Məhkəmə qərarları › İş №1(125)-16/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-16/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-16/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 qızının iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, ev 22/12, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 41,197 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla daşımış barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında 23 fevral 2022-ci il tarixdə, saat 19:40 dəqiqədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibində gəzdirdiyi 1 ədəd “Argo” markalı siqaret qutusunun içərisindən kağız paketdə təmiz çəkisi 41,197 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu Zülfü Hacıyev küçəsi ev 22/12, mənzil 11-də qeydiyyatda olmaqla yaşayır. 20 fevral 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, yaşadığı evin yaxınlığından küçənin dəmir yolu xətlərinin yaxınlığı ilə piyada gəzən zaman, dəmiryolu xəttinin kənarında torpağın üzərində şəffaf rəngli sellofana bükülmüş qara rəngli kütlə görmüşdür. O, yerdən əyillib həmin küləni əlinə götürüb baxmış, özü əvvəllər narkotik vasitə - qurudulmuş marixuana və tiryək istifadəçisi olduğu üçün həmin bükümdə olan kütlənin rəngindən və iyindən onun narkotik vasitə tiryək olduğuna əmin olmuş və gələcəkdə özü istifadə etmək üçün əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. 23 fevral 2022-ci il tarixdə saat 19 radələrində o, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin yaxınlığında olan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu Kəpəz RPİ-yə dəvət etmişlər. Polis idarəsində hüquqlarını müdafiə etməsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı və vidoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Həmin vaxt artıq polis əməkdaşlarının üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə tiryək olmasından xəbərləri olduğunu düşünmüş və bunun gizlədilməsini lüzumsuz olduğunu başa düşmüş və əynində olan, 20 fevral 2022-ci il tarixdə dəmir yolu xətlərinin kənarından tapdığı bir ədəd bükümü əynində olan görəkçənin sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin kütləni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və onu dəmir yolu xəttlərinin kənarından tapdığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 41,37 qram olmuş, qablaşdırılaraq üzəri möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki satmaq niyyəti olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, 2 azyaşlı uşağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməlini etiraf etməyərək polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, polis əməkdaşlarından şikayət etmək üçün prokurorluğa getmiş, orada ona ərizə ilə müraciət etməsini bildirmişlər, o, isə səhlənkarlıq və məsuliyyətsizlik edərək, polis əməkdaşlarının hərəkəti barədə bu günə kimi şikayət etməmiş, həmçinin polislərdən ehtiyyat etdiyi üçün məhkəmədə cinayət əməlini etiraf etmişdir. O, barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Samux RPŞ-nin CAB-ınrəisi Şahid1 Şakir oğlu ifadəsində bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə o, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Miri adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən “H2O” avtomobil yuma məntəqəsinin yaxınlığında saat 19 radələlrində saxlayaraq Kəpəz RPİ-yə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi1 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Argo” markalı siqaret qutusunun içərisindən şəfaff rəngli sellofanda qara rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olduğunu, tutulmamışdan 3 gün qabaq yaşadığı evin yaxınlığındakı dəmir yolu xəttinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofanla birlikdə 41,37 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, Şahid2, Gəncə şəhər BPİ-nin krimanilisti Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 Şakir oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin təhqiqatçısı, polis kapitanı X2 həmin gün saat 19:40 radələrində Gəncə şəhəri, Zülfi Hacıyev küçəsində yerləşən “H2O” avtomobil yuma məntəqəsinin yaxınlığında saxlanılaraq Kəpəz RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi1 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd “Argo” markalı siqaret qutusunun içərisindən şəfaff rəngli sellofanda qara rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olduğunu, tutulmamışdan 3 gün qabaq yaşadığı evin yaxınlığındakı dəmir yolu xəttinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofanla birlikdə 41,37 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq üzəri möhürlənib imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2022-ci il tarixli 16/215 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə.” yazı və imzalar olan kağız paketdəki, təmiz çəkisi 41,197 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. (Tiryəkin təmiz çəkisi - 41,197 qr., tədqiqata sərf edildi - 0,1qr., qalıq - 41,097 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 765 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 528 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1924 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 48 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin məktubundan görünür ki, İrzayev X3 Dispanser qeydiyyata götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs son sözündə saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının təzyiqi ilə narkotik vasitənin ona aid olduğunu bildirsə də, ibtidai istintaqdakı və məhkəmə iclasındakı ifadələrində və şəxsi axtarış zamanı video çəkilişdə üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin ona məxsus olduğunu və tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin son sözünə tənqidi yanaşır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinin hamısını təkzib edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibət bildirmiş, həmçinin məhkəmə iclasında sərbəst şəkildə ifadə verərkən ona polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutulduğu zaman qorxduğunu, ehtiyyat etdiyini bildirmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. O, xx.xx.2022-ci il tarixdə ilkin izahat verir, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alındıqdan sonra təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadə verir. Hər iki ifadə və izahat bir-birləri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu etiraf edir və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir vəsatət və etiraz vermir. Həmçinin məhkəmə istintaqında xx.xx.2022-ci il tarixdə və digər məhkəmə iclaslarında ifadə verərkən də əməlini etiraf edərək narkotik vasitənin özünə məxsus olduğunu, tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tutulduğu gün polis idarəsində qorxduğunu və üzərindəki narkotik vasitə-tiryəkin polis əməkdaşları tərəfindən təzyiq olunaraq üzərinə qoyulduğunu bildirsə də, tutulduqdan xeyli müddət sonra da narkotik vasitə tiryəkin şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azad olunduqdan sonra bu günə qədər polis idarəsində ona qarşı təzyiq olunaraq narkotik vasitənin üzərinə qoyulması barədə heç bir orqana şikayət etməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin tutulduğu zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq üzərinə narkotik vasitə - tiryək qoyulması ilə bağlı məhkəmədə son sözünü həqiqətə uyğun olmayan və özünümüdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağırcinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 23-25 fevral 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 41,097 qram narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı cəmi qalığı – 41,097 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 qızının işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar