Məhkəmə qərarları › İş №1(125)-164/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-164/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-164/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ayıq vəziyyətdə və sürücülük hüququ olmaqla idarə etdiyi “Mersedes Benz E” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edərək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan zaman həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyada X3 vuraraq ona baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarna sol təpə-ənsə nahiyəsində qansıma, ənsə sümüyünün xətti sınığı, sol ənsə-təpə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün sınığı, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ, İV qabırğaların ön qoltuqaltı xətt üzrə, döş qəfəsinin sağ tərəfində 1 qabırğa məmə xətt üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ baldır sümüyünün sınığı, sağ baldır nahiyəsinin yarası, sol gözətrafı nahiyəsinin hematoması, hər iki qaş, burun hahiyələrinin əzilmiş yaraları, hər iki said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin şəthi yarası xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, nəticədə açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına səbəb olmaqla ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatət verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, bu günə qədər aparılmış məhkəmə istintaqı zamanı aydın olur ki, müstəntiq X1 tərəfindən cinayət işinə qərəzli yanaşılmışdır. Həmçinin qondarma ibtidai istintaqı aparmış Rəşad Süleymanov təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə sübutları saxtalaşdırmaqla Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 264-cü maddəsinin təsiri altına düşməsini gizlətmişdir. Belə ki, saxtalaşdırılmış sübutlardan ilk öncəsi hadisənin tam görüntülərinin gizlədilməsi, məhkəməyə təqdim edilməməsidir. Məhkəməyə göndərilmiş görüntü cəmi bir neçə saniyədən ibarətdir. Həmin görüntülərin tam təqdim olunacağı təqdirdə təqsirləndirilən şəxsin hadisə yerindən qaçması müəyyən olunacaqdır. Məhz bu səbəbdən də kamera görüntüləri tam olaraq bu günə qədər məhkəməyə təqdim olunmur. Hadisənin video görüntüləri ibtidai istintaq zamanı ona təqdim olunmuş, həmin videoya bütünlüklə baxmışdır. Məhkəməyə təqdim olunmuş bir neçə saniyəlik görüntüdə belə təqsirləndirilən şəxs hadisə törətdikdən sonra həmin yerdə avtomobili saxlasada, avtomobildən düşməsi müəyyən olunmur. Lakin tam görüntülərdə avtomobildəki digər iki şəxs düşdükdən dərhal sonra avtomobili sürərək hadisə yerini tərk edir. Cinayət işi üçün zəruri hallar ibtidai istintaq zamanı araşdırılmamışdır. Məhkəmə zamanı onun tərəfindən dəvət olunmuş şahidlər, hadisə zamanı orada olmuş və köməklik edilməsi üçün hadisəyə ilk müdaxilə edən şəxlərdir. Şahid3 ifadəsində bildirmişdir ki, hadisə zamanı yaxınlıqda olmuşdur. Heç bir kənar şəxsin tələbi olmadan idarə etdiyi avtomobili (taxi) dərhal arxaya verərək vurulmuş şəxsi öz avtomobili ilə xəstəxanaya çatdırmışdır, həmin vaxtı təqsirləndirilən şəxsi və ya onun tanışlarından heç kimi görməmişdir. Şahid5 ifadəsində bildirmişdir ki, hadisə vaxtı orada olmuşdur. Dərhal hadisə yerinə yaxınlaşmışdır. Hətta hadisəni törədən şəxsə (Təqsirləndirilən şəxs), vurulmuş şəxsi yerdə götürüb xəstəxanaya çatdırmaq lazım olduğunu bildirmişdir. Sonuncu isə öz növbəsində “evə gedim gələcəm” ifadəsini işlədərək avtomobili sürərək hadisə yerini tərk etmişdir. Şahid X4 ifadəsində bildirmişdir ki, vurulmuş şəxsi taxi avtomobilinə qoymağda o, da köməklik edib. Təqsirləndirilən şəxs və ya onun yanında olan şəxslərdən heç biri orada olmamışdır. Yol polisi gələndə hadisəni törətmiş “Mercedes” markalı avtomobil orada yox idi, təqribən 30 dəqiqə sonra digər polislər “Doblo” markalı avtomobildə gəlmişdir. Bu şahidlər ibtidai istintaq zamanı cəlb olunmamış, ifadələri alınmamışdır. İttiham aktında göstərilən qondarma şahidlər hadisə zamanı ümumiyyətlə orada olmamaları öz ifadələrində təsdiqini tapmışdır. Belə ki, hadisənin gündüz olmasını qeyd etmələri, avtomobilin hansı istiqamətdə dayanmasını bilməmələri, təqsirləndirilən şəxsi müayinəyə aparmaları kimi ziddiyyətli ifadələri müstəntiq tərəfindən cəlb olunmuş təqsirləndirilən Samir Cəfərova qarşı elan olunacaq ittihamı yungülləşdirmək üçün edilmişdir. Hazırda təqsirlədirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yanaşı 264cü maddəsilə də ittiham edilməli oduğu aşkardır. Çünki yol nəqliyyat hadisəsi baş verdikdən sonra Samir Cəfərov avtomobili sürərək hadisə yerindən yayınmışdır. Bu video çəkiliş tam görüntülərində və şahidlərin ifadələrində təsdiqini tapmışdır. Odur ki, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi va təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi vəsatətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin olunmalı, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında dindirilmiş əlavə şahidlər təqsirləndirilən şəxsin hadisədən sonra Aslan Aslanovu vurduğu yerə qayıtdığını, avtomobildə olan sərnişinlər avtomobildən düşsə də, Təqsirləndirilən şəxs avtomobildən düşməyərək hadisə yerindən uzaqlaşdığını bildirmişlər. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş YPX əməkdaşları ziddiyyətli ifadələr vermişlər. Belə ki, Şahid1 təqsirləndirilən şəxsin müstəntiq tərəfindən müainəyə aparıldığını bildirsə də, digər Şahid2 təqsirləndirilən şəxsin onlar tərəfindən müayinəyə aparıldığını bildirmişdir. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs avtomobilinin “Dəyirman dairəsi” istiqamətində yolun ortasında dayandığını bildirsə də, Şahid2 avtomobilin “Abbas Səhhət” xəstəxanası istiqamətində yolun kənarında dayandığını bildirmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid9 hadisə yerinə yaxınlaşdıqda, Təqsirləndirilən şəxs avtomobilində olmuş Emin Qurbanovu gördüyünü və onunla birlikdə xəstəxanaya getdiklərini bildirsə də, Təqsirləndirilən şəxs özünü hadisə yerində görmədiyini bildirmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş şəkillərdə zərərçəkmiş şəxsin vurulduğu yerin və yolun şəkilləri çəkilsə də, həmin şəkillərdə Təqsirləndirilən şəxs avtomobilinin hadisə yerində olmadığı görünür. Həmin şəkillərdə hadisə yerinin axşam vaxtı qaranlıq hava da şəkilləri çəkilsə də, avtomobilin şəkilinin gündüz vaxtı işıqlı havada başqa yerdə çəkildiyi müəyyən olunur. Bundan başqa hadisəni özündə əks etdirən DVD diskdə olan video görüntüdə Təqsirləndirilən şəxs avtomobillə Aslan Aslanovu vurduqdan sonra hadisə yerinə qayıtdığı görünsə də, avtomobil hadisə yerinə çatan kimi görüntü kəsilir və bundan sonra Təqsirləndirilən şəxs hadisə yerində avtomobildən düşərək yardım etməsi və ya hadisə yerindən uzaqlaşması müəyyən olunmur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəəkmiş şəxsin xəstəxanaya aparılmasına yardım etməmiş, hadisə yerində qalaraq polis əməkdaşlarını gözləməmiş, hadisə barədə polisə məlumat verməmiş, hadisə yerindən gedərək Yol hərəkəti haqqında Qanun 37-ci maddəsində göstərilən vəzifələri yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Nümayəndə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan daha ağır ittiham, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılsın. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar