Şahid1 dəmir tramplinlərin oğurluq olub-olmadığını soruşmuş, sonuncu ona həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O da Şahid1 ilə razılaşmış, iki ədəd dəmir tramplinləri tərəziyə qoymuş və əşyaların çəkisi təxminən 200 kiloqram gəlmiş və əvəzində 84(səksən dörd) manat Elmirə pul vermişdir. Aldığı metalı isə hadisənin səhəri günü Bakı şəhərində yerləşən şirkətlərinə vaqon vasitəsilə göndərmiş, zavodda isə həmin dəmirləri əritmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dindirilərkən özünü təqsirli bilmişdir. “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/4569 nömrəli rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində, respublika ərazisində yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələdində mövcud olan qiymətlərə və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə - 2 ədəd 32 diametr ölçüdə 6 metr uzunluğunda dəmir tramplinlərin- 1 ədədinin qiyməti 150 manat olmaqla 2 ədədinin qiyməti 300 manat təşkil edir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi hadisə yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azdlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyatda alınaraq cəzasının hesablanmasına başlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə çəkilməmiş 06 ay 25 gün cəzası qalmışdır. 0057660 nömrəli hərbi biletin və medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı N8174, “Qubadlının azad olunmasına görə medalı” N5674, “Laçının azad olunmasına görə” medalı N3544 həmçinin “Vətən müharibəsi iştrakçısı” medalları ilə təltif olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 1(125)-36/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat pul müştərək qaydada Şahid1 və X1 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.1. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsində iştirakını və medallarla təltif olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Vətən müharibəsində iştirakını və medallarla təltif olunmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəlləri ilə aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-121/2022 nömrəli xx.xx.2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə, qismən toplanmalı, təqsirləndirilən şəxs hal-hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkdiyindən cəzasının əvvəli hökm elan ediliyi vaxtdan hesablanmalı, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(125)-121 /2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 ay 18 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 -ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilən cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzi tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını c elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün on, xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzamı icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesabAZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar