Məhkəmə qərarları › İş №1(125)-153/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-153/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-153/2025 25.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq Yaqubova (İmamquliyeva) Natəvan Adil qızına verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, habelə xx.xx.2013-cü il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Yaqubova (İmamquliyeva) Natəvan Adil qızına verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Yaqubova (İmamquliyeva) Natəvan Adil qızına verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icraetmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsini xx.xx.2023-cü il tarixli, 3(125)-645/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3(125)-3107/2024 saylı qərarları ilə müvafiq olaraq 20 gün, 25 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək cəmi 28924 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Yaqubova (İmamquliyeva) Natəvan Adil qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, uşaqlara zərərçəkmiş şəxsin atası baxmış, sonuncunun atası rəhmətə getdikdən sonra zərərçəkmiş şəxs aliment tələb etməyə başlamışdır. Daha sonra o, aliment borcunu tam ödəməyə imkanı olmadığını, avtomobilini satıb borcundan 7000-8000 manat ödəyə biləcəyini, qalan borcundan isə anasının pensiyasından hər ay 500 manat verə biləcəyini və ya evini satıb aliment borcunun qarşılığında verə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində 2004-cü ildə Təqsirləndirilən şəxs ilə evləndiklərini, 2012-ci il tarixdə isə nikahlarının pozulduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin yalan olduğunu qeyd edərək, sonuncunun alimenti vermədiyinə görə mərhum atasının uşaqlara baxmasını və “onsuzda aliment borcu yığılır. Nə vaxtsa ya aliment borcunu verəcək yada ki, tutulacaq” sözlərini deməsini diqqətə çatdırmışdır. Daha sonra suallara cavab olaraq evləndikdən sonra təqsirləndirilən şəxsin işləmədiyini, narkotik vasitələrdən istifadə etdiyini, təqsirləndirilən şəxsin anasının xəstə olmadığını və təqsirləndirilən şəxsin hazırda yaşadığı evi satıb aliment borcunu tam ödəyə biləcəyini bildirərək aliment borcunu tələb etmiş, əks halda isə Təqsirləndirilən şəxs sərt cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində icra işinin digər icra məmuru İlkin Zeynalovun icraatında olduğunu, sonradan həmin icra məmuru iş yerini dəyişdiyi üçün həmin işin icraatına keçdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs 28924,00 manat aliment borcunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatı Ədliyyə Nazirliyininin İstintaq İdarəsinə göndərdiyini qeyd etmişdir. İş üzrə digər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarqəbul edilmişdir(i.v.1-2); - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixliqətnaməsindən görünür ki,xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq İmamquliyeva (Yaqubova) Natəvan Adil qızının xeyrinə ödənilməsi qət edilmişdir( i.v. 13- 15) - xx.xx.2012-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxsna 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixliicra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir (i.v.16,17); - Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 8(044)-223/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadındangörünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixliicra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “Vaz 21074” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və tələbin ödənilməsi həmin əmlaka yönəldilmişdir(i.v.18); - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir(i.v.20-22); - xx.xx.2013-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxsna Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir (i.v.23, 24); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixliqətnaməsindən görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvvəllüdlü X6 və xx.xx.2008-ci il təvvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir(i.v.27, 29); - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir (i.v.30, 31); - xx.xx.2019-cu tarixli xəbərdarlıq məktubundan görünür ki Təqsirləndirilən şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir(i.v.34); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)-454/2023 saylı qərardadından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icra olunanadək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.36); - xx.xx.2022-ci il tarixli Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə 550371 saylı axtarış elan edilmişdir (i.v.38); - xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavədən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 23304 manat məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyərək İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir(i.v.42); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-645/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir (i.v.43); - xx.xx.2023-cü il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir(i.v.45); - Gəncə şəhər İcra İdarəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir (i.v. 46); -xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavədən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1575/2013 saylı, xx.xx.2013-cü il tarixli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-121/2012 saylı, xx.xx.2012-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-706/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrini icra etmədiyinə görə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir(i.v.49); -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-3107/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir (i.v.51-54); - Gəncə şəhər icra idarəsinin “icra sənədinin icra edilməsi üçün yeni müddətin verilməsi haqqında” bildirişdən görünür ki, Təqsirləndirilən şəxs borcunu ödəməsi üçün 10 gün vaxt verilmişdir(i.v.55, 77) - Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2024-cü il tarixli “işə qəbul edilməsi barədə” təklifdən görünür ki, məhkəmə qətnaməsinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs 07 gün ərzində X2 filialında qeydiyyatdan keçməsi bildirilmişdir(i.v.56); - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X2 Filialının xx.xx.2024-cü il 3-17-2/2-61447/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı aşkarlanmamışdır(i.v.58); - xx.xx.2024-cü il cə xx.xx.2024-cü tarixli ”cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdarlıq” məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi üçün 10 gün vaxt verilmiş, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir (i.v.59, 63); - xx.xx.2024-cü il tarixli Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və ya ərizə daxil olmamışdır(i.v.61,62); - xx.xx.2025-ci il tarixli şəxsin məcburi gətirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə məcburi gətirilmişdir(i.v.90); - DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v.101); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CMnin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur(i.v.102); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışa verilməsi və və tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq ittiham elan etmək üçün tutulun Bakı şəhər Yasamal rayon polis idarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır.(i.v.105-106); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır (i.v.108); - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00 radələrində Gəncə şəhəri ərazisində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.112); -xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir (i.v.114); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir (i.v.136-139); - xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.140); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üçün əhəmiyyət kəsb edən ifadələr və toplanmış digər sənədlər sübut kimi qiymətləndirilmişdir(i.v.146-153); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - 2 saylı İstintaq Təcridxanasından məlumat üçün bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə həbs edilərək müəssisəyə daxil olmuşdur. -Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş arayışan görünür ki, X4 xəstəxananın Oftalmoloji şöbəsinə müraciət zamanı “hər iki gözündə yetişməmiş katarakta” diaqnozu qoyulmuşdur. -Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və alimenti tələb etdiyini bildirərək onun barəsində ittiham hökmünün çıxarılmasını və sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək istəməsi, buna maddi imkanının olmaması barədə göstərdiklərinə iş üzrə tədqiq olunmuş sübutların məcmusu üzrə müqayisəli təhlil edərək, onun göstərdiklərini əsassız və məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş özünü müdafiə xarakteri ifadə kimi qəbul edir. Belə ki, sübutlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək üçün “İcra haqqında” Qanunda göstərilən bütün zəruri qanuni tədbirlər həyata keçirilmiş, ona yazılı bildirişlər və xəbərdarlıqlar göndərilmiş, lakin o, qətnaməni və icra vərəqəsini icra etməyə heç bir təşəbbüs göstərməmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət (xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək) azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2026-cıil tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.),barəsində“həbs” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 30 saat hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********)330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar