Məhkəmə qərarları › İş №1(125)-156/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-156/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-156/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Göygöl rayonunda doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Göygöl rayonu, Qızılca Ərazi Dairəsi, Qızılca kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni müvafiq olaraq 0.283 qram narkotik vasitə olan heroini və 0.365 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 16 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının ön sağ cibindən 01 ədəd kağız bükümün içərisində olmaqla satış məqsədi olmadan əldə edib daşıyaraq saxladığı - hər biri ayrı-ayrılıqda polietilen kəsiyi bükümlərində qablaşdırılmış 0.186 qram və 0.097 qram təmiz çəkilərdə, ümumilikdə isə 0.283 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə- heroin, habelə 01 ədəd kağız bükümdə olmaqla 0.365 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Göygöl rayonu, Qızılca kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi ev təmiri işləri ilə məşğul olur. “Kakos” kimi tanınan narkotik vasitə heroindən uzun müddətdir ki, istifadə edir, son zamanlar isə “patı” və “şüşə” adları ilə bilinən psixotrop maddə metamfetamin qəbul edir. 2011-ci ildə qanunsuz olaraq narkotik vasitə əldə etdiyinə görə həbs edilərək məhkum olunmuş 2012ci ildə isə azadlığa buraxılmışdır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhərində 16 nömrəli məktəbin yaxınlığında piyada olarkən mülki geyimdə olan tanımadığı şəxslər yaxınlaşıb özlərini Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olmasını izah edərək onu özləri ilə Gəncə şəhər BPİ-yə aparmışlar. Gəncə şəhər BPİ-nin binasında onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də dövriyyəsi qanunla qadağan olunmuş hər hansı predmet olub-olmaması soruşulmuş, varsa təqdim edilməsi təklif edilmişdir. O da əynində olan şalvarın ön sağ cibindən 02 ədəd siqaretin folqa kağıza bükülü vəziyyətdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin vaxt narkotik vasitəni aldığı şəxsin adını çəkmək istəmədiyi üçün polis əməkdaşlarına təqdim etdiklərinin narkotik vasitə və psixotrop maddə olduğunu, yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış, lakin qeyd edilən kütlələrdən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sonda həmin kütlələr zərfin içərisində qablaşdırılaraq üzərində qeydlər aparılmış və imzalarla təsdiq edilmişdir. Seymur adlı şəxs ilə birlikdə Bakıda kirayədə qalıb fəhləliklə məşğul olmuşlar. Onlar birlikdə narkotik vasitə qəbul etmişlər. Lakin o heç vaxt Seymura narkotik vasitə satmamışdır. Əsl həqiqətdə o, polis əməkdaşlarıa təqdim etdiyi narkotik və psixotrop maddəni tutulduğu gün səhər saatlarında Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 28-də yaşayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Şahid3 25 manat pul müqabilində öz istifadəsi üçün almışdır. Günay Nağıyeva adlı şəxsi isə tanımır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirib əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayonu, Qızılca kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, Gəncə şəhər BPİ-nin NMB-nin rəisi, polis kapitanı Rəşad Musayev tərəfindən raportla Baş Polis İdarəsinin rəisinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 16 saylı tam orta məktəbin yaxınlığında o və bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 tərəfdən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib şübhənin mahiyyətini izah etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs “var” deyərək əynində olan cins şalvarın ön sağ yan cibindən 01 ədəd içərisi qara, çöl tərəfi isə açıq rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmiş və onun içərisində “kakos” və “şüşə” kimi tanınan maddələr olmasını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə, eləcə də iki ədəd sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlələri Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında yerdən tapdığını, istifadə etmədiyini, öz istifadəsi üçün götürdüyünü, satmaq niyyətinin olmadığım bildirmişdir. Bundan soma şübhəli şəxsin üzərində axtarış aparılmış, lakin üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatının yalnız istifadəsi və daşıması ilə bağlı olduğunu bildirmişdir. İstintaq zamanı da Təqsirləndirilən şəxs narkotik vasitənin satış ilə məşğul olması ilə bağlı heç bir ifadə verməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması ilə bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işi üzrə məkəmə istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 da ifadəsində baş əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi barədə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, diskin içərisində 07 dəqiqə 50 saniyədən ibarət videogörüntii var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X7, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik- leytenantı X8, həmin Bölmənin kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2, videooperator - Gəncə şəhər Baş Polis İdarəsinin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X6, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, eləcə də şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilərək bu barədə yazılı bildiriş təqdim edildiyi, həmçinin müdafiə hüququnun təmin edildiyi qeyd olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs “var” deyərək əynində olan cins şalvarın ön sağ yan cibindən 01 ədəd içərisi qara, çöl tərəfi isə açıq rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edir və onun içərisində “kakos” və “şüşə” kimi tanınan maddələr olmasını bildirir. Həmin büküm açıldıqda içərisindən 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə, eləcə də iki ədəd sellofan bükümündə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilir. Verilən suala cavab olaraq o, həmin kütlələri Gəncə şəhərində Mərkəzi Univermağın yaxınlığında elə həmin gün saat 11-12 radələrində yerdən tapdığını, istifadə etmədiyini, öz istifadəsi üçün götürdüyünü, satmaq niyyətinin olmadığını bildirir. Bundan sonra şübhəli şəxsin üzərində axtarış aparılır, lakin üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar olunmur. Sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilir və metamfetaminə bənzər kütlənin çəkisi 0.50 qram, heroinə bənzər kütlələrin çəkiləri isə müvafiq olaraq 0.26 qram və 0.18 qram təşkil edir. Bundan sonra həmin kütlələr 01 ədəd zərfin içərisində qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/392 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli kağız bükümdə, 1 ədəd qızılı rəngli kağız bükümdə və 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,649 qram, 0,120 qram, 0,336 qram, ümumi təmiz çəkisi 1,105 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanununda heroin adlı narkotik vasitənin və metamfetamin adlı psixatrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlərlə bağlı keçirilmiş əlavə məhkəmə- kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/289 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağıza bükülmüş 2 (iki) ədəd polietilen kəsiyi bükümlərində olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya(xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 10 may 2022-ci il tarixli, 625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür xx.xx.2022-ci il tarixli, 120-10426-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.186 qram narkotik vasitə olan heroin və 0.097 qram təmiz çəkilərdə psixotrop maddə metafetamini satış məqsədi il üzərində saxlamış, lakin həmin maddələri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı konkret şəxs və ya şəxsləri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edibetməməsini, müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələri 25 manat pul müqabilində aldığını bildirdiyi ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 24, mənzil 23-də qeydiyyatda olan Günay Nağıyeva adlı şəxsin adına rəsmiləşdirilmişdir. Əməkdaşları tərəfindən qeyd edilən şəxsin, o cümlədən İlkin adlı şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və o xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 05 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, təqsilrəndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirlədirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan təbdiri ilə dəyişdirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,315 qram olan psixotrop maddə metafetamin və əlavə məhkəmə-kimyəvi eskpertizasının tədiqatında sonra təmiz çəkisi 0.203 qram olan narkotik vasitə heroin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, Bakcell MMC-dən təqdim edilmiş 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhər Kuzminski Rayon Məhkəməsinin 12 mart 2009-cu il tarixli hökmü ilə RF CM-in 228-ci maddəsinin 1-ci hissəsi üzrə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rusiya Federasiyası Moskva şəhər Lyublin rayon Məhkəməsinin

21. 11.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs RF CM-in 161-ci maddəsinin 2-ci hissəsinin A və “Q” bəndləri üzrə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının CM-in 76-cı maddəsi ilə 02 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göygöl rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək 02 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(066)-64/2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(066)-64/2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Göygöl Rayon Məhkəməsinin 7(066)- 46/2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 iyul 2010-cu il təvəllüdlü X11 və 08 aprel 2008-ci il təvəllüdlü X4 olmaqla iki övladı var. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 oğlu da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri uzüərinə daşımağı barədə əməliyyat məlumatı daxil olmasını bildirmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı heç bir əməliyyat məlumatının daxil olmadığını bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş fərqli növlərdə maddələr olması və smslər göstərilmişdir. Lakin, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının 10 may 2022ci il tarixli, 625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Yəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dövriyyəsi qadağan edilmiş hər iki maddədən istifadə edir. Bu hal Təqsirləndirilən şəxs həmin maddələri satması kimi qiymətləndirilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs telefonunda aşkar edilmiş “Elçin çox sağol dünən söz verdin gelmedin, tel. keçirdivsən, mən ağırıyıram mənə kömək elə, mən sənə elə olmamışam.gözdüyürəm podvadit eleme” smsi göndərdiyi qeyd edilən Seymur adlı şəxs və “30 manat var götür” smsi qeyd edilən İlkin adlı şəxs istintaq orqanı tərəfindən müəyyən edilib dindirilə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə narkotik vasitəni İlkin adlı şəxsdən aldığını qeyd edib ünvanını bildirsə də istintaq orqanı tərəfindən həmin şəxsin müəyyən olunub dindirilməsi həyata keçirilməmişdir. Məhkəmə tərəfindən verilmiş Təqsirləndirilən şəxs qeyd etdiyi ünvanda İlkin adlı şəxsin yaşayıb-yaşamaması ilə bağlı sorğuya Gəncə şəhəri 3-cü Polis Şöbəsi tərəfindən verilmiş 556118 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 28-də həqiqətən də Şahid3 qeydiyyatda olması müəyyən edilmişdir. Lakin məhkəmə tərəfindən də həmin şəxsin məhkəmədə iştirakı təmin edilə bilməmişdir. Məhz istintaq orqanı tərəfindən qeyd edilən həmin smslər Təqsirləndirilən şəxs narkotik vasitəni satması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, Göygöl Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(066)-64/2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2021-ci il tarixdən hesablanmış və Göygöl Rayon Məhkəməsinin 7(066)-46/2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və onun cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkumluğunun ödənilməməsini, əvvəllər ümumilikdə dörd dəfə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin ediləcək, cəzadan çıxılmalı, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş, həmçinin onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,315 qram olan psixotrop maddə metafetamin və əlavə məhkəmə-kimyəvi eskpertizasının tədiqatında sonra təmiz çəkisi 0.203 qram olan narkotik vasitə heroin məhv edilməli, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, Bakcell MMCdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi tədiqaqatdan qalıq qalmış 0.315 qram psixotrop maddə metafetamin və əlavə məhkəmə kimyəvi ekspertizası tədiqatından sonra qalıq qalmış 0,203 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk və 01 əddə CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat (altmış dörd manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar