Məhkəmə qərarları › İş №1(125)-161/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-161/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-161/2023 14.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Könüllü Ə/D, Könüllü kəndində qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ictimai yer olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən 3 nömrəli peşə liseyinin qarşısında, Zərərçəkmiş şəxs1 onun arvadı Ayşənlə məhkəmədə keçiriləcək boşanma prosesində onun xeyrinə ifadə vermədiyini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs1 ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək, qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 bədən nahiyəsinə zərbələr vurmaqla sonuncuya alın təpə nahiyəsinin əzilməsi, hematoması, hər iki said nahiyələrin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ictimai yer olan, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında arvadı Zərərçəkmiş şəxs2 azyaşlı övladlarını onunla görüşməyinə icazə vermədiyini bildirərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə etdiyi istintaqa məlum olmayan pivə butulkası ilə qəsdən Zərərçəkmiş şəxs2 zərbələr vuraraq, sonuncuya burunun yumşaq toxumalarının əzilməsi, şişkinliyi, sıyrığı, ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarının qançırları, sağ gözaltı nahiyənin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulması ilə müşayət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 keçmiş qonşusu, Zərərçəkmiş şəxs2 isə keçmiş arvadıdır. 2010-cu ildə Ayşənlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 2011-ci il təvəllüdlü Şahnaz, 2014-cü il təvəllüdlü Zəhra və 2016-cı il təvəllüdlü Əli Əkbər adlı övladları dünyaya gəlmişdir. Ayşənlə əvvəllər aralarında olan münasibətlər yaxşı olsa da, sonradan aralarında ailə daxili narazılıqlar yaranmış və hazırda ayrılmışlar. Lakin rəsmi boşanmamışlar. 2020-ci ilin oktyabr ayında Ayşən ondan boşanmaqdan ötrü Samux Rayon Məhkəməsinə müraciət etsə də, sonradan məhkəməyə gedilmədiyi üçün Samux Rayon Məhkəməsinin qərarına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Təxminən 1 il olar ki, arvadı Ayşən ondan ayrılıb Fəqan adlı şəxsə qoşulub getmişdir. O, bunun səbəbini Jalədə görür, çünki arvadını Jalə yoldan çıxarmışdır. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Nizami prospektində 3 nömrəli peşə liseyinin qarşısı ilə hərəkət edən zaman Jalənin yol süpürdüyünü görüb ona yaxınlaşmış və Jaləyə təklif etmişdir ki, arvadı Ayşənin əxlaqsız olduğunu məhkəməyə gedib təsdiq etsin ki, azyaşlı uşağını Ayşənin əlindən ala bilsin. Jalə də razı olmamış və ona yalandan demişdir ki, Ayşənin əxlaqızlıq etdiyini görməmişdir. Bu sözdən sonra o, əsəbiləşib Jaləni şillə ilə vurmuşdur. Həmin vaxt Jalənin qışqırmağına onun iş yoldaşlarının gəldiyini görüb qorxmuş və oradan qaçaraq uzaqlaşmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə üzü Dubay bazarı adlanan yerin yaxınlığında olan zaman arvadı Zərərçəkmiş şəxs2 rəfiqəsi X4 ilə birlikdə 11 nömrəli şəhərarası avtobusdan yerə düşdüyünü və piyada getdiklərini görüb sonunculara yaxınlaşmışdır. O, Ayşəndən oğlu Əli Əkbər ilə nə səbəbə onun görüşməyinə icazə vermədiyini soruşmuşdur. Həmin vaxt Ayşən qışqıraraq ondan aralı durmağını, onu incitdiyinə görə oğlu Əli Əkbər ilə görüşməyinə icazə vermədiyini bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı Ayşən yüksək səslə qışqıraraq küçə ilə hərəkətdə olan şəxsləri ətraflarına toplanmışdır. Sonra o, əsəbiləşərək əli ilə Ayşəni vurmuşdur. Turanə, Ayşən və ətrafa toplaşan insanlar qışqırdıqları üçün o, qorxub oradan qaçaraq uzaqlaşmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 ittihamda qeyd edildiyi kimi butulka ilə deyil əli ilə vurmuşdur. Hazırda törətdiyi əməllərə görə peşmandır və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Bir daha eyni əməlləri törətməyəcəyinə, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların uşaqlarına yaxın getməyəcəyinə söz verir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 bildirdi ki, Gəncə MKTB-də fəhlə işləyir. Təqsirləndirilən şəxs 15 ildən artıqdır ki, tanıyır. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 də tanıyır, onunla qonşu kimi kirayədə qalmışlar. Təxminən 1 il olar ki, Ayşən Niyaməddindən ayrılıb başqa şəxsə qoşulub getmişdir. Niyaməddin də Ayşənin onu atıb getməyinin səbəbini onda görür və ondan əl çəkmir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Nizami prospektində 3 nömrəli peşə liseyinin qarşısında təmizlik işləri aparan zaman Niyaməddin onu görüb çağırmış və ona təklif etmişdir ki, Ayşənin əxlaqsız olduğunu məhkəməyə gedib təsdiq etsin. O da razı olmamış və Niyaməddinə demişdir ki, Ayşənin əxlaqsızlıq etdiyini görməmişdir. Bu sözdən sonra Niyaməddin onu təhqir etməyə və yumruq, təpiklə döyməyə başlamışdır. Sonra onun qışqırmağına sahə rəisi Mayıl və iş yoldaşları Aybəniz, Məhəbbət və digər iş yoldaşları eşidib gəlmişlər və Niyaməddinin onu döydüyünü görmüşlər. Niyaməddin də işçilərin onlara tərəf gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Mayıl Niyaməddin arxasınca qaçsa da, ona çata bilməmişdir. Sonra onu ekspertiza müayinəsindən keçirmişlər. Xeyli müddət xəstəxanada müalicə olunmuşdur. Niyaməddindən müalicə xərclərini tələb edəcək. Lakin hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı isə gələcəkdə tələb edəcəkdir. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs əridir. O, Niyaməddinlə 2010-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2011-ci il təvəllüdlü Şahnaz, 2014-cü il təvəllüdlü Zəhra və 2016-cı il təvllüdlü Əli Əkbər adlı övladları olmuşdur. Niyaməddin ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında ailə daxili narazılıqlar yaranmış və hazırda ayrılmışlar. 2020-ci ilin oktyabr ayında Niyaməddindən boşanmaqdan ötrü Samux Rayon Məhkəməsinə müraciət etsə də, anası Cahanın xahişi ilə məhkəmə iclaslarına getməmiş, buna görə də, Samux Rayon Məhkəməsinin qərarına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda Niyaməddin ilə faktiki ayrı olsalar da boşanmamışlar. Lakin, ondan boşanmaq üçün məhkəməyə yenidən müraciət etmək istəyir. xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində kirayədə yaşadığı Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə üzü Dubay bazarı adlanan yerin yaxınlığında 11 nömrəli şəhərarası avtobusdan yerə düşmüş və piyada kirayədə yaşadığı evə tərəf hərəkət etmişdir. Həmin vaxt Niyaməddin qarşısına çıxmış, ondan oğulları Əli Əkbər ilə nə səbəbə görüşməyə icazə vermədiyini soruşmuşdur. O da Niyaməddinə onu incitdiyinə görə oğulları Əli Əkbər ilə görüşməyə icazə vermədiyini bildirmişdir. Sonra Niyaməddin ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Niyaməddin yerdən əyilərək əlinə şüşə butulkanı götürmüş və həmin butulkanı yerə çırpmaqla sındırmışdır. Sonra Niyaməddin övladları ilə görüşməyə icazə vermədiyinə görə yüksək səslə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, Niyaməddinə iradlarını bildirən zaman sonuncu, əlində sındırdığı butulka ilə onun baş və sifət nahiyələrinə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Həmin vaxt onun sifət nahiyəsindən qan axdığı üçün onunla birlikdə avtobusdan düşən rəfiqəsi X4 və ətrafdan səs küyə yanlarına gəlmiş 7-8 nəfər kişi Niyaməddinin üstünə qışqırmışlar. Həmin vaxt Niyaməddin yanlarından uzaqlaşıb getmişdir. O da, baş nahiyəsindən qanın axdığı üçün Turanənin köməkliyi ilə tanımadığı taksi vasitəsilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsə hər hansı cəza verilməməsini xahiş etdi. Məhkəmədə şahid X9 bildirdi ki, Gəncə MKTB-də sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 sahə rəisi olduğu MKTB-də fəhlə işləyir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Nizami prospektində 3 nömrəli peşə liseyinin yaxınlığında fəhlələr Şərqiyə, Elmira, Məhəbbət, Aybəniz və Jalə adlı qadınlarla təmizlik işləri görən zaman onlardan təxminən 50 metr kənarda işləyən Jalənin qışqırdığını eşitmişlər, həmin vaxt Jalə tərəfə baxan zaman Jalənin bir nəfər tanımadıqları şəxs tərəfindən yolun kənarında döyüldüyünü görmüşlər. O və işçilər tez həmin yerə getməyə başlamışlar, həmin vaxt Jaləni döyən şəxs onların gəldiklərini görüb qaçmağa başlamışdır. O da tez həmin şəxsi saxlamaq üçün arxasınca qaçmış, lakin həmin şəxsə çata bilməmiş və həmin şəxs qaçıb haradasa gizlənmişdir. Sonra geri qayıdıb Jaləyə yaxınlaşanda onun sifətində, bədəninin başqa yerlərində xəsarətlər olduğunu görmüşdür. Az sonra həmin yerə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt Jalə polis əməkdaşlarına bildirmişdir ki, onu köhnə tanışı Niyaməddin adlı şəxs döymüşdür. Məhkəmədə şahidlər - Şahid4 və Rəhimova X5 Mayıl Qələm oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahidlər - Şahid3 və Şahid5 ifadələrində bildirmişlər ki, baş vermiş hadisənin özləri görməmiş, orada olan iş yoldaşlarından eşitmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 676 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın təpə nahiyəsinin əzilməsi, hematoması, hər iki said nahiyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burunun yumşaq toxumalarının əzilməsi, şişkinliyi, sıyrığı, ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözün alt qapaqlarının qançırları, sağ gözaltı nahiyənin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Hadisə yerinə baxış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 Gəncə şəhəri Azərbaycn Bayrağı küçəsində Azpetrol adlanan yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən asfalt beton avtomobil yolunun kənarında olan səkini əli ilə göstərərək, xx.xx.2021-ci il tarixdə saat 16:30-da əri Təqsirləndirilən şəxs əlində olan şüşə pivə butulkası ilə onu vurub xəsarət yetirdiyini bildirmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsi (indiki 2-ci Polis şöbəsi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vermiş saat 16 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 pivə butulkası ilə vurub sonuncuya xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yanında rəfiqəsi, Samux rayon sakini X4 olmuş, sonuncu Bakı şəhərində naməlum ünvanda kirayədə yaşadığı üçün dindirilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim etmək mümkün olmamışdır. Bundan əlavə hadisə baş verən zaman yaranmış səs-küyə təxminən 7-8 nəfər şəxs gəlmiş, lakin həmin şəxslərin də, müəyyən olunaraq dindirilməsi üçün İstintaq və Təhqiqat idarəsinə təqdim etmək mümkün olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Şəmkir rayonu İHB-nın Könüllü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində heç bir şikayət və ərizə daxil olmamışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dan azad edilməsi “haqqında” xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində həbs edilərək, 2 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 adlı uşaqları vardır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 döydüyünü lakin, onu butulka ilə vurmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsini məhkəmə onun özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, onun məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə baş verən hadisə zamanı yerdən əyilib şüşə butulkanı əlinə götürmüş, onu yerə çırpmaqla sındırmış və daha sonra həmin butulka ilə Zərərçəkmiş şəxs2 baş və sifət nahiyələrinə vuraraq sonuncuya bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə Niyaməddinin onu butulka ilə vurduğunu bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlləri törətdiyi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmadığını, üç azyaşlı uşağının olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olduğunu, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini etiraf edir, törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir, hazırkı cinayətin son epizodunun törədildiyi vaxtdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu müddətdə başqa bir cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, təqsirini etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət işi xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həmçinin onun xx.xx.2023-cü il tarixdən hazırkı – xx.xx.2023-cü il taxirədək həbsdə saxlanıldığı 01 ay 29 gün müddət - cəmi 02 ay 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məhkəməyə qədər icraat zamanı şübhəli şəxs qismində 02 gün tutulduğu və işə məhkəmədə baxılarkən xx.xx.2023-cü il tarixdən bu günədək, yəni 01 (bir) ay 29 (iyirmi doqquz) gün həbsdə olduğu nəzərə alınmaqla, cəmi 02 (iki) ay 01 (bir) gün müddət cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğluna təyin edilmiş 02 (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğlunun barəsində seçilmiş “həbs qətimkan tədbiri“ ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğlu məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Şərti məhkum edilmiş təqsirləndirilən şəxs Məmmədov Nı̇ yaməddı̇ n Xudaver oğlunun üzərinə cəzaların icrasına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayonu İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar