Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-150/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Gəncə şəhər, Cavadxan qəsəbəsi təzə məhlələrdə yerləşən fərdi yaşayış evinin qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq ünvanlı nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi daş parçası ilə qonşusu Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir dəfə vuraraq, təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə və sonuncunun yaşadığı evin pəncərəsinin şüşəsini daş parçası ilə sındırmaqla 30-40 (otuz-qırx) manat maddi zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə, yəni Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Fərdi əmək kimi avtomobil ustası işləyir. Onun adından Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə edilmiş müraciətləri o özü etmiş, müraciətində göstərilən imza ona məxsusdur, barəsində müraciətlər etmiş Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində yetkinlik yaşına çatmayan oğlu xx.xx.2006-cı il təvəllüdlü Şahid2 ilə birlikdə özünə məxsus VAZ 2107 markalı, 20-DJ- 867 dövlət nömrə nişanlı avtomaşınla yaşadığı evin qarşısına gəlmiş, avtomaşından düşüb evinin giriş qapısını açmaq istəyən zaman Zərərçəkmiş şəxs yerdən daş parçası götürüb, üstünə gəldiyini görmüş, Yusif ona avtomaşınla gələrkən uca səslə maqnitofan oxutduğunu iddia etməklə, ünvanına nalayiq ifadələr işlətmişdir. Yusif əlindəki daş parçası ilə gözləmədiyi anda sağ qolundan zərbə vurub qolunu sındırmış, sonra isə onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq onu döymüşdür. Həmçinin həmin vaxt o da yerdə olan Yusifin onun qolunu vurub sındırmış olduğu daşla Yusifi vurmuşdur ki, ondan aralaşıb çıxıb getsin. Yenidən Yusifin həmin daşla onu vurmasının qarşısını almaq üçün həmin daşı kənara atarkən daş Yusifin evinin küçəyə baxan pəncərəsinə dəymişdir. Zərərçəkmiş şəxs vurduqdan sonra oğlu Şahid2 onu avtomaşına qoyub Gəncə şəhər 3 saylı TTYX-na aparmışdır. Orada həkimlər qolunu sarıdıqdan sonra yaşadığı evə qayıtmışdır. Zərərçəkmiş şəxs oğlu Şahid2 barəsində dedikləri həqiqətə uyğun deyildir, belə ki, həmin vaxt oğlu Şahid2 sadəcə onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs onu xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evin qarşısında küçədə daşla və əl zərbələri ilə qəsdən vurub döyərək xəsarət yetirmiş və nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Yusif ilə dava edən zaman ətrafa kənar şəxslər toplaşmamış və hadisəni görən şəxslər olmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında dava təxminən 3-4 dəqiqə davam etmişdir. Onun və ailə üzvlərinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında əvvəllər mübahisə və konflikti olmamışdır. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, ailə vəziyyətini, himayəsində 4 uşağının olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər 2-ci qrup əlilliklə bağlı təqaüd alsada, hal-hazırda təqaüdü dayandırıldığı üçün almır, işsizdir. xx.xx.2022-ci il tarixdə təxminən 14 radələrində evin həyətində çay içən zaman küçədə bir nəfər şəxsin səs-küy saldığını və söyüş söydüyünü eşitmişdir. Sonra həmin şəxsin səsindən qonşuluqda yaşayan Vidadi adlı şəxs olduğu ona məlum olmuş, dərhal çölə çıxıb, Vidadiyə küçədə niyə söyüş söydüyünü və səs-salmasının səbəbini soruşmuş, Vidadiyə bir qonşu kimi evdə ailə olduğu, həmçinin digər qonşulara qarşı ayıb hərəkət etdiyini izah etmişdir. Bu zaman Vidadinin oğlu İlhamda orada olmuş, lakin İlham nə söyüş söymüş, nədə ki, səs-küy salmışdır. Vidadi sərxoş olduğu üçün onu eşitməyərək öz hərəkətlərinə davam etmiş, Vidadiyə təkrar düzgün hərəkət etmədiyini başa salanda üstünə cumaraq boğaz nahiyəsindən tutub əlindəki daş parçası ilə baş nahiyəsinə xəsarət yetirmişdir. Vidadinin oğlu İlham isə onları aralamağa cəhd edib, sakitləşdirmişdir. O, zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt bir anlıq özünü itirmiş, bu ərəfədə Vidadi oğlu İlham ilə birlikdə avtomobilə əyləşib getmişdir. O da evə gedib gəlinini səsləmiş, gəlini Təhminaz onu qanın içində görüncə qorxmuş və TTY zəng etmiş, TTY gəldikdən sonra onu xəsatəxanaya aparmışdır. Vidadinin qolunun hansı şəraitdə sınması ilə bağlı hər hansı bir fikri yoxdur. Dava-dalaş zamanı özünü itirdiyi üçün Vidadinin oğlu İlham adlı şəxsin konkret olaraq onu vurduğunun şahidi olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs baş nahiyəsinə daş parçası ilə xəsarət yetirən zaman İlham onu arxadan tutmuş, o da müvazinətini itərərək yerə yıxılmışdır. Onun və ailə üzvləri ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisə və konflikt olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş yaşadığı evin qarşısında, küçədə baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş, yanlarında ancaq Vidadinin oğlu İlham olmuş, dava-dalaşı isə görən başqa kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, qaynatasıgillə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir. Evdar qadındır. Zərərçəkmiş şəxs qaynatasıdır. Vidadi adlı şəxsi isə üzdən tanımasada onlarla qonşuluqda yaşadığını bilir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində uşaqlarını yedizdirən zaman çöldən səs-küy gəldiyini eşitmişdir. Qaynatası Yusif isə həyətdə çay içmiş, təxminən 5-10 dəqiqə sonra evin qonaq otağının pəncərəsinə daş dəydiyini eşitmiş və qorxduğu üçün uşaqlarını götürüb evin digər otağına keçmişdir. Təxminən bir az sonra qaynatası Yusif onu səsləmiş, o da çölə çıxanda görmüşdür ki, qaynatası Yusif baş nahiyəsindən xəsarət almış və qanın içindədir. O, dərhal TTY zəng etmiş, TTY gəldikdən sonra qaynatası Yusifi xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. Qaynatası Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaşın şahidi olmamış, həmin vaxt evdə iki azyaşlı uşağı ilə birlikdə olmuş, qonşusu ilə onlar arasında əvvəllər mübahisə və konflikt olmamışdır. Məhkəmə iclasında şahid yetkinlik yaşına çatmamış Şahid2 Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü X2 iştirakı ilə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs onun atasıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində atası ilə birlikdə atasına məxsus VAZ 2107 markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadıqları evin qarşısına gəlmişlər, atası Təqsirləndirilən şəxs avtomobildən düşüb evlərinin giriş qapısını açmağa getmiş, o isə maşında olmuş, telefonuna mesaj gəldiyi üçün başı qarışmışdır. Bundan sonra o, atası ilə Zərərçəkmiş şəxs dalaşdıqlarını görmüş, avtomobildən düşərək onları ayırmışdır. Həmin vaxt hadisəni kənar şəxslər görməmiş və hadisə yerinə heç kim gəlməmişdir. Bundan sonra atası ona qolunun sındığını bildirmiş və o da atasını xəstəxanaya aparmışdır. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə edib dalaşdıqları yerə baxış keçirilərək şəkilləri çəkilmişdir, hadisə yerindən hər hansı bir əşya, sənəd və s. götürülməmişdir. Cinayət işinin başlanması barədə 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işinin istintaqı Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-96/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Zərərçəkmiş şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 xx.xx.2022-ci il tarixli 1209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin əzilmiş yarası, alın və döş qəfəsinin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; alın və döş qəfəsinin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X15 xx.xx.2022-ci il tarixli 1211 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ dirsək sümüyünün yerdəyişmiş sınığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4795 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. 1 nömrəli Mənzil-istismar sahəsinin xx.xx.2022-ci il tarixli 312 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Şahid2, Azərbaycan Respublikası vətəndaşının AZE №18264935 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8, Azərbaycan Respublikası vətəndaşının AZE №12360395 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 və Azərbaycan Respublikası AA3362561 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X4 adlı dörd övladı var. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yaşayış evinin qarşısında ucadan danışmasına görə zərərçəkmiş şəxslə mübahisə etmiş və bu zaman zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində qolu sınmış və o da daşla zərərşəkmiş şəxsin başına zərbə endirərək ona təpə nahiyəsinin əzilmiş yarası, alın və döş qəfəsinin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı xəsarətləri yetirərək, ağırlıq dərəcəsinə görə təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, o cümlədən alın və döş qəfəsinin sıyrıqları, sol almacıq nahiyəsinin qançırı xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin heç kimin olmadığı bir yerdə və zərərçəkən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-150/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-150/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver