Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-152/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, ev 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 14:50 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 197, 1 nömrəli evin qarşısında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş, həmin idarənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, yaşadığı evin qarşısında olan zaman, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşları kimi təqdim edərək saxlanılmasının səbəbini ona izah etmişlər və özləri ilə birlikdə onu Gəncə şəhər BPİ-nin binasına gətirmişlər. Orada ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra isə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmamışdan əvvəl ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub- olmaması, əgər varsa təqdim etməsi təklif edilmiş, o, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı o, həmin bükülünün psixotrop maddə olan metamfetamin (patı) olduğunu və ona məxsus olduğunu, xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin psixotrop maddədən heç kimə satmadığını, heç kimə vermədiyini bildirmişdir. Bundan sonra həmin kütlə bükümlə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 0,31 qram təşkil etmiş, sonra həmin psixotrop vasitə kağıza qoyulub qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 05 aprel 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Fərid adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Atatürk prospektindədir. Daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ilə birlikdə, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlayaraq Gəncə şəhər BPİ-yə gətirmişlər. Şübhəli şəxs qismində Fəridə hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil Müdafiəçi1 Fərhad oğlu müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə 01 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə - metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin psixotrop maddədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi falqa ilə birlikdə 0,31 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 Qeorqiyevna ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Atatürk prospekti 197 ev 1, mənzil 1-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs qızı İrina Burovnanın oğludur. X9 2007-ci ildə qaraciyər xərçəngindən rəhmətə getmiş, Təqsirləndirilən şəxs onun himayəsində qalmışdır. Fərid 2 ildən artıq müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrin aludəçisi olmuş, demək olar ki, hər gün onlardan istifadə etmişdir. Fərid özünün istifadəsi üçün psioxotrop maddə üzərində gəzdirmiş, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxdur. Nəvəsi Fərid narkotik vasitələrin ağrısında olan zaman ondan narkotik vasitə almaqdan ötrü pul istəmiş, o, Fəridə pul verməkdən imtina edən zaman sonuncu onu nəlayiq ifadələr ilə təhqir etmiş, pul verməyəcəyi təqdirdə onu sözlə öldürməklə hədələmişdir. Fərid onu döyməmiş və ona bədən xəsarəti yetirməmiş, Fərid yalnız onu öldürməklə hədələmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixli qərarı ilə X6 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 aprel 2022-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantıMuxtarov Elşən Şahin oğlunun, Gəncə şəhər BPİ-nin NMB-nin əməiyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru Şahid2, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ədəd gümüşü rəngli kağıza bükülmüş metanfetaminə bənzər kütlə olan kibrit qutusunu təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” (psixotrop maddə olan metanfetamin) olduğunu, həmin bükümün ona məxsus olduğunu, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri yaşadığı evin yaxınlığında yerdən tapdığını və heç kimə satmadığı bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı video kamera ilə video çəkiliş aparılmış və protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/383 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,240 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxildir. (Metamfetaminin ümumi təmiz çəkisi – 0.240 qr. tədqiqata cəmi sərf edildi – 0.04 qr. qalıq – 0,2 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə tqəsirli bilinərək, 300 saat ictimai işlər cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 69 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-103/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2022-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan təqdbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 3364 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Mirzəyev X4 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 4249 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Mirzəyev X5 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısının MKTİB-nin 9 nömrəli xidmət sahəsindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı binanın ictimai işlərində fəallıq göstərmiş və onun barəsində xidmət sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 837 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəl törətmiş cinayətə görə məhkumluğu ödənilmədiyi halda yənidən cinayət etmişdir. Onun yenidən cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,2 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,2 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-152/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-152/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver