Məhkəmə qərarları › İş №1(125)-167/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-167/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-167/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2022-ci il tarixdə saat 00:45də Gəncə şəhəri M.Xələfov küçəsində yerləşən A.Səhhət adına 1 saylı xəstəxananın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd polietilen kəsiyi bükümündə olmaqla 0.690 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamın aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o həm cavan həm də valideyn himayəsindən məhrumdur. Onu böyüdən şəxslər onu övladlığa götürmüşdür. ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2-3 gün əvvəl Bakı şəhərində olarkən Beynəlxalq Avtovağzalın yaxınlığında yerdə sellofan büküm görüb maraqlı gəldiyinə görə yerdən götürmüş, içərisinə baxdıqda içərisində “patı” və “şüşə” adları ilə tanınan psixotrop maddə olan metamfetamin olmasını aşkar etmişdir. Həmin maddəni nə vaxtsa istifadə etmək məqsədi ilə özü ilə götürüb Gəncə şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Gəncə şəhər A.Səhhət adına xəstəxananın yaxınlığında piyada olarkən həmin psixotrop maddə əynində olan cins şalvarın sağ yan cibində imiş. Həmin vaxt mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb xidməti vəsiqə nümayiş etdirmişlər və özlərini Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda şübhəli olmasını ona bildirmişlər. Polis əməkdaşları onu özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinin binasına aparmışlar. Orada hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçisi ilə görüşdükdən sonra üzərində videoçəkilişlə axtarış aparılacağı bildirilmiş və xidməti otaqların birində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərində videoçəkilişlə axtarış aparılmışdır. Axtarışdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla qadağan edilmiş predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da gizlətməyin yeri olmadığını başa düşüb əynində olan şalvarın sağ yan cibində gizlətdiyi sellofanın içərisindəki psixotrop maddəni təqdim etmişdir. Sorğu sual zamanı da həmin maddəni Bakı şəhərində Beynəlxalq Avtovağzalın yaxınlığında yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü, heç kimə satmadığını, satmaq niyyətinin də olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 0.79 qram olmuşdur. Sonra həmin maddə zərfin içərisinə qoyulub zərfin üzərində qeydlər aparılaraq möhürlənmişdir. Axtarış zamanı otaqda olan şəxslər, o cümlədən o və vəkili həmin zərfin üzərindəki qeydlərə imza etmişlər. Həmin vaxt onun üzərində axtarış aparılsa da, təqdim etdiyi maddədən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. O, saxlanılarkən tək olmuş və polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, daxili işlər orqanlarında 2009-cu ildən etibarən, tutduğu vəzifədə isə 2022-ci ildən xidmət edir, polis kapitanı rütbəsindədir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin CAİ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİnin rəisi, polis mayoru Xanlar Məmmədov tərəfindən raportla baş idarə rəisinə məruzə olunduqdan sonra onun tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, əməliyyat qrupunun üzvləri kimi o və Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkili, polis baş seryantı Elgün Orcuov tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:45-də Gəncə şəhəri M.Xələfov küçəsində yerləşən A.Səhhət adına xəstəxananın yaxınlığında saxlanılmışdır. Həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və təxirəsalınmadan Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir, bundan sonra Müdafiəçi Şəmil oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs hüquq va vəzifələrini izah etmiş, sonra isə üzərində narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual vermiş, müsbət halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim edərək içərisində “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindəki kütlənin ağ rəngli, kristal şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütləni 2-3 gün əvvəl Bakı şəhərində Avtovağzaldan tapdığını, marağını çəkdiyinə görə götürdüyünü, heç kimə vermədiyini, nə də satmadığını, eləcə də istifadə etmədiyini bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərində axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı başqa predmet aşkar olunmamışdır. Aşkar edilmiş kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0.79 qram təşkil etmişdir. Bundan sonra həmin büküm 01 ədəd zərfin içərisində qablaşdırılmış, möhürlənmiş və axtarış iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda müdafiəçi tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir zorakılığa, təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan video kamera vasitəsi ilə Müdafiəçi Şəmil oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş halda olan kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu, bükülünün ona məxsus olduğunu, həmin bükülünü 2-3 gün əvvəl Bakı şəhərində Avtovagzal ərazisində tapdığını, həmin kütlədən heçkimə satmadığını, özü istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülmüş halda bükülünün içərisində ağ rəngli ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündəki təmiz çəkisi 0,690 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0.15 qramla 2 qram arası müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli 1373 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 fevral 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 00:45 radələrində şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X9 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış 0,670 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün Gəncə şəhər BPİ-nə saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş videogörüntü olan bir ədəd “DVD” disk, içərisində telefon danışıqları barədə məlumatlar olan 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında video-görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X7, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin İdarənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2, videooperator Gəncə şəhər BPİnin KTB-nin inspektor kriminalisti, polis kapitanı X5, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmil oğlu, şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs iştirakı ilə X2 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilərək bu barədə yazılı bildiriş təqdim edilir, həmçinin müdafiə hüququnun təmin edildiyi qeyd olunur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim edərək içərisində “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olmasını bildirir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindəki kütlənin ağ rəngli, kristal şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin kütləni 2-3 gün əvvəl Bakı şəhərində Avtovağzaldan tapmış, marağını çəkdiyinə görə götürmüş, heç kimə verməmiş, satmamış, istifadə etməmişdir. Bundan sonra şübhəli şəxsin üzərində əməliyyat müvəkkilləri tərəfindən axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı başqa predmet aşkar olunmur. Aşkar edilmiş kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0.79 qram təşkil edir. Bundan sonra həmin büküm 01 ədəd zərfin içərisində qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Sonda müdafiəçi tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir zorakılığa, təzyiqə məruz qalmadığını bildirir. Məhkəmə iclasında içərisində telefon danışıqları barədə məlumatlar olan 01 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, orada 03 ədəd excel formatında, 02 ədəd online link formatında fayl var. Həmin fayllardan ilk üçündə qeyd olunan mobil nömrənin sorğulanan müddət ərzində anten dairələri, digər nömrələrə və digər nömrələrdən həmin nömrəyə edilən zənglərin tarixi, danışıq müddəti, anten dairələri, həmçinin digər mobil nömrə istifadəçilərin anket məlumatları barədə məlumatlar yer almaqdadır. Son iki faylda isə ilk üç faylda göstərilən məlumatların izahlı təhlili verilmişdir. Qeyd olunan məlumatlara ayrıayrılıqda müfəssəl baxış zamanı təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs həmin məlumatlar arasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şifahi olaraq bildirdiyi şəxsin, yəni 13 manat pul müqabilində psixotrop maddəni əldə etdiyi şəxsi özündən uydurduğunu, əslində həmin psixotrop maddəni Bakı şəhərində yerdən tapdığını, orada olan məlumatların hər hansı birinin narkotik vasitə və psixotrop maddə ilə bağlı olan məlumat olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2- ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 734 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19- cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,670 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və içərisində telefon danışıqları barədə məlumatlar olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,670 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk və içərisində telefon danışıqları barədə məlumatlar olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 (əlli dörd) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar