Məhkəmə qərarları › İş №1(125)-150/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-150/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-150/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1-a qeydiyyatda olmaqla yaşamış barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan təmiz çəkisi 9.13 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla daşımış, BNMİ-nin və BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellefonda bükülmüş təmiz çəkisi 9.13 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək narkotik vasitə istifadəçisi olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdiklərini, daha sonra onu BNMİ-nin QBRŞ-nin inzibati binasına dəvət edərək üzərinə şəxsi axtarış keçirdiklərini bildirmişdir. O, şəxsi axtarış zamanı əynində göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellefonda bükülmüş açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Kütlə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 7 saylı möhürü ilə möhürlənərək təhqiqtaçı və müdafiəçi tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitəni hər hansı bir şəxsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərinə baxış keçirtmək məqsədi ilə BNMİ-nin QBRŞ-yə gətirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellefonda olan bükülünü çıxardıb təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin qurudulmuş marixuana olduğunu, tanımadığı şəxsdən saxlanıldığı gündən iki gün əvvəl Göyçay şəhərindən 40 (qırx) manata aldığını bildirmişdir. Kütlə elektron tərəzidə qablaşdırılma ilə birlikdə ümumi çəkisi 10 qram olması müəyyən edilmiş, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması” protokolundan, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş.vər. 26, 73); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqtçısı, polis kapitanı X2, baş əməliyyat müvəkkili polis mayoru Şahid2, həmin İdarənin QBRŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələni könüllü olaraq təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 10 (on) qram gəlmiş, müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə həmin kütlə və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qablaşdırılmış DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir (iş.vər. 30); - Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin xx.xx.2023-cü il tarixli 16/323 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümdə təmiz çəkisi 9,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır (iş.vər. 40); - xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefonun SMS mətnlərinə, yazışmalarına və zənglər siyahısına baxış keçirilmiş, əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (iş.vər. 84); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (iş.vər. 89-91); - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (iş.vər. 152); - Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 835 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asıllıq sindromu” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır (iş.vər. 154); - Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 2048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş.vər. 155); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (iş.vər. 156-166); Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni satmadığını və bağışlamadığımı bildirmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak üçün əldə etdiyini bildirməməsinə baxmayaraq qeyd olunan ifadənin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 10) və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən 40 manata aldığını, həmin narkotik vasitəni heç kimə satmadığını və pay vermədiyi barədə ifadə vermişdir. (cild 1, iş vərəqə 49-51, 60-62). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən xeyli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə xeyli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə az ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, təqsirləndirilən şəxs şəxsi istifadə üçün narkotik vasitə əldə etmişdir. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş bir ədəd bükümdə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (cild İ şübhəli şəxs – iş v. 49-51; təqsirləndirilən şəxs – iş v. 60-62; Şahid2 – iş v.116-119; Şahid1– iş v. 99-102), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2023-cü il tarixli məktub – iş v. 98) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı iki aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli qərarı ilə 17 mart 2023-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş qurudulmuş marixuananın bir ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin şəxsi istehlak miqdarından artıq miqdar – 9.13 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 15 mart 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitədən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığıhalda bir ədəd bükümdə olan 9,13 qram qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin mart ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə ediyi, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış cəmi 9,11 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respblikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi üçün Nərimanov rayon Məhkəməsinin 8 iyul 2023-cü il tarixli qərarı ilə onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 9,11 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar