Məhkəmə qərarları › İş №1(125)-163/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-163/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-163/2022 13.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,354 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Mahrasa Bağı “Şəms” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,354 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki aya yaxındır ki, narkotik vasitə olan heroini və aludəçilər arasında “kakos” kimi tanınan narkotik maddəni qəbul edir. 2022-il may ayının əvvəllərində Məhrəsə adlanan yerdə gəzərkən yerdə falqaya bükülmüş əsya onun diqqətini cəlb etmişdir. Onu yerdən götürəndə narkotik vasitə olmasını aşkar etmişdir. Özü istifadəçi olduğundan onu çəkmək məqsədilə üzərində saxlamışdır. 14 may 2022-ci il tarixdə saat təxminən 10 radələrində Gəncə şəhəri Məhrəsə Bağı «Şəms» şadlıq sarayının yaxınlığında piyada gedən zaman polis əməkdaşları onu saxlamışlar və özlərini təqdim edib Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət etmişlər, o da tabe olub bölməyə getmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sağ cibində siqaret falqasının içərisində olan bükümdə saxladığı kütlə narkotik vasitə olan heroin aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Əlavə olaraq bildirdi ki, həmin narkotik maddəni öz istifadəsi üçün saxlamış, heroin və ya digər narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və belə bir fikri olmamışdır. Tapdığı narkotik maddədən az miqdarda istifadə etmişdir. Törətdiyi əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2012-cı ildən daxili işlər orqanlarında xidmət edir. 2022-ci ildən isə Gəncə şəhər BPİ-nin 3-cü polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilərək xidmətini davam etdirir. xx.xx.2022-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Mahrasa Bağı “Şəms” şadlıq sarayının yaxınlığında onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-cü PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs razılaşaraq bölməyə gəlmiş, bölmənin inzibati binasında dövlət tərəfindən təyin edilmiş vəkil Müdafiəçi iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngdə siqaret falqasına bükülmüş bükümü təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra təqdim etdiyi 1 ədəd siqaret falqasına bükülmüş büküm onların iştirakı ilə baxış keçirilmiş və 1 ədəd siqaret falqasının içərisindən qəhvəyi rəngli, toz halında ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd siqaret faqlası ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin gümüşü rəngli siqaret ilə birlikdə ümumi çəkisi 0.65 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütləni tutulmamışdan 5 gün əvvəl Gəncə şəhəri Mahrasa Bağında yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Narkotik vasitə qanunamüvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi yaxud ədavəti olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 may 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş 1 ədəd büküm aşkar edilmiş, onun içərisindən isə ümumi çəkisi siqaret falqası ilə birlikdə 0,65 (sıfır tam yüzdə altmış beş) qram olan qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə “heroin”-ə oxşar kütlə, aşkar edilməklə zərfdə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-nin 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “heroin”-ə oxşar kütlənin təxminən 5 gün əvvəl Məhrəsə Bağında olarkən yerdən tapdığını və şəxsi istifadəsi üçün öz üzərində saxladığını, bir qismini özü üçün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 5 (beş) manat pul, 1 ədəd Vinston siqaret qutusu və 1 alışqan aşkar olunmuş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə iclasında baxış keçirilmiş və iş materiallarında olan 1 ədəd DVD diskə yazılmış videodan görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin CAÜ əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin CAÜ əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri əvvəl izah edildiyi bildirilir, daha sonra Müdafiəçi və Təqsirləndirilən şəxs hüquq və vəzifələrə dair bildiriş vərəqəsinə imza edirlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli falqanı, sağ yan cibindən isə içərisində iki ədəd siqaretlər və 1 ədəd alışqan olan “Winston” markalı siqaret qutusunu və 5 ədəd 1 manatlıq pul əsginzalarını təqdim edir.Daha sonra Gəncə şəhər BPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzov tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs sağ yan cibindən aşkar edilmiş həmin falqanın içərisindəkinin nə olduğu soruşulur və Təqsirləndirilən şəxs buna cavab olaraq narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulur, cavab olaraq Təqsirləndirilən şəxs həmin kütləni təxminən 5 gün bundan əvvəl Gəncə şəhəri Mahrasa Bağında yerdən tapdığını bildirir. Üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni istifadə etmək üçün üzərində saxladığını, heç kəsə satmadığını və pay vermədiyini bildirir. Başqa yerdə narkotik vasitə saxlamadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona heç bir fiziki, psixi təsir edilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd falqanın içərisinə baxış keçirilir və ilk baxışdan kəskin iyili narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd falqanın içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin falqa ilə birgə ümumilikdə çəkisinin 0,65 qram olması müəyyən edilir. Daha sonra Müdafiəçi ona üzərindən aşkar edilmiş narkotik vasitənin həqiqətən ona məxsus olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs suala cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsusdur və ona heçbir psixi və fiziki təsir edilmədiyini bildirir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və Azərbaycan Respublikası DİN-in 182 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 may 2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli 16/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar 0,65 qram çəkidə olan kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,354 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2022-ci il tarixli 1086 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 22 may 2022-ci il tarixli 2366 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2020-ci ildən Opioidlərdən aslılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 may 2022-ci il tarixli 3350 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Naqatinsk Rayon Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 25 may 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,304 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və Gəncə şəhər BPİ-nin məsul saxlanma verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkiliş olan bir ədəd “DVD” diskin maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tətqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 31/17 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material məhkəmənin icraatında olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Bu baxımdan, hazırki iş üzrə təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmü ilə müəyyən edilmiş 25 may 2022-ci il tarixdən hesablanmalıdır. Şəxsin hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin ediləcək cəzanın müddətindən çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən və qeyd edilən qanunvericilik aktı normalarını rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmü təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)- 55/2022 saylı hökmü ilə müəyyən edilmiş 25 may 2022-ci il tarixdən hesablanmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2022-ci il tarixli 1086 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19- cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış çəkisi 0,304 qram narkotik vasitə heroin məhv edilməli, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə istintaqı zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(043)-55/2022 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış çəkisi 0,304 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar