Məhkəmə qərarları › İş №1(125)-161/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-161/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-161/2025 18.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Gəncə Reginal Vəkil bürosunun vəkili X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun həmin iş üzrə zərərçəkmiş şəxs və xüsusi ittihamçı qismində tanınması, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və şərəf və ləyaqətini alçaltdığı, cəmiyyətdə qazandığı nüfuzuna xələl gətirdiyi üçün öz şəxsi sosial hesablarında üzrxahlıq videosunu və təzminat olaraq 5000 manat pulun verilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 23 mart 2025-ci il tarixində təqribən 23:30 radələrində “Tik-Tok” sosial şəbəkəsi üzərində canlı yayım açmış, X3 (X15 profili) canlı yayımına qoşularaq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müəllimlərin atestasiyası ilə bağlı olan müzakirəyə qoşulmuşdur. Orada şəxsi subyektiv fikirlərini bölüşərək, vətəndaş mövqeyini bildirərək “müəllimlərin həyacan keçirməməsini, özgüvəni, savadı olan müəllimlər zatən rahat imtahan verəcəyini, adi musiqi nəzəriyyəsinə, ixtisasına dair suallara cavab verməyən müəllimlər nə üçün kəsilməməlidir” fikirlərini səsləndirərək və ən önəmli canlı sahibinin biraz emosialarına hakim olmasını xahiş edərək bildirmişdir ki, emosianal çıxış heç bir məsələlərin həll yolu deyil. Bu ifadələrindən sonra canlı yayım sahibi Günay Məmmədova ona “imtahan prosesində qərəzlilik var, siz kimsiniz ki, gəlib mənim canlı yayımımda biz müəllimlərə ağıl öyrədirsiniz?” deyərək ona aid olan X12-Tok hesabını özü və ya təyin etdiyi moderatorlar tərəfindən bloka ataraq onun şərəf və ləyaqətinə yaraşmayan ifadələr işlətməyə başlamışdır. Canlı yayınında olan bir çox izləyiciləri də onu təhqir etməyə yönləndirmiş olmuşdur. O da təbii ki, hisslərinə hakim olaraq Azərbaycan qadını olduğu üçün yenidən canlı yayına qayıdaraq müzakirəni davam etdirməmişdir. Xanım canlı bitənə qədər onun haqqında “Mədəniyyət Nazirliyinin trolları, vicdansız şərəfsiz deyərək təhqir etməyə davam etmiş, xanım həmin canlının səhərisi günü təqribən 24 mart günorta 14:00 radələrində öz şəxsi hesabında (X15 profilində) video paylaşaraq onun adını çəkərək ona yaraşmayan təhqiramiz ifadələrlə onu aşağılamağa cəhd göstərmişdir və bundan sonra o, onun əlaqə nömrəsini taparaq bu məsələnin sivil yol ilə həll edilməsinə cəhd göstərmişdir. Dəfələrlə vurğulamışdır ki, “gəlin bir-birimizi dinləyək, fikirlərimizi sona qədər çatdıraq bir-birimizə” Çox təəssüf olsun ki, onlar bu məsələni telefon ilə də həll edə bilməmiş və yekun olaraq xanıma işi ilə əlaqədar olaraq Gəncə şəhərinə gələcəyini və bu məsələni üz-üzə müzakirə edəcəklərini təklif etmişdir. Təbii ki, xanım etirazını bildirməmiş ona axşam saat 9 da görüşməsi ilə bağlı vatsapp üzərindən ona səs göndərmişdir. Üstündən 10 dəqiqə keçməmiş Günay xanım fikirini dəyişərək ona yenidən səs göndərərək onu sabah səhər 10 da “Xan bağı” adlanan ərazidə gözləyəcəyini, işlərinin gec bitəcəyini deyərək səs göndərmiş və razılamışlar. Həmin gün xx.xx.2025-ci il tarixdə xanım axşam 23:00 radələrində öz şəxsi “Tik-Tok” hesabında yenidən canlı açaraq orada da yenə onu təhqir etməyə başlayır və izləyicilərinə səslənərək bildirir ki, “əziz Gəncəmin qeyrətli oğlanları, sizləri hər birinizi səhər 10:00 radələrində Xan bağına məni tək qoymamağa dəvət edirəm.Hər kəs telefonlarını götürüb Xan bağına gəlsin”. Sanki Gəncə xalqını, Gəncənin qeyrətli oğullarını təhqir etmiş kimi çıxmış və təbii ki, o görüşdən imtina edərək Günay Məmmədovaya səs yollayaraq ona bildirmişdir ki, o, bu məsələni sivil yol ilə həll olunmasına çalışsa da məsələni başqa istiqamətlərə apardığını, məhkəmədə görüşərik deyərək xanımın vatsapp nömrəsinə səs yollamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsini rəhbər tutaraq, X7 24 mart günorta 14:00 radələrində şəxsi “Tik -Tok” hesabında video paylaşaraq vurğulayır ki, “ Düma yazır ki, Qafqazda bir millət var, orda bir kişinin verdiyi söz avropanın 10 notariuslu sənədindən üstündür. Sən hardan biləsən ki ay Düma, bu gün 21-ci əsrdə Şəhriyar Musayev kimi dırnaqarası kişilərin, kişiciklərin sayı çoxalacaq. Mən onlara kişi demirəm onlara dırnaqarası kişi deyirəm. Və sənin kimi kişilər necə mənim canlımdan qaçdınız həyatda da mənim səsimdən belə lərzəyə gələrək qaçacaqsınız. Daha sonra çıxışında bildirir ki, mərd mərddir namərd namərddir. Namərd hər zaman mərdin adını səsləndirməklə özünü məşhurlaşdırmağa çalışar. Sizin kimi namərdlər xalqın, millətin düşmənidirlər.Yəni bu ifadəni səsləndirməklə bildirmək istəyib ki, mən namərd olaraq mərd Günay Məmmədovanın sayəsində məhşurlaşmağa böyük ehtiyacım varmış. El üçün, millət üçün gərəksiz bir insansınız, kişicik dəstəsisiniz kimi ifadələrlə, namərd deməklə onun şərəf və ləyaqətini dəfələrlə alçaldaraq KİV-də yayımlamışdır”. Daha sonra həmin gün təqribən axşam 20:27 radələrində öz “Tik-Tok” hesabında açdığı canlı yayımda öz izləyicilərinə səslənərək “Şəhriyar Musayev normal qadın və ya normal kişi gecə saat 03:00 da öz ailəsi ilə övladları ilə yatıb dincələr, məni müzakirə etməz”. Günay Məmmədova bu ifadəsi ilə də onun anormal olduğunu hesab etməklə də şəxsiyyətini və şərəf ləyaqətini alçaltmışdır. Həmçinin 27 mart səhər saat 10 radələrində Gəncə şəhəri “Xan Bağı” adlanan ərazidə şəxsi “Tik – Tok” hesabında açdığı canlı yayımda izləyicilərinə səslənərək bildirir ki, “baxın əziz izləyicilərim mən Xarı Bağındayam ancaq Şəhriyar Musayev gəlmədi. Mən onun birdaha dırnaqarası kişi, dırnaqarası kişicik olduğunu həm ona həm sizlərə sübut etdim. Gəncənin qeyrətli oğullarından və X14dan qorxdu. Bax belə qorxub qaçarsan.Qurban olaram millətimin qeyrətli oğlanlarına qızlarına.Qeyrətsizlər ər meydanında bax beləcə qaçar, kül olar. X6? X14 ər meydanından qorxmayan mərd xanım məhkəmədənmi qorxacam? Günahkar sən ola ola. Daha sonra vurğulayır ki, Xan bağı ər meydanıdır. Mən ər meydanında nər savaşına gəlməyimə baxmayaraq düzdür qarşı tərəf nər deyil. Günay Məmmədova açdığı canlı yayımlarda haqqımda Dırnaqarası kişi, dırnaqarası kişicik, qorxaq, qeyrətsiz ifadələri ilə bir daha təhqirə yol verməklə mənim şərəf və ləyaqtimi KİV də alçaltmışdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsini rəhbər tutaraq X7 27 mart səhər 10:00 radələrində Gəncə şəhəri “Xan bağı” ərazisində açdığı canlı yayımda izləyicilərinə səslənərək bildirir ki, “ bunlar (yəni mən Şəhriyar Musayev) öyrəşiblər görüşə gələndə sinəsi açıq, başı açıq qadınlarla kafelərdə restoranlarda görüşsünlər. Mən öz adımla söz demirəm səhifəmin adına bax utan, xalqın adı ilə sözümü deyirəm” cümlələrini işlətməklə sanki, xalq və Günay Məmmədova onu dəfələrlə sinəsi açıq qadınlarla restoranlarda əxlaqsız həyat tərzi sürən biri kimi görmüşlər. Cəmiyyətdə əxlaqsız həyat tərzini təbliğ edirlərmiş kimi, bir sözlə onu cəmiyyət üçün əxlaqsız həyat tərzi sürən bir insanı kimi izləyicilərinə təqdim edərək ona böhtan atmağa cəhd göstərmişdir. Beləliklə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148ci maddəsinin tələblərini pozmaqla KİV-də onun adını dəfələrlə canlı yayımlarında hallandıraraq, “Tik-tok” hesabında video paylaşaraq dırnaqarası kişi, kişicik, anormal, namərd, qeyrətsiz,qorxaq, əxlaqsız, el üçün millət üçün gərəksiz bir insan və sinəsi başı açıq qadınlarla kafelərdə, restoranlarda ətrafları ilə görüşdüyünü vurğulayaraq böhtan və təhqir maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsini əsas tutaraq, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin, ləyaqətin alçaldılmasına əsas verə bilməz. O, ixtisasca tanınmış kamança ifaçısı olaraq cəmiyyət içərisində nüfuz qazanmış, Azərbaycan Mədəniyyətini, musiqisini ölkə içərisində, ölkə hüdudlarından kənarda ABŞ, Braziliya, Yaponiya, Almaniya, Fransa, Macarıstan, Avstriya, Serbiya, Belgrad, Bosniya-Hersoqaviniya, Xorvatiya, Rusiya, Tatarıstan, Qazaxstan, Qırğızıstan və s. bir çox ölkələrdə layiqincə təmsil edərək dövlətə, cəmiyyətə hər zaman nümunəvi vətəndaş olmağı özünə deviz seçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc" edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada; Hesab edir ki, X7 onu təhqir edərək, şərəf və ləyaqətini alçaldaraq Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.X7 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onda olan video görüntülərdən görünür ki, onun ünvanına naiayiq ifadələr işlətmişdir. Məhkəmədən bir neçə gün öncə çəkilmiş video dəlilləri diskdə məhkəməyə təqdim etmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə Günay Məmmədovanın canlı yayımına qoşulduqdan sonra gecə 23:45 radələrində canlı yayım davam edə-edə onu durmadan təhqir etmiş, səhəri gün xx.xx.2025-ci il tarixdə günorta təqribən 14:00 radələrində xanım öz şəxsi hesabında video paylaşaraq onun ünvanına təhqiramiz ifadələr işlətməkdən çəkinməmiş, həmçinin xx.xx.2025-ci il səhər 10:00 radələrində Gəncə şəhərində “Xan bağı” adlanan ərazidə öz şəxsi hesabında canlı yayım açaraq dəfələrlə onun adını hallandıraraq şərəf və ləyaqətini alçaltmışdır. Azərbaycan Respublikası CPM-nin maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və şərəf və ləyaqətini alçaltdığı cəmiyyətdə qazandığı nüfuzuna xələl gətirdiyi üçün öz şəxsi sosial hesablarında üzrxahlıq videosunu və təzminat olaraq 5000 manat pulun verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 ifadə verərək xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə etdiyini və şikayətin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 onun barəsində verilmiş şikayətin əsassız olduğunu bildirərək, işin məhkəmə baxışına təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi X4 şikayətin əsassız olduğunu, eləcə də şikayət ərizəsinin düzgün tərtib olunmadığını, əvvəl verilmiş xüsusi ittiham qaydasında şikayətdən imtina olunmasına baxmayaraq şikayətin məzmununda abzasların yerinin dəyişdirildiyini bildirərək şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasının yoxlanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qanunvericiliyin qeyd edilən tələbi baxımdan qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs barəsində şikayət verilmiş şəxs Günay Məmmədovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Həmçinin şikayət ərizəsində şikayətçi tərəfindən təhqir olunduğunu düşündüyü sözlərin hansı tarixdə, harda qeyd edildiyi göstərilsədə Günay Məmmədova tərəfindən onun barəsində harda və nə vaxt hansı böhtan xarakterli məlumatların yayıldığı qeyd edilməmişdir. Bundan başqa şikayət tərtib olunarkən CPM-nin 293.3.1-ci maddəsinin tələbləriə də tam riayət olunmamışdır. Belə ki, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar tam olaraq yəni doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi göstərilməmişdir. Həmçinin şikayətçi şərəf və ləyaqətini alçaltdığı, cəmiyyətdə qazandığı nüfuzuna xələl gətirdiyi üçün öz şəxsi sosial hesablarında üzrxahlıq videosunu və təzminat olaraq 5000 manat pulun verilməsini xahiş etmişdir. Lakin, bununla bağlı ayrıca iddia ərizəsi tərtib olunmamış və iş üzrə iddiaçı kimi tanınması barədə məhkəmədən xahiş olunmamışdır. Həmçinin iddia tələbinə uyğun olaraq dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan hüquqa zidd əməllərdir. Beləliklə, iş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar