Məhkəmə qərarları › İş №1(125)-149/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-149/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-149/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial Pub” restoranında tanışı Zərərçəkmiş şəxs məxsus pul qabını masanın üzərindən götürüb sanitar qovşağa gedərək orada pul qabının içərisində olan 1300 manat məbləğində pulu gizli şəkildə talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Xəyalə ilə tanışdır, onunla dostluq münasibətləri var. xx.xx.2022-ci il tarixdə tanışı Xəyaləni “İmperial Pub” restoranında görmüş və Xəyalə onlarla birlikdə oturub yeyib-içməyi təklif etmişdir. O da Xəyalə ilə razılaşmışdır. O, Xəyalə və Xəyalənin tanışları Mina və və Esi kimi tanıdığı Zərərçəkmiş şəxs birlikdə oturub yeyib içmişdir. Onlar həmin vaxt spirtli içki qəbul etmişlər. Onlar spirtli içki qəbul edib, yemək yedikdən sonra Günayın pul qapında pulların olduğunu görmüşdür. Həmin vaxt qızların sərxoş olduğunu bilmiş, Günayın pul qabını götürüb, sanitar qovşağa getmiş və pul qabının içərisində olan 1300 manat məbləğində pulu götürüb cibinə qoymuşdur. Bundan sonra yenidən onların yanına qayıtmış, Günayın pul qabını yerinə qoymuşdur. Onlar bir neçə saatdan sonra yeyib içdikləri restorandan durub gedən zaman restoranın qarşısında Günay sərxoş halda olduğu üçün özündən getmiş, onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Orada ona ilkin yardım göstərildikdən sonra Günay ayılmış, o isə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evə çataraq yatmış, saat 12-13 radələrində yuxudan oyanmış və şəhərə gedib oğurladığı 1300 manat məbləğində pul ilə borclarını ödəmiş və özünə paltar almışdır. Həmin pulun hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə isə saat 12 radələrində polis əməkdaşları onun yaşadıqları evə gələrək onu polis idarəsinə dəvət etmiş, həmin vaxt Günayın ondan şikayət etdiyini öyrənib bilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində rəfiqələri Mina və Xəyalə ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial Pub” restoranında yemək yeyib pivə içən zaman “Tiktok” sosial şəbəskəsində canlı yayıma qoşulmuş, səhifəsində olan izləyicilərin şərhlərinə baxarkən, Xəyalənin sevgilisinin dostu Təqsirləndirilən şəxs şərhində onlara qoşulmaq istədiyini bildirmiş, onların dəvətilə onların yanına gəlmiş və onlarla birlikdə yeyib içmişdir. Onlar həmin yerdə 4 saat oturmuş və hər biri spirtli içki qəbul etmişlər. Hesabı ödədikdən sonra güclü sərxoşluq hiss etmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ayıldıqdan sonra evə gedən zaman ona məxsus içərisində 1300 manat pulu olan pul qabının stolun üstündə qaldığını xatırlamış, Rəfiqəsi Mina qayıdıb onun pul qabını gətirəndə pul qabında heç bir məbləğdə pulun olmadığını demişdir. O, pul qabında olan 1300 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmiş və bundan sonra DİN-nin 102 xidmətinə zəng edib pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yerləşən “İmperial Pub” restoranında rəfiqəsi Mina və Günayla yeyib içən zaman, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs görmüş, Yusif onlarla salamlaşmış və onlarla birlikdə əyləşib yeyib içmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Günay hesabı verdikdən sonra pulun artıq qalanını pul qabının içərisinə qoymuş və pul qabını da masanın üzərinə qoymuşdur. Bundan bir qədər sonra söhbət edib maşına əyləşib gedən zaman Günay pul qabında olan 1300 manat pulunun olmadığını və oğurlandığını demişdir. Bundan sonra da Günay polisə zəng edib pulunun oğurlandığını bildirmişdir. Onlar daha sonra Yusiflə danışan zaman Yusif özü onlara Günayın 1300 manat pulunu oğurladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş X3 ifadəsindən görünür ki, o, şahid X1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial Pub” restoranının içərisinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin restoran iki mərtəbəlidir, qapısı taxtadandır və içəri daxil olanda sağ tərəfdə oturmaq üçün stol və stullar vardır. Baxış zamanı Zərərçəkmiş şəxs restoranda olan pəncərənin qarşısındakı masanı göstərərək Təqsirləndirilən şəxs, rəfiqələri Xəyalə və Mina ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin masada əyləşdiklərini, yemək yeyib spirtli içki qəbul etdiklərini bildirdi. Daha sonra masanın üzərində içərisində 1300 manat pul olan pul qabının içərisindən Təqsirləndirilən şəxs pulu oğurladığı yeri göstərdi. Oğurluq nəticəsində ona 1300 manat maddi ziyan dəydiyini bildirdi. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “İmperial Pub” restoranının içərisinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin restoran iki mərtəbəlidir, qapısı taxtadandır və içəri daxil olanda sağ tərəfdə oturmaq üçün stol və stullar vardır. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs, Mina və Xəyalə kimi tanıdığı qadınlarla oturub yeyib-içdikləri masanı göstərmiş, Zərərçəkmiş şəxs aid pul kisəsindən 1300 manat pulu restoranın tualetində götürdüyünü və cibinə qoyduğunu bildirmişdir. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3142 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4335 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddətdə qonşular arasında hörmət qazanmışdır, ictimai işlərdə fəal iştirak etmişdir. Qeyd olunan ünvanda yaşadığı müddətdə onun barəsində 8 saylı xidmət sahəsinə nə yazılı, nə də şifahi surətdə şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bu işlə bağlı şikayət və tələbi olmayacaqdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-149/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri ərazisində saxlanılmış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİnin MSY-nə təhvil verilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 13 oktyabr 2022-ci il tarixdə axtarışla tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, 13 oktyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək olan 01 (bir) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 10 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar