Məhkəmə qərarları › İş №1(125)-152/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-152/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-152/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Yaqub Hacıyev küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, ƏN-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,259 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinə daxil olmuş məlumat əsasında 22 iyun 2022-ci il tarixdə, saat 16:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yaqub Hacıyev küçəsində yolun kənarında saxlanılaraq Gəncə şəhəri Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi, 1,259 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini bir neçə ildir ki, damarına şpirislə vurma yolu ilə qəbul etmişdir. Gəncə şəhəri, Yaqub Hacıyev küçəsində piyada yaşadığı evə gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış özlərini təqdim etmiş və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməkdə şübhələndiklərini bildirib onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə avtomobillə Gəncə şəhəri Atatürk prospektində yerləşən polis şöbəsinə getmişdir. Orada təhqiqatçı tərəfindən ona huquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi seçdikdən sonra dəvət edilmiş vəkilin iştirakı ilə ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmazdan əvvəl o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, bir ədəd Samsung markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu, 6 manat pulu, həmin şalvarın sol arxa cibindən isə ucuz metaldan hazırlanmış bir cüt sırğa və üzüyü çıxardıb otaqda olan stolun üzərinə qoymuşdur. O, polis əməkdaşlarına sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və tutulmamışdan qabaq Samux rayonu Ziyadlı kənd sakini Arzu adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə tərəzi ilə çəkilmiş, sonra zərfə qoyularaq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunmuş və o, da protokolu imzalamışdır. Törətdiyi əmələ görə peşman olduğunu bildirib xəstəliyini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 2022-ci il təxminən iyun ayında BNMİ-nin QBRŞ-da gündəlik xidmətdə olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Gəncə şəhər sakini Anar adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri, Y.Hacıyev küçəsindədir. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, QBRŞ-nin dəftərxana müdri, polis baş serjantı Şahid1 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Y.Hacıyev küçəsində yolun kənarında saxlayaraq QBRŞ-nin Gəncə şəhərində yerləşən şöbəsinə gətirmişlər. Daha sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu, 6 manat pulu, həmin şalvarın sol arxa cibindən isə ucuz metaldan hazırlanmış bir cüt sırğa və üzüyü çıxardıb otaqda olan stolun üzərinə qoymuşdur. O, sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və tutulmamışdan qabaq Samux rayonu Ziyadlı kənd sakini Arzu adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin kütlə aptek tərəzisində çəkilmiş, sonra zərfə qoyularaq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunmuş və o, da protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Məmməd oğlu şahid X7 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. 22 dekabr 2022-ci il tarixli qərar ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə qətimkan tədbiri” ilə əvəz edilmişdir. Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 3-13-57-2/2-8388/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq, 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində dayandrılmış icraat təzlənmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə üzərinə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd Samsung markalı mobil telefonu, sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusu, 6 manat pulu, sol arxa cibindən isə ucuz metaldan düzəldilmiş bir cüt sırğa və üzük aşkar edilmiş və bir ədəd şəffaf rəngli sellofan büküm götürülmüşdür. “Video diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin BNMİ-nin QBRŞ-nin təhqiqat qurupunun təhqiqatçısı, polis mayoru X5 həmin idarənin baş əməliyyat müvəkkili polis kapitanı Əmrah Fikrət oğlunun və idarənin dəftərxana müdiri polis nəfəri, polis serjantı Şahid1, və Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, bir ədəd Samsung markalı mobil telefonu, sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu, 6 manat pulu, sol arxa cibindən isə ucuz metaldan düzəldilmiş bir cüt sırğa və üzüyü çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək sellofan bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və üzərində başqa əşya olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış keçirilir. Şəxs axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirərkən həmin bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroine bənzər kütlə olduğu aşkar edilir. Həmin heroinə bənzər kütlənin olduğu sellofan büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 1,02 qram olduğu müəyyən edilir. Həmin kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanır, DİN-in zərflər üçün möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülür. Təqsirləndirilən şəxs məxsus telefon da gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı Rafiq Əhmədov tərəfindən götürülür, ancaq digər əşyalar şəxsin özünə qaytarılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, təxminən bir ildir ki, narkotik vasitə heroin istifadə edir, üzərindən aşkar olunan bir ədəd bükümdə narkotik vasitə heroini saxlanılmamışdan bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə 40 manata tanıdığı, Samux rayonu Ziyadlı kəndində yaşayan Arzu adlı şəxsdən özünün istifadəsi üçün almış, özünün istifadəsi üçün üzərində saxlamış, başqa heç yerdə narkotik vasitə və ya digər qanunsuz əşya saxlamır. Bu barədə protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2022-ci il tarixli 16/703 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəfaf sellofan kəsiyi bükümdə təmiz çəkisi bükümdə təmiz çəkisi 1,259 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,259 qr, tədqiqata sərf edildi – 0,1 qr, qalıq – 1,159 qr. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1123 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 6754 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dipanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 78 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “kannobinoidlərdən” asılılıq diaqnozu ilə Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durur. xx.xx.2023-cü il tarixli Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Şıxzamanlı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edilməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Samux rayonu Ziyadlı kənd sakini Arzu adlı şəxsin şəxsiyyətini müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1,159 qram narkotik vasitə heroin, eləcə də cinayət işinə əlavə edilmiş və içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinin İİ hissəsinin “A” bəndi ilə təqsirli bilinib, Moskva şəhərinin Lyublino rayon Sülh Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)89/2022 nömrəli 22 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Məhkəməsinin 03 aprel 2022-ci il tarixli, 7(125)-111/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)89/2022 nömrəli 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 05 gün hissəsi 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətininin əvvəli 20 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, maddi sübutlara, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında heroininin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirlən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törədərək barəsində məhkəmədə cinayət işinə baxıldığı halda yenidən eyni xarekterli cinayət əməlini törətmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-89/2022 saylı 22 iyun 2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Gəncə Şəhər Məhkəməsinin 7(125)- 111/2023 saylı xx.xx.2022-cİ il tarixli qərarına əsasən əvəz edilmiş 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan, 1,159 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-89/2022 saylı 22 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7(125)-111/2023 saylı xx.xx.2022-cİ il tarixli qərarına əsasən əvəz edilmiş 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1,159 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X6 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar