Məhkəmə qərarları › İş №1(125)-163/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-163/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-163/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1994-cü ildə Goranboy rayonu, Kazımağalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxana ərazisində fərdi yaşayış evində məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 20 avqust 2022-ci il tarixdə saat 23 radələrində ictimai yer olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxana ərazisindəki kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, tanışı Zərərçəkmiş şəxs ilə həmin kafedə domino oynayarkən aralarında yaranmış mübahisələrini davam etdirmək üçün Zərərçəkmiş şəxs həmin vaxt kafedən çölə çağıraraq, kafenin qarşısında əsaslı səbəb olmadan kafedə və ətrafda olan şəxslərə məhəl qoymadan, nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xuliqanlıq etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs qəsdən yumruqla vurub, sol almacıq və əng sümüklərinin qapalı, yerdəyişmiş sınığı və baş beyin silkələnməsi ilə müşayiət olunan, sol yanaq-almacıq nahiyyəsinin yumşaq toxumlarının əzilməsi, hematoması ilə nəticələnən, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Əsl adı Nəbi olsada, hamı onu Tuncay adı ilə çağırır. Zərərçəkmiş şəxs təxminən 2000-ci ildən tanıyır və onunla yaxın dost münasibətləri olmuşdur. Təxminən iki ay olar ki, Anar ilə aralarında soyuq münasibət yaranmışdır. Belə ki, Anarla görüşəndə heç bir səbəb olmadan Anar ona söz ataraq ona ilişmiş, lakin o Anara fikir verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığındakı “Qərargah” deyilən yerin yaxınlığında olan adı olmayan kafedə çay içməyə getmişdir. Kafeyə daxil olan zaman Anarın orada olduğunu görmüş və onunla görüşərək qərara gəlmişlər ki, pul ilə domino oynasınlar. Onların hər ikisi kafedə yan stolda oturmuş həmçinin, kafedə digər tanımadığı şəxslərdə olmuşdur. Onlar oynayarkən gah Anar, gah da o udaraq demək olar ki, oyunu bərabər bitirmişlər. Anar ona demişdir ki, “Sən düzgün domino oynamırsan və məni aldadırsan” cavabında isə o, Anara “Ayıbdır bu nədir ki, mən səni aldadım axı biz birbirimizi 22 ildir ki, tanıyırıq və mənə yaraşmaz ki, səni aldadım”. Bu sözdən sonra Anar ona demişdir ki, “Dur cəhənnəm ol buradan” o isə bu sözdən əsəbləşərək bir neçə dəfə Anara demişdir ki, “Özünü yığışdır”. Lakin Anar ona “Mən səninlə sonra söhbət edəcəm” demişdir. Bundan sonra özü kafedən çölə çıxaraq Anara da çölə çıxmasını bildirmiş və kafenin sol tərəfinə getmiş, bu zaman yanlarında heç kəs olmamışdır. Orada Anara demişdir ki “Sən mənimlə nə söhbət edəcəksən?” cavabında Anar ona demişdir ki, “Sən kimsən ki, mənə nə edəsən?”. O əsəbləşərək bir dəfə Anarın sol almacıq sümüyünə zərbə vurmuş, Anar yerə yıxılmamış ona qarşı nalayiq ifadələr işlətmiş daha sonra çıxıb evlərinə getmişdir. Bundan sonra o Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət edilmiş və orada izahat vermişdir. Hadisədən sonra kafenin işçiləri çölə çıxdıqda o artıq çıxıb getmişdir. O, Anara zərbə vurduqdan sonra adamlar çıxmış və hadisə 2-3 dəqiqə zaman kəsiyində baş vermişdir. Kafenin içərisində onlar ancaq mübahisə etmişlər. O, Anarı vurduqdan sonra Anar ona qarşı söyüş söysədə zor tətbiq etməmişdir. Hadisə zamanı o spirtli içki qəbul etməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşamaqla Gəncə şəhərində ADAU-də mühafizəçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında, Gülüstan qəsəbəsindəki “Qərargah” deyilən yerin yanındakı adı olmayan kafeyə çay içməyə getmişdir. O, kafedə çay sifariş etmişdir. Aradan bir neçə dəqiqə keçmiş tanışı Nəbi də tək kafeyə gəlmişdir. Nəbi onun stoluna gəlmiş və onun yanında oturmuşdur. Onlar qərara gəlmişlər ki, çayın pulundan domino oynasınlar. Oyun zamanı Nəbi uduzmuşdur. Lakin Nəbi çayın pulunu vermək istəməmişdir. Buna görə aralarında mübahisə yaranmış, o, Nəbiyə “Eybi yox mən çayın pulunu verərəm” deyib çay pulu olaraq 1 manat pul ödəmişdir. O, Nəbiyə irad bildirib söyləmişdir ki, “Pulun yoxdursa onda niyə razılaşırdın və çay içməyə gəlmisən?, bir daha səninlə oturmayacam”. Onlar bir-birinə qarşı nalayiq ifadələr işlətməmiş, amma Nəbi ona demişdir ki, “Sən kimsən mənə qadağa qoyasan?. O da cavabında demişdir ki, “Mən sənə qadağa qoymuram, sadəcə olaraq deyirəm ki, səninlə oturub bir də domino oynamayacam”. Nəbi isə əsəbləşmiş və ona demişdir ki, “Mənə niyə sifətini turşudursan sən kimsən ki, oynamayasan?”. Bundan sonra Nəbi ona demişdir ki, “Çölə çıx səni başa salacam sən kimsən ki, mənə qadağa qoyasanki çayxanaya gəlib gəlməməklə bağlı?”. Nəbi kafedən çıxmış, o bir az gözləmişdir ki, Nəbi çıxıb getsin. Aradan 2 dəqiqə keçmiş kafedən çıxmışdır ki, evlərinə getsin, kafedən çıxıb kafenin sol tərəfinə keçmək istəyəndə görmüşdür ki, Nəbi orada durub və ani vaxtda yumruğu ilə onun sifətinin sol tərəfinə almacıq sümüyünə zərbə vurmuş, zərbə çox ağır olmuş, o sifətini tutub başını aşağı əymişdir. Nəbi ona demişdir ki, “Görürsən adamı nə günə salırlar?”. Nəbi ondan aralanıb təxminən 5-10 metr aralıda dayanmışdır. Onun ətrafına xeyli sayda adamlar yığılmış, onlardan tanıdığı kafeni işlədən Nəsimi, taksi sürücüsü Qaqaş ləqəbli adını bilmədiyi Opel markalı maşını olan şəxs və digər tanımadığı şəxslər yığılmışdır. Onun telefonu və əlində olan pul qabı yerə düşmüş, Qaqaş onları götürüb ona vermişdir. Sonra o bərk ağrı hiss etdiyindən qardaşı, Turala zəng etmiş, o tez gəlmiş, onu xəstəxanaya aparmışdır. Onda sol almacıq və əng sümüklərində qapalı sınıq, beyin silkələnməsi olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus Opel markalı avto maşını ilə taksi kimi fəaliyyət göstərir. Onu hamı “Qaqaş” ləqəbi ilə tanıyır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxana ərazisindəki Nəsimi adlı şəxsin işlətdiyi çayxanada oturub çay içən zaman çayxanada digər stolda tanıdığı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oturub domino oynamışlar. Sonra görmüşdür ki, onlar çayxanadan çölə çıxdılar. Aradan 1-2 dəqiqə keçmiş səs eşitmiş, çayxananın sol tərəfinə çölə çıxanda görümüşdür ki, Nəbi 5-10 metr aralıda durub, Anar da yerdə yanı üstə oturub. O, Anara yaxınlaşanda görmüşdür ki, o halsız vəziyyətdədir, onun yanında telefonu və pul qabı düşüb. O, telefonu və pul qabını Anara vermiş, ondan soruşmuşdur ki, “Sənə nə olub?”. Anar da ona demişdir ki, halım pisdir danışa bilmirəm. O, Anarı yerdən qaldırıb, əl-üzünü çayxanada yumuş, sonra öz avtomaşınına mindirmiş və Anardan qardaşı Turalın telefon nömrəsini alıb, Turala zəng etmiş, Tural da gəlmiş və Anarı aparmışdır. Sonradan bilmişdir ki, Anarla Nəbi mübahisə edib, Nəbi yumruqla Anarın sifətinə vuraraq ona xəsarət yetirmişdir. Onların çayxananın daxilində mübahisə etdiklərini görməmişdir. Anarın çayxanadan çöldə səsini eşidib çölə çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri,Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxana ərazisində “Qərargah” deyilən yerdə icarə əsasında çay evi işlədir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlar mütəmadi olaraq onun işlətdiyi çayxanaya gəlirlər. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Anar və Nəbi çayxananın içərisində zalda oturub domino oynamış və çay içmişlər. Sonda çay pulunu Anar vermişdir. Onlar çayxanadan çıxandan 1-2 dəqiqə sonra görmüşdür ki, çayxanada oturan müştərilər hamısı çölə çıxmışlar. O da onların arxasınca çölə çıxanda görmüşdür ki, adamlar Anarın başına toplaşmış və Nəbi kənarda dayanmışdır. Soruşanda ki, nə baş verib? ona demişlər ki, Nəbi Anarı döymüşdür. Sonra “Qaqaş” ləqəbli Arzuman çayxananın krantında Anarın əl-üzünü yumuş, Anarın qardaşı Tural gəlib onu aparmışdır. O, çayxanada olanda müştərilər oturmuş, bu zaman çöldən səs-küy gəlmiş və müştərilər çölə çıxanda o da çıxmışdır. Hadisədən sonra Anarın ətrafına adamlar toplaşmışdır. Məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Kəlbəcər rayon mərkəzi xəstəxanasında feldşer vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs da köhnə qonşu kimi tanımışdır. 04 avqust 2022-ci il tarixdə saat təxminən 23 radələrində qardaşı Anar ona zəng etmişdir ki, Gəncə şəhəri, ADAU-nin yataqxana ərazisindəki qərargah kafesinin yanındadır, sifəti dağılıb, tez özünü çatdırsın. O, həmin vaxt şəhər ərazisində olmuş, dərhal həmin yerə gəlmiş və gələndə görmüşdür ki, qardaşı Anar pis vəziyyətdədir, iki nəfər onun qoluna girib, Anar isə başını aşağı dikib aşağı çökmüş, burnundan qan gəlir. O, Anardan nə baş verdiyini soruşanda ona demişdir ki, məni vurublar, tam danışa bilmirəm. O, Anarı öz idarə etdiyi “Chevrolet Cruze” markalı avtomaşınına mindirmək istədikdə Anar qusmuşdur. Sonra yenə onu maşına mindirəndə bir daha qusmuşdur. O, Anarı Gəncə şəhər 3 saylı xəstəxanaya gətirəndə yolda bir daha qusmuş, o Anardan onu kim vurduğunu soruşanda ona demişdir ki, Cəmilin oğlu “Tuncay” ləqəbli Nəbi onu vurmuşdur. Onlar xəstəxanaya gəlmiş, həkim baxanda demişdir ki, “bizlik deyil onu özəl xəstəxanaların birinə aparın”. O da X3 xəstəxanasına gətirmiş, onu KT-dan keçirmiş, məlum olmuşdur ki, Anarın almaçıq sümüyü 3 yerdən sınmış, həmçinin beynində ödem izləri olduğu müəyyən edilmişdir. Onun həmin xəstəxanaya ödəməyə tam pulu olmadığından Anarı arabir öz işlədiyi Gəncə Memorial hospitalına gətirmiş, yenidən müayinə olunmuş, ödem olmadığı müəyyən edilmiş, lakin sınıqlar olduğu təsdiq olunmuşdur. Bir gün həmin hospitalda qaldıqdan sonra Anarı evə gətirmiş, bir müddət sakitləşəndən sonra Sumqayıt şəhərinə aparmış, orada özəl klinikada əməliyyat olunmuş, ümumilikdə Anarın müalicəsinə özəl klinikalara təxminən 4500 manat pul xərcləmişlər. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 23 avqust 2022-ci il tarixli 1492 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol almacıq və əng sümüklərinin qapalı, yerdəyişmiş sınığı və baş beyin silkələnməsi ilə müşayiət olunan, sol yanaq-almacıq nahiyyəsinin yumşaq toxumlarının əzilməsi, hematoması xəsarətləri-bərk küt əşyanın(əşyalarının) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə uyğun gəlməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmnaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4923 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5352 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və “Qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, 09 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 28 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair xahişini, himayəsində azyaşlı uşağının olmasını, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq, cəmi 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 221.1-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdən 10 dekabr 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlandığı iki gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 01(bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar