Məhkəmə qərarları › İş №1(125)-159/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-159/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-159/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,338 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və 28 fevral 2022-ci il tarixdə saat 22:00-da Gəncə şəhəri Nərimanov prospektində yerləşən “Sünbül” çörək sexinin yaxınlığında Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz polis bölməsinə gətirilmiş və həmin polis bölməsində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə təmiz çəkisi 0,338 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə istifadə edir, hal-hazırda narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni 27 fevral 2022-ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsindən keçən zaman yerdən tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün özü istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni götürərək üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhər Nərimanov prospektində yerləşən “Sümbül” çörək sexinin yaxınlığında olan vaxt bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Gəncə şəhər Kəpəz RPB-nın əməkdaşlarını olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, gəzdirməkdə şübhəli olmağını bildirərək onu Kəpəz RPB-yə gətirmişlər. Kəpəz RPB-də olan zaman polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı əynində olan qəhvəyi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd siqaret falqasının içərisində bükülmüş halda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş kütlə tərəzidə çəkildikdən sonra, polis əməkdaşları tərəfindən götürülərək saxlanca qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, əldə edib saxladığı narkotik vasitə olan marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamış, onun narkotik vasitə olan marixuananı əldə etməyindən, saxlamağından heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamış, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla əlaqədar hər hansı vəsatəti və şikayəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2022ci il tarixdə Gəncə şəhəri Cavadxan küçəsi dalan 7 ev 18-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra həmin məlumat əsasında əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nərimanov prospektində yerləşən “Sünbül” çörək sexinin yaxınlığında olduğunu müəyyən edib həmin əraziyə getmişlər və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPB-yə dəvət etmişdirlər. Kəpəz RPB-də ona təyin edilmiş vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd siqaret falqasının içərisində bükülmüş halda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş kütlə tərəzidə çəkildikdən sonra, saxlanca qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 22:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsin üzərində axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxsin əynində olan qəhvəyi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd siqaret falqasının içərisində bükülmüş halda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,63 (sıfır tam yüzdə altmış üç) qram olmaqla aşkar falqa ilə birlikdə zərfdə qablaşdırılmış və üzəri DİN-nin 181 saylı möhürü ilə möhürlənərək iştirakçılar imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/244 nömrəli rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə......” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə olan təmiz çəkisi 0,338 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikası ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”- in 1-ci siyahısının 1-ci bəndinə aiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, onun barəsində 02 mart 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, yeri müəyyən edilməklə tutulub Gəncə şəhər BPİ-nin MSY-yə təqdim olunması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə saat 22:30-da Gəncə şəhəri ərazisində tutularaq 4-cü Polis Bölməsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2022-ci il tarixli 1048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 05 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi ekpert rəyində göstərilən kimi 0,288 qram saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,288 qram təşkil edən heroin iş üzrə əhəmiyyə kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Gəncə Şəhər BPİ-nin məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında video-görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Gəncə şəhər Kəpəz RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X4 şəhər Kəpəz RPİ-nin Kəpəz RPB-nin əməliyyat müvəkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd siqaret falqasının içərisində bükülü halda narkotik vasitə olan heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini Gəncə şəhərində yaşadığı evin yaxınlığından yolun kənarından tapdığını bildirir. Bundan sonra həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilir və qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bununla da, baxış istintaq hərəkəti başə çatdırılır və video çəkiliş yekunlaşır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən qurudulmuş heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0.15 qramla 2 qram arası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2- ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 02 mart 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını və 09 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək axtarışla tutulmasını nəzərə alaraq həmin müddətlərin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,288 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz Rayon Polis Bölməsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 9 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin və 09 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək axtarışla tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,288 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar