Məhkəmə qərarları › İş №1(125)-161/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-161/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-161/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) toplanmış istintaq sübutları ilə təqsirləndirilir, ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqadarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,163 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, 21 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Humanitar Kollecin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nın 3-cü Polis Bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kağız bükümündə ümümi çəkisi 0.163 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Xalça Kombinatının yaxınlığında yerləşən “Al marketdən” anası ilə birlikdə bazarlıq edib oradan çıxdıqda günorta saatlarında 14:00 radələrində polis əməkdaşları ona yaxınlaşıb, onu narkotik vasitə daşıyıb saxlamaqda şübhəli olduqlarını deyib, onu 3-cü polis şöbəsinə aparmışlar. O, 5-6 il müddətinə ayda bir iki dəfə marixuana istifadə etmiş, son 3-4 il müddətində isə artıq narkotik vasitədən istifadə etməmişdir. Tutulan zaman da narkotik vasitədən istifadə etməmişdir. Onu polis bölməsinə aparıb orada ona narkotik vasitə verilmiş və ona həmin narkotik vasitənin ona aid olmasını tələb etmişlər. O, polis əməkdaşlarından qorxduğu üçün narkotik vasitənin onun olduğunu qəbul etişdir. Onu polis əməkdaşları hazırki işdən sonra da bir dəfə tutub polis bölməsinə aparmaq istəyərkən yolda o, polis əməkdaşlarına yalvarmışdır ki, onu analizə aparsınlar, bölməyə aparmasınlar, onlar da onu analiz edib, təmiz çıxdığı üçün ondan üzr istəyib onu azad etmişlər. Sonda o, ailəsini fəhləliklə dolandırdığını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirişdir ki, 21 oktyabr 2023-cü il tarixdə 3-cü polis bölməsinə məlumat daxil olmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitə saxlayır. Polis sahə rəisi Şahid2la qeyd olunan ünvana getmişlər və Gəncə şəhər Humanitar Kollecin yaxınlığında saat təxminən 22:00 radələrində Təqsirləndirilən şəxs müəyyən edib, özlərini ona təqdim edib, onu Gəncə şəhər 3-cü polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində müdafiəçinin iştirakə ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fuad oğlu ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər BPİ-nin 3-cü PB-də sahə rəisi vəzifəsində işləyir. 2023-cü il oktyabr ayında xidmətdə olarkən əməliyyat məlumatı daxil olmuş, deyilən ünvana getmişlər. Gəncə şəhər Humanitar Kollecin yaxınlığına axşam saatlarında vətəndaş Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və onun üzərində narkotik vasitə olan heroin aşkar edilmişdir. Gəncə şəhəri ərazisində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X8 azad edilmişdir. - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər BPİnin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin sahə rəisi Şahid2 Fuad oğlunun, həmin bölmənin təhqiqatçısı, polis kapitanı X1 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq şübhəli şəxsə üzərində qanunsuz narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya ve predmetin olub-olmaması, varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq çiyin və sinə hissəsi sarımtıl rəngdə olan, göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kağız bükümü çıxararaq təqdim edir. Həmin büküm açılır və içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilir. 01 (bır) ədəd ağ rəngli kağız bükümündə kütlə elektron tərəzidə çəkilir və həmin bükümün çəkisinin 0,35 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütləni haradan əldə etməsi soruşulur və Təqsirləndirilən şəxs isə buna cavab olaraq bildirir ki, həmin kütləni xx.xx.2023-cü il tarixdə cü il tarixdə Gəncə şəhərində Xalça Kombiantının yanında yerdə olan siqaret qutusunun içərisindən tapmışdır. Bundan sonra sözügedən kütlə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 120 nömrəli möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1066 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində edilmiş, üzərində “....vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,163 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Heroin təmiz çəkisi – 0,163 qr. tədqiqata sərf edildi - 0,05 qr. qalıq 0.113 qr.). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü tarixli, 1785 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə heroindən asılılıq diaqnozu ilə qeydiyyatdadır. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaqları vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdə ilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa onun barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyini etiraf etmiş və ona qarşı hər hansı təzyiq olması barədə fikir bildirməmişdir. Əgər Təqsirləndirilən şəxs polis idarəsində hər hansı təzyiq olmuşdursa, onun tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin xeyli miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını və evə yegənə gəlir gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,113 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,113 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar