Məhkəmə qərarları › İş №1(125)-156/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-156/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-156/2025 23.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, AR-nın vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15 radələrində ünvan 2 ünvanında olan X4 peronunda yerləşən “Qış Klubu” adlanan yerin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aid edilən sağ gicgah nahiyəsinin sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışı Elsevərə 80 manat məbləğində borc vermiş və o, ona pulu olduqda borcunu qaytaracağını demişdir. Bir müddət keçməsinə baxmayaraq Elsevər borcunu qaytara bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 11:00 radələrində Elsevər ilə X4 peronunda rastlaşmışdır. O, Elsevərdən borcunu qaytarmasını istəmişdir. Həmin vaxt Elsevər hal-hazırda pulunun olmadığını qısa vaxtda qaytaracağını demiş, lakin o, əsəbləşmişdir. Bundan sonra onlar X4 peronunda yerləşən “Qış klubu” deyilən yerə getmişlər. Orada söhbət edən zaman Elsevərdən təkidlə pulunu istəmiş. Bu zaman o, Elsevərin üz nahiyəsinə yumruqla vurmuş və mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmışdır. Daha sonra isə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdirlər o, polis şöbəsinə yaxınlaşan zaman Elsevərin ondan şikayət etdiyini bilmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 11:15 radələrində X5 yerləşən “Qış klubu” adlanan yerin yaxınlığında olmuş, həmin dava təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa heç kəs olmamış, həmin dava zamanı o, Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla vurmuş, hadisə zaman Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmiş, hadisəyə səbəb Elsəvər Musayevin 80 manat olan pul borcunu qaytarmadığı üçün aralarında mübahisə olmasıdır. Sonda o, Elsevəri vurub xəsarət yetirməsindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində tanışı Elçindən maddi vəziyyətinin pis olduğunu deyərək işlədiyi zaman qaytarmaq şərtilə 80 manat məbləğində borc almışdır. Bir ay keçdikdən sonra Elçin ondan dəfələrlə 80 manat borcunu tələb etmək istəyən zaman o, iş tapa bimədiyi üçün borcunu qaytara bilməmişdir. 18 mart 2025-ci il tarixdə saat təxminən o, X4 peronunda Elçin ilə rastlaşmış və Elçin ondan borcnu istəyən zaman o, Elçinə pulunun olmadığını demişdir. Bundan sonra onlar X4 peronunda “Qış klubu” adlanan yerə getmişlər. Orada Elçin ondan yenidən pulunu istədikdə Elçinə pulunun olmadığı pulu olduğu zaman qaytaracağını demiş, bu zaman Elçin onun üzünə bir dəfə yumruqla vurmuşdur. Elçin onu yumruqla vurduqdan sonra oradan uzaqlaşmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə X5 yerləşən “Qış klubu” adlanan yerin yaxınlığında olmuş, həmin dava təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa heç kəs olmamış, hadisə zaman o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, həmin dava zamanı Təqsirləndirilən şəxs onun üz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Onlar mübahisə edən zaman kənarda çayxanada olan polis əməkdaşları onları görmüş və Elçin getdikdən sonra ona yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar və o, aralarında olan mübahisənə onlara bildirmişdir. Sonda o, notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim edərək Elçinlə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. -“Cinayət işinin tövsif edilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 290 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gicgah nahiyəsinin sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi - KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlığın məhrum edilməsi cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən əməli Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 333.1-ci maddəsinə əsasən N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə birləşdirilərək 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 77 maddəsinə əsasən çəkilməmiş qalan 02 il 01 ay 26 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143 və 180.2.1-ci maddələri təqsirli bilinərək 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 11 ay, 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 7(011)-482/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 1(101)-978/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş 11 (on bir) ay 14 (on dörd) günündən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserin arayşından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserin arayşından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. -Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri, Rəhim Hüseynov küçəsi, ev 29 ünvanında yaşayır, ailə tərkibi - arvadı xx.xx.1990cı il təvəllüdlü X3, oğlu xx.xx.2014-cü il təvəllüdlü HəsənovYusif Elçin oğlu və qızı xx.xx.2018-ci il təvəllüdlü X1r. Bundan başqa yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -Zərərçəkmiş şəxs 25 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən sağ gicgah nahiyəsinin sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi xəsarətinin yetirilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyi və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:15 radələrində ünvan 2 ünvanında olan X4 peronunda yerləşən “Qış Klubu” adlanan yerin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aid edilən sağ gicgah nahiyəsinin sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2025-ci il il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımış və bir müddət münasiətləri olmuşdur. Onların arasında mübahisənin yaranmasına səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə olan borcunu ödəməməsi olmuş və təqsirləndirilən şəxs əsəbləşərək zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan X4 peronunda yerləşən “Qış Klubu” adlanan yerin yaxınlığında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Hadisə X4 peronunda yerləşən “Qış Klubu” adlanan yerin yaxınlığında baş versədə, hadisə qısa vaxtda olduğundan ətrafdakı insanlar fikir verməmiş və ya onların diqqətini cəlb etmədiyindan yaxınlaşan olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəmnində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış və ona dəymiş ziyan tam ödənilmişdir. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 154 (yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 154 (yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar