Məhkəmə qərarları › İş №1(125)-162/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-162/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-162/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Mübariz oğlunun iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 6-cı küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ictimai yer olan Gəncə şəhəri, Məmmədqasım Əliyev küçəsində yerləşən “Billur” kafenin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, uca səslə qışqıraraq nalayiq söyüşlər söyüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək barəsində nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs Məhəmməd oğlunu özü ilə gətirdiyi yarı hissəsi kəsilmiş bilyard daşı ilə sonuncunun üz nahiyəsindən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən iki dişin travmatik itirilməsi və sağ yanağın selikli qişasına qansızma ilə müşaiət olunan sağ göz, sağ yanaq-almaçıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ictimai yer olan Gəncə şəhəri, Məmmədqasım Əliyev küçəsində yerləşən “Billur” kafenin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, uca səslə qışqıraraq nalayiq söyüşlər söyüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək barəsində nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs Məhəmməd oğlunun üz nahiyəsindən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən iki dişin travmatik itirilməsi və sağ yanağın selikli qişasına qansızma ilə müşaiət olunan sağ göz, sağ yanaq-almaçıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, qonşuluqda yaşayan Vüqar adlı şəxslə rastlaşmış və həmin vaxt Vüqar Daşkəsən rayonunun Əmirvar kəndinə getməyi təklif etdikdə onunla razılaşaraq Daşkəsən rayonuna getmişlər. Orada yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra Vüqar hesabı ödəmişdir. O, hər ikisini içkili olmasını nəzərə alıb Gəncə şəhərinə qayıtmaq üçün tanışı ayıq sürücü Fizuliyə zəng etmişdir ki, onları Gəncə şəhərinə aparsın. Daha sonra Fizuli onları Gəncə şəhərində yerləşən kafeyə gətirmişdir. Bundan sonra onlar kafedə pivə içməyə başlamışlar. Bir qədər sonra Vüqar onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o, əsəbləşərək bir dəfə yumruqla Vüqarı vurmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Daşkəsən rayonu, Əmirvar kəndində içmək üçün 1,7 litr spirtli içki aldıqlarını, söyüşlə danışdığı üçün Vüqarı vurduğunu, həmin vaxt kafedə olarkən Vüqar telefonla danışan zaman ona “kimə söyüş söyürsən?” deyə sual verdikdə, Vüqar cavabında “sənə söyürəm” demişdir. O, hadisənin 10-15 dəqiqə davam etdiyini, Vüqarı yumruqla vurduqdan sonra 2 nəfər və kafenin sahibinin gəldiyini onlardan niyə dalaşdıqlarının səbəbini soruşduğunu bildirmişdir. Bildirir ki, əlində heçnə olmadığı halda bilyard daşı ilə Vüqarı vurması və həmçinin guya Vüqara məxsus 770 manat məbləği götürməsi ittiham aktında əsassız yazılmışdır. Əslində isə belə bir hal olmamışdır. Vüqarla əvvəllər 2-3 dəfə oturub yeyib içmişlər, aralarında heç bir münaqişə olmamış, əksinə mehriban olmuşlar, hadisə günü isə Vüqar içkili olduğundan onu söymüşdür. O, özünü CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqındaxx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 23 iyul 2024-cü ildə qonşuluqda yaşayan Yusif ilə rastlaşmış, həmin vaxt Yusif Laçın şəhərindən gəldiyini və qonaqlıq verməsini istədikdə onunla razılaşmış, ertəsi gün Yusif ilə birlikdə Daşkəsən rayonu, Əmirvar kəndinə getdikdə Yusifin avtomobilinə 40 manatlıq benzin vurmuşlar, 160 manatlıq ərzaq almışlar, daha sonra isə yolda Yusifin avtomobilinə 20 manatlıq benzin vurmuşdur. Qeyd edir ki, hadisə baş verən günü az içmiş, sərxoş olmamışdır. Vüqarla aralarında dava-dalaş zamanı Vüqar onu vurmuş və 770 manat pulunu götürmüşdür. Dövlət ittihamçısının suallarına cavab olaraq Yusifin bilyard daşı ilə onu vurduğunu, söyüş söymədiyini və sürücü Füzulini görmədiyini bildirmişdir. Müdafiəçinin suallarına cavab olaraq Vüqarın əlində sarı rəngli bilyard daşının olduğunu, əvvəllər də Vüqarın avtomobilində 1 ədəd dəyənək (dubinka) və bilyard daşını gördüyünü bildirmişdir. Növbəti məhkəmə iclaslarında o, Təqsirləndirilən şəxs əlində hər hansı əşyanın olub olmamasını xatırlamadığı qeyd edərək sonuncu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək onun barəsində cəza təyin edilməməsi xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində hər ikisini tanıdığını, onlarla bir qəsəbədə qaldıqlarını, zəng edilərək onları ayıq sürücü kimi gətirməsini bildirdikdə taksi ilə Daşkəsən rayonuna gedib onları öz maşınları ilə gətirdiyini, hadisəni görmədiyini və aralarında narazılığın olduğunu sonradan bilmişdir. Maşında ikisindən başqa heç kim olmamış, onları küçənin başında saxlayıb düşürtmüş, avtomobilin açarı isə özündə qalmışdır. O, daha sonra çayçıdakı şəxslərdən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqlarını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Daşkəsən rayonunda kafe işlədir və həmin kafeyə xx.xx.2024-cü ildə Gəncə şəhərində onunla qonşuluqda yaşayan Vüqar və Yusif gəlmiş, onlar birlikdə yemək yeyib spsirtli içki qəbul etmişlər. Dövlət ittihamçısının suallarına cavab olaraq onlarla 2 dəfə içdiyini, Yusifin sərxoş olmadığını, Vüqarın isə sərxoş olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Yusif ayıq sürücü çağırmış və daha sonra Yusiflə Vüqar kafedən çıxıb getmişlər. O, kafedə olan zaman Yusiflə Vüqarın arasında hər hansı mübahisənin olmadığını, daha sonra isə onların Gəncə şəhərində dalaşdıqlarını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi avtovağzalda işləyən taksi sürücüsü kimi tanıyır, onunla 2-3 dəfə Gədəbəy rayonuna gedib gəlmiş, yaşadığı əraziyə yaxın yerdə yaşayır, 3-4 ilə yaxındır ki, Sevinc qəsəbəsində yaşayır, onunla ədavəti, düşmənçiliyi və yaxın münasibəti olmamışdır. Sədrlik edən suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı onların yanına getdikdə Vüqarın ona qarşı nalayiq ifadələr işlədiyini və bu zaman Yusifin onu vurduğunu gördükdə sonuncunu tutub kənara çəkmiş, hadisə çayçı ilə “Azpetrol”-un arasında olan yerdə baş vermiş və onları tanıdığına görə yaxınlaşmış, həmin vaxtdan təxminən 3-4 dəqiqə sonra polislər hadisə yerinə gəlib aparmışlar. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, kafe işlətmir, sadəcə axşamüstü hava sərin olduğundan ora çay içmək üçün getmişdir. O, mübahisə zamanı Yusifin əlində hər hansı alətin və ya predmetin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i. v.1); - xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri, Məmmədqasım Əliyev küçəsində yerləşən “Billur” kafenin yan tərəfində Təqsirləndirilən şəxs tərəfindən əl və yumruq zərbələrin vurulduğu yeri göstərmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.24-26); - xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokollarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Şahid3, Şahid1 və Şahid2 ilə aralarında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir (i.v.31, 56-61); - Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli, 1081 saylı rəyinə əsasən vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - iki dişin travmatik itirilməsi və sağ yanağın selikli qişasının qansızma ilə müşaiət onunan sağ göz, sağ yanaq-almacıq nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sağ dirsək nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (i.v.47); - xx.xx.2024-cü il tarixli “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v.72); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.75); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Tağıyev X2 Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir (i.v.43); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir (i.v.107-109); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.110); - Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(096)-53/2008 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu Azərbaycan Respublikası CMnin 331.3 maddəsi ilə təqsirli bilinmiş, lakin barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq o, Cinayət Qanununun 44-cü maddəsinə əsasən 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (i.v.117-119); - Zərərçəkmiş şəxs - xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə razılığa gəlmiş , ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, odur ki, ona qarşı heç bir şikyət və tələbi yoxdur (i.v.121); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4596 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (i.v.123); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4518 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur(i.v.124); - xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının Məhsəti QİƏD üzrə nümayəndəliyinə heç bir müraciət daxil olmamışdır(i.v.130); - Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 52/119/08 nömrəli məktubundan görünür ki, “Novruz Bayramı münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Tağıyev X3 Hərbi Məhkəməsinin 1(096)-53/2008 saylı, xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş 300 manat cərimə cəzasından azad edilmişdir (i.v.131); - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən, zərəçəkmiş və şahid ifadələri, məhkəmə - tibbi ekspertinin rəyi və digər istintaq sənədləri iş üzrə maddi sübutlar kimi qəbul edilmişdir(i.v.148-158); - xx.xx.2025-ci il tarixli İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ittiham aktının təsdiq edilmədən əlavə ibtidi istintaq aparılması üçün qaytarılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilmədənibtidai istintaın aparılması üçün Gəncə stansiyasında X6 İTQ-na qaytarılmışdır (i.v.179-181); - xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir (i.v.182); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, DYNPİ-si Gəncə stansiyasında X6 İTQ-da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 08 fevral 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək uzadılması barədə qərar qəbul edilmişdir (i.v.194); - Gəncə şəhər Məhkəməsinin 5(125)-142/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs telefon məlumatlarının ələ keçirilməsi barədə qərar qəbul edilmişdir (i.v.197); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.221); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Gəncə stansiyasında X6 İTQ-da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 7 ayadək, yəni 08 aprel 2025-ci il tarixdən 08 iyun 2025-ci il tarixədək uzadılması barədə qərar qəbul edilmişdir (i.v.235); - xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı diskdə 3 ədəd faylın olduğu müəyyən edilmiş, belə ki, birinci faylda “+**********37” saylı mobil nömrə istifadəçisinə daxil olan zənglərin və anten məlumatlarının olması, “+**********21” saylı mobil nömrə istifadəçisnin xx.xx.2024-cü il tarixdə saat 06:51 radələrində “+**********37” saylı mobil nömrə istifadəçisinə zəng etdiyini və bundan sonra həmin gün saat 08:19 radələrinədək telefon danışığı etmələri və həmin zaman “+**********37” saylı mobil nömrə istifadəçisinin “Gəncə şəhəri, Şəmkir şossesi 01, Gəncə 2 saylı Regional Asan Xidmət Mərkəzi yaxınlığı” anten dairəsinin əhatəsində olması, bundan başqa həmin tarixdə “+**********37” saylı mobil nömrə istifadəçisinin saat 13:55 radələrində “+**********01” saylı mobil nömrə istifadəsiçisi ilə mütəmadi olaraq danışması və danışıqlar zamanı “+**********37” saylı mobil nömrə istifadəçisinin “Daşkəsən rayonu , Əmirvar kəndi” anten dairəsinin əhatəsində, saat 15:13 radələrində danışan zaman “Daşkəsən rayonu, Qabaqtepe kəndi/Dashkasan” anten dairəsinin əhatəsində, saat 15:13 və 15:22 radələrində danışan zaman isə “Daşkəsən rayonu,Yuxari Daşkəsən kəndi/Dashkasan/” anten dairəsinin əhatəsində saat 16:38 radələrindən sonra isə “Gəncə şəhəri, Şəmkir şossesi 01, Gəncə 2 saylı Regional Asan Xidmət Mərkəzi yaxınlığı/Ganja/” anten dairəsinin əhatəsində olması müəyyən edilmişdir. Bundan başqa “+**********37” saylı mobil nömrə istifadəçisinin 16:38 radələrindən saat 17:22 radələrinədək “Gəncə şəhəri, Şəmkir şossesi 01, Gəncə 2 saylı Regional Asan Xidmət Mərkəzi yaxınlığı/Ganja/” anten dairəsinin əhatəsində olması müəyyən edilmişdir. İkinci faylda “+**********37” saylı mobil nömrənin SMS mətnlərinin olduğu, üçüncü faylda isə zənglərin məxsusluq tarixçələrinin olduğu müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir (i.v.241); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, “+**********37” saylı mobil nömrəyə dair məlumatları özündə əks etdirən 1 ədəd DVD disk, iş üzrə təqsirləndirilən, zərəçəkmiş və şahid ifadələri, məhkəmə - tibbi ekspertinin rəyi və digər istintaq sənədləri iş üzrə maddi sübutlar kimi qəbul edilmişdir(i.v.243-254); - xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Mübariz oğlu ilə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan hissə düzgün tövsif edilməmiş, həmin hissədə onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu cinayəti xuliqanlıq niyyəti ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır: Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, Zərərçəkmiş şəxs Məhəmməd oğlunun nalayiq ifadələr işlətməsini bəhanə edərək yarı hissəsi kəsilmiş bilyard daşı ilə sonuncunu vuraraq sağlamlığına “Yüngül” zərər vurmuşdur. Lakin zərərməkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində olan yarı hissəsi kəsilmiş bilyard daşı ilə onu üz nahiyəsindən vurmasını bildirsə də, məhkəmə istintaqı zamanı o, Təqsirləndirilən şəxs əlində bilyard daşının olmasını xatırlamadığını qeyd etmişdir. Həmçinin bu faktı məhkəmə iclasında dindirilmiş mübahisəni görən yeganə Şahid1 da təsdiq edərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan dava-dalaş zamanı sonuncunun əlində hər hansı əşyanın olmasını görməmişdir. Həmçinin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə törətməsini ittiham aktında qeyd etsə də, ibtidai istintaq orqanı bu hala formal yanaşaraq bununla bağlı hər hansı bir araşdırma aparmamış, cinayətin törədilməsində silah qismində istifadə olunan sözügedən əşyanın (yarı kəsilmiş bilyard daşı) barəsində heç bir araşdırma aparılmadan sadəcə zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hadisəni görən yeganə şahid qismində Şahid1 Gəncə şəhərində Yeni Gəncə qəsəbəsində yerləşən kafedə T.Yusif və Zərərçəkmiş şəxs arasında olan mübahisə və davanın olduğunu gördüyünü bildirsə də, o, Təqsirləndirilən şəxs əlində hər hansı predmetin olmadığını qeyd etmişdir. Lakin ibtidai istintaq orqanı bu hallara qiymət verməyərək Təqsirləndirilən şəxs qarşı düzgün olmayaraq CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Beləliklə məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə ictimai yerdə təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri nəticəsində yaranmış dava zamanı baş verməsi sübut olunsa da, sonuncunun heç bir sübut olmadan bilyard daşı ilə zərərçəkmiş şəxsə xəsarət yetirməməsi qənaətinə gəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, “...Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiyməyləndirilə bilər”. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq edərək mübahisə və dalaşma zamanı Zərərçəkmiş şəxs vurub sağlamlığına “Yüngül” zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin ictimai yer hesab olunan kafedə təqsirləndirilən şəxslə zərərçəkmişin arasında mübahisə və dalaşma zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs sağlamlığa yüngül zərər vurma cinayətini kifayət qədər sübut olmadan təqsirləndirilən şəxsin yarı hissəsi kəsilmiş bilyard daşı ilə zərərçəkmiş şəxsə xəsarət yetirdiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2 və 3-cü bəndlərində qeyd edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ictimai yer olan Gəncə şəhəri, Məmmədqasım Əliyev küçəsində yerləşən “Billur” kafenin yaxınlığında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, uca səslə qışqıraraq nalayiq söyüşlər söyüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək barəsində nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs Məhəmməd oğlunun üz nahiyəsindən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən iki dişin travmatik itirilməsi və sağ yanağın selikli qişasına qansızma ilə müşaiət olunan sağ göz, sağ yanaq-almaçıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ dirsək nahiyəsinin sıyrığı xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Beləliklə də, törədilmiş cinayət əməlinin tərəflər arasında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub sağlamlığına yüngül zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yarı hissəsi kəsilmiş bilyard daşı ilə vurması sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 19.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi Təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 440 (dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar