Məhkəmə qərarları › İş №1(125)-162/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-162/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-162/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,374 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib, üzərində saxlamaqla daşımış, 08 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Gəncə şəhər BPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 8,374 qram olan maddə, xaşxaş birtisindən kustar üsulla hazırlanmış, narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4.992 qram narkotik vasitə olan tiryəki, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 07 sentyabr 2023-cü il tarixdə 15:45 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr ədə etməkdə, üzərində daşıması, saxlaması və istifadəsində şübhəli bilinərək Gəncə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən Gəncə şəhəri 34 saylı orta məktəbin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan torbacıqda təmiz çəkisi 4,992 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 1 il müddətdir ki, bədənində olan ağrılarını sakitləşdirmək üçün narkotik vasitə olan tiryəkdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın yaxınlığında olarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd selofan bükümdə narkotik vasitə olan tiryək saxlamışdır. Orada gəzişən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmiş və o, 2-ci Polis şöbəsinə aparılmışdır. Bundan sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla dövriyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd selofan bükümdə narkotik vasitə tiryəki təqdim etmişdir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, 1-ci mikrorayon ərazisində gəzişərkən yaşadığı binanın yaxınlığında “Prima” markalı siqaret qutusunun içərisində yerdən tapmışdır. O, həmin siqaret qutusunun içərisində bir ədəd selofan bükümdə narkotik vasitə olan tiryək olduğunu gördükdən sonra həmin bükümü siqaret qutusunun içərisindən çıxarıb cibinə qoyub şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri 1-ci mikrorayonda yerləşən yaşadığı evin yaxınlığında gəzmişdir. Həmin vaxt yolun kənarında bir ədəd "Winston" siqaret qutusunun olduğunu görmüş və həmin qutu diqqətini cəlb etmişdir. O, həmin qutunu götürüb içərisinə baxmış, həmin vaxt qutunun içərisində bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm olduğunu görmüşdür. O, həmin vaxt bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. Sonra həmin narkotik vasitəni cibində özü istifadə etmək üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 34 saylı orta məktəbin yaxınlığında hərəkət edən zaman iki nəfər ona yaxınlaşaraq, özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirib, onu Polis şöbəsinə dəvət etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinə getmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqda video çəkiliş ilə müdafiəçinin iştirakı ilə xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm onun, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Onun üzərindən aşkar edilmiş tiryək ona məxsus olmuşdur və o, həmin kütləni xx.xx.2023-cü il tarixində o yaşadığ evin yaxınlığında gəzərkən "Winston" markalı siqaret qutusunun içərisindən tapmışdır. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış və bu barədə fikridə olmamışdır. O, narkotik vasitə istifadə etdiyi üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitə olan tiryəkdən istifadə etməmişdir. Sonda bildirdi ki, əməlindən peşmandır, himayəsində bir azyaşlı və xəstə övladı vardır, bir oğlu isə hərbi xidmətdədir, ailədə yeganə qazanc gətirən şəxdir. Qeyd etdiklərinin nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid – Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı bir münasibəti olmamışdır. 28 fevral 2023cü il tarixdə Gəncə şəhəri 1-ci mikrorayon, ev 1, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra Gəncə şəhər Baş polis idarəsinin 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri A.Səhhət adına xəstəxananın yaxınlığında olduğunu müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb, Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, Gəncə şəhər Baş polis idarəsinin 2-ci Polis şöbəsinə aparmışlar. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu və 1 ədəd sarı rəngli alışqanı, sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində tiryək olduğunu və xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından yolun kənarından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk baxış qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf selofan bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8,5 qram olduğu müəyyən edilmişdir. Həmin kibrit qutusu içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra zərfin üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə digər şahid - Gəncə şəhər Baş polis idarəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, həmin idarənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə digər şahid - Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı bir münasibəti olmamışdır. 07 sentyabr 2023-cü il tarixdə Gəncə şəhəri 1-ci mikrorayon, ev 1, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra Gəncə şəhər Baş polis idarəsinin 2-ci Polis şöbəsinin CAB-nin kiçik əməliyyat müvəkkili Şahid4 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 sentyabr 2023-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri 34 saylı orta məktəbin yaxınlığında saxlayaraq, Gəncə şəhər Baş polis idarəsinin 2-ci Polis şöbəsinə aparmışlar. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd şəffaf selofan bükümünü təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində cins şalvarın sol ön cibindən 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk baxış qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəfaf sellofan bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 5,24 qram olduğu müəyyən edilmişdir. Həmin selofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə digər şahid - Gəncə şəhər Baş Polis İdarəsinin CAB-nin kiçik əməliyyat müvəkkili Şahid4, həmin idarənin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən içərisində 1 ədəd siqaret olan bir ədəd “Prima” markalı siqaret qutusu və bir ədəd şəffaf-sarı rəngli alışqan, bundan başqa Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan torbacıq bükümü, həmin bükümün içərisindən isə qəhvəyi rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə “tiryəkə” oxşar kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “tiryək” olduğunu, onu xx.xx.2023-cü il tarixində, Gəncə şəhəri 1-ci mikrorayonda yerləşən yaşadığı evin yaxınlığında yolun kənarından tapdığını bildirmişdir. Həmin kütlə bükülü ilə birlikdə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,5 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2023-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 8,374 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Ekspertiza tədqiqatına həmin maddənin 0,1 qramı sərf edildikdən sonra, 8,274 qram qalmışdır. “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sol ön cibindən içərisində 1 neçə ədəd kibrit olan bir ədəd kibrit qutusu aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan torbacıq bükümü, həmin bükümün içərisindən isə qəhvəyi rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə “tiryəkə” oxşar kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “tiryək” olduğunu, onu xx.xx.2023-cü il tarixində, Gəncə şəhəri 1-ci mikrorayonda yerləşən yaşadığı evin yaxınlığında yolun kənarında olan “Winston” siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. Həmin kütlə bükülü ilə birlikdə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5,24 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/885 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2023-cü il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd sellofan torbacıqda təmiz çəkisi 4,992 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Ekspertiza tədqiqatına həmin maddənin 0,1 qramı sərf edildikdən sonra, 4,892 qram qalmışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdəki tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatına 4,892 qram maddənin 0,02 qramı sərf edildikdən sonra, 4,872 qram, 8,274 qram maddənin 0,02 qramı sərf edildikdən sonra, 8,254 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Gəncə şəhər Baş polis idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli, 4278 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 1098 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 8,254 və 4,872 qram tiryək və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 02 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, X2 azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilərək, X2 azad edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü X3 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində daşıyaraq saxladığı tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində azyaşlı uşağının olmağı, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları mövcuddur, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə olunmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halın olduğu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, qəti cəza təyin edilməlidir, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş polis idarəsində saxlanılan 4, 872 qram və 8,254 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 97,20 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, cəmi 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş polis idarəsində saxlanılan qalıq çəkisi 4,872 qram və 8,254 qram olan narkotik vasitə - tiryək məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 97,20 manat (doxsan yeddi manat iyirmi qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar