Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-151/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib özünü bir neçə nəfəri əlilliklə təqaüdə çıxartmış kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarını qazanmış, vəzifədə işləyən yaxşı dostlarının və onlar vasitəsilə əlilliklə pensiya düzəltmək imkanın olduğunu bildirib Zərərçəkmiş şəxs inandırmaqla oğlu Şahid2 əlilliklə pensiyaya çıxartmağa köməklik etdirilməsi adı ilə yalan vəd verib aldatmış, tamah niyyəti ilə 2023-cü ilin oktyabr ayının ortalarında Gəncə şəhəri, Turqud Özal küçəsi, ev 2-də yerləşən “Sultan marketin” qarşısında Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində nəğd pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində zərəçəkmiş şəxsi qonşusu Rüxsarə xanımın qohumu olduğunu bildirmişdir. Belə ki, Rüxsarə xanım qohumu Nicatın "Qarabağ" bölgəsində keçirilən antiteror əməliyyatında iştirak edib yaralandığını və təqaüd düzəltdirmək istədiyini bildirmişdir. Qardaşı qazi olduğuna görə Papanin hospitalında tanış həkim olduğundan Nicatı həmin həkimin yanına göndərmiş və o, həkimə 2500 manat pul vermişdir. Nicatın atası Zərərçəkmiş şəxs “Sultan marketin” qarşısında cəmi 2500 manat məbləğində pul aldığını və ondan 500 manat geri qaytardığını bildirmişdir. Sonda zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, ona dəymiş ziyanı tam ödədiyini nəzərə çatdıraraq cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu antiterror əməliyyatında yaralanmış və səhhətində problemləri olmuşdur. O, qohumu Rüxsarə vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Rüxsarə uşaq poliklinikasında işləyir və adı ona sonradan məlum olan Kənan adlı şəxslə birlikdə yaşadığı Şəmkir rayonu, Yenikənd kəndindəki evinə gələrək oğlu Nicatın əlilliyi ilə bağlı təqaüd düzəlməsinə kömək edəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bir neçə nəfəri əlilliklə təqaüdə çıxartdığını bildirərək onu inandırmışdır. Təxminən 2 gün sonra Kənən Quliyev telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq oğluna əlillik sənədi düzəltmək üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin günü Gəncə şəhərində "Sərçə" bazarında yerləşən "Sultan" marketin qarşısında Kənan adlı şəxsə 5000 manat pul vermişdir. Aradan uzun müddət keçməyinə baxmayaraq Kənan verdiyi vədə əməl etməmiş, onu müxtəlif bəhanələrlə aldatmışdır. Bir müddət sonra telefon zənglərinə də cavab verməmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına əmin olduqdan sonra şikayət ərizəsi ilə polis orqanına müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 11 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/839 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1) - 07 mart 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Turqud Özal küçəsində “Sultan marketin” və "xxxx"ASCnin qarşısında baş vermiş və Təqsirləndirilən şəxs verdiyi 5000 manat pulu Zərərçəkmiş şəxs əli ilə göstərmişdir. Həmin yerin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. ( i.v.6-11); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.30) - 19 iyun 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Turqud Özal küçəsində olan Sərçə Bazarında yerləşən “Sultan marketin” qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dələduzluq yolu ilə əldə etdiyi 5000 manat pulun aldığı yeri göstərmiş və həmin yerin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. ( i.v.50-53); - 11 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş olunmuşdur.(i.v.60); - 11 iyul 2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün axtarış elan edilmişdir.(i.v.61); - 24 oktyabr 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30 radələrində Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gələrək özünün təqdim etmişdir.(i.v.67); - 24 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsindin dirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v.84-86); - 24 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.87-88); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən 24 oktyabr 2024-cü il tarixli arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.96); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 24 oktyabr 2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur.(i.v.97); - 31 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olmuşdur.(i.v.109); - 31 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahid ifadələri, baxış protokolları və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.111-117); - 01 noyabr 2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.119); - 21 aprel 2025-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30 radələrində Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gələrək özünün təqdim etmişdir.(i.v.122); - 21 aprel 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir.(i.v.124); - 21 aprel 2025-ci il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.127); - 07 oktyabr 2025-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. - 14 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 330 (üç yüz otuz) məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 234.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-151/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-151/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver