Məhkəmə qərarları › İş №1(125)-168/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-168/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-168/2024 15.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Düzqışlaq Ə/D, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən, ictimai yer hesab olunan “Şah Sarayı” şadlıq sarayının 1-ci mərtəbəsində heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs X4 ilə mübahisə etməyə başlamış, daha sonra orada yerləşən sanitar qovşağına keçərək xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq ona sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, alın, burun, hər iki dodağın selikli qişasının qançırları, sol çənə bucağı ilə böyük azı dişinin sınığı və alt çənə nahiyəsinin yarası ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, həmçinin həmin vaxt sanitar qovşağına daxil olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək onun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq ona sağlamlığın uzun müddət pozulması ilə nəticələnən alt çənə sümüyü şaxəsinin sınığı, sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, sol yanaq, döş qəfəsinin ön səthinin qançırları, sol baldır nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən, ictimai yer hesab olunan “Şah Sarayı” şadlıq sarayının 1-ci mərtəbəsində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, kənar şəxslərin yanında, onların rahatlığını pozmaqla, ümumqəbul edilmiş əxlaq normalarına və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına zidd olaraq, zor işlətmək iqtidarında olmasını qərəzli şəkildə nümayiş etdirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs X4 ilə mübahisə etməyə başlamış, daha sonra orada yerləşən sanitar qovşağına keçərək sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq ona sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, alın, burun, hər iki dodağın selikli qişasının qançırları, sol çənə bucağı ilə böyük azı dişinin sınığı və alt çənə nahiyəsinin yarası ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, həmçinin həmin vaxt sanitar qovşağına daxil olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək onun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq ona sağlamlığın uzun müddət pozulması ilə nəticələnən alt çənə sümüyü şaxəsinin sınığı, sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, sol yanaq, döş qəfəsinin ön səthinin qançırları, sol baldır nahiyəsinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vuraraq xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində “Şah sarayı” restoranında toy məclisində iştirak etmiş, toy bitdikdən sonra evə qayıtmaq üçün ailəsi ilə birlikdə çıxdıqda həmin restoranın başqa zalında ad günündə olan tanımadığı şəxslərin admistratorun otağının qarşısında ucadan nəlayiq söyüşlər söydüyünü görmüşdür. O, həmin şəxslərə kənarda qadın, uşaq olduğunu nəlayiq ifadələr işlətməməsini bildirmiş, belə olan halda həmin şəxslər də sərxoş vəziyyətdə olduğu üçün onların arasında mübahisə yaranmışdır. Onlar sanitar qovşağına getmişlər orada mübahisə daha da şiddətlənmiş, və o, əsəbləşərək həmin şəxlərlə əlbəyaxa dava etmişlər. Pərviz adlı şəxsi itələmiş, sonuncu yıxılmışdır. Rabil adlı şəxslə isə birbirlərinə xəsarətlər yetirmişlər. Həmin dava-dalaş 2-3 dəqiqə çəkmiş, həmin vaxt o, yüngül xəsarət almışdır. Onlar dalaşan zaman yanlarında başqa şəxs olmamışdır. Sonda o, xüliqanlıq etmədyini, ailəsi yanında olduğu üçün nəlayiq ifadələr işlədən şəxslərə iradını bildirdiyini və bunun xuliqanlıq olmadığını nəzərə alıb qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, o, 27 aprel 2023-cü il tarixdə saat 18 radələrində nəvəsi Jasminin 1 yaşı münasibətilə “Şah Sarayı” restoranının 2-ci mərtəbəsindən yerləşən banket zalında ad günü tədbiri keçirmişlər. Ad günü bitdikdən sonra restoranın birinci mərtəbəsinin foyesində o, adının sonradan İsgəndər olduğunu bildiyi şəxsə ucadan, yüksək səslə danışması və nalayiq ifadələrdən istifadə etməsi ilə bağlı irad bildirmişdir. Amma söyüşün İsgəndər tərəfindən söyülübsöyülməməsi və ya ümumiyyətlə söyüşün olub-olmaması dəqiq yadında deyil. O, İsgəndərə irad bildirdikdən sonra aralarında sözlü mübahisə yaranmışdır. Sonradan o, ayaqyoluna getmişdir. Bir neçə dəqiqədən sonra İsgəndər də ayaqyoluna gəlmişdir. Səhv etmirsə ayaqyolunda İsgəndərlə əlbəyaxa olmuşlar. Hadisəni dəqiq xatırlamır. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs X3 ibtidai istintaqdakı ifadəsi elan edilmiş, verdiyi ifadəsində göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə saat 18 radələrində nəvəsi Jasminin 1 yaşı münasibətilə “Şah Sarayı” restoranının 2-ci mərtəbəsindən yerləşən banket zalında ad günü tədbiri keçirmişlər. Ad günündə təxminən 40 nəfərə yaxın adam olmuş, həmin vaxtı aşağı zalda toy məclisi keçirilmişdir. Ad günündə o, təxminən 400 qram spirtli içki qəbul etmişdir. Ad günü tədbiri təxminən axşam saat 23 radələrinə qədər davam etmişdir. Həmin ad günündə dostu və uzaq qohumu Rabil də işitrak etmişdir. Rabil ondan fərqli olaraq spirtli içki az qəbul etmiş, Rabil ad gününə idarə etdiyi Vaz 2107 markalı avtomobil ilə gəlmişdir. O, Rabilə demişdir ki, birlikdə gedərlər, onu evə aparar. O, Rabillə pilləkanla şadlıq sarayının ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşmüşlər. Həmin vaxtı foyede tanımadığı şəxslər sözlə nəyinsə mübahisəsini aparırmışlar, lakin heç kim dalaşmamışdır. Onların yanından keçərkən o, demişdir ki, burada mübahisə etməyin, camaatın arvad-bacısı buradan keçir. Çünki həmin vaxtı toy bitmiş, camaat da evinə gedirmiş. Rabil də demişdir ki, qoy avtomobili restoranının girişindən qırağa çəksin, çünki bəy-gəlin çıxanda onlara maneçilik törətməsin. Rabil çıxıb avtomobili kənara çəkmişdir. O, isə sanitar qovşağı tərəfə getmişdir. Bu zaman arxadan gələn şəxs ona demişdir ki, “sən niyə bizə irad tutursan”. O. həmin zaman içkili olmuş, hadisənin detalları tam yadında qalmamışdır. Səhv etmirsə həmin şəxsi təhqir etmiş, ona görə də aralarında mübahisə düşmüşdür. Həmin şəxs, sonradan adının “İsgəndər” olduğunu bildiyi şəxs ona yumruq və təpik zərbələri atmış, o, sərxoş olduğu üçün özünü müdafiə edə bilməmişdir. Bundan dərhal sonra isə onu itələmiş və o, sanitar qovşağında yerə yıxılanda çənə nahiyəsi mərmər materialdan olan əlüzyuyanın tininə dəymiş və kəsilmişdir. Çənəsindən qan gəlmiş, bunun ardınca Rabil də gəlmiş, həmin şəxs Rabili də döymüşdür. Rabil onun əl-üzünü sanitar qovşağında yumuş, daha sonra foye tərəfə getmişlər, lakin, hamı getmişdir, heç kim olmamışdır. O, taksi ilə öz evinə, Rabil isə öz evinə getmişdir. O, evdən xəstəxanaya getmiş və orada çənəsinə tikiş qoyulmuş, səhəri günü polis əməkdaşları onun evinə gəlmiş və ona demişlər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməlidir. O, polis əməkdaşları ilə birlikdə 1-ci PŞ-ə getmiş, o, Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin sonradan İsgəndərlə barışmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, tibbi-ekspertiza müayinəsindən keçərkən onu 8-10 nəfərin döydüyünü və bıçaqla xəsarət yetirdiyini bildirməmişdir. 8-10 nəfər tərəfindən döyülsəydi bədənində çoxlu sayda xəsarətlər olardı. Ola bilsin ki, ekspert səhvə yol verərək bunları qeyd etmişdir. O, orada demişdir ki, toy adamı ilə mübahisə düşmüş, həmin şəxs də onu vurmuşdur. Əgər həmin şəxsin əlində bıçaq olsaydı onun xəsrəti daha dərin olardı. Lakin onun çənə nahiyyəsində kəsik səthi olmuş, hal-hazırda izi də qalmamışdır. Mübahisə 27 aprel 2023-cü il tarixdə saat 23 radələrində “Şah" şadlıq sarayının sanitar qovşağının içərisində baş vermişdir. Hadisə vaxtı orada Rabil və İsgəndərdən başqa heç kim olmamışdır. Bədəni üzərində müəyyən edilmiş xəsarətlərlər göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, alın, burun hər iki dodağın selikli qişasının qançırları, sol çənə bucağının və böyük azı dişinin sınıq xəsarətlərini Təqsirləndirilən şəxs əlləri və ayaqları ilə vuraraq ona yetirmişdir. Alt çənə nahiyəsinin yarası xəsarətini isə yıxılarkən almışdır. Təqsirləndirilən şəxs başqa ona və Pərvizə heç kim xəsarət yetirməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində kəsici alət olmamışdır. Sonda o, məhkəməyə notarial ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, özü həm şəhid oğlu, həm də şəhid atasıdır. Mahiyyəti üzrə göstərmişdir ki, 27 aprel 2023-cü il tarixdə saat 18 radələrində bibisi oğlu Namiqin nəvəsi Jasminin 1 yaşı münasibətilə “Şah Sarayı” restoranının 2-ci mərtəbəsində yerləşən banket zalında ad günü tədbiri keçirirmişlər. Ad günündə təxminən 40 nəfərə yaxın adam olmuşdur. Həmin vaxtı aşağı zalda toy məclisi keçirilmişdir. Ad günündə təxminən 50-100 qram spirtli içki qəbul etmişdir. O, çox içki qəbul edə bilmir. Ad günü tədbiri təxminən axşam saat 23 radələrinə qədər davam etmişdir. Həmin ad günündə dostu və uzaq qohumu Pərviz də işitrak edirdi. Pərviz ondan fərqli olaraq spirtli içki daha çox qəbul etmişdir. O, ad gününə idarə etdiyi Vaz 2107 markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Pərvizə demişdir ki, birlikdə gedərlər, onu evə aparar. O, Pərvizlə pilləkanla şadlıq sarayının ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşmüşlər. Həmin vaxtı foyede tanımadığı şəxslər sözlə nəyinsə mübahisəsini aparırmışlar, lakin heç kim dalaşmırdı. Onların yanında keçərkən Pərviz demişdir ki, burada mübahisə etməyin, camaatın arvadbacısı keçir. Çünki həmin vaxtı toy dağlmış, camaat da evinə gedirmiş. O da Pərvizə demişdir ki, qoy avtomobilini restoranının girişindən qırağa çəksin, çünki bəy-gəlin çıxanda onlara maneçilik törətməsinlər. O, çıxıb avtomobili kənara çəkmişdir. Daha sonra şadlıq sarayına daxil olmuşdur. Gəlib görmüşdür ki, Pərviz yoxdur, sanitar qovşağına tərəf getmişdir. Orada sanitar qovşağının içərisində Pərvizin sonradan adının “İsgəndər” olduğunu bildiyi şəxslə mübahisə etdiyini görmüşdür. Daha sonra onlar əlbəyaxa olmuşlar. Həmin şəxs Pərvizin sərxoş olduğundan istifadə edərək bir neçə zərbə yetirmiş, daha sonra isə itələyərək yerə yıxmışdır. O da mübashisəyə müdaxilə etmiş, həmin şəxsin üzərinə gedərək niyə dalaşdıqlarını soruşmuş, lakin İsgəndər buna məhəl qoymayaq onun sifət nahiyyəsindən yumruqla vurmuşdur. O da zərbənin təsirindən yerə yıxılmışdır. İsgəndər sanitar qovşağından çıxıb getmişdir. O, Pərvizi qaldıranda görmüşdür ki, onun sifət nahiyyəsi əlüzyuyanın tininə dəymiş və kəsilmişdir. O, Pərvizin əl-üzünü sanitar qovşağında yumuş, daha sonra foye tərəfə getmişlər, lakin, hamı çıxıb getmişdir, heç kim olmamışdır. O, Pərvizi taksi ilə öz evinə yola salmış, özü isə evə getmişdir. O, evdə olarkən polis əməkdaşları evinə gəlmiş və ona demişlər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməlidir. O, polis əməkdaşları ilə birlikdə 1-ci PŞ-nə gəlmişdir. Polis Şöbəsində onun çənəsi şişməyə başlamışdır. O, demişdir ki, onu vurublar, lakin şikayəti yoxdur. Daha sonra Polis Şöbəsində ona hansısa sənədə qol çəkdirmişlər, lakin həmin sənədi oxumamışdır. Bundan sonra onu TTYX-yə aparmışlar, orada ona ilkin tibbi yardım göstərmişlər. O, oradan evə getmiş, səhəri günü isə onu tibbi ekspertizaya göndərmişlər. Orada onun xəsarətlərinə baxmışlar. Daha sonra Pərvizlə onun işi istintaqa getmişdir. Orada da ifadələrini vermişlər. 10-15 gün keçdikdən sonra xəbər tutmuşdur ki, İsgəndəri tutublar, onun şikayəti olmadığı üçün notariusa gedib ərizə vermişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, tibbi-ekspertiza müayinəsindən keçərkən onu 8-10 nəfərin döydüyünü bildirməmiş, əgər o, 8-10 nəfər tərəfindən döyülsəydi bədənində çoxlu sayda xəsarətlər olardı. Ola bilsin ki, ekspert səhvə yol verərək bunları qeyd etmişdir. O, orada demişdir ki, toy adamı ilə mübahisəsi düşmüş, o da onu vurmuşdur. Mübahisə 27 aprel 2023-cü il tarixdə saat 23 radələrində “Şah” şadlıq sarayının sanitar qovşağının içərisində baş vermişdir. Hadisə vaxtı orada o, Pərviz və İsgəndərdən başqa heç kim olmamışdır. Bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt çənə sümüyü şaxəsinin sınığı, sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, sol yanaq, doş qəfəsinin ön səthinin qançırları, sol baldır nahiyəsinin sıyrıqları kimi xəsarətləri Təqsirləndirilən şəxs əlləri ilə onu vuraraq yetirmişdir. Təqsirləndirilən şəxs başqa ona və Pərvizə başqa heç kim xəsarət yetirməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində kəsici alət olmamış, İsgəndərin əlində kəsici alət olsaydı, ona da həmin alətlə xəsarət yetirərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı o, toy olan zalda olmuş, lakin toy bitmişdir. Qardaşı Təqsirləndirilən şəxs admistratorun yanına haqq-hesab etməyə getmiş, o, qardaşının arxasınca getmişdir. İsgəndərin orada olmadığını görmüş, onu axtardıqda sanitar qovşağda görmüşdür. Həmin vaxt orada İsgəndər, Pərviz və Rabil olmuşdur. O, onların orada nə etdiyini soruşduqda İsgəndər söhbət etdiklərini demişdir. O, heç bir davanı görməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2005-ci ildən ünvan 2 ünvanında yerləşən “Sah Sarayı” şadlıq evində administrator vəzifəsində çalışır. 27 aprel 2023-cü il tarixdə şadlıq sarayının birinci mərtəbəsində yerləşən zalda toy məclisi, ikinci mərtəbəsində yerləşən banket zalında isə ad günü tədbiri keçirilmişdir. Aşağı zalda “İsgəndər” adlı şəxs öz qızına toy etmiş, yuxarı zalda isə uşağın 1 yaşı qeyd edilmişdir. Gəncə şəhərində toy məclisləri adətən saat 14-15 radələrində başlayır, təxminən saat 21 radələrində toy yekunlaşır. Qonaqların və bəy-gəlinin çıxması təxminən 1 saata qədər davam edir. Hadisə günü toy məclisi yekunlaşdıqdan sonra toy sahibləri qonaqları yola salıb qutunu açaraq pulları saymışlar. İsgəndər təxminən saat 23 radələrində pulu götürərək onun otağına gəlmiş və onlar toya görə ödənilməli olan xərcləri “İsgəndər” adlı şəxsdən qəbul etmişlər. O, pulu aldıqdan sonra İsgəndər otağından çıxmışdır. Təxminən 20-25 dəqiqə sonra şadlıq evində çalışan ofisiantlardan biri ona demişdir ki, bəs toy yiyəsi ilə ad günü tədbirində iştirak edən iki şəxs sanitar qovşağında dalaşmışlar. Lakin dava-dalaşın hansı səbəbdən baş verməsindən xəbəri olmamışdır. O, otaqdan çölə çıxanda foyedə heç kim olmamışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, sanitar qovşağı da, onun otağı da birinci mərtəbədə yerləşəsə də mübahisənin baş verdiyini eşitməmişdir. Hadisənin üstündən xeyli vaxt keçdiyindən konkret olaraq hansı ofisiantın ona məlumat verməsini xatırlamır. Onların şadlıq sarayında ofisiantlar uzun müddət işləmir, biri gəlir, digəri gedir. Yəni ki, daimi işləyən olmur. Hadisənin üstündən 7-8 ay keçdiyindən həmin ofisiantlar artıq işdən çıxmışdır. Halbuki işdən çıxmadığı halda da hansı ofisiantın konkret olaraq hadisəni görməsi, yaxud hadisə barədə məlumatı olmasını deyə bilməzdi. “Şah Sarayı” şadlıq sarayında müşahidə kameraları olsa da sanitar qovşağında yoxdur. Hadisə günündən bir neçə gün sonra polis əməkdaşları kamera görüntülərinə baxmaq üçün gəlmişlər, onlara açıb kamerada görüntüləri göstərsə də hadisə kameralarda qeydiyyatda alınmamışdır. Ona görə də onlar görüntüləri götürməmişlər. Hal-hazırda da həmin görüntülər avtomatik olaraq yaddaş blokundan silinmişdir. Çünki hər 15 gündən bir kameraların yaddaş bloku avtomatik olaraq yenilənir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-243/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(104)-84/2023 saylı qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)- 243/2023 saylı qərarı ləğv edilmiş, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin müddəti 05 iyul 2023-cü il tarixədək müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsinə tövsif edilərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosesual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. - Gəncə şəhər prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi və xx.xx.2023-cü il tarixli cinayət üzrə əmlin tövsif edilməsi barədə qərarlar əsassız və qanunsuz olduğundan ləğv edilərək cinayət işi əlavə istintaq aparılması üçün Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. - Gəncə şəhər MTE və PA şöbəsinin 634 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt çənə sümüyü şaxəsinin sınığı, sol yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, sol yanaq, döş qəfəsinin ön səthinin qançırları, sol baldır nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. - Gəncə şəhər MTE və PA şöbəsinin 635 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, alın, burun, hər iki dodağın selikli qişasının qançırları, sol çənə bucağının və böyük azı dişinin sınığı bərk küt aşyanın(əşyaların), alt çənə nahiyəsinin yarası kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, sol çənə bucağının və böyük azı dişinin sınığı ağırlıq dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, alt çənə nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, alın, burun, hər iki dodağın selikli qişasının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs1 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə nəticəsində o, xəsarət almış, lakin buna baxmayaraq onlar öz aralarında barışmışlar. Onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaq, olarsa əsassız sayılmasını xahiş etmişdir. - X3 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə nəticəsində o, xəsarət almış, lakin buna baxmayaraq onlar öz aralarında barımışlar. Onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaq, olarsa əsassız sayılmasını xahiş etmişdir. - Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(099)-767/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna qədər 01 ay 17 gün müddətinə, yəni 20 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun barəsində ibtidai istintaq müddəti həddində, yəni 1 ay 17 gün müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(099)-848/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustasqlığında saxlanılma müddəti 02 ay müddətinə, yəni 20 fevral 2024-cü il tarixədək uzadılmışdır. - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, mübahisənin olduğu ünvan 3 ünvanda yerləşən “Şah Sarayı” şadlıq evinin qarşısına gələrək mübahisənin həmin şadlıq evində baş verdiyini, daha sonra Təqsirləndirilən şəxs “Şah sarayı” şadlıq evinin foyesinə gələrək sanitar qovşağın yerləşdiyi yeri, şadlıq evinin kişilər üçün olan sanitar qovşağının qarşısına gərərək giriş hissəsini, sanitar qovşağın içərisində mübahisənin baş verdiyi yeri göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - Gəncə şəhər MTE və PA şöbəsinin 635 nömrəli rəyinə əlavəsində “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmiş: sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, şişkinliyi, alın, burun, hər iki dodağın selikli qişasının qançırları, sol çənə bucağının və böyük azı dişinin sınığı, alt çənə nahiyəsinin yarası xəsarətləri yumruq, təpik zərbələrindən və yıxılması zamanı göstərdiyi şəraitdə əmələ gəlməsi də istisna edilmir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Məhkəmə işin hallarını təhlil edib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi təsdiq olunmur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum Qərarının 5-ci bəndinə əsasən Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Hazırki cinayət işinin məhkəmə istintaqı zamanı nə iş materiallarında, nə də zərərçəkmiş, şahid ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurduqdan öncə və ya sonra həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər etməsi müəyyən edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə şəxs əlavə olaraq, o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, zərərçəkmiş şəxslərin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurduqdan öncə və ya sonra həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər etmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna dair şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını ilk dəfə az ağır cinayət əməli törətməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs iki şəxsin sağlamlığına az ağır zərər vurmasını nəzərə alaraq, təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 01 ay 26 gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 05 ay 14 gün müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 01 il 02 ay 20 çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 9 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 54 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 01 ay 26 gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək onun şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəmi 05 ay 14 gün müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 01 il 02 ay 20 gün çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək və yaşadığı Goranboy rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına müdafiəçi X2 54 (əlli dörd) manat məbləğində pulun ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.W.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar