Məhkəmə qərarları › İş №1(125)-168/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-168/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-168/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, xüsusi ittihamçı X1 nümayəndəsi Müdafiəçi1, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2Renessans Palace” yaşayış kompleksi, 3 nömrəli bina, “E” bloku, 823 nömrəli mənzildə yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 2022-ci ilin aprel ayından oktyabr ayına qədər olan dövr ərzində müxtəlif vaxtlarda “instagram” və “whatsapp” sosial şəbəkələrində ona məxsus hesabların hekayə bölmələrində yalan olduğunu bilə-bilə X1 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayaraq böhtan atmış və internet informasiya ehtiyatında X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun haqqında böhtan və təhqir dolu məlumatları internet informasiya ehtiyyatlarında qəsdən yayıb paylaşdığına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci madddələri ilə cinayət məsuliyyətinə cəlb olunması, həmin Məcəllənin 147.1-ci maddəsi ilə 06 ay müdətinə, 1448-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2 maddəsinə müvafiq olaraq təyin edilmiş cəzalar tamamilə toplanmaq yolu ilə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökmü çıxarılmasını xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. X8 adlı şəxs son bir-neçə aydır ki, onu açıq şəkildə təhdid və təhqir etməklə yanaşı, hətta üzərinə böhtan atır. Belə ki, həmin şəxs öz “Hyundai Creta” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu izləyir, gecə-gündüz mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən dayanmadan təhqir və təhdit dolu mesajlar yazır, hədə-qorxu ilə 1535 manat pul tələb edir. Özünü millət vəkilinin ailəsi kimi təqdim etməklə toxunulmaz olduğunu, onu məhv etmək üçün hər şey edə biləcəyini söyləyir. Özünün və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb edir (audio, video, vatsap yazıları əlavə olunur). Onun həmin təhdid və təhqirlərini, hədə qorxu ilə pul tələb etməsini əks etdirən sübutlar ərizəyə əlavə olunur. Tələb etdiyi pul vəsaitini ona ödəməsə onu məhv edəcəyini bildirir. Hətda hədə-qorxu ilə tələb etdiyi pul vəsaitini ödəmək üçün ona özünə məxsus kartın şəklini də göndərmişdir. Azərbaycan Respublikası vətəndaşı X8 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları müxtəlif vaxtlarda “İnstaqram”, “vatsap” sosial şəbəkəsində yaymaqla ona böhtan atmışdır. Bundan əlavə “İnstaqram”, “vatsap” sosial şəbəkəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Belə ki, X8 onun adına saxta “yanix_sehane” adlı instaqram səhifəsi yaradaraq onunla bağlı təhqir və böhan xarakterli məlumatları yazmışdır. Həmin səhifə vasitəsi ilə onun adından başqa şəxslərlə yazışmış, onu yüngül həyat tərzi keçirən bir insan kimi qələmə verməklə mobil nomrəsini həmin insanlara vermişdir. Nəticədə çoxsaylı insanlar ona zəng edərək onlarla görüşməyi ilə bağlı həmin səhifədə sövdələşdiklərini bildirmişlər. Turanə Nəsibova həmin profil səhifəsinə onu təqib edərkən çəkmiş olduğu şəklini yerləşdirmiş və həmin səhifəni ona atmaqla etdiyi əməlini nümayiş etdirmişdir. Bundan əlavə Turanə Nəsibova özünə məxsus “İnstaqram”, “vatsap” (status bölməsində) sosial şəbəkəsində onun şəkilini və profil səhifəni paylaşmaqla, eyni zamanda səhifəsini də əlavə etməklə ona qarşı təhqir, eyni zamanda böhtan xarakterli məlumatları çoxsaylı izləyicilər arasında yaymaqla şərəf və ləyaqətimi alçaltmışdır (qeyd edilən ifadələr etik olmadığı üçün yazmağı doğru bilməyərək həmin ifadələri əks etdirən sübutları şikayətə əlavə etmişdir). Bununla da Turanə Nəsibova Azərbaycan Respublikasının CM-nin 148.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yenə eyni yazısında həmçinin onun ünvanına “fahişə, cındır, alçaq, mənəviyyatsız, rədd ol bu ölkədən, əxlaqsız və s.” yazmaqla və səsləndirməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da Turanə Nəsibova Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, onun şəklini paylaşmaqla şəkilin üzərinə “məndən oğurladığı pullarla belə görsənir” ifadəsini səsləndirməklə ona böhtan atmışdır. Nəticədə bunu çoxsaylı inasanların izlədiyi profil səhifələrində etdiyi üçün imic və nüfuzu ləkələnmişdir. Yekun olaraq bildirmək istəyir ki, o, X4 əvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Bu şəxs hazırda faktiki nikah münasibətində olduğu insanın əvvəllər tanışı olmuşdur və buna görədə onun mobil nömrəsini, iş yeri ünvanını və yaşayış yerimi izləməklə və s. vasitələrlə öyrənmişdir. Bundan sonra bu nalayiq əməllərini yaymağa başlamışdır. X3 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi “instaqram” sosial şəbəkəsindən edilmiş çıxarışlar, hazırki şikayətə əlavə edilmiş diskdə yer alan səs yazıları, “instaqram” çıxarışları, “vatsap” sosial şəbəkəsində status bölməsində onun konraktında olan insanların görməsi üçün yaymış olduğu yazılar və video görüntülərlə sübut edilir (hamısı kağız və disk şəkilində şikayətə əlavə edilir). Məhkəmə iclasında xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 bildirmişdir ki, məhkəmə istintaqı zamanı X3 2022-ci ilin aprel ayından oktyabr ayına qədər olan müddətdə “İnstaqram”, “vatsap” sosial şəbəkələrində xüsusi ittihamçı X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etməsi və böhtan atması tam şəkildə subuta yetirilmişdir. Belə ki, X8 özünə məxsus “Whatsapp” sosial şəbəkəsinin çoxsaylı insanların baxışına açıq olan “status” bölməsində video paylasaraq qeyri etik ifadələrlə Ş.Mehrəliyevanı təhqir etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş həmin 45 saniyəlik videoya nəzər saldıqda görünür ki, sonuncu Ş.Mehrəliyevaya səslənərək bildirir ki, “Şəhanə duxun çatardı mənimlə təkbətək gələrdin də, sən hər dəfə gah polisin dalınca girirsən gah Eduardı götürüb dalımca gəlirsən, gah bacını götürüb dalımca gəlirsən, kişi qızısansa bir dəfə üzümə təkbətək çıx, gö*ün çatmır. Bundan əlavə o, təhqirlərə davam edərək bildirir ki, “tı balnaya ştoli” (tərcümədə sən xəstəsən), sən bilmirsən ki, mən və mənim övladım toxunulmazıq? Biz millət vəkilinin ailəsiyik?, istəyərəm səni söyərəmdə mən dövlətin ixtiyarında olan insanam, istəyərəm sənə söyərəm də, elə söyürəmdə “tı tryapka Şaxana” (tərcümədə sən cın*ırsan Şəhanə), duxun çatırsa tək gəl, sən mənə toxunduğun üçün “po*unu” yeyib əziyyət çəkəcəksən. Göründüyü kimi həmin video yazıda olan “gö*ün çatmır”, “tı balnaya ştoli” (tərcümədə sən xəstəsən)”, “tı tryapka Şaxana” (tərcümədə sən cın*ırsan Şəhanə) və “po*unu yeyib” sözləri açıq təhqirdir və Ş.Mehrəliyevanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı üçün o AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinməlidir. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində 39 saniyəlik video paylasaraq bildirir ki, biz gözləyirik ki, həmin bu bizə pislik eliyən hər bir şəxs yüksək şəkildə cəzalansın, ölkədən hamısını rədd eləsinlər, türk Fatimə Karahan rədd olsun, sonra Şəhanə Mehrəliyeva bütün şələ-şüləsini yığsın rədd olsun Ukraniyaya. Burada səsləndirilimiş Ş.Mehrəliyeva “rədd olsun Ukrainasına” ifadəsi Azərbaycan Respublikasının vətəndaşı olan Ş.Mehrəliyavənin şərəf və ləyaqətini alçaltdığı üçün təhqir hesab edilir və AR CM-nin 148-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində 1 dəqiqəlik video paylasaraq videoda aşağı hissədə SHAHANA_MEHRALİYEVA qeyd etməklə, bildirir ki, bu və digər xanımlara adları çəkilən hər bir kəs, xəbərdarlıq olundu dəfələrlə ki, gəlin üzür istəyin, yəni ki, telefon zəng etməklə yox, gəlin evə, evdə uşağımızdan üzr istəyin, təbii ki, xanım özünə sığışdırıb üzr istəməyə gəlmədi, sadəcə zənglə həll etmək istədilər, buna görə mən, yəni bütün sənədi göstərməyəcəm yalnız belənçiyinə göstərəcəm (bu an vərəqin baş hissəsində Azərbaycan Respublikasının gerbi və altında Azərbaycan Respublikası yazısı görsənir), cinayət işi açıldı, maddələr açıldı, məhkəməyə artıq verildi, inşallah ki, məhkəmələrdə görüşəcik, mən dəfələrlə sizə müraciət etdim, mediasiyaya müraciət etdim, heç birinə gəlmədiz, indi cinayət işi başlayıb, artıq həbsə düşsəz məndən inciməyin. Bu videoada T.Nəsibova böhtan ataraq bildirir ki, guya o Ş.Mehrəliyevaya dəfələrlə xəbərdarlıq edib, bundan sonra onun şikayəti üzrə Ş.Mehrəliyeva barəsində cinayət işi açılıb, maddələr qoyulub və iş məhkəmədədir və Ş.Mehrəliyevanı həbs gözləyir. Hətta bu dediyi böhtan xarakterli şərlərin dahada inandırıcı olması üçün baş hissəsində Azərbaycan Respublikasının gerbi və altında Azərbaycan Respublikası yazısı olan bir vərəq göstərir. Məlum edirəm ki, Ş.Mehrəliyeva barəsində heç vaxt hər hansı bir cinayət işi açılmayıb, və məhkəməyə verilməyib. Göründüyü kimi həmin məlumatlar bohtan olduğu üçün T.Nəsibovanın torətmiş olduğu bu cinayət əməlində AR CM-nin 147.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bundan əlavə o, özünə məxsus “turanannhuquqməktəbi” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində 1 dəqiqə, 31 saniyəlik video paylasaraq, bildirmişdir ki, vedo yazıda Şəhanə Mehyəyevanın, Eduard, Sara Şərifova və Gulnar Mehrəliyevanın adlarını çəkməklə qeyd edir ki, guya onu və uşağını döyüblər, onların döyülmə faktını polis araşdırmır, buna görədə onların döyülməsi ilə əvəzləşdirilməli olduğunu və həmin şəxslərin döyülməsi üçün “qanuni oğrulara” çağrış edir ki, yuxarda adlarını qeyd etdiyim şəxsləri döysunlər. Bu videoda səslənən “onu və uşağını döyüblər”, “döyülmə faktını polis araşdırmır” ifadələri böhtan olmaqla cinayət əməlidir. Belə ki nəzərə alınmalıdır ki, əlbir olan bir qrup şəxs halında şəxsin döyulməsi AR CM -nin bir neçə maddəsinin tərkib əlamətlərini yaradır (işin hallarından asılı olaraq). Burda T.Nəsibova bu ifadələri səsləndirməklə Ş.Mehrəliyevanı cinayətkar kimi qələmə verməklə onu cinayət törətməkdə ittiham edir. Hətda o bəzi sözlərdə Daxili İşlər Nazirliyinə belə böhtan atmaqdan çəkinmir. Hesab edirəm ki, onun bu cinayət əməli AR CM-nin 147.1-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə o, özünə məxsus “turanannhuquqməktəbi” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində “polisazərbaycanı” əlavə (qeyd) etməklə, qırmızı fonda yuxarı hissədə “ Bəsdir polis Azərbaycan! Bəsdir gizlətdiz Şəhanə ilə Eduardın qanunsuzluqlarını. Bizi PPX maşınında daşıdılar oğlumun dili qatlandı. Bəsdirin əl çəkin” şəkilin orta hissəsində isə “qızımı öldürdükləri kimi, oğlumuda öldürmək istəyirlər. Bir nəfər obyektiv yanaşsın. PPX maşınında Muradımı daşıyıblar kömək edin, oğlumun dili qatlanıb kömək edin!” sözləri yazılmışdır. Videoda səslənən “qızımı öldürdükləri kimi, oğlumuda öldürmək istəyirlər” sözləri bohtan olmaqla Ş.Mehrəliyevanın ləyaqətini alçaldır. İlkin olaraq bildirim ki, T.Nəsibovanın qızı yoxdur və bir oğlan övladı var. Nəzərə alınmalıdır ki, qəsdən adam oldurmə cinayət məcəlləsinin 120-ci maddəsinə əsasən ağır cinayət hesab olunur. T.Nəsibova həmin paylaşımda Ş.Mehrəliyevanı cinayət törətməkdə ittiham edərək ona böhtan atır. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində xüsusi ittihamçı Ş.Mehrəliyevanın şəklini paylaşaraq şəklilə “leyla999”, “dtx_azərbayjan” və “shahana_mehralıyeva” əlavə etməklə (qeyd etmklə), şəkilin yuxarı hissəsində “rədd ol Şəhanə!Rədd ol. Bu ölkədə sənə yer yoxdur! Sən alçaq və mənəviyyatsız birisən” sözləri yazılmışdır. Bu paylaşımda olan “rədd ol Şəhanə”, “alçaq və mənəviyyatsız birisən” ifadələri təhqir olduğu üçün cinayət sayılmalıdır. Bundan əlavə o, özünə məxsus “tuanasgoldempire” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində xüsusi ittihamçı Ş.Mehrəliyevanın şəklini paylaşaraq (həmin şəkil Turana Nəsibovanın özü tərəfindən çəkilib), şəkilin üzərində “Şəhanə Mehrəliyeva -saç ustası-hamını bezdirən! Kürdəmirli qara zırtıx” sözləri yazılmışdır. Bu paylaşımda olan “hamını bezdirən” ifadəsi bohtan, “qara zırtıx” ifadəsi isə təhqir sayılır. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində xüsusi ittihamçı Ş.Mehrəliyevanın şəklini paylaşaraq, şəklin üzərində “hal-hazırda məndən oğurladığı pullarla belə görünür. Polis Azərbaycan bu dələduzu tapıb mənə təhvil versinlər” sözləri yazılmışdır. Bu paylaşımda “məndən oğurladığı pullarla belə görünür” və “dələduz” ifadəsi ifadəsi böhtan sayılmaqla cinayət əməlidir. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində xüsusi ittihamçı Ş.Mehrəliyevanın şəklini paylaşaraq, şəklin yuxarı hissəsində “qapıdan qovursan bacadan girir. Mənəviyyatsız, əxlaqsız məxluq. Məktəbə, işə, klinikaya evə gələn “pravinçialka” sözləri yazılmışdır. Şəkilin orta hissəsində isə “ rədd ol ölkədən” sözləri, şəkilin aşağı hissəsində isə “bu məxluq qaraba qara izləyir, ailəmə, uşağıma, fiziki, pisixoloji, mənəvi zərbə endirir və məsuliyyətdən qaçır” sözləri yazılmış və şəkilə “presidentaz”, “ombusman_azerbayjan”, “polisazərbaycan”, “muradqulubəyli” və “millimajlisofazerbayjan” əlavə (qeyd) edilmişdir. Eyni şəkil və eyni sözlər olmaqla həmin şəkil eyni profildə ikinci dəfə paylaşılmış və yalnız Şəkilin orta hissəsində isə “davay get kürdəmirinə qara zırtıx” sözləri yazılmışdır. Bu paylaşımda isə həm təhqir həmdə böhtan olan ifadələrdən istifadə edilib. Bundan əlavə o, özünə məxsus “myschoolbytuana” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində xüsusi ittihamçı Ş.Mehrəliyevanın inistaqram profilini(profilin şəkili cəkilməklə) paylaşaraq, şəklin üzərində “növbəti məni narahat edən xanım Şəhanə Mehrəliyevadır. 5 nəfər üzərimə hücum edib məni döyüb. Murad qulubəyli zəhmət olmasa nəzarət güclənsin.28 ci polis bolməsi mümkünsə ekspertizanın rəyi döyülməklə bağlı verilsin “polisazərbaycan” və “leyla999” bir ananı övladının önündə qrup şəkilində döyürlər, söyürlər, bu xanımı gəldiyi ukrainasına göndərin” sözləri yazılmışdır. Qeyd edilən ifadələr bohtan olduğu üçün cinayət məsuliyyəti yaradır. Bundan əlavə o, özünə məxsus “bigbossbusinessschool” İnstaqram sosial şəbəkəsinin minlərlə insanların baxışına açıq olan “status” bölməsində paylaşım edərək yazır ki, “mənim uşağımı döyən sabah sizində uşağınızı döyər! Eduard Məmmədov və Şəhanə Mehrəliyevadan ehtiyyat edin” sözləri yazılmış və paylaşıma “prokurorluq”və “polisazərbaycan” əlavə edilmişdir. Eyni zamanda dindirilmiş şahid ifadələrinə əsasən aydın oldu ki, onun paylaşımları həmin şahidlər və digər şəxslər tərəfindən görülmüş və kütləvi şəkildə yayılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrindən, eyni zamanda video görüntülərdə olan şəxsin T.Nəsibova olmasından və özünün qeyri-səlis ifadələri ilə onun törətmiş olduğu cinayət əməli tam şəkildə subuta yetirilir. Sonda o, Turanə Nəsibovaya azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 bildirmiş ki, o, Şəhanə Mehrəliyeva barəsində heç bir təhqir və böhtan xarakterli məlumatlar paylaşmamışdır. Şəhanə Mehraliyevanın təqdim etdiyi foto şəkillərdəki profillər ona məxsus deyil, həmin profillərdən onun məlumatı yoxdur. Ona məxsus “instagram” profilləri “dietoloq_turana_123_”, “myschool_lncmekteblayihesi”, “muradov999abbas”, “veggy_clinic_cafe_shop” profilləridir. Təqdim edilmiş foto şəkillərdə onun “instagram” profilindən paylaşılmış şəkilləri o, paylaşmamışdır. Onun profili hər kəs üçün açıqdır, istənilən şəxs, onunla qəsdi-qərəzliyi olan şəxs və yaxud biznes düşməni olan bir şəxs onun şəkilini ekrandan çəkib yeni şəkil və profil açaraq istənilən formada təqdimat edə bilər. Çünki o, çox uğurlu xanımdır, həm təhsil, həm səyihhə sahəsində. O, düşünür ki, Şəhanə Mehralıyeva ona paxıllıq edir, hər zaman onun kimi geyinmək istəmişdir. Hətta onun qapısına gəlib evinə kimi qalxmış, oğlunun məktəbinə qədər gəlmişdir. Təbii ki, o düşünür ki, qısqanclıq zəminində bu hərəkətləri Şəhanə Mehraliyeva etmişdir. Təqdim edilmiş videoların birini hansı ki, o, özünün və uşağının Eduard Məmmədov, Şəhaə Mehraliyeva və digər şəxslər tərəfindən döyülməsi barədə çəkdiyi videonu o, Prezident Adminstirasiyasına şikayət kimi göndərmək üçün özü evində çəkmiş, çox güman ki, onun telefonundan oğurlanmış və ona aid olmayan profildə paylaşılmışdır. O, həmin videoda heç kəsə böhtan atmamış, onu və oğlunu döyməkləri ilə bağlı polisə müraciət etmiş araşdırma aparılmışdır. Həmin şikayət üzrə cinayət işinin başlanmasının rədd qərarından o, şikayət etməmiş, hazırkı işin nəticəsini gözləmişdir. Eduard Məmmədov polislərə təzyiq göstərib onun şikayətlərinə baxılmamışdır. Digər video hansı ki, avtomobildə ağ koftalı xanım tərəfindən çəkilmişdir, həmin videodakı şəxs o, deyildir. Digər videoda hansı ki, o, Şəhanə Mehraliyevanın gəldiyi Ukraynasına rədd olsun dediyi videonu o, çəkmiş, düz demiş rədd olub getməsini istəmişdir. Lakin digər videoda çəhrayı köynəkli qadının qaranlıqda təhqirlə danışdığı videodakı şəxs də o, deyildir. Şəhanə Mehraliyeva ondan 20000 pul tələb etmişdir ki, onun bağçası var, gəlib sonuncuya pul versin. X14 Məmmədov və polis əməkdaşı ilə birlikdə onun qapısına gəldikdə, o, video ilə sonuncuları çəkmişdir, təqdim edilmiş şəkillər onun videosundan fraqmentlərdir, həmin şəkillərin üzərinə yazılan yazılarda ona aid deyildir. Onun “iPhone” markalı telefonunun “iCloud” parolu, ona məxsus “instagram” səhifələri ələ keçirilmiş və telefonunda olan şəkillər, videolar götürülmüşdür. İstənilən şəxs onun açıq profilinə daxil olub şəkilləri götürüb, ona məxsus profillə birəbir eyni adlı profil açıb onun şəkillərini paylaşa bilər. Onun səhifəsində və hekayə bölümündə paylaşılmış şəkilləri, videoları o, paylaşmamış və həmin şəkillərdən, videolardan məlumatı yoxdur. Sonda o, heç kəsi təhqir etmədiyini, ümumiyyətlə təqdim edilmiş videolarda olan şəxsin o, olmadığını, tədim edilmiş paylaşımların ona aid olmadığını bildirmiş və məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında xüsusi ittihamçı Şəhanə Məhrəliyeva bildirmişdir ki, təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Ramazan ayı ərəfəsində Turanə Nəsibova onun mobil telefonuna və sosial şəbəkədəki səhifələrinə deyiləsi mümkün olmayan nalayiq və təhqiredici ifadələr, həmçinin “Eduard səni neyləyir” ifadəsi yazmışdır. Turanə Nəsibova 2022-ci ilin aprel ayının əvəllərindən oktyabr ayına qədər olan müddətdə öz adından, həmçinin onun adından sosial şəbəkələrdə müxtəlif səhifələr açaraq təhqiredici və nalayiq ifadələr yazılmış şəkillər, videolar paylaşmış, sonradan həmin səhifələrin adlarını dəyişmiş və ya silmişdir. Turanə Nəsibova ona yazana qədər o, heç vaxt sonuncunu tanımamış, kimliyini bilməmişdir. Turanə Nəsibova yalandan böhtan ataraq onun və Euard Məmmədovun sonuncunun uşağını döyməsi barədə polisə şikayət etmişdir. Bununla bağlı onlar polis şöbəsinə getmişlər və Turanənin onlara böhtan atdığı müəyyən olunmuşdur. X2rı hədsiz bezdirmiş, onların müxtəlif şəkillərin səhifələrdən götürərək nalayiq ifadələr işlədərək paylaşımlar etmişdir. X20 Məmmədovun fanatı olub, sonuncunu daim izləyib, sonuncuya zəng edərək sevdiyini bildirmişdir. X9 zəng edərək Eduard Məmmədovdan əl çəkməsini, əriylə gəzdiyini, indi isə sevgilisini onun əlindən aldığını bildirmiş və onu öldürməklə hədələmişdir. X12 rəhbərliyinə onun və Eduardın haqqında təhqiredici məlumatlar yazmışdır. O, polisə şikayət etmiş, həmin şikayətlə bağlı o, Eduard və polis əməkdaşları Turanə Nəsibovanın evinə getmişdir. Onlar polis şöbəsində olarkən Turanə Nəsibova bir daha onları narahat etməyəcəyini bildirmiş, lakin sonradan yenə də müxtəlif paylaşımlar etmişdir. Buna görə də o, artıq barışmaq istəmir, çünki sonradan yenə də Turanə Nəsibova onları narahat dəcəkdir. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, Şəhanə onun bacısıdır. Turanə Nəsibova sosial şəbəkələrdə olan səhifələrində bacısı Şəhanənin haqqında nalayiq sözlər, ifadələr və böhtanlar yazaraq şəkillər, həkayə bölümündə videolar paylaşmış, həmin paylaşımları onların dostları və qohumları görmüşdür. Çünki həmin paylaşımlarda Turanə Nəsibova bacısı Şəhanənin səhifəsinin adını işarələdiyi üçün bacısını izləyən şəxslərin hər birinin həmin paylaşımlardan məlumatı olmuşdur. X15 “instagram” səhifəsindəki adını da işarələmiş, buna görə də o, həmin paylaşımları görmüşdür. X17 özünün və oğlunun döyülməsi ilə bağlı çəkdiyi videoda ona da böhtan atmışdır. Bu barədə o, bacısı Şəhanə ilə də danışmış, bacısı ona Turanə Nəsibovanın bacısını bezdirdiyini, dəfələrlə təhqirlər və böhtanlar işlətdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, onun oğlu ilə Turanə Nəsibovanın oğlu eyni məktəbdə oxumuş, sinifdəki valideynlərin ortaq “watsapp” qrupundan Turanəni də valideyn olaraq tanımışdır. 5-ci sinifə keçdikdən sonra Turanə Nəsibovanın oğlunu məktəbdən çıxarmışlar. Bir gün səhər onun mobil telefonuna tanımadığı nömrədən söyüşlü məktub daxil olmuş, həmin nömrə onun nömrəsini bloka atmışdır. O, anasının nömrəsindən həmin nömrəyə zəng edərək onu söyməsinin səbəbini soruşmuş, həmin şəxs, sonradan adını bildiyi Turanə Nəsibova yenidən onu söyüb təhqir etmişdir. O, polis idarəsinə gedib şikayət etmiş, Turanə Nəsibova polis idarəsinə gəlmiş, orada ondan üzr istəmiş və bununla da məsələ bağlanmışdır. Daha sonra şəhid və qazi ailələri ilə bağlı tədbirlər təşkil edən Cəlal Qurbanov bir gün ona zəng edib bildirmişdir ki, bir nəfər “instagram” səhifəsində sonuncunu işarələmiş, sonuncu da işalənmiş videoaya baxmış, həmin videoda o, söyülmüş, lakin Cəlal Qurbanov işalənmişdir. Bundan sonra o, başqa “instagram” səhifəsi ilə Turanə Nəsibovanı izləməyə başlamış və tək onu deyil, bir neçə xanımı, oğlu oxuduğu məktəbin valideynlərini, direktorunu söyüşlər və təhqirlər yazılmış formada paylaşmışdır. Onun iştirak etdiyi tədbirlərdə olan şəkilləri də Turanə Nəsibova əldə edərək altından təhqiredici söyüşlər yazaraq paylaşmışdır. Turanə Nəsibova öz “instagram” səhifəsində ən çox Şəhanə Mehraliyeva haqqında nalayiq ifadələr və söyüşlər paylaşmış və o, bunu gördükdən sonra Şəhanə Mehraliyevanın səhifəsinə mesaj yazmışdır ki, Turanə Nəsibovaya qarşı birlikdə məhkəməyə müraciət etsinlər. Şəhanə Mehraliyeva artıq məhkəməyə müraciət etdiyini bildirmiş və öz vəkili ilə onu tanış etmişdir. O, Turanə Nəsibovanın onun və Şəhanə Mehraliyevanın haqqında paylaşdığı paylaşımların ekrandan çəkdiyi şəkillərini toplayaraq vəkil Müdafiəçi1 yanına getmişdir. Turanə Nəsibova videoların birində həm onunla, həm Şəhanə Mehraliyeva ilə bağlı bildirmişdir ki, millət vəkilinin ailəsidir, istədiyi adamı söyər, toxunulmazlığı var, heç kəsin ona cəsarəti çatmaz nəsə deməyə. Bundan başqa o, Turanə Nəsibovanın digər paylaşımında sonuncunun Azərbaycan Respubllikasının gerbi olan sənədi ani göstərərək Şəhanə Mehraliyevanı məhkəməyə verdiyini və barəsində cinayət işi açdırdığını, gəlib ondan və uşağından üzr istəməli olduğunu dediyini görmüşdür. Bununla bağlı o, Şəhanə Mehraliyevaya zəng edərək Turanənin sonuncudan əvvəl məhkəməyə müraciət etdiyini bildirmiş, sonuncu belə bir şey olmadığını demişdir. Ümumiyyətlə o, Turanənin Şəhanə barəsində paylaşdığı bir çox təhqiredici paylaşımlarını görmüş, həmin paylaşımlar da deyiləsi mümkün olmayan nalayiq ifadələr yazılmışdır. Turanə Nəsibovanın “instagram” da bir çox səhifələri var, sonuncu həmin səhifələrin adlarını tez-tez dəyişir, o, da səhifələri paylaşımlarla bir yerdə ekran şəkili çəkir ki, ad dəyişsə də, eyni səhifə olduğu müəyyən olunsun. “myschoolbytuana” və “turanannhuquqmektebi” adlı instagram səhifələri də Turanə Nəsibovaya məxsusdur, sadəcə o, səhifələrin adın dəyişərək və ya səhifələri silərək həmin səhifələri tanımadığını bildirir. Lakin həmin səhifələrdə də Turanənin digər səhifələrində olan şəkillər və videolar paylaşılmışdır, hansı ki, həmin paylaşımları yalnız Turanə Nəsibova özü paylaşa bilər. X13 təhsil aldığı yerin rəhbərliyinə və üzvü olduğu təşkilatların rəhbərliklərinə zəng edərək onun barəsində nalayiq və təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, Turanə Nəsibova onun qızıdır. Onun qızı Turanənin əvvəllər Eduard Məmmədovla münasibətləri olmuşdur. X10 ilə evlənəcəyini bildirmiş, qızı da sonuncuya inanmışdır. Eduard Məmmədov bir neçə dəfə onların evində olmuş, çörək yemişdir. Turanə tələbə hazırlaşdırır, Şəhanə Mehraliyeva da yalandan onun yanına hazırlığa tələbə göndərmiş ki, evin içərisinə rahat girə bilsin. Tələbə gəlib 10 dəqiqə oturandan sonra dedi ki, çıxıram. Həmin vaxt Şəhanə yanında idmançı oğlanla girdilər içəri, cumdular Turanənin üstünə ki, sən belə, sən helə eləmisən. Şəhanə Eduarda görə Turanədən əl çəkmir. Eduard Turanədən istifadə edərək pulun yeyib, çörəyin yeyib, Eduardın uşaqlarına da Turanə köməklik etmiş, Eduard Turanəyə ailə quracaqlarını demiş, qızı da qadın olaraq aldanıb inanmışdır. Şəhanə də onların evinə gələrək Eduardın onun olduğunu bildirmiş, Turanə də etiraz etmədiyini, Şəhanəyə verdiyini bildirmişdir. Şəhanə Turanənin maşınına da xəsarət yetirmiş, Turanədən əl çəkmir, güdür onun qızını. Onun qızına Şəhanəgil şər atırlar, qızından əl çəkmirlər. Bununla başlı qızının hüquq mühafizə orqanlarına müraciət etməsindən xəbəri yoxdur. Ümumiyyətlə qızı ilə Şəhanə arasında olan mübahisə Eduarda görə keçən il yanvar ayından başlamışdır. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Flaş kartda “VİD-20230227-WA0008” adlı faylda olan görüntülərdən görünür ki, “turanannhuquqmektebi” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan videoda Turanə Nəsibova özünü çəkərək aşağıdakıları bildirmişdir: “ Onsuz da nə Eduard Məmmədovu, nə Şəhanə Mehraliyevanı, yəni artıq belə görünür ki, yəni nə Gülnar Mehraliyevanı, nə Sara Şərifovanı, nə də onların digər podruqalarını cəzalandırası deyil. Çünki kikboksyordu, bayraq qaldırıbdı göylərə. Mənim və uşağımım döyülməsi ilə bağlı heç bir polis, yəni adekvat bir nəticə vermir bizə. Ancaq, ancaq, ancaq təzdən həmin o insanları döyməklə əvəzləşdirə bilərik bu məsələni. Yəni bunu da ancaq mən fikirləşirəm ki, qanuni oğrular bunu eləyə bilər. Qəşəng, Eduardın qabağını kəsib, qəşəng eş*ək kimi döyərlər, xahiş edirəm, heç olmasa qanuni oğrular buna qulaq assınlar, məni və övladımı döyüblər. X24, xahiş edirəm, kimsə bu adamları döysün mən rahatlıyım. Şəxsi zəmində və sair olan məsələlər döyməklə həll olunmur, bura rinq deyil. Tem bole qadınla uşağını döymək. Mənə çox maraqlıdır ki, həmin o, belə deyim də, adını qadın qoyan Şəhanə, adını qadın qoyan Gülnar və adını qadın qoyan həmin Sara və rəfiqələri və mənim əlimdən tutan iki nəfər digər şəxs, hansı ki, mənlə uşağımı eş*ək balası kimi çırpdılar, həqiqətəndə o insanların uşaqlarına bir zərbə, bir.”. - Flaş kartda “VİD-20221018-WA0081” adlı faylda olan görüntülərdən görünür ki, telefondan çəkilmiş “Whatsapp” sosial şəbəkəsinin statusunda paylaşılan videoda Turanə Nəsibova özünü çəkərək aşağıdakıları bildirmişdir: “Şəhanə duxun çatardı, mənimlə təkbətək gələrdin də. Sən nə hər dəfə gah polisin dalınca girirsən, gah Eduardı götürürsən dalınca gəlirsən, gah bacını götürürsən dalınca gəlirsən? Kişi qızısansa, bir dəfə üzümə təkbətək çıx? Gö*ün çatmır, vot tak. Tı bolnaya ştoli? Sən bilmirsən ki, mən və mənim övladım toxunulmazdır, biz millət vəkilinin ailəsiyik? İstəyərəm söyərəm də, dövlətin ixtiyarında olan insanam, istəyərəm sənə söyərəm də, elə söyürəm də, vot tak, tı tryapka Şəhanə. Duxun çatır tək gəl. Sən mənə və mənim oğl... övladıma toxunduğun üçün sən po*unu yeyib əziyyətini çəkəcəksən.”. - Flaş kartda “b0b4fadb-09fd-45c7-b1b9-3e848bac3bda” adlı faylda olan görüntülərdən görünür ki, “turanannhuquqmektebi” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan hekayədə “@POLİSAZERBAYCAN” işaələnərək aşağıdakılar göstərilmişdir: “Bəsdir polis Azərbaycan!Bəsdir gizlətdiz Şəhanə ilə Eduardın qanunsuzluqlarını. Bizi ppx maşınında daşıdılar ,oğlumun dili qatlandı.Bəsdirin əl çəkin! Qızımı öldürdükləri kimi oğlumu da öldürmək istəyirlər.Bir nəfər obyektiv yanaşsın.PPX maşınında muradımı daşıyıblar kömək edin.Oğlumun dili qatlanıb . Kömək edin!”. - Flaş kartda “489c60aa-a459-4cb7-8fbc-c92ecce762f7” adlı faylda olan görüntülərdən görünür ki, “dietoloq_turana_123_” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan şəkildə Şəhanə Mehraliyevanın binanın dəhlizində arxadan çəkilmiş fotosu paylaşılaraq aşağıdakılar yazılmışdır: “Kişiyə görə qapıma gələn Şəhanə Mehraliyeva.Kürdəmirli”. - Flaş kartda “cbed7aac-3570-45d2-aac7-9be55b4a0157” adlı faylda olan görüntülərdən görünür ki, “myschoolbytuana” adlı “instagram” səhifəsinin hekayə bölümündə paylaşılan şəkildə Şəhanə Mehraliyevanın fotosu paylaşılaraq “@LEYLA999”, “@SHAHANA_MEHRALİYEVA” və “@DTX_AZERBAİJAN” işarələib aşağıdakılar yazılmışdır: “Rədd ol Şəhanə! Rədd ol.Bu ölkədə sənə yer yoxdur!Sən alçaq və mənəviyyatsız birisən! Gəl Muraddan üzr istə!”. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri xüsusi ittihamçının və şahidlərin ifadələri, eləcə də iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. X3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. X22 özünün çəkdiyi və sosial şəbəkə hesablarında paylaşdığı müxtəlif video və foto paylaşımlarda Şəhanə Mehraliyevanı özünü və oğlunu döyməkdə ittiham edərək böhtan atmışdır. X17 özünün “whatsapp” sosial şəbəkəsində hekayə bölümündə paylaşdığı videoda Şəhanə Mehralıyevanı həm rus, həm azərbaycan dilində nalayiq ifadə və söyüşlərlə təhqir etmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi əməli etiraf etməməsi, yəni xüsusi ittihamçı X6 barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında tədqiq edilmiş video və foto paylaşımlarla, o cümlədən şahidlərin ifadələri ilə tam təkzib edilmişdir. X21 məhkəmə iclasında nümayiş etdirilmiş video görüntülərdə Şəhanə Mehraliyevanı təhqir edən və böhtan atan şəxsin açıq-aşkar özü olmasına baxmayaraq, həmin şəxsin o, olmadığını deyərək qeyri-səmimi ifadə vermişdir. Məhkəmə, X3 özünu təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Böhtanla bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Təhqirlə bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, təqdim edilmiş videoların və fotoşəkillərin görüntülərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif olunmalıdır (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X8 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, X3 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, himayəsində bir azyaşlı uşağı olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, X3 cinayətləri təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən X5 hazırkı hökm üzrə təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti cəza təyin edilməsi CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, X3 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, 01 ədəd disk və 01 ədəd flaş kart iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 300 saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 450 (dörd yüz əlli) saat ictimai işlər cəzası təyin edilsin. X3 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. İş üzrə 01 ədəd disk və 01 ədəd flaş kart iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar